Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda taxıl biçini kampaniyasına start verilib

Regionlarda taxıl biçini kampaniyasına start verilib

03.06.2020 [08:32]

İri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır
(əvvəli ötən sayımızda)

Dağlıq Şirvan ərazisinə daxil olan bəzi rayonlarda məhsul itkisinə yol verilməməsi üçün qüvvələr səfərbər edilib
Ölkənin hər yerində olduğu kimi, Dağlıq Şirvan ərazisinə daxil olan rayonlarda da taxılçılığın inkişafı istiqamətində mühüm işlər görülüb. Bu barədə verilən məlumatda deyilir ki, Ağsu rayonunda da artıq biçin kampaniyasına hazırlıq işləri yekunlaşdırılıb. Rayonda artıq 58 kombayn məhsul yığımına tam hazırdır. Daha 10-a yaxın kombayn da biçinə hazırlanır. Kombaynların 23-ü “Aqrolizinq” ASC-nin Qobustan regional nümayəndəliyinin Ağsu bölməsinə məxsusdur. Qalan texnika isə taxılçılıqla məşğul olan fermerlərin və fiziki şəxslərindir.
Qeyd edək ki, cari mövsümdə rayonda 35 min 728,3 hektarda taxıl əkilib. Zəmilərin 18 min 497,3 hektarı buğda, qalanı isə arpadır. Artıq arpa yetişməkdədir. İyunun birinci ongünlüyündə biçinə start veriləcək. Fermerlər və fiziki şəxslər mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılması üçün hazırlıq işlərini başa çatdırmaqdadırlar.
İsmayıllı rayonunda da taxıl biçini kampaniyasına hazırlıq işləri artıq başa çatdırılıb və bu məqsədlə hüquqi və fiziki şəxslərə məxsus 34 ədəd taxılyığan kombayn təmir edilərək saz vəziyyətə gətirilib. Bildirilməsi yerinə düşər ki, bu ilin məhsulu üçün 30 min 140 hektarda taxıl yetişdirilir. Əkin sahələrinin 22712 hektarı buğda, 7428 hektarı arpadır. İlkin olaraq rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Gəraybəyli və Zərnava kəndlərində daha tez yetişən arpa biçiləcək. Hər yerdə zəmilərin vaxtında biçilməsi, məhsul itkisinə yol verilməməsi üçün qüvvələr səfərbər edilib. Biçin kampaniyasına iyunun birinci ongünlüyünün sonunda başlanacağı nəzərdə tutulub.
“Muğan taxılçıları” bu il daha çox məhsul götürəcəklərinə inanırlar
Neftçala rayonunda da taxılçılıq aparıcı təsərrüfat sahələrindən biri sayılır. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub. Yeri gəlmişkən Neftçalada arpa biçininə başlanılıb. Rayonda biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına əməli kömək göstərmək məqsədilə bütün zəruri işlər görülüb.
Bildirək ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 43 min 66 hektar sahədə taxıl əkilib. Bunun da 36 min 703 hektarı arpa, 6363 hektarı isə buğda sahəsidir. Ötən il taxıl sahələrindən 112 min 213 ton məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə sahələrdə bol məhsul yetişib.
Beləliklə, artıq bir neçə gündür ki, rayonda taxıl yığımına başlanılıb. Biçinə ilk olaraq rayonun Xəzərkənd, Sarıqamış və Xolqaraqaşlı kəndlərində fəaliyyət göstərən fermerlər başlayıblar. Hazırda sahələrdə 150-yə yaxın taxılbiçən kombayn işləyir. Məhsulun daşınması üçün 200-ə qədər texnika və 75 küləş kipləyən press sahibkarların ixtiyarına verilib. İşin düzgün təşkili nəticəsində qısa müddətdə 1730 hektar sahədə biçin aparılıb və 4 min tondan çox məhsul yığılıb. Biçilmiş sahələrin məhsuldarlığı orta hesabla 24 sentnerə çatır.
Biçin zamanı bütün işlər paralel aparılır. Yığılmış məhsul xırmanlara daşınaraq orada təmizlənir, sonra anbarlara aparılır. Həmçinin biçilmiş sahələrin küləşi preslənərək götürülür, sonra isə şum aparılır.
Təcrübəli taxılçı Mürsəl Qafarov uzun illərdir taxıl əkib-becərir və hər il də yüksək məhsuldarlığa nail olur. “Ötən il əkdiyim 15 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürdüm. Bu il isə 16 hektar sahədə taxıl əkmişəm. Bitkiyə yaxşı qulluq etdiyimdən sahəmdə bol məhsul yetişib. Hər il olduğu kimi, bu il də biçinə birinci başlayanlar arasındayam. Qısa vaxta üç hektar sahədə biçin aparmışıq. Hər hektardan orta hesabla 36 sentner məhsul əldə olunub ki, bu da ötən ildəkindən bir sentner çoxdur. İki-üç günə biçini yekunlaşdıracağam”, - deyə fermer bildirib.
Mütəxəssislərin fikirlərinə əsasən, bu il rayonda təxminən 115 min tondan çox taxıl istehsalı gözlənilir. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Xidmət təşkilatları, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll edilir.
