Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Transmilli şirkətlərlə uğurlu əməkdaşlıq Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasına müsbət təsir göstərir

Transmilli şirkətlərlə uğurlu əməkdaşlıq Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasına müsbət təsir göstərir

17.07.2020 [07:55]

Transmilli şirkətlər ölkəmizdəki uzunmüddətli sabitlikdən və əlverişli investisiya mühitindən bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər
Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti çoxvektorludur. O cümlədən transmilli şirkətlərlə sıx əməkdaşlıq respublikamızın dünya birliyinə inteqrasiyasında mühüm rol oynayır. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində iqtisadi potensialı və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan indiyədək bütün dünyada məşhur olan çoxlu sayda transmilli şirkətlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Transmilli şirkətlər ölkəmizdəki uzunmüddətli sabitlikdən və əlverişli investisiya mühitindən bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Əlamətdar haldır ki, transmilli şirkətlər yalnız Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə, şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına deyil, həm də geniş potensiala malik qeyri-neft sektoruna investisiyalar yönəltməyə maraq göstərirlər.
Azərbaycanın transmilli şirkətlərlə uğurlu əməkdaşlığının təməli “Əsrin müqaviləsi” ilə qoyulub
Müstəqil Azərbaycanın davamlı dinamik inkişafını şərtləndirən bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların içərisində Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılmasını və bunun sayəsində ölkəmizə böyük həcmlərdə sərmayələrin cəlb olunmasını xüsusi qeyd etmək lazımdır. Müdrik siyasətçi olan Ulu Öndər yeni neft strategiyasını işləyib hazırlayarkən respublikamızda onilliklər ərzində formalaşan ənənələri və mövcud potensialı əsas tutaraq qarşıya çox mühüm hədəflər qoymuşdu. Yeni neft strategiyasını səciyyələndirən əsas cəhət isə ondan ibarətdir ki, burada milli maraqlar qırmızı xətt kimi müəyyənləşdirilib. Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksək səviyyəli insan kapitalının formalaşmasına xidmət etməlidir. Yeni neft strategiyasında bu kimi məqsədlər çox mühüm çağırışlar kimi qarşıya qoyulub.
Başlanğıcda müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını hədəfləyən yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Bədxah qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ən müxtəlif məqamları nəzərə alaraq fərqli ssenarilər hazırlamışdılar. Lakin Ulu Öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi ilə Azərbaycanı inkişafdan saxlamağa hesablanan bütün bədxah ssenarilərin qarşısını məharətlə aldı. Ulu Öndər növbəti dəfə xalqına bağlılığını, əlçatmaz Lider keyfiyyətlərini nümayiş etdirdi və müstəqil Azərbaycanın zəfər salnaməsinin əsasını qoydu.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın transmilli şirkətlərlə uğurlu əməkdaşlığının təməli qoyuldu.
“Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi olan Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. Prezident İlham Əliyev 1994-cü ildən etibarən yeni neft strategiyasının uğurla reallaşdırılması çərçivəsində Azərbaycana gələn sərmayələrin ölkəmizin inkişafında mühüm rol oynadığına diqqət çəkərək bildirib: “Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik”.
Artıq 26 ildir ki, ölkəmizdə yeni neft startegiyası uğurla həyata keçirilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.
2017-ci ildə respublikamızla transmilli şirkətlər arasında yeni Sazişin imzalanması ilə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb
Enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Yeni Sazişin imzalanması beynəlxalq şirkətə çevrilən SOCAR-ın imkanlarının daha da genişlənməsi baxımından da çox önəmlidir. Məlumdur ki, SOCAR artıq transmilli layihələrdə, o cümlədən beynəlxalq emal və kimya layihələrində, qlobal neft və qaz ticarətinin genişlənməsində fəal iştirak edir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Transmilli şirkətlərlə “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanıb
Respublikamızın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq hadisələrin sonrakı gedişi Azərbaycan zamanında nə qədər müdrik addım atdığını təsdiqlədi. Hazırda Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. Yuxarıda qeyd etdiyimiz kimi, zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizinin təşəbbüskarı rolunda məhz ölkəmiz çıxış edib. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yardılmasına ehtiyac var idi. Məlumdur ki, Avropanın getdikcə artan tələbatını ödəmək üçün yeni enerji mənbələri lazımdır. Azərbaycan isə “qoca qitə”nin bu ehtiyacını qarşılamağa qadir ölkədir. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü infrastrukturun - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Bununla belə, ölkəmiz güclü siyasi iradə ortaya qoydu və yeni layihəyə tərəfdaşlar cəlb etməyə nail oldu. Təxminən 3500 kilometr məsafədə uzanaraq açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 799 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30