Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qarabağın sayrışan işıqları ...

Qarabağın sayrışan işıqları ...

01.04.2022 [10:22]

Mübariz ABDULLAYEV

Zaman ötdükcə 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad olunmuş ərazilərin siması dəyişir. Mənfur düşmən burada hər şeyi dağıtmışdı. Azad edilmiş şəhər və kəndlərin mənzərəsi adamı heyrətə gətirir-sanki bu yerlərdən sivilizasiyadan uzaq düşmüş vəhşi qəbilələr gəlib keçiblər. İndi isə Qarabağın kədərli, qəm-qüssəli dövru arxada qalıb və burada quruculuq, bərpa mərhələsi başlayıb. Azərbaycan dövləti və xalqı böyük əzmlə Qarabağı dirçəldir, şəhər və kəndləri yenidən qurur. Bu gün işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur qurulur, dağıdılmış tarixi mədəni-dini abidələr bərpa olunur,  yeni konseptlər əsasında kəndlərin, şəhərlərin inşası həyata keçirilir. Görülən işlər, reallaşdırılan layihələr bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır.

Qarabağ işıqlı günə çıxıb

Vətən müharibəsində işğaldan azad edilmiş 10 min kvadratkilometrdən artıq ərazidə aparılan böyükmiqyaslı bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini isə bölgədə dayanıqlı enerji təchizatı sisteminin qurulması təşkil edir. Ötən bir il yarımda bəhs olunan ərazilərdə “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri tərəfindən reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Deyə bilərik ki, mənfur düşmənin üç onillik ərzidə havadarlarının köməyi ilə öz nəzarətində saxladığı ərazilərimiz işıqlı günə çıxıb. Qarabağımızda işıqların getdikcə daha gur sayrışması qəlbimizi iftixar hissi ilə doldurur, bizim mənəvi gücümüzü daha da artırır.

Ötən il Prezident İlham Əliyev tərəfindən qarşıya işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsi kimi mühüm hədəf qoyulmuşdu. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən  bir neçə elektrik stansiyası istismara verilib. Hazırda mənfur düşmən tərəfindən dağıdılan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

İşğaldan azad edilmiş ərazilərdə 110 kV-luq elektrik şəbəkənin qurulması istiqamətdə intensiv işlər aparılır. Bu proqram 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq yarımstansiyalar artıq istismara verilib. Eləcə də bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına müasir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın energetika tarixinin əlamətdar hadisələrindəndir.

Daha bir neçə yarımstansiyanın tikintisi də davam etdirilir. 2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.

İşğaldan azad edilmiş ərazilərdə paylayıcı şəbəkənin qurulması istiqamətində də işlər uğurla davam etdirilir. İndiyədək bəhs olunan ərazilərdə təxminən 300 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, çoxlu sayda yeni transformatorlar quraşdırılıb.

Ölkənin elektroenergetika tarixində bir ilk

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində Mərkəzdən “Azərenerji” ASC-nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30