/ / Azərbaycan Xəzər hövzəsi ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir
Azərbaycan Xəzər hövzəsi ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir
03.12.2020 [09:54]
Quru və su sərhədlərinə malik olması, uzun illər davam edən daxili sabitlik, əlverişli iqlim xüsusiyyətləri və dövlətin güclü siyasi iradəsi ilə yaradılan möhkəm hüquqi baza respublikamızın beynəlxalq tranzit daşımaları üçün cəlbediciliyinin artmasına müsbət təsir göstərir
Azərbaycanın beynəlxalq birliyə sıx inteqrasiyasını, regional və qlobal əməkdaşlığın dərinləşməsində rolunun artmasını şərtləndirən amillər sırasında ölkəmizin nəqliyyat-logistika imkanlarının önəmini də xüsusi qeyd edə bilərik. Tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqedə yerləşən respublikamız son illərdə böyükhəcmli investisiyalar hesabına yaratdığı müasir və şaxələndirilmiş infarstruktur sayəsində bütövlükdə Avrasiyanın yeni nəqliyyat-logistika xəritəsini formalaşdırıb. Təkcə belə bir faktı nəzərə çatdırmaq kifayətdir ki, indiyədək Şərq-Qərb və Şimal-Cənub marşrutlarının yaradılmasında 10-dan çox dövlət iştirak edib. Azərbaycan isə yeganə ölkədir ki, hər iki nəqliyyat dəhlizinin funksionallığının artmasında mühüm rol oynayır. Bütövlükdə, quru və su sərhədlərinə malik olması, uzun illər davam edən daxili sabitlik, əlverişli iqlim xüsusiyyətləri və dövlətin güclü siyasi iradəsi ilə yaradılan möhkəm hüquqi baza Azərbaycanın beynəlxalq tranzit daşımaları üçün cəlbediciliyinin artmasına müsbət təsir göstərir. Özünün geniş imkanlarını təqdim edən Azərbaycan son illərdə, həmçinin Xəzər hövzəsi ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsinə sanballı töhfələr verir. Öz növbəsində, Xəzəryanı ölkələr də respublikamızın səylərini və imkanlarını yüksək dəyərləndirərək yüklərinin Azərbaycan üzərindən daşınmasına getdikcə daha çox üstünlük verirlər.
Azərbaycan zamanında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində mühüm rol oynayıb
Əlbəttə, Xəzərin hüquqi statusunu müəyyənləşdirmədən sahilyanı ölkələr arasında nəqliyyat əlaqələrinin səmərəliliyindən söhbət açmaq mümkün olmazdı. Bu gün Xəzəryanı ölkələr arasında möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür ki, bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilir. 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə Xəzəryanı dövlətlərin keçirdikləri ikitərəfli və çoxtərəfli görüşlər öz məntiqi yekununa çatıb. Buna qədər keçilən yol isə heç də hamar olmayıb. Müəyyən dairələr açıq və yaxud gizli şəkildə “Xəzər beşliyi”nin ortaq məxrəcə gəlməsinə maneçilik törətməyə çalışırdı. Respublikamız hüquqi statusla bağlı danışıqlar getdiyi bütün mərhələlərdə beynəlxalq hüquqa və qarşılıqlı etimada əsaslanaraq milli maraqlarını qətiyyətlə qoruyub. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi. Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında Azərbaycanın Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi platformasının yaradılmasında fəal iştirak etdiyinə diqqət çəkərək vurğulayıb: “Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir”.
Bəhs olunan sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli Saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. Azərbaycanın dövlət başçısının xatırlatdığı 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənəd qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini özündə ehtiva edir. Bakı sammitində imzalanan Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri barədə anlaşma əldə olunub. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər Aktauda imzalanan “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapıb.
Sonrakı mərhələdə Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələrin aparıldığı digər zirvə görüşlərində də fəal iştirak edib və özünün beynəlxalq normalara əsaslanan konstruktiv təkliflərini irəli sürərək əsaslandırıb. Qeyd edək ki, “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında imzalanan Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir. Mütəxəssislər Aktauda imzalanan Konvensiyanı müxtəlif aspektlərdən dəyərləndirirlər. Ümumi qənaət belədir ki, Konvensiyanın imzalanması Xəzər dənizinin beş sahilyanı dövlət arasında sektorlara bölünməsi prosesinin başa çatmasına hüquqi əsaslar yaradıb. Sənədə əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.
“Xəzər beşliyi” dövlət başçılarının imzaladıqları sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib. Xarici ekspertlər qeyd edirlər ki, “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya”nın imzalanması 5 sahilyanı ölkə üçün dönüş nöqtəsidir.
Azərbaycanın təcrübəsi Xəzər dənizinin region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyi olmasına yaxşı nümunədir. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsində sahilyanı dövlətlər, o cümlədən İran və Rusiya şirkətləri sərmayədarlar kimi iştirak edir. Bundan başqa, Qazaxıstan və Türkmənistan şirkətləri neft və neft məhsullarının daşınması üçün Azərbaycanın yaratdığı müasir infrastrukturdan bəhrələnirlər. Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksəkrentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi Azərbaycan üçün yenə də prioritet olaraq qalır. Aktauda bəhs olunan sənədin imzalanması ilə Xəzər dənizinin ölkələr və regionlar arasında əlaqələndirici element olmasından daha səmərəli şəkildə istifadə ediləcək.
Respublikamızın bütün Xəzəryanı ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurması böyük əhəmiyyət daşıyır
Xəzər hövzəsi regionunda reallaşdırılan və nəzərdə tutulan perspektiv layihələr özlüyündə cəlbedici görünə bilər. Lakin əmin-amanlıq, siyasi sabitlik olmadan nə hansısa bir layihəni həyata keçirmək, nə də ondan fayda götürmək mümkündür. Regionun coğrafi üstünlüklərini, təbii potensialını ölkələrin, xalqların mənafeyinə yönəltmək üçün, ilk növbədə, dövlətlər arasında qarşılıqlı inam, etimad mühiti yaradılmalıdır.
Bu baxımdan, Azərbaycanın nümayiş etdirdiyi mövqe hamı üçün yaxşı nümunə ola bilər. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas paradiqmalarından biri regional əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daim o mövqedən çıxış edir ki, Xəzər hövzəsi sülh, iqtisadi çiçəklənmə, qarşılıqlı inam regionuna çevrilsin, xalqlar əmin-amanlıq şəraitində yaşasınlar. Sahilyanı ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Azərbaycanın bütün Xəzəryanı ölkələrlə xoş münasibətlər qurması məmnunluq doğurur. Son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. O cümlədən Azərbaycan, Rusiya və İran qarşılıqlı maraqlar əsasında əlaqələrini getdikcə genişləndirir. 2016-cı il avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə əsası qoyulan üçtərəfli format iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün geniş imkanlar açıb. Ötən dövrdə hər üç dövlət regionda narahatlıq yaradan məsələlərin aradan qaldırılmasına, perspektiv inkişafa xidmət edən əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışıb. Azərbaycanın, İranın və Rusiyanın dövlət başçılarının artıq mütəmadi hal alan görüşlərində, ilk növbədə, regional təhlikəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

