Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Multikulturalizm və tolerantlıq azərbaycançılıq ideologiyasının tərkib hissəsidir

Multikulturalizm və tolerantlıq azərbaycançılıq ideologiyasının tərkib hissəsidir

11.09.2020 [09:19]

Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında mədəni, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir
(əvvəli ötən sayımızda)

Komitə sədrinin müavini əlavə edib ki, Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb edib. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir. Bir sözlə, multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Preziden İlham Əliyevin “Multikultutalizm Azərbaycanda həyat tərzidir” fikri bu sahədəki reallıqların ən aydın ifadəsidir”.
Öz növbəsində, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov bildirib ki, hazırda dünyanın dörd bir tərəfində müxtəlif etnik-dini separatizmin tüğyan etdiyi bir vaxtda ölkəmizdəki siyasi sabitliyə və iqtisadi inkişafa görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq: “Respublikamız üçün çətin tarixi bir dövr olan müstəqilliyin ilk illərində Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların nümayəndələri ilə mütəmadi görüşürdü. Məhz bu bərabər qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətini formalaşdırılmasına, müstəqil dövlətimizin daha da qüdrətlənməsinə öz töhfələrini verirlər. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm tərkib hissələrindən biri hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün etnosların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Heydər Əliyev xalqı vahid ideologiya ətrafına toplayaraq Azərbaycan bayrağı altında birləşdirməyi bacaran fenomenal şəxsiyyətdir. Ulu Öndər xalqımızın ən dəyərli keyfiyyətlərindən olan başqa xalqların hüquqlarına, mədəni-mənəvi irslərinə sayğıyla yanaşma xüsusiyyətini azərbaycançılıq milli ideologiyası səviyyəsində zirvəyə qaldırdı. Bir sözlə, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev şəxsiyyətinin mübarizliyi, iradəsi və qətiyyəti sayəsində respublikamız daxilindəki etnik-mədəni zəmində çaxnaşmalara son verildi, Azərbaycan siyasi sabitlik, iqtisadi, mədəni tərəqqi yolunda addımlamağa başladı. Heydər Əliyev Azərbaycanı separatizmin cəngindən qurtararkən tarixən bu torpaqları özünə vətən seçmiş, əsrlərdir burada yaşayan xalqların nümayəndələrini bu ali ideologiya ətrafında birləşdirərək qüdrətli, multikultural Azərbaycanın memarı oldu. Bu da inamla söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin siyasi banisidir”.
İcraçı direktorun sözlərinə görə, bu gün Azərbaycanın müxtəlif spektrlərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət də Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir”.
Xatırlatmaq yerinə düşər ki, multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.
Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.
Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır.
Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı Fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir: “Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərdiyi illər ərzində Prezidentin qarşıya qoyduğu hədəflərə uyğun olaraq çoxsaylı regional və beynəlxalq layihələrə imza atıb. Bu layihələrə hazırda 20 xarici ölkə universitetində, ölkəmizin isə 40 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi fənninin tədrisi, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması, sayca 4 (dörd) beynəlxalq multikulturalizm yay və qış məktəbinin təşkili, Azərbaycanın Gənc Dostları Klubunun yaradılması, Azərbaycanın ev sahibliyi etdiyi dövlət səviyyəli beynəlxalq tədbirlərdə BBMM-in ayrıca panellərlə çıxış etməsi, multikultural dəyərlərimizin təbliği məqsədilə Azərbaycan, rus və ingilis dillərində ədəbi-bədii, ictimai-siyasi, fəlsəfi məzmunda müxtəlif nəşrlərin və dərsliklərin hazırlanması aiddir. Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesin təşviqi naminə önəmli təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək dəyərləndirilir”.
Rəvan Həsənov onu da əlavə edib ki, məhz bundan irəli gələrək son illər ölkəmiz sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün mühüm mərkəz rolunu oynayır. 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, “əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik”. Dövlət başçısı “Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”, - deyə bildirib. Bütün bunları xatırlatmaqla yanaşı əminliklə bildirirəm ki, qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkana çevrilən Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi kimi gələcəkdə də dünyada multikulturalizmin təbliğatçısı, təşviqatçısı və müdafiəçisi kimi öz statusunu və əhəmiyyətini qoruyacaq”, - deyə icraçı direktor əlavə edib.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30