Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə tərəvəzçiliyin və meyvəçiliyin inkişafında mühüm nəticələr əldə olunub

Ölkəmizdə tərəvəzçiliyin və meyvəçiliyin inkişafında mühüm nəticələr əldə olunub

29.09.2020 [09:03]

Artıq regionlarda cari ilin məhsulunun yığımı prosesinə başlanılıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət iqtisadiyyatın digər sahələri kimi, aqrar sahənin də sürətli inkişafını təmin edib. Aqrar sahədən söz düşmüşkən vurğulayaq ki, iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaratdığından ölkəmizdə bu sahədə məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində tərəvəzçiliyin və meyvəçiliyin inkişafında da mühüm nəticələr əldə olunub. Qeyd edək ki, regionlarda kənd təsərrüfatının sözügedən sahələrinin inkişafı insanların gəlirlərinin artmasına təsir etməklə yanaşı, həm də məşğulluğu təmin edir.
Bununla yanaşı, istər tərəvəzçiliyin, istərsə də meyvəçiliyin inkişafına göstərilən dövlət diqqəti və dəstəyi sayəsində, regionlarda yeni, müasir bağlar salınır, əkin sahələri artırılır, fermerlərin istehsal etdiyi məhsulun alınması, istehsalı və emalı sahəsinin inkişafına dəstək üçün güzəştli kredit ayrılır, yeni təsərrüfatlar yaradılır, emal sənayesi hesabına ixrac potensialı gücləndirilir, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müvafiq qurumları tərəfindən yeni sortların yaradılması istiqamətində mühüm işlər görülür.
Təsadüfi deyil ki, cari ilin fevral ayının 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev tərəvəzçiliyin inkişafına da toxunub, bu sahədə emal sənayesinin inkişafına diqqətin artırılmasını tövsiyə edib: “Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər”.
Yeri gəlmişkən, artıq rayonlarda tərəvəz məhsulları və meyvə yığımı uğurla davam edir. Məsələn, Biləsuvar rayonunda hazırda tərəvəz yığımı davam edir. Cari ilin 8 ayı ərzində məhsul istehsalçıları becərdikləri tərəvəz sahələrindən 39 min 576 ton məhsul toplayıblar. Yığılan tərəvəz əsasən Bakı və Sumqayıt şəhərlərindəki bazarlara göndərilir. Rayon statistika idarəsinin məlumatına görə, biləsuvarlı əkinçilər 2020-ci ilin məhsulu üçün erkən yazda 1284,2 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 528,5 hektar çoxdur. Yığılan məhsulun 2 min 863,4 tonunu xiyar, 33 min 960 tonunu pomidor, 297,8 tonunu badımcan, 165,7 tonunu bibər, 152,9 tonunu sarımsaq, 456,2 tonunu soğan, 1909,5 tonunu yaşıl noxud, 5,7 tonunu yaşıl lobya, 72 tonunu boranı, 292,4 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində fəaliyyət göstərən fermerlər xüsusilə fərqlənirlər.
Tərəvəz məhsulları ilə yanaşı, Biləsuvarda meyvə yığımı da uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər. Belə ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin 8 ayı ərzində rayonda mövcud olan 1508 hektar bağdan 3143,4 ton meyvə toplayıblar. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 202,6 ton çoxdur. Yığılmış məhsulun 209,8 tonunu alma, 307,8 tonunu armud, 263,5 tonunu ərik, 96,4 tonunu albalı, 989,3 tonunu alça, 173,7 tonunu gilas, 363,5 tonunu gavalı, 107,1 tonunu şaftalı, 51,4 tonunu isə fındıq təşkil edib. Bağbanlar, həmçinin bağlardan 582 ton giləmeyvə də toplayıblar.
Göyçay rayonunda da cari ilin ötən müddətində istixana təsərrüfatlarında 28610,4 ton məhsul istehsal olunub. Yığılan məhsulun 2021 tonu xiyar, 26589,4 tonu pomidordur. Əksər ərazi dairələrində, o cümlədən Ləkçıplaq, Şəkər, Mırtı və bir sıra digər ərazi dairələrində istixana təsərrüfatlarında bol məhsul yetişdirilib. Göyçaylı tərəvəzçilər istehsal etdikləri məhsulu nəinki yerli, xarici bazarlara da çıxarırlar. Qeyd edək ki, Göyçayda istixana təsərrüfatlarının ərazisi ildən-ilə genişləndirilir. Hazırda istixanalar 280,9 hektardır ki, bu da ötən ildəkindən 29 hektar çoxdur. Rayonun nar bağlarında faraş yetişən məhsul yığımına da başlanılıb və artıq 40 ton nar tədarük olunub. Dərilən məhsul seçilərək safları bazarlara çıxarılır, zədəli məhsul isə emal müəssisələrinə satılır. Bu il rayonda bütün ərazilərdə, xüsusilə daha çox nar bağları olan Bığır, Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm, Mirzəhüseyinli ərazi dairələrində bol məhsul yetişdirilib. Qeyd edək ki, rayon üzrə 6342 hektar meyvə bağı vardır ki, bunun yarıdan çoxu - 3632,4 hektarı nar bağlarıdır. Son vaxtlar nar bağlarının sahəsi 10,2 hektar artıb. Bununla yanaşı, məhsul istehsalı da ildən-ilə artır. Ötən il 33 min 541,2 ton nar tədarük olunub. Cari ildə bağlarda 40 min ton narın yığılacağı gözlənilir.
