Sənətin məğrur keşikçisi...
19.07.2024 [11:10]
Musiqişünas alim Ceyran Mahmudovanın 60 illik yubileyinə...
Yaradıcı insan olmaq nə qədər çətindirsə, bir o qədər şərəfli, qürurlu və həm də güvənlidir. Niyə güvənli? Çünki əsl yaradıcı insanın yaratdığı onu özündən sonra da yaşadan ən güvənli, ən etibarlı xəzinədir. Bəs yaradıcı insanın ailəsində doğulub, gözünü sənətkarlar mühitində açıb, özün də yaradıcı kimi yetişmək necədir? Yəqin ki, ikiqat məsuliyyət, ikiqat qürurdur. Bəlkə də çoxlarına elə gələr ki, bu, dünyanın ən asan işidir və belə insanlar “bəxti gətirmiş insanlardır”. Təbii ki, minlərin, milyonların sevgisini qazanan, adi insanlar üçün əlçatmaz olan şəxsiyyətin sənin ailə üzvün olması və belə bir nümunədən həyat dərsi almaq bəxti gətirməkdir, amma bir də var o ada, o şöhrətə layiq olmaq məsuliyyəti... Bax, burada hər şey bir az da çətinləşir. Yadımdadır, tələbə vaxtı böyük Xalq yazıçımız İsa Hüseynovun (Muğanna) ədəbiyyatçı qızı Sevinc Muğanna bizə dərs deyərkən onun yazıçılığa olan sonsuz sevgisini və istedadını müşahidə edib, soruşmuşdum ki, niyə yazıçı olmadınız? Demişdi ki, “çünki qarşımda İsa Hüseynov kimi dahi yazıçı var idi. Gəncliyimdə yazmağa həvəsli idim. Amma düşündüm ki, İsa Hüseynovun qızı olaraq ondan böyük yazıçı ola bilməyəcəyəmsə, onda heç yazıçı olmağıma gərək yoxdur”. Bu məsuliyyət hissi bir insanın istedadının boğulmasına, arzularının ürəyində qalmasına gətirib çıxartmışdı. O da ədəbiyyatın nəzəriyyə sahəsinə yönəlmişdi...
Bu yazımın qəhrəmanının məsuliyyəti isə daha artıq olub. Çünki o, təkcə bir dahi sənətkarın qızı deyil, həm də başqa bir dahi sənətkarın nəvəsidir. Yaradıcılıq ona qanla, canla ötürülüb, hələ heç özü doğulmadan ömür kitabına silinməz mürəkkəblə yazılıb. Bu gün onun fəaliyyətinə, keçdiyi şərəfli ömür yoluna, yaradıcı taleyinə nəzər salanda isə bircə söz demək gəlir içimdən: “nə yaxşı ki, elə bu cür də yazılıb”.
Söhbət tanınmış musiqişünas alim, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudovadan gedir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Sabit Rəhmanın nəvəsi, Azərbaycan musiqisinin əvəzedilməz ismi Emin Sabitoğlunun qızı Ceyran Mahmudova bütün ömrü boyunca bu təyinləri şərəflə, qürurla, layiqincə öz adının önündə daşımağı, onlara daha böyük təyinlər əlavə etməyi bacarıb.
Bu gün (19 iyul) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran xanım Mahmudova 60 illik yubileyini qeyd edir.
O, 1964-cü ilin bu günü Bakı şəhərində tanınmış bəstəkar Emin Sabitoğlunun ailəsində dünyaya göz açıb. Onun anası da musiqi müəllimi idi, uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyib.
Ceyran Mahmudova da 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-1987-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb.
AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir.
2017-ci ildən ADMİU-nun “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində çalışıb. Həmçinin, vaxtilə “Mədəniyyət” kanalında yayımlanan “Musiqi ?əzinəsi” verilişinin aparıcılarından biri olub.
30 iyul 2018-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Ceyran xanım çox maraqlı, məsuliyyətli və şərəfli ömür yaşayıb. Uşaqlıq illərini, gəncliyini, valideynləri ilə yaşadığı günlərin xatirələrini çox sevir. Xüsusən, atası ilə bağlı jurnalistlərin illərdən bəri tez-tez ünvanladığı, maraqlandığı sualları cavabsız qoymamağa çalışır. Çünki bilir ki, Emin Sabitoğlu onun atası olmaqla yanaşı, xalqının bütün dövrlərdə sevilən və maraq duyulan sənətkarıdır. Sənətin, sənətkarın qədrini, qiymətini də Ceyran xanımdan daha yaxşı kim bilər ki?! Axı o, gözünü sənətkar mühitində açmışdı, bu mühitin çətinliyini də, yaradıcı insan həssaslığını da ən gözəl o bilirdi. Öncə atasından, sonra isə özündən...
