Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda tütünçülüyün inkişafı istiqamətidə davamlı işlər görülür

Regionlarda tütünçülüyün inkişafı istiqamətidə davamlı işlər görülür

15.04.2020 [10:40]

Dövlət tərəfindən subsidiyaların ayrılması və güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin göstərilməsi nəticəsində tütünçülük təsərrüfatlarının sayı getdikcə artır

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm uğurlara imza atan Azərbaycanda kənd təsərrüfatının inkişafı yönündə də çoxsaylı layihələr həyata keçirilməkdədir. Eyni zamanda, 2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramları da regionlarda aqrar sahənin inkişafında əsaslı rol oynayıb. Məhz bu Dövlət proqramlarının uğurlu icrası tarixi ənənələri olan kənd təsərrüfatı sahələrinin daha yüksək inkişafına nail olunmasında, ixrac qabiliyyəti yüksək məhsulların yetişdirilməsi istiqamətində mühüm irəliləyişlərin qeydə alınmasında vacib amilə çevrilib. Bu mənada, strateji sahə olan tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılır. Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın əsas məqsədi də ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.

Təbii ki, dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kiçik və orta sahibkarlığın inkişafı, yerli femerlərə kreditlərin verilməsi ölkəmizdə iqtisadi inkişafın mühüm komponentlərindəndir. Nəzərə alsaq ki, sahibkarlara edilən yardımlar, verilən subsidiya və kreditlər davamlı xarakter daşıyır, bu da ölkəmizdə iqtisadiyyatın bütün sahələrində mühüm nəticələrin əldə olunmasına yol açır. Yeri gəlmişkən, bu ilin fevralın 3-də "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev sahibkarlığın inkişafı üçün 2020-ci ildə də kifayət qədər böyük vəsaitin nəzərdə tutulduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir: "Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır".

Beləliklə, məhz dövlətin xüsusi diqqət və qayğısı nəticəsində ixrac potensialı yüksək olan tütünçülük sahəsi də yenidən inkişaf etməyə başlayıb, regionlarda bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, bu ilin əvvəlində Şəki rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) "Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda tütün istehsalçıları ilə birgə keçirilən toplantı da bu gəlirli sahənin daha yüksək inkişafının təmin etmək, fermerlərin problemlərinin həllində yaxından iştirakçı olmaq məqsədi daşıyıb. Qeyd edək ki, toplantıda müvafiq Dövlət Proqramı”nın icrası ilə bağlı tütün istehsalının artırılması üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələrlə təminat, tütün yarpağının tədarükü, satışı, emalı və digər məsələlərlə bağlı yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyi müzakirə edilib. Eləcə də iclasda tütünün yeni məhsuldar sortlarının yaradılması və toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, tarlalarda fermerlərə xüsusi təlim proqramlarının təşkili, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və s. məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı mühüm məqamlar qeyd edilib.

Yeri gəlmişkən, builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında tütün əkini sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Şəkili fermerlər cari ildə 562 hektar sahədə "Virciniya botaniki" növlü, 503 hektarda isə yerli tütün yetişdirəcəklər. İlin əvvəlindən bəri tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən nəzərdə tutulmuş sahələrdə sadə istixanalar hazırlanaraq toxum səpilib. Hazırda istixanalarda becərmə işləri uğurla yekunlaşdırılır. Şitillər aprelin ortalarında sahələrə köçürüləcək. Qeyd edilməlidir ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər. Tütünün əkini, becərilməsi və yığılması işlərinə 2 min 200-dən çox kənd sakini cəlb olunub. Ötən il tütünçülüklə məşğul olan 189 fermerə istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 112 min 347 manat məbləğində subsidiya ödənilib.

