Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda heyvandarlığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Regionlarda heyvandarlığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

02.10.2020 [09:05]

Bir sıra layihələrin uğurla icra olunması heyvandarlıq məhsullarının istehsalının intensiv yolla artırılmasına da müsbət təsir göstərir
Son 17 ildə ölkəmizdə aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da mühüm nailiyyətlər əldə olunub. Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən müvafiq Dövlət proqramlarının uğurlu icrası kənd təəsrrüfatının inkişafına, həmçinin heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasına ciddi təsir göstərib. Məlum olduğu kimi, dövlət başçısının birbaşa nəzarəti altında regionların inkişafı üçün xüsusi proqramlar hazırlanır və həyata keçirilir. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı həyata keçirilib. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Xatırladaq ki, bu proqramlar əsasında həyata keçirilən işlər nəticəsində bütün sahələr kimi aqrar sektor da inkişaf edir. Belə ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə heyvandarlıq sahəsində yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.
Yeri gəlmişkən, qeyd edək ki, dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı bu sahənin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, cari il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində Prezident İlham Əliyev sözügedən Proqramın icrasında qeyri-neft sektoruna üstünlük verilməsinin, kənd təsərrüfatı sahəsinə güzəştli kreditlərin ünvanlanmasının vacibliyini xüsusi vurğulayıb. Konfransdakı yekun nitqində isə dövlət başçısı bildirib ki, “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir”.
Qeyd edək ki, dövlətin həyata keçirdiyi tədbirlər çərçivəsində heyvandarlığın inkişafına marağın, heyvandarlıq sahəsində məhsul istehsalının artırılmasını və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını nəzərdə tutan layihələr geniş vüsət alıb. 
Məsələn, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalandırma mütəxəssislərinin hazırlanması üçün təlimlərə başlanılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərə süni mayalandırma sahəsində işə yeni başlayan, həmçinin bir qrup təcrübəli baytar cəlb olunub.
Təlimləri FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış yerli mütəxəssislər aparır. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Göygöldə fəaliyyət göstərən Süni Mayalandırma Mərkəzində həyata keçirilir və təlimi uğurla başa vuran şəxslərə sertifikatla yanaşı, müvafiq süni mayalanma avadanlıqları da təqdim edilir.
Qeyd edək ki, Tərəfdaşlıq Proqramı çərçivəsində ilkin mərhələdə 60-a yaxın baytarın süni mayalandırma üzrə mütəxəssislərin hazırlanması təlimində iştirakı nəzərdə tutulub.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı sahəsinə fəaliyyət göstərən qadın fermerlərin sayının, həmçinin bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sahibkara çevrilmə yolunda onlara dəstək göstərilməsi məqsədilə icra edilən AFAQ layihəsi çərçivəsində heyvandarlıqla məşğul olan qadın fermerlərə dəstək göstərilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Nazirliyin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki və “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən AFAQ layihəsində iştirak etmək üçün ilkin mərhələdə 500-ə yaxın qadın fermerdən müraciət daxil olub. Şöbədən bildiriblər ki, indiyədək 72 fermerin təsərrüfatına baxış keçirilib, qiymətləndirmə aparılıb. Dəyərləndirmə aparıldıqdan sonra layihənin kriteriyalarına uyğun gələn qadın fermerlərin təsərrüfatlarına onların müraciətlərinə uyğun olaraq müvafiq avadanlıqlar verilir və təlimlər keçirilir.
Şamaxı rayonundan layihəyə seçilmiş ilk qadın fermerlərlə növbəti görüş keçirilib. Görüş zamanı layihəyə müraciət etmiş və təlimləri uğurla tamamlamış 3 qadın fermerə təsərrüfatlarının ehtiyacları üzrə dəstək göstərilib. Dəstək göstərilən hər üç fermer Şamaxı rayonu Məlikçobanlı kənd sakinləridir. Fermer Ramilə Seyidova və Gülmayə Seyidovaya təsərrüfatlarının böyüdülməsi məqsədilə iribuynuzlu, İradə Abdullayevaya isə xırdabuynuzlu heyvanlar verilib.
Xatırladaq ki, AFAQ layihəsi çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür.