Bu həssaslıq onun daxili dünyası ilə yanaşı, ətraf aləmə də təsirsiz ötüşmür. O, anlayışlı olmağı, öz istəklərini təxirə salmağı, bir növ “barmaq ucunda yaşamağı” hələ ta uşaqlığından öyrənmişdi. Atasının qaçaraq həyatından, övladı ilə keçirəcəyi vaxtı ondan alan əsərlərindən, tamaşalarından... Bu, onun şəxsiyyətində yeni bir xarakter formalaşdırmışdı: hər şeyə və hər kəsə qarşı anlayışlı olmaq. Və o, anlayışlı olmağa elə atasından başlamışdı. Müsahibələrinin birində söylədiyi fikirlər bunun bariz nümunəsidir:
“Başqa valideyinlər uşaqlarına necə qayğı göstərirsə, o da elə idi. Bütün atalar kimi. Məni tez- tez teatra aparırdı. Buna görə də uşaqlıqdan teatrı xoşlamışam. Desəm ki, bütün günü birlikdə vaxt keçirirdik, gəzməyə gedirdik, yalan olar. Çünki atam məşğul adam idi. Həm akademiyada dərs deyir, həm də kinostudiyada çalışırdı. Teatrlarla işləyirdi. Bundan əlavə, mən də musiqi məktəbində oxuyurdum, vaxtım olmurdu. Tətilləri yay aylarında həmişə birlikdə keçirirdik.
Adi ailələrdə ata 9-dan 6-ya kimi işləyirdisə, mənim atamın iş vaxtı konkret qrafikə tabe deyildi. Axşam tamaşa var idisə, gedirdi. Filmlərə musiqi yazanda isə mütləq çəkilişlərdə iştirak edirdi. Formal yanaşmırdı, prosesi izləyirdi. Teatra məşq prosesinə gedirdi”.
Yazımın əvvəlində övlad məsuliyyətindən danışdım. Bilmirəm, Ceyran xanım da Sevinc Muğanna kimi atası qədər böyük bəstəkar olmamaqdan çəkindiyi üçünmü musiqi nəzəriyyəsinə yönəlib, yoxsa öz istəyi, arzusu ilə bu yolu seçib. Amma tale göstərdi ki, o, elə ən doğru, ən uğurlu yolu seçib, həm özü, həm də ailəsi üçün... Axı Emin Sabitoğlu yaradıcılığını qızı Ceyran Mahmudovadan yaxşı kim araşdıra, kim təqdim edə bilərdi ki?! Ceyran Mahmudova məhz bu cür uğurlu tədqiqatların müəllifidir. O, musiqini beşikdən öyrənməyə başlamışdı. Onun ilk müəllimləri evində, qonşuluğunda, həyatının hər yerində idilər. Axı onlar bəstəkarların binasında, Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova kimi dahilərin qonşuluğunda yaşayırdılar. Şübhəsiz, onun uşaq təfəkkürü bunun nə demək olduğunu o zamanlarda anlamasa da, mühitin özü şüurunun alt qatına təsirsiz ötüşməmişdi. “Arif müəllimin bəzi simfoniyalarının necə yazıldığını biz eşitmişdik” cümləsi elə ilkin musiqi məktəbinin təsviri deyilmi?!
C.Mahmudova milli musiqimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə, dəyərlərimizə, Vətənə, onun insanına və dövlətçiliyimizə son dərəcə bağlı olan, onun təəssübünü çəkən ictimai xadimdir. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti gündən-günə yeni, müasir, dünya yaradıcı ali təhsil ocaqlarının təcrübələrinə söykənən bir istiqamətdə addımlasa da, milli-mənəvi dəyərlərimizi, soykökümüzü unutmur, tələbələri yenilikçi təfəkkürdə, amma milli ruhda yetişdirir.
“Yaradıcı insan üçün təriflənmə, qəbul edilmə çox vacibdir. Onlar həssas olurlar”- fikri ilə yanaşır Ceyran xanım həm bütün işçilərinə, həm də tələbələrinə. O, tələbələrə sabahın sənətkarları, yaradıcı şəxsiyyətləri kimi yanaşır və elə ilk tədris ilindən bu cür yetişməkləri üçün mövcud bütün imkanları səfərbər etməkdən çəkinmir. Bu, təkcə rektorun rəhbərlik etdiyi universitetə xidməti, ona verilən vəzifənin icrası deyil, həm də bir yaradıcı şəxsiyyətin yaradıcılıq eşqi, sənət sevgisi, Vətən təəssübüdür.
Yubiley yaşı münasibəti ilə Ceyran Mahmudovanı təbrik edir, ona möhkəm can sağlığı, həm ictimai xadim, həm də yaradıcı şəxsiyyət kimi fəaliyyətində daha böyük uğurlar arzu edirik!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