Bu il Oğuz rayonunda da tütün əkini sahələrinin ötən ilə nisbətən 40 hektar artırılaraq, 150 hektara çatdırılması nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən nəzərdə tutulmuş sahələrdə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin sonu - mayın əvvəllərində sahələrə köçürüləcək. Vurğulanmalıdır ki, builki mövsümdə sahələrə, əsasən "Virciniya botaniki" növlü tütün əkiləcək. Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

2020-ci ildə Qax rayonunun təsərrüfatlarında 500 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 400 hektarına "Virciniya botaniki", 100 hektarına isə "Berley" və yerli "İmmuniy" növlü tütün əkiləcək. Tütün əkini ilə əlaqədar 481 nəfər müraciət edib. Artıq tütün əkəcək fermerlə müqavilələr bağlanılıb. Qeyd edək ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanalar hazırlanıb və toxumlar səpilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək.

Cari mövsümdə Balakən rayonunun təsərrüfatlarında da 450 hektarda tütün əkini nəzərdə tutulub. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması işi başa çatdırılıb və istixanalara toxum səpilib. Rayonda tütün istehsalı ilə məşğul olan "Azərtütün ASK" MMC, "Azəri" Korporasiyası və "İlham-M" MMC tərəfindən tütün yetişdirilməsi ilə əlaqədar istehsalçılarla müqavilələr bağlanılıb və onlar istixanaların hazırlanması üçün lazım olan polietilen örtük və toxumla təmin ediliblər. Qeyd edilməlidir ki, balakənli fermerlər bu il 363 hektar sahədə "Virciniya botaniki", 3 hektarda "Berley ətirli" və 84 hektarda yerli "İmmuniy" növlü tütün yetişdirəcəklər. Tütün əkiləcək sahələr müəyyənləşdirilib və şumlanaraq əkinə hazır vəziyyətə gətirilib. Aprel ayının əvvəlindən isə Balakən rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün əkib, 512,3 ton quru tütün istehsal ediblər.

Bu məqamda vurğulamaq yerinə düşər ki, tütünçülük Balakən rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi üçün rayonda böyük potensial mövcuddur. Dövlətimizin başçısının ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsi olaraq, son illər rayon əhalisi arasında bu gəlirli sahəyə maraq xeyli artıb. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, subsidiyaların ayrılması, güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin göstərilməsi nəticəsində rayonda tütünçülüklə məşğul olan təsərrüfatların sayı getdikcə artır. Belə tütünçülük təsərrüfatlarından biri də rayonun Qazbinə kəndində fəaliyyət göstərir. Xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi bu təsərrüfat qısa müddət ərzində böyük uğurlar qazanıb. Ailəsinin təsərrüfat ənənələrini davam etdirən xanım təsərrüfatçı ilk dəfə 2018-ci ildə 32 hektar sahədə tütün əkib-becərib. Ötən il tütün əkini sahələrini daha da genişləndirərək 96 hektara çatdırıb, 94,6 ton quru tütün istehsal edib. Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Ayparə Dadayeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Dövlətin fermerlərə göstərdiyi yüksək diqqət və qayğıdan ruhlanan Ayparə Dadayeva bu il tütün əkini sahələrini daha da genişləndirməyi planlaşdırır. Xanım fermer KİV-ə açıqlamasında bildirib ki, builki mövsümdə 150 hektardan çox sahədə tütün əkməyi qarşıya məqsəd qoyub. Cari təsərrüfat ilində 124,5 hektarda "Virciniya botaniki", 30 hektarda isə yerli "İmmuniy" növlü tütün əkməyi planlaşdırdığını söyləyən A.Dadayeva tütün şitillərinin yetişdirilməsi üçün ümumi sahəsi 2 min kvadratmetr olan 200 ədəd sadə istixana hazırladıqlarını və yaxşı da bitiş alındığını diqqətə çatdırıb. "Bir neçə gündür ki, yerli növ tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İndiyədək 1,5 hektara şitil köçürülüb. Aprelin 15-dən etibarən “Virciniya botaniki” növlü tütün şitillərinin də sahələrə köçürülməsinə başlanılacaq. Hazırda şitilxana təsərrüfatında 8 nəfər, əkin sahələrində isə 12 nəfər mövsümü işçi çalışır”, - deyən xanım fermerin sözlərinə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar insanların sağlamlığının qorunması məqsədilə hələlik sahələrə məhdud sayda işçi çıxarılır, texnikadan istifadəyə üstünlük verilir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30