Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycana turist axını güclənib

Azərbaycana turist axını güclənib

28.07.2012 [14:35]

Ruslan Quliyev: ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə edilməkdədir
Turizm tükənməyən gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrin dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Turizm mövsümünün ilboyu davam etməsi ABŞ, Böyük Britaniya, çin, İspaniya, Türkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla hesablanan əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Bəs Azərbaycanda bu sahədə real vəziyyət necədir? Məlum olduğu kimi, iki il əvvəl dövlət başçısı tərəfindən ölkəmizdə “Turizm ili” elan olundu. Dünyanın bir sıra beşulduzlu hotel brendləri Azərbaycanda öz şəbəkələrini qurdular. ötən il Azərbaycan təmsilçiləri Eldar və Nigar cütlüyü Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsində qalib oldular. Bu il isə paytaxt Bakımız “Eurovision” yarışmasına ev sahibliyi etdi. Bütün bu sadalananlar, sözsüz ki, ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğinə öz töhfəsini vermiş oldu. Bəs turizm şirkətləri necə, yaranmış bu imkanlardan maksimum istifadə edə, yaxud ölkəmizə daha çox turist cəlb edə bildilərmi? Turistlərə təqdim olunan marşrutlarda, eləcə də, göstərilən xidmətlərin keyfiyyətində nə kimi dəyişikliklər var? Bütün bu sualları ölkəmizin aparıcı turizm şirkəti olan “Millenium Tourism & Conqress DMC”, eləcə də, “Skal” Beynəlxalq Turizm Peşəkarları Assosasiyasının Bakı nümayəndəliyinin rəhbəri Ruslan Quliyev cavablandırır.
-Ruslan müəllim, turizm mövsümünün yarısı, demək olar ki, arxada qalıb. Sizcə, Azərbaycan vətəndaşları öz istirahətlərini daha çox harada keçirməyə üstünlük verirlər?
-Bu sualın konkret bir cavabı yoxdur. Onu deyə bilərəm ki, turizm şirkəti olaraq biz ilboyu fəaliyyət göstəririk və vətəndaşlarımıza müxtəlif “turpaket”lər təqdim edirik. Bu, həm ölkədaxili turizm marşrutlarıdır, həm də xarici ölkələrə turist səfərləri. Məsələn, builki ölkədaxili sifarişlərə nəzər salsaq, turistlərimiz daha çox dörd istiqamət üzrə dincəlməyə üstünlük veriblər. Bunlar Lənkəran-Lerik-Astara, Quba-Xaçmaz, Qəbələ-Şəki-Zaqatala və Şirvan zonasını əhatə edən Şamaxı-İsmayıllı marşrutlarıdır. Onu da deyim ki, ötən illə müqayisədə bu il ölkədaxili turist marşrutlarının qiymətlərində 5 faizədək endirim müşahidə olunmaqdadır. Xarici ölkələrə gəldikdə isə, Azərbaycan turistləri ənənəvi olaraq Türkiyədə dincəlməyə daha çox üstünlük verirlər. Bunlar Antalya, Bodrum, Quşadası və s. şəhərlərdə olan istirahət mərkəzləridir. Qeyd edim ki, bu il Quş adasında dincəlmək istəyənlərin sayı daha da artıb. Tələbat böyük olduğundan bu aylarda, demək olar ki, Türkiyə istiqamətində uçan təyyarələrə bilet tapmaq müşkülə çevrilib. Həmçinin, Kipr adasında dincəlməyə gedənlərin sayında da artım müşahidə edilməkdədir.
Azərbaycan turistlərinin dincəlmək istədikləri növbəti ölkə Xorvatiyadır. Bildiyiniz kimi, Xorvatiya ilə Azərbaycan arasında vizasız gediş-gəliş rejimi tətbiq olunmağa başlayıb ki, bu da turistlərin sayının artmasında özünü göstərir. Bundan əlavə, Krım istiqamətində dincəlmək istəyənlərin sayı da artıb. Bu yaxınlarda Semferapol şəhərinə yeni təyyarə reysi açılması bu istiqamətdə turistlərin axınına səbəb olub. Yalta, Aluşta, Saki, Efpotoriya kimi şəhərlərə getmək istəyənlərin sayı çoxalıb. Avropa ölkələrinə gəlincə isə, sifarişlər daha çox İtaliya, Sloveniya, Avstriya, çexiya, Fransa kimi ölkələrədir. MDB ölkələrinə səyahət edənlər isə daha çox müalicə turlarına üstünlük verirlər, bunlar məşhur Kislovodsk, Yessentuki, Pyatiqorsk, Jeleznovodsk, eləcə də, Moskvaətrafı kurort və Ukraynadakı Trutskoveç sanatoriyalarıdır. Onu da qeyd edim ki, ötən illə müqayisədə xarici turizm marşrutlarında qiymətlərdə 7-10 faiz endirim müşahidə edilməkdədir.
