Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi genişlənir

Azərbaycanın regionlarında fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi genişlənir

08.10.2020 [09:02]

İndiyədək dövlət tərəfindən EKTİS platforması üzərindən fermerlərə payızlıq və çoxillik əkinlər də daxil olmaqla 229 milyon manat subsidiya ödənilib
Azərbaycan yeni iqtisadi şəraitdə regionların potensialından daha səmərəli istifadə etməyi hədəfləyib. Buna nail olmaq üçün respublikamızda 2004-cü ildən etibarən icrasına başlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yüksəksəviyyəli infrastruktur qurulur - yeni yollar çəkilir, elektrik enerjisi ilə təminat möhkəmləndirilir, su və qazlaşdırma layihələri həyata keçirilir. Öz növbəsində, müasir infrastruktur təminatı regionların investisiya cəlbediciliyini artırır. Yaradılan şəraitdən bəhrələnən fermerlər yeni layihələrin icrasına böyük maraq göstərirlər və müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.
Ümumiyyətlə, son illərdə regionlarda fermerlərin iqtisadi proseslərə daha fəal qoşulmaları güclü şəkildə təşviq edilir. O cümlədən respublika üzrə fermerlərə göstərilən dəstək tədbirlərinin əhatə dairəsi getdikcə genişlənir.
Subsidiyaların verilməsində yeni qaydalar tətbiq edilir
Respublikamızın bölgələrində fermerlərə dəstək tədbirlərinin mühüm bir qolunu subsidiyalar təşkil edir. Cari il sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına verilib.
Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19515 nəfəri pambıq istehsalçısıdır. Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27910 fermerə 4 525 500 subsidiya ödənilib. 19 minə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır. Eləcə də ölkəmizin 30 rayonundan olan 3382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram barama təhvil verərək, 1.4 milyon manat məbləğində dövlət subsidiyası alıb.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyalarının verilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması üzərindən müraciət və təsdiq əsasında vəsaitlərin Fermer Kartlarına köçürülməsi yolu ilə həyata keçirilir. Bu günədək EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 milyon manat subsidiya ödəyib.
Gübrənin satış qiyməti ucuzlaşdırılıb
Ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhfəsini vermək məqsədilə gubre.az aqrar ticarət şəbəkəsi gübrə qiymətlərini endirib. “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-dən bildiriblər ki, şirkət taxıl əkən fermerlərin gübrəyə olan ehtiyaclarını ödəmək və daha çox taxıl sahəsini gübrə ilə təmin etmək, nəticədə fermerlərimizin daha yüksək məhsuldarlıq əldə edə bilməsi üçün ammofos gübrələrinin qiymətini 48,5 manatdan 46,5 manata endirib. Artıq fermerlərimiz gubre.az satış nöqtələrində ammofos gübrəsinin 1 kisəsi üçün 13.95 manat nağd, 32,55 manat isə dövlət subsidiyası hesabına ödəməklə əldə edə bilərlər.
Onu da qeyd edək ki, gubre.az son illərdə kənd təsərrüfatı sahəsinə dövlət dəstəyini və ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğısını nəzərə alaraq, sektorun davamlı inkişafına dəstək olaraq, qiymət siyasətinə mütəmadi nəzər yetirir, fermerlər üçün daha münasib şərtlər təklif etməyə çalışır. “Aqrar İnnovasiya və Təchizat Şirkəti” bundan sonrakı dövrlərdə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vətəndaşlar üçün təklif etdiyi xidmət səviyyəsini davamlı olaraq artırmağa, fermerlərin ehtiyaclarını yüksək səviyyədə təmin etməyə çalışacaq.
Əlavə olaraq, fermerlər gubre.az satış nöqtələrindən payızlıq əkin üçün yüksək məhsuldarlıqlı arpa, buğda və yonca toxumları da əldə edə bilərlər. Fermerlərimiz bütün toxum və bitki mühafizə vasitələrini nağd ödəniş etmədən 100 faiz dövlət subsidiyası hesabına ala bilərlər.
Şirkətin satış nöqtələrində fermerlərə payızlıq əkin üçün aşağıda göstərilən toxum növləri təklif edilir:
- P.P.Lukyanenko adına Rusiya Milli Toxum Mərkəzinin istehsalı olan yüksək məhsuldarlığa malik “Alekseiç” sortu və quraqlığa, şaxtaya davamlı “Bezostaya-100” sortu elit və birinci reproduksiyalı buğda toxumları;
- Azərbaycan Respublikasının torpaq və iqlim şəraitində illərlə sınaqdan keçmiş “Qarabağ-22” və “Xutorok” sortu arpa toxumları;
