Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Su həyatdır

Su həyatdır

30.08.2022 [10:18]

Regionların su təminatı: Yeni layihələr icra olunur

MÜBARİZ

Respublikamızda 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə üzrə müasir infrastrukturun yaradılması geniş vüsət alıb. Təsadüfi deyildir ki, müxtəlif beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. O cümlədən bəhs olunan Dövlət proqramlarına uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr sayəsində bölgələrdə əhalinin içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər ilk regional inkişaf proqramının icrasına başlanıldığı 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat cəmi 26 faiz səviyyəsində idisə, artıq bu göstərici 70  faizi ötüb. Ölkə üzrə yeni su layihələrinin icrası hazırda da intensiv şəkildə davam etdirilir. Yeni layihələr həm daxili investisiya qoyuluşu, həm də beynəlxalq təşkilatların dəstəyi ilə reallaşdırılır.

Yevlax şəhərinin su təminatı yaxşılaşacaq

Son illərdə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığı Yevlax şəhərində içməli su təchizatı infrastrukturunun yenidən qurulması layihəsinin icrası davam etdirilir. “Azərsu” ASC-dən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, layihənin birinci mərhələsi çərçivəsində sutəmizləyici qurğu və anbar kompleksinin inşası yekunlaşmaq üzrədir.

Yevlax şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri həyata keçirilir. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb,  emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2500 kubmetr olan 2 su anbarının tikintisi yekunlaşıb. Təmizləyici qurğuda zərərsizləşdirici,  əks-yuma prosesinin aparılması üçün 9 ədəd əks-yuma nasosu, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb. Hazırda çaydan götürülən suyun mövcud durulduculara və təmizləyici qurğulara ötürülməsi məqsədilə sugötürücü qurğunun inşası davam etdirilir.

Layihənin növbəti mərhələsində Yevlax şəhərinin içməli və tullantı su şəbəkələri yenidən qurulacaq. Yevlax şəhərində 135 km içməli su  şəbəkəsi tikiləcək və abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində şəhərin tullantı su şəbəkəsi də yenidən qurulacaq. Yevlax şəhərində 115 km uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan təmizləyici qurğunun tikintisi də layihələndirilib.

Qeyd edək ki, hazırda Yevlax şəhərində 1960-1970-ci illərdə tikilmiş içməli və tullantı su şəbəkələri istismar olunur. İstismar müddəti başa çatmış şəbəkələr şəhəri tam əhatə etmir və əhalinin dayanıqlı su təminatında çətinliklərə səbəb olur.

31 mindən çox sakinin faydalanacağı layihə

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində bölgələrdə reallaşdırılan su layihələri Balakən rayonunu da əhatə edir. “Azərsu” ASC-dən bildirilib ki, hazırda rayon mərkəzində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə yeni su mənbəyi yaradılır. Hazırda subartezian quyuların qazılması, anbarların tikintisi və yenidən qurulması işləri davam etdirilir.

Bütövlükdə, dövlət investisiyası hesabına həyata keçirilən layihə çərçivəsində Balakən şəhərinin içməli və tullantı su infrastrukturu yenidən qurulur. Layihənin ilkin mərhələsi Balakən şəhəri üçün yeni su mənbəyinin yaradılması və anbarların tikintisini əhatə edir. Şəhərin dayanıqlı içməli su ilə təmin olunması məqsədilə Balakənçayın məcrasında 10 subartezian quyusunun qazılması, hər birinin tutumu 500 kubmetr olan mövcud su anbarlarının yenidən qurulması və 2000 kubmetr tutumu olan 2 yeni su anbarının tikilməsi layihələndirilib.

 Ötən müddətdə quyu və anbar zonalarında tikinti-quraşdırma işləri intensiv qaydada davam etdirilib. Qısa müddət ərzində 7 subartezian quyusu qazılıb və onlardan 5-i istismara verilib. Su anbarları ərazisində hər birinin tutumu 2000 kubmetr olan 2 yeni su anbarı inşa olunub. Eyni zamanda, 500 kubmetr tutumu olan 2 mövcud su anbarı yenidən qurulub. Layihə çərçivəsində anbarlararası xətlərin tikintisi və elektrik təchizatı sistemlərinin yaradılması işləri həyata keçirilib.

Layihənin növbəti mərhələlərində şəhərin içməli su və tullantı su sistemləri tamamilə yenidən qurulacaq. Gələcəkdə Balakən şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün mövcud Siltikçay mənbəyində suqəbuledici qurğu tikiləcək və 6 subartezian quyusu qazılacaq, su mənbəyindən şəhərə 7,6 km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması nəzərdə tutulub. Layihəyə əsasən, Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Bu layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 31 mindən çox sakin faydalanacaq.

Salyan şəhərində su şəbəkəsi mərhələlərlə yenidən qurulur

“Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində Salyan şəhərində içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Yeni layihənin icrasına qədər Salyan şəhərində 1950-70-ci illərdə yaradılmış içməli su təchizatı sistemləri istismarda olub. 2016-cı ilədək mövcud olmuş 70 km içməli su şəbəkəsi şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. Mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmayan ərazilərdə sakinlər suyu əsasən daşıma yolu ilə əldə edir və ya suvarma kanallarının suyunu işlətmək məcburiyyətində qalırdılar”. Bu barədə “Azərsu” ASC-dən qəzetimizə daxil olan məlumatda bildirilir. 

Vurğulandığı kimi, 2016-cı ildə Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə 9 km uzunluğunda yeni xətt çəkilərək şəhər şəbəkəsinə birləşmə verilib. Bundan sonra mərhələlərlə şəhərin içməli su şəbəkəsinin  yenidən qurulmasına başlanılıb. Ötən müddətdə Salyan şəhərinin və şəhər mərkəzinə yaxın Babazanlı və Gilan  yaşayış massivlərində içməli su şəbəkəsi yaradılıb. Hazırda şəhərin digər ərazilərində içməli su şəbəkəsinin tikintisi davam etdirilir.

İndiyə qədər Salyan şəhərində inşası nəzərdə tutulan 139 km içməli su şəbəkəsinin 125 kilometrlik hissəsi tikilib. Şəbəkənin qalan hissəsinin tikintisi isə ilin sonunadək tam başa çatdırılacaq.

Layihəyə əsasən Salyan şəhərində 123 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi yaradılıb, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. Tullantı su şəbəkəsinin yenidən qurulması işləri mərhələlərlə davam etdiriləcək.

 Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 35 min nəfər sakin faydalanacaq.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30