/ / Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir
16.09.2020 [09:05]
Ölkəmiz QDİƏT-in müvafiq qurumlarının, o cümlədən QDİƏT Parlament Məclisi, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin işində fəal iştirak edir
Azərbaycan müstəqillik əldə etdikdən sonra işğalçı Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə ikitərəfli əlaqələr yaratmaqda, nüfuzlu regional və beynəlxalq təşkilatlarla münasibətlərin yüksələn xətlə inkişafında maraqlı olub. Məhz buna görə də Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində həmişə fəal iştirak edib. Həmin təşkilatlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QDİƏT). Belə ki, Qara dəniz regionunda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılması vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi QDİƏT-in əsas prioritetlərindən hesab olunur. Təsadüfi deyil ki, bu amilləri əsas götürən Azərbaycan Respublikası 1992-ci ildən üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə, o cümlədən təşkilatın müvafiq qurumları ilə fəal əməkdaşlıq edir, ölkəmizin qurumdakı nümayəndələri təşkilatın işində aktiv təmsil olunurlar.
QDİƏT fəaliyyət istiqamətlərində əsas məqsəd kimi üzv ölkələr arasında müvafiq sahələr üzrə hərtərəfli əməkdaşlığı stimullaşdırmağı əsas götürür
Məlumat üçün qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci il tarixində Türkiyənin İstanbul şəhərində Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət və ya hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin imzalanması ilə təsis olunub. Sonradan İstanbul Bəyannaməsi kimi qeyd edilən həmin sənədə əlavə olaraq, 25 iyun 1992-ci il tarixində 11 ölkənin dövlət və hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da qəbul edilib. İstanbul Bəyannaməsində Qara Dəniz Əməkdaşlığının əsasları, prinsipləri, istiqamətləri və ilkin mexanizmləri təsbit edilib. Bosfor Bəyanatında isə İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyi geniş əhatə olunub.
Xatırladaq ki, QDİƏT-in daxilində əməkdaşlığın inkişaf etdirilməsində 30 iyun 1995-ci il tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən QDİƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü mühüm rol oynayıb. Həmin zirvə görüşündə çıxış edən Ümummilli Lider Heydər Əliyev münaqişələrin həllində regionda siyasi vəziyyəti sabitləşdirmək üçün inteqrasiya proseslərinin genişləndirilməsinin vacib olduğunu bildirib. Zirvə görüşünün sonunda qəbul edilən Buxarest Bəyannaməsində region ölkələri arasında iqtisadi əməkdaşlığı sürətləndirmək, müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək, xüsusi layihələri həyata keçirmək, biznes dairələri arasında əlaqələri təşviq etmək və digər məsələlərin vacibliyi vurğulanıb.
QDİƏT-in fəaliyyəti dövründə ən mühüm hadisələrdən biri isə 5 iyun 1998-ci il tarixində Yalta şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin qəbul edilməsidir. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı Sərəncamla QDİƏT-in Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən də təsdiq olunub. Ümumiyyətlə, sözügedən sənədin 1999-cu ilin 1 may tarixində qüvvəyə minməsi ilə təşkilatdaxili əməkdaşlıq mexanizmi tənzimlənərək QDİƏT-in təşkilat statusu təsbit edilib.
2004-cü ildə Serbiyanın da QDİƏT-ə üzv olması ilə hazırda 12 dövlət təşkilatın üzvüdür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəzdində müşahidəçi ölkələr sırasına isə Almaniya, ABŞ, Avstriya, Belarus, Çexiya, İsrail, İtaliya, Xorvatiya, Polşa, Misir, Slovakiya və Tunis daxildir. Eyni zamanda, Avropa Enerji Xartiyası Konfransı da QDİƏT-də müşahidəçi statusuna malikidir. Onu da xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yarandığı dövrdən regiondakı digər ölkələrin də diqqətini cəlb edir. QDİƏT-ə olan böyük maraq və üzv dövlətlərin əməkdaşlıq üçün daim səy göstərməsi təşkilatın kifayət qədər nüfuza malik olmasının göstəricisidir. Qeyd edək ki, üzv ölkələrin koordinasiyası, QDİƏT-in işinin təşkilati cəhətdən təmin edilməsi QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçirilir. Katiblik Türkiyənin İstanbul şəhərində yerləşir. QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş katibi, yenidən seçilmək hüququnun saxlanması ilə, 3 illik müddətə seçilir.
Xarici İşlər Nazirləri Şurası (XİNŞ) QDİƏT-in ali qərarverici orqanıdır. Təşkilata üzv olan hər dövlət 6 ay müddətində təşkilata sədrlik edir. Sədrlik etdiyi dövrdə həmin ölkənin xarici işlər naziri QDİƏT-in fəaliyyətinin ümumi koordinasiyasını həyata keçirir.
QDİƏT-in vacib orqanlarından biri üzv ölkələrin xarici işlər nazirliklərini təmsil edən Yüksək Vəzifəli Şəxslər Komitəsidir. QDİƏT-in əməkdaşlıq sahələri üzrə fəaliyyəti 20 işçi qrup vasitəsilə yerinə yetirilir. QDİƏT-in digər qurumlarına gəlincə, onlara QDİƏT Parlament Məclisi, QDİƏT Biznes Şurası, Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, Qara Dəniz Ticarət və İnkişaf Bankı daxildir.
