Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkə gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir

Ölkə gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir

07.10.2020 [08:40]

Öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Azərbaycan gəncliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan milli mübarizədə böyük əzm və qətiyyət nümayiş etdirir
(əvvəli ötən sayımızda)

Daha bir xoş xəbər isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağının sancılmasıdır. Torpaqlarımızın düşmən işğalından azad olunması şəhidlərimizin ruhunu şad edir. Azərbaycan qəhrəman əsgərləri böyük ruh yüksəkliyi ilə döyüşləri davam etdirərək hər an bizi qələbəyə yaxınlaşdırır, şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan edirlər. Əminliklə bildirilir ki, xalqımız qələbə sevincini Şuşada, Xankəndidə Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu tezliklə reallığa çevriləcək.
Azərbaycan ictimaiyyəti bu sevinci və qüruru yaşadan Ali Baş Komandanımıza minnətdarlıq edir. Vətəndaşlar tərəfindən dövlət başçısına yazılan məktublarda bildirilir ki, cənab İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazır. O, bir neçə əsrlik tarixi gedişi dəyişdirir, tarixi ədaləti bərpa edir, xalqımızın ən böyük arzusunu reallaşdırır. Cənab İlham Əliyev kimi Ali Baş Komandanı olan Ordu yenilməz, Onun kimi Lideri, Prezidenti olan xalq, dövlət məğlubedilməzdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qəzetimizə açıqlamasında bildirib ki, gənclərimizin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunması günümüzün vacib məsələlərindəndir. Onun sözlərinə görə, vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindəndir. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, yurduna, vətəndaşı olduğu ölkəyə məhəbbətdən doğan ən ali və əzəli hisslərdəndir. Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın, soydaşlarının hər bir uğuruna sevinmək hissi təbliğat yolu ilə daha da möhkəmlənir.
Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın 50 ən güclü ordusu sırasında yer aldığını deyən polkovnik bildirib ki, Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib: “Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın şəkildə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, hazırda Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir”.
Azərbaycan Ordusunun xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyi olduğunu bildirən C.Xəlilov qeyd edib ki, ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir: “Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Mövcud reallıqlar onu göstərir ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq və ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir”.
C.Xəlilov deyib ki, ordumuzun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir: “Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələni də diqqət mərkəzində saxlayır. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. Bu gün bizim hərbi kadrlar yalnız ölkəmizdə deyil, həm də Çin, ABŞ, Türkiyə və Rusiyanın ali məktəblərində yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunurlar”.
C.Xəlilov əlavə edib ki, 2016-cı ilin Aprel döyüşləri həm də Azərbaycan Ordusunun böyük zərbə qüvvəsinə malik olduğunu göstərdi. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan Ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir. Hazırda dünya Azərbaycan Ordusunun gücünü, onun qüdrətini görür. Azərbaycan istehsalı olan silahlar isə ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir: “İyulda düşmən dövlətin silahlı bölmələri növbəti dəfə təxribata cəhd edərək təmas xəttinin Tovuz rayonu istiqamətində hücuma keçərək Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək üçün ona doğru irəliləməyə çalışıb. Lakin şanlı Azərbaycan Ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən tərəfin qəfil hücumu Azərbaycan Ordusu tərəfindən qətiyyətlə dəf edilib. Bu, Azərbaycan Ordusunun qətiyyətindən xəbər verir”.
“Beləliklə, bu gün Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar. İndi hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına, ordumuzun gücünə güvənir. Odur ki, ordumuza və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan şəxslər ən sərt şəkildə qınağa layiqdirlər. Ermənistan və ona havadarlıq edən qüvvələr də Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı bütün torpaqlarımızın bütövlükdə qaytarılacağı gün yaxındadır”, - deyə polkovnik C.Xəlilov vurğulayıb.
Qeyd olunub ki, Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri unutmaq mümkün deyil. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir.
“Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən birinə çevrilib. Gənclərlə bağlı qəbul edilmiş hüquqi-normativ aktlarda, Fərman və sərəncamlarda, dövlət proqramlarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunun güclənməsi sahəsində həyata keçirilən işlərin uğurla davam etdirilməsindən xəbər verir”.
Bu fikirləri isə qəzetimizə açıqlamasında ehtiyatda olan polkovnik, iki dəfə “Azərbaycan Bayrağı Orden”li, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib. Ş.Ramaldanovun sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir.
Qeyd olunub ki, son günlər ermənilər bütün istiqamətlərdə təxribatlar törədirdilər. Ermənistan xarici işlər nazirinin Yaxın Şərqə səfəri və orada diaspora nümayəndələri ilə görüşlərindən sonra terror dəstələri Qarabağa yerləşdirilməyə başladı. Bununla yanaşı, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşma həyata keçirilirdi. Bütün bunlar döyüşlərin aktiv fazaya keçəcəyini gözləməyə əsas verirdi. Həmçinin erməni hərbi və siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, hərbi ritorika ilə çıxışları, hədə-qorxu gəlmələri bunu göstərirdi ki, artıq danışıqlar prosesi tükənib. Bununla əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə təxribatların qarşısının qətiyyətlə alınacağı barədə xəbərdarlıq etdi.
Ş.Ramaldanov bildirib ki, düşmən dəfələrlə digər istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib. Ancaq Azərbaycan Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin qarşısını alıb: “Ümumiyyətlə, düşmənin yerdəyişməsi və bütün hərəkətləri Azərbaycan Ordusunun bölmələri tərəfindən müşahidə olunur və nəzarətdə saxlanılır. Hər an lazımi tədbirlər görülür. Əməliyyat şəraiti bizim Ordumuzun nəzarəti altındadır. Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlifçaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Buna görə də, silahlı qüvvələrimiz Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Hərbi birləşmələrimiz, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, qarşı tərəfin manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Düşünürəm ki, artıq məqam yetişib və bu vəziyyətdə Azərbaycan Ordusu öz sözünü deyərək, qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirəcək”, - deyə ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlamasında söyləyib.
O da qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı gənclər üçün vətənpərvərlik nümunəsidir. Ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladları hər zaman qəlbimizdədir. Hamımızın Vətəni Azərbaycandır və biz müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30