-Daxili turizmin inkişafı, eləcə də, daha çox turist cəlb etmək baxımından istirahət obyektlərimizin təklif etdiyi xidmətlərdə bu il nə kimi dəyişikliklər var?
- Azərbaycanda ildən-ilə hotellərin, istirahət mərkəzlərinin sayının artması təbii olaraq ölkədə rəqabət mühitini də formalaşdırır. İndi obyekt sahibləri daha çox müştəri cəlb etməyin yollarını axtarırlar. Onlar mövcud olan qiymətlər daxilində turistlərə daha çox əlavə xidmətlər təklif etməyə başlayıblar. Əgər bir neçə il öncə turistin ödədiyi sutkalıq xərclərə yalnız səhər yeməyi daxil idisə, hazırda istirahət mərkəzlərinin böyük əksəriyyətində bu qiymətlərin tərkibinə ətrafdakı görməli yerlərə səyahət, müxtəlif ekskursiyalar, əyləncə, hovuz, diskoteka, Wi-Fi internet və s. kimi xidmətlər əlavə olunur. Bu əlavə xidmətləri də pula çevirdikdə, eləcə də, turistlərin dincələcəyi günlərin və adamların sayı artdıqca ötən illə müqayisədə qiymətlərdə xeyli endirim olduğunu söyləmək mümkündür. çünki obyekt sahibinin, xidmətin keyfiyyətini artırmaqdan başqa çarəsi yoxdur. ölkədə yeni-yeni istirahət obyektlərinin açılması rəqabət mühitini ildən-ilə gücləndirir. Əgər sahibkarlar daha çox turist cəlb etmək istəyirlərsə, bu, mütləq olmalıdır. Yaxşı xidmət göstərməyən obyekt gələcəkdə öz potensial müştərisini itirmiş olacaqdır. Sahibkar gözəl anlayır ki, zaman artıq o zaman deyil. Bu gün insanlar hər şeyin ucuzunu və keyfiyyətlisini axtarırlar. Bu baxımdan, xidmətin keyfiyyətini yaxşılaşdırmamaq mümkün deyildir.
-Turizm mövsümü hələ bir neçə ay davam edəcək. Sizcə, bu il ölkəmizə gələn turistlərin sayında rekord göstərici qeydə alınacaqmı?
-Bəli, bunu birmənalı olaraq söyləmək mümkündür ki, “Eurovision”un Bakıda keçirilməsi bu il ölkəmizə gələn turistlərin sayına öz müsbət təsirini göstərəcək və biz bu il ölkəmizə rekord miqdarda turistlərin gəlməsinin şahidi olacağıq. çünki, “Eurovision”u izləmək üçün ölkəmizə gələn turistlər öz vətənlərinə döndükdən sonra, təbii ki, burada gördükləri inkişaf, xalqımızın qonaqpərvərliyi, milli mətbəximiz barədə öz yaxınlarına danışacaqlar. Onlarda ölkəmizə qarşı maraq oyada biləcəklər. Digər tərəfdən isə canlı yayım vasitəsi ilə “Eurovision” müsabiqəsini izləmiş Avropa, eləcə də, dünya tamaşaçıları Azərbaycandakı bu iqtisadi inkişafı, quruculuğu, mədəniyyəti gördükdən sonra ona biganə qalmayacaqlar. Buraya gəlib, hər şeyi öz gözləri ilə görmək istəyəcəklər. Xəzərin qumlu sahillərində dincəlmək, günəşlənmək istəyəcəklər. Və deyərdim ki, artıq bu proses başlayıb. ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə edilməkdədir. Turizm mövsümü isə hələ sentyabr ayının ortalarınadək davam edəcək. Bu isə ölkəmizə gələn turistlərin sayının hazırkı dövrlə müqayisədə iki dəfədən də artıq olacağı deməkdir. Digər tərəfdən isə, Azərbaycan artıq mövsümi turist ölkəsi olmaqdan çıxıb, burada turistlərə ilboyu xidmət göstərmək mümkündür. Hesab edirəm ki, Qusar rayonunda, Şahdağın ətəklərində salınan turizm incilərindən biri - “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi ilə Azərbaycan ilboyu turizm xidmətləri göstərən ölkəyə çevriləcək.
Yeri gəlmişkən, xatırladım ki, “Skal” Beynəlxalq Turizm Peşəkarları Assosasiyasının Bakı nümayəndəliyi 2009-cu ildə təşkilatın İcraiyyə Komitəsinin baş ofisi tərəfindən təsdiqlənib. 1932-cü ildən fəaliyyət göstərən bu təşkilat 100 ölkədən 700 klubu ətrafında birləşdirir və 22 min üzvü vardır. Təşkilata üzvlüyümüzün əsas məqsədi Azərbaycanı dünyada yeni turizm məkanı kimi tanıtmaq, qurumun imkanlarından istifadə etməklə Azərbaycana turistlərin daha çox axınını təmin etmək və dünyada baş verən turizm innovasiya yeniliklərini Azərbaycanda tətbiq etməkdir. Hesab edirəm ki, bu sahədəki beynəlxalq fəaliyyətimiz ölkəmizin turizm potensialının dünyada təbliğinə öz töhfəsini verəcək və ölkəmizə gələn turistlərin sayı ildən-ilə artacaqdır.
Səlim Loğmanoğlu
Paylaş:
Baxılıb: 1019 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30