Qeyd edək ki, QDİƏT fəaliyyət istiqamətlərində əsas məqsəd kimi - üzv ölkələr arasında müvafiq sahələr üzrə hərtərəfli əməkdaşlığı stimullaşdırmağı əsas götürür. Buraya ticarət və iqtisadi inkişaf, bank və maliyyə işi, rabitə və informasiya texnologiyaları, energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təbiətin mühafizəsi, turizm, elm və texnika, statistik və iqtisadi məlumatların mübadiləsi, gömrük və sərhəd xidmətləri arasında əməkdaşlıq, terrorizmə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahələrini aid etmək olar. Eyni zamanda, 2001-ci ildə qəbul edilmiş və 2012-ci ildə yenilənmiş “QDİƏT-in Gələcək üçün İqtisadi Gündəliyi: güclənən QDİƏT tərəfdaşlığına doğru” sənədinə əsasən, təşkilat çərçivəsində prioritet əməkdaşlıq sahələri kimi, ticarət və investisiyalar, gömrük, energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, elm və texnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, təhsilə investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, kiçik və orta müəssisələrin inkişafı müəyyən edilib.
Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilat çərçivəsində fəallığı ilə seçilir
Məlum olduğu kimi, Azərbaycan QDİƏT-in yaradılmasının ilkin mərhələsindən başlayaraq, təşkilatın fəaliyyətində, İstanbul Bəyannaməsi və Bosfor Bəyanatının hazırlanmasında bilavasitə iştirak edib. Qara dəniz hövzəsi və onun ətrafındakı regionda xüsusi nüfuza malik olan Azərbaycanın QDİƏT-də iştirakının əsas məqsədlərinə təşkilatın əhatə etdiyi regionda ölkəmizin rolunu daha da möhkəmləndirmək, Azərbaycan Respublikasının Avropaya inteqrasiya siyasətini həyata keçirmək, neft strategiyasının davamlılığını təmin etmək və nəqliyyat-tranzit potensialını gücləndirmək, təşkilata üzv ölkələrlə, o cümlədən Türkiyə, Rumıniya, Rusiya, Ukrayna və regionun digər aparıcı dövlətləri ilə Azərbaycan çoxtərəfli əməkdaşlıq mexanizmi qurmaq və inkişaf etdirmək daxildir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilat çərçivəsində fəallığı ilə seçilir və nüfuzlu mövqeyə malikdir, həmçinin QDİƏT-in işinin səmərəliliyinin artırılmasına yönəldilmiş islahatların təşəbbüskarlarından hesab olunur. Belə ki, Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsini mühüm hesab edir.
Xatırladaq ki, ilk dəfə 2003-cü ilin mayında 6 aylıq müddətinə QDİƏT-də sədrlik Azərbaycan Respublikasına həvalə olunub. Həmin ilin oktyabrında QDİƏT-ə sədrlik müddətinin başa çatmasına baxmayaraq, üzv dövlətlərin xahişi ilə təşkilata ölkəmiz sədrliyi ikinci dəfə öz üzərinə götürüb. İkinci sədrlik müddətində də Azərbaycan bir sıra mühüm tədbirlərin keçirilməsinin fəal təşəbbüskarı olub. Azərbaycanın ilk sədrliyi dövründə QDİƏT Xarici İşlər Nazirləri Şurasının IX və XI iclasları Bakıda baş tutub. Ümumiyyətlə, demək olar ki, Azərbaycan QDİƏT-də sədrliyi dövründə təşkilatın gələcək inkişafı üçün vacib olan və təcili həllini tələb edən bir sıra məsələlərin müzakirəsini təmin edib. Onu da bildirək ki, Azərbaycan tərəfindən təşkilat çərçivəsində indiyədək fəal sədrlik proqramı tərtib edilib və reallaşdırılıb. Belə ki, enerji, nəqliyyat, turizm sahələri üzrə nazirlər səviyyəsində Bakıda iclaslar təşkil olunub və ekspertlər səviyyəsində bir sıra görüşlər keçirilib.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası QDİƏT çərçivəsində 11-dən çox müxtəlif rəsmi sənədin hazırlanmasında, qəbul olunmasında, müvafiq işçi qrupların iclaslarının təşkilində fəal iştirak edib, 2005-2007-ci illərdə enerji üzrə işçi qrupun fəaliyyətini koordinasiya edib. 2009 və 2018-ci ilin altı ayı ərzində Azərbaycan QDİƏT-ə sədrlik edib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 26 iyun 2012-ci il tarixində İstanbulda keçirilən təşkilatın 20 illik Yubiley Sammitində çıxış edən Prezident İlham Əliyev QDİƏT-in fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında çox fəal olduğunu da vurğulayıb: “Bu gün bölgədə Azərbaycan tərəfindən irəli sürülmüş layihələr ümumi işimizə öz töhfəsini verir. Mən ümid edirəm ki, gələcək illərdə təşkilatımız daha da güclənəcək, bu gün müzakirə edilən və reallığa çevrilən layihələr ölkələrimizi daha da sıx birləşdirəcəkdir”.
Ölkəmizin QDİƏT-də təmsil olunması Azərbaycanın əsas iştirakçısı olduğu beynəlxalq və regional layihələrin həyata keçirilməsində xüsusi rol oynayır
Onu da qeyd edək ki, həm regionda, həm də beynəlxalq müstəvidə geniş siyasi və iqtisadi dəyişikliklərin baş verməsi QDİƏT-in institusional olaraq gücləndirilməsi məsələsinin aktuallığını daha da artırıb. Bu reallığın fonunda Azərbaycan-QDİƏT əlaqələrinin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

