Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur

Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur

14.10.2020 [08:40]

İstər rayon və kənd yollarının, istərsə də respublika əhəmiyyətli yolların yenilənməsi bölgələrin inkişafında da əhəmiyyətli rol oynayır
(əvvəli ötən sayımızda)

Bundan başqa, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni avtomobil tunelinin də inşasına başlanılıb. Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr nəzərdə tutulub. Layihəyə əsasən, tunelboyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da planlaşdırılır. Hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması işləri görülür.
Yeni tunel istifadəyə verildikdən sonra avtonəqliyyat vasitələri dəmir yolu xəttini keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər. Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Samux rayonunda isə uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşır. Bunlar uzunluğu 28,1 kilometr olan Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 kilometr, Qarabağlı yolunun uzunluğu 2,8 kilometr, Salahlı yolunun uzunluğu isə 4 kilometrdir. Layihə çərçivəsində zəruri yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub.
Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası və avtoqreyderlə küvetlərin açılması işləri aparılıb. Yeni yol yatağı işlənən ərazilərdə yol əsasının tikintisi və bərpası tamamlanıb, hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Vurğulayaq ki, eyni işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır.
Hazırda yollarboyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kvadratmetrdən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Vurğulanmalıdır ki, Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Respublika əhəmiyyətli yollarda aparılan təmir-bərpa işləri uğurla davam etdirilir
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri də yekunlaşmaqdadır. Sözügedən avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 kilometr sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu, dənəvərtərkibli əsasın üst layının tikintisi işləri görülür. Həmçinin yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri aparılır. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Layihə çərçivəsində yolboyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü borunun və 30 avtobus dayanacağının inşası yekunlaşmaq üzrədir.
Bundan başqa, uzunluqları 20 metrdən 175 metrədək dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də yekunlaşdırılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58,9-cu kilometrində Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci kilometrində Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.
Qeyd edək ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var. Layihənin icrası həm də, ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri isə davam etdirilməkdədir. Avtomobil yolunun ümumi uzunluğu 23,4 kilometr, hərəkət hissəsinin eni isə 15 metrdir. Hazırda marşrutboyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, torpaq işləri həyata keçirilir. Hazırlanan torpaq yatağının eni 21,6 metrdir. İş icraçısı Vidadi İsmayılov bildirib ki, layihəyə əsasən, yolun çəkilişi zamanı Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində bir yolötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır.
Qeyd edək ki, sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Yolun yenidən qurulmasında məqsəd Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Şirvanovka” və “Xanoba” sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır. Bundan başqa, yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da, avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırılaraq daha da sürətli transfer rolunu oynayacaq. “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması işlərinin iki il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Vurğulayaq ki, M5 magistralının II texniki dərəcəyə uyğun yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yeni yol yatağı inşa olunub, torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Hazırda yolboyu 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu sahədə də işlər yekunlaşmaq üzrədir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası da yekunlaşdırılır. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Körpülər yolun 1,8-ci kilometrində Alıcançay, 9,5-ci kilometrində Şirvan kanalı və 35,6-cı kilometrində isə Dəhnəçay üzərində inşa olunur. Körpülərin uzunluğu müvafiq olaraq 67, 76 və 61 metr təşkil edir.
Bundan başqa, müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-si düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq, yolboyu 7 nöqtədə yeraltı keçid də tikilib. Bununla yanaşı, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılması işləri də yekunlaşmaq üzrədir.
Bununla yanaşı, “M-5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı kilometrindən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 kilometrlik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşdırılır. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metr təşkil edir. Analoji tikinti işləri bu yolda da aparılır. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşası tamamlanmaq üzrədir. Körpülər yolun 0,4-cü kilometrində dəmir yolu, 0,7-ci kilometrində Əyriçay, 1,4-cü kilometrində Küncüt çayı, 4,6-cı kilometrində Sarı Qobu çayı və 5,2-ci kilometrində Qarasu çayı üzərində salınır. Sözügedən körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
Vurğulayaq ki, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq. Ötən il sözügedən magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30