Salyan rayonunda yaradılan Dövlət Sort-Sınaq məntəqəsində isə bu il 2 hektar sahədə sınaq üçün 39 növ yüksək reproduksiyalı taxıl növü becərilir ki, bunun da 0,25 hektarı arpa, 1,75 hektarı isə buğdadır. Sort-sınaq məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, becərilən 8 növ arpa və hamısı yumşaq növ olmaqla, 31 buğda sortunu 3 il sınaqdan keçirdikdən sonra ən çox məhsul verən sortlar dövlət reyestrinə salınacaq və toxumçuluğu təşkil olunacaq. Hər il olduğu kimi, bu ildə əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Bu ayın ortalarından məhsul toplanışına başlanılacaq. Qeyd edək ki, ötən il sort-sınaq məntəqəsində yetişdirilən arpa sortlarının hər hektarından 33, buğda sortlarından isə 35,3 sentner məhsul götürülüb.
Biləsuvar rayonunda da fərdi fermer təsərrüfalarında taxıl biçininə başlanılıb və qısa müddətdə 1200 hektar sahədə biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentner olur. Bildirilməlidir ki, 2019-cu ilin payızında cari ilin məhsulu üçün rayonda 33 min 298 hektar sahədə taxıl əkilib. Bunun 17 min 795 hektarı arpa, 15 min 503 hektarı isə buğdadır.
Ötən il hər hektar taxıl sahəsindən 32,4 sentner məhsul götürən torpaq mülkiyyətçiləri bu il bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstərib, bitki gübrələrlə təmin olunub və digər zəruri tədbirlər həyata keçirilib. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Bir neçə gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Rayonda yığım kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəlib.
Bu məqsədlə sahələrə 120-yə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 350-dən çox maşın və mexanizm cəlb olunub. İşin yaxşı təşkili nəticəsində hər gün 240-250 hektar arpa sahəsinin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 100 min ton məhsul istehsal etmək mümkün olacaq. Qeyd edək ki, ötən il rayonda zəmilərdən 95 min ton taxıl yığılıb.
Cəbhə xəttində yerləşən rayonlarda məhsuldarlıq yüksəkdir
Cəbhə xəttində yerləşən Tərtər rayonunda da fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün 10 min 755,8 hektarda taxıl səpini aparıblar. Sahələrə nümunəvi qulluq göstərildiyindən məhsuldarlıq da yüksəkdir. Qeyd edək ki, 2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilib. Zəmilərdən 42 min 352,3 ton məhsul əldə edilib.
Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2020-ci ilin biçin kampaniyasına ciddi hazırlaşırlar. Qeyd edək ki, bu ilin məhsulu üçün 27 min 640 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 19 min 989 hektarı buğda, 7651 hektarı arpadır. Taxıl biçininə, ümumilikdə, 57 taxılbiçən kombayn cəlb ediləcək. Bunun 46-sı “Aqrolizinq” ASC-yə məxsusdur, 11 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq.
Qeyd etmək yerinə düşər ki, biçinə hazırlıq prosesinin əsas istiqamətləri biçin prosesində texnikanın düzgün dislokasiyası, kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir. Bu məqsədlə karantin rejiminin qaydalarına əməl edilməklə rayonun kənd və qəsəbələrində vətəndaşlarla maarifləndirmə işləri aparılır. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilir, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilir. Fermerlərə biçində növbəliliyin təmin edilməsinin vacibliyini əks etdirən bukletlər paylanır, kənd və qəsəbələrin mərkəzi yerlərində məlumatlandırıcı elanlar vurulur.
Vurğulayaq ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər də arpa biçininə başlayıblar. Qısa müddətdə 459 hektarda biçin aparan məcburi köçkünlər min tondan çox məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 22 sentnerdir. Qeyd edək ki, cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 1288,5 hektar sahədə taxıl becərilib. Bunun 117,5 hektarı buğda, 1171 hektarı arpadır. Hazırda bütün qüvvələr strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilib.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1103,5 hektar sahədən 2545,4 ton məhsul götürüblər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30