Neftçalalı fermerlər də cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları sahələrə yaxşı qulluq etdiklərindən bol məhsul yetişib. Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, artıq əkinçilər 1375,2 ton məhsul toplayıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Yığılan məhsulun 403,9 tonunu xiyar, 360,2 tonunu pomidor, 24,4 tonunu sarımsaq, 9 tonunu soğan, 402,6 tonunu badımcan, 8,4 tonunu kələm, 111,3 tonunu bibər və 39,3 tonunu isə digər tərəvəzlər təşkil edir.
Qeyd edək ki, rayonda aqrar təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 595,8 hektar çoxillik meyvə bağlarından 802,9 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib. Artıq xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparırlar. Bağbanlar cari ilin 8 ayı ərzində 788,5 ton meyvə yığıblar. Tədarük olunan meyvənin 118,1 tonunu alma, 46,8 tonunu armud, 57,9 tonunu ərik, 11,4 tonunu albalı, 26,8 tonunu şaftalı, 230,1 tonunu gavalı, 166,8 tonunu alça, 26,6 tonunu gilas, 11,6 tonunu fındıq, 92,4 tonunu isə digər meyvələr təşkil edib. Bununla yanaşı, üzüm bağlarından da məhsul yığımına başlanılıb. Üzümçülər qısa müddətdə rayonda mövcud olan 134,1 hektar üzüm sahəsindən 245,2 ton məhsul toplayıblar. Qeyd edək ki, ötən il bağlardan 419 ton məhsul tədarük edən üzümçülər cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar qısa müddətdə 245,2 ton məhsul toplayıblar. Yığılan məhsulun üçdəiki hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər qazanıblar. Onlar becərdikləri 90 hektar üzüm bağından indiyədək 160 tondan çox məhsul yığıblar.
Bu il Saatlı rayonunun fermerləri 915,8 hektar sahədə tərəvəz becəriblər. Fermerlər indiyədək əkin sahələrinin 524,1 hektarında yığım aparıblar ki, bu da ümumi tərəvəz sahəsinin 57,2 faizini təşkil edir. Qeyd edək ki, saatlılı fermerlər sentyabrın birinci yarısına kimi 6 min 324,9 ton məhsul yığıblar. Tədarük olunan tərəvəzin 698,7 tonunu bibər, 1250,2 tonunu xiyar, 1831 tonunu pomidor, 772 tonunu badımcan, 395,3 tonunu sarımsaq, 468,6 tonunu baş soğan, 908,5 tonunu isə kələm təşkil edib.
Son illərdə meyvəçiliyin inkişafının diqqət mərkəzində olduğu rayonlardan biri Samuxdur. Bu istiqamətdə ən çox inkişaf edən sahələrdən biri də üzümçülükdür. Hazırda rayonda üzümün “Təbriz”, “Kardinal”, “Redqlob”, “Viktoriya” kimi süfrə sortları ilə yanaşı, “Gəncə Şərab - 2” zavoduna məxsus üzüm bağlarında “İzabella”, “Muskat”, “Bayan” kimi texniki sortlar da becərilir. Avqust ayının sonlarından etibarən rayonda üzüm yığımına başlanılıb. Sentyabrın ikinci ongünlüyünün əvvəlinə kimi sahələrdən 27627 sentner məhsul yığılıb. Bu, ötən ilin müvafiq dövründən 2839 sentner çoxdur. Hazırda rayonda 1023,2 hektar üzüm bağı mövcuddur. Həmin bağlardan 929,8 hektarı bar verəndir.
Şəki rayonunun təsərrüfatlarında da üzüm yığımı davam edir. Hələlik bağlardan əsasən süfrə üzüm sortları tədarük olunur. Hazırda rayonda 307 hektar bar verən üzüm bağı var. Məhsul istehsalçıları indiyədək 164 hektar bağın məhsulunu yığıb, 2120 ton üzüm tədarük ediblər. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir. Qeyd edilməlidir ki, builki mövsümdə Şəkinin üzüm bağlarından 4,2 min tondan çox məhsul yığılması proqnozlaşdırılır. Xatırladaq ki, ötən il rayonda 4197 ton üzüm istehsal olunub.
Salyan rayonunda da əsas təsərrüfat sahələrindən sayılan üzümçülüyün inkişafı ilə bağlı addımlar atılmaqdadır. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1122,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932,9 hektarı barverəndir. Rayon Statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. Sentyabrın 17-nə olan məlumata görə, bağlardan 2516,6 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 357 ton çoxdur. Qeyd edək ki, üzüm bağlarının 500 hektardan çoxu rayonun Xələc kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir. Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm plantasiyalarından 25-30 ton məhsul yığılır.
Pərviz

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30