- Almaniyanın məşhur toxum istehsalçısı Freudenbergerin istehsal etdiyi “Proqreen” markalı “Plato” sortu nitrogeneratorlu, şaxtaya davamlı və yüksək məhsuldarlığa sahib yonca toxumları.
Qeyd edək ki, gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir. Şirkət 200-dən artıq satış nöqtəsi ilə respublikanın regionlarında fermerlərə toxum, gübrə və müxtəlif növ aqrokimyəvi məhsulların satışını həyata keçirir. Satış şəbəkəsi aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı nəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarının liberallaşmasından sonra yaradılıb.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti regionlarda mineral gübrələrin səyyar satış xidmətini təşkil edir
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti də fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə ammofos gübrəsinin qiymətində endirim edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, “Aqroservis” ASC tərəfindən satılan ammofos gübrəsinin 1 tonunun qiyməti 1000 manatdan 933,33 manata endirilib. Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70 faiz güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30 faiz dəyər isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyər “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.
Eyni zamanda, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti istər təmas xəttinə yaxın rayonlarda, istərsə də, şimal rayonlarında mineral gübrələrin səyyar satış xidmətini təşkil edir. Sentyabr ayından “Aqroservis” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə başlayan səyyar satışlarda payızlıq əkin mövsümü ilə əlaqədar olaraq, fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin satışı həyata keçirilir. Əlavə olaraq, digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə fermer həmin gübrələrlə də təmin edilir.
Bu günə qədər davam edən səyyar satışdan 300-ə yaxın kənd üzrə ümumilikdə 1523 vətəndaş yararlanıb. Daxil olan müraciətlərə əsasən hər gün 4 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində səyyar xidmət göstərilir. Səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əlaqədar şənbə günləri də daxil olmaqla fermerlərin mineral gübrəyə tələbatlarının ödənilməsi üçün fəaliyyət göstərirlər. Bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.
Qeyd edək ki, “Aqroservis” ASC məkan və zaman anlayışlarını aşaraq fermerlərimizin və vətəndaşlarımızın yanında olmağı və onlara səyyar xidmət etməyi üstün tutub. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Fermerlər mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilərlər.
Fermerlər yüksək keyfiyyətli toxumla təmin olunurlar
Kənd təsərrüfatının əkinçilik sahəsində yüksək məhsuldarlığa nail olunması üçün aqrotexniki tədbirlərlə yanaşı, yüksək reproduksiyalı toxumun seçilməsi də vacib şərtlərdəndir. Bu baxımdan bir sıra bölgələrimizdə olduğu kimi, Göygöl rayonunda da regional Toxum Sertifikatlaşdırma Laboratoriyası yaradılıb. Burada aparılan işlər fermerlərin keyfiyyətli toxumla təminatını asanlaşdırır. Belə ki, laboratoriyada toxumlardan nümunələr götürülərək onların keyfiyyəti haqqında məlumatlar əldə edilir və sertifikatlaşdırılır. Fermerlər sertifikatlı toxum əldə etməklə yanaşı, əkin sahəsindəki torpağın tipi, fiziki və kimyəvi quruluşuna görə istifadə edə biləcəkləri gübrələr haqqında da məlumatlandırılırlar. Laboratoriya keyfiyyətə nəzarət olunması və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirir. Bununla yanaşı, laboratoriya tərəfindən tarla nəzarəti həyata keçirilir, toxum partiyası və əkin nümunələri götürülür, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılır.
Fermerlər istifadə edəcəkləri toxumlardan nümunələri laboratoriyaya gətirərək analizdən keçirir və nəticəsi barədə məlumat əldə edirlər. Bu isə əkinçilikdə yüksək məhsuldarlıq üçün vacib şərtlərdən biridir. Laboratoriya ən son avadanlıqlarla təchiz edilib, işçilər beynəlxalq ekspertlərin iştirakı ilə təlim keçib və respublikanın müxtəlif bölgələrində kurslarda iştirak edərək kifayət qədər təcrübə qazanıblar.
Laboratoriyanın fəaliyyətinə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir. Keyfiyyətli toxumlara verilən sertifikatlar fermerlərə, eyni zamanda, toxumlarını uyğun qiymətə satmağa imkan yaradır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30