Saatlı rayonunda da aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının, həmçinin mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalandırma məntəqələrinin şəbəkəsi genişləndirilir. Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda 7 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2740 baş inəkdən car ilin 6 ayı ərzində 2375 baş buzov alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 450 baş çoxdur. Bu da hər 100 inəyə 87 baş bala deməkdir. Onu da qeyd edək ki, süni mayalandırma yolu ilə alınan buzovlara görə maldarlara 237 min 100 manat subsidiya ödənilib.
Bu ilin birinci yarısında Astara rayonunda 40799 baş iribuynuzlu mal-qara, o cümlədən 19855 baş inək və camış, 22389 baş davar qeydə alınıb. Ötən illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 479 baş (1,2 faiz), o cümlədən inək və camışların sayı 78 baş (0,4 faiz), davarların sayı isə 1224 baş (5,8 faiz) artıb. Astara Rayon Statistika İdarəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda diri çəkidə ət istehsalı 2,3 faiz artaraq 1988,5 ton, süd istehsalı 0,5 faiz artaraq 13746,4 ton, yumurta istehsalı 0,1 faiz artaraq 4518,0 min ədəd, yun istehsalı isə 5,9 faiz artaraq 18,0 ton olub.
Daşkəsən rayonunda da iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlıqda yüksək nəticəyə nail olmaq üçün süni mayalandırma işi davam etdirilir. Rayon Statistika İdarəsindən bildirilib ki, bu ilin altı ayı ərzində 412 baş iribuynuzlu heyvan süni mayalandırılıb. Ümumilikdə, heyvanların süni mayalandırılmasından 200 baş bala alınıb. Qeyd edək ki, hesabat dövründə Daşkəsən rayonunda bir əsas və bir yardımçı süni mayalandırma məntəqəsi fəaliyyət göstərib.
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalının üstünlük təşkil etdiyi Şəmkir rayonunda da, heyvandarlığın inkişafı diqqət mərkəzindədir. Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon üzrə iribuynuzlu mal-qaranın sayı 56174 başa, qoyun və keçilərin sayı isə 272 min 702 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 2112 baş artıb.
Bu ilin 6 ayı ərzində 4768 ton ət (diri çəkidə), 26 min 422 ton süd, 516,7 ton yun, 15 milyon 557 min ədəd yumurta istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 3,7 faiz artıb.
İmişlidə yaradılan Saanen keçi təsərrüfatı isə südlük istiqamətində inkişaf etdirilir. Belə ki, keçi təsərrüfatı pendir istehsalının həyata keçirilməsi üçün nəzərdə tutulub. Təssərrüfatın icraçı direktoru Tural Nağıyev söyləyir ki, 1 il öncə yaradılan keçi təsərrüfatında bu sahə üzrə bir sıra uğurlar qazanılıb. Əvvəlcə fermaya gətirilən keçilər cütləşdirilərək onlardan bala alınıb. Çəpişlərin çoxu satılıb, qalanları isə təsərrüfatın genişləndirilməsi üçün istifadə edilib. Hazırda fermada 400 baş keçi bəslənilir. Həmçinin təsərrüfatda sağım sexi də qurulmaq üzrədir. Yaxın günlərdə əllə sağım avtomatlaşdırılmış sağımla əvəz ediləcək. Bunun üçün ferma ərazisində 49 sağım seksiyasından ibarət məntəqə yaradılıb.
T.Nağıyev deyir ki, fermadakı keçilərdən gündə ümumilikdə 200 litr süd əldə etmək mümkündür. Dörd faizə yaxın yağlılığı olan bu süddən təsərrüfatda iki növ pendir istehsal edilir. Bunlardan biri tərəkəmə pendiri adlanır ki, bu da çiy süddən mayalanma yolu ilə alınır. Digəri isə pasterizə olunan İspeşıl pendiridir. Dünyada bir nömrəli hesab edilən Saanen keçi südünün spesifik xüsusiyəti pendir məhsuluna öz təsirini göstərir. Təsərrüfatın pendir istehsalı texnoloqu İsmayıl İsayev isə bildirir ki, pendir istehsal edildikdən sonra 12 faizlik duzlu suda bir gün saxlanılır, sonra qablara yığılır. 25-40 gün müddətində pendir tam yetişdikdən sonra satışa verilir. Pendir ona görə duzlu suda saxlanılır ki, bu proses həm ola biləcək mikrobları məhv edir, həm də ona dad qatır.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30