Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın çoxsaylı uğurlarında YAP-ın rolu inkaredilməzdir

Azərbaycanın çoxsaylı uğurlarında YAP-ın rolu inkaredilməzdir

30.10.2012 [07:06]

Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları günbəgün genişlənən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 ili tamam olur. Partiyanın yaranma tarixinə nəzər salaraq bu barədə fikirlərimizi açıqlamağı özümüzə borc bilməliyik. Məhz, yürüdülən fikirlər əsasında əminliklə demək mümkündür ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqın istəyi və zamanın tələbi idi.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovetlər birliyinin dağılmasından sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və ictimai birliklər təşəkkül tapmağa başladı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki xilas edə bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın aparıcı qüvvəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir çətin məqamda respublikanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevə müraciət ünvanladılar.
1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd bütövlükdə xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarının imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Oktyabrın 24-də Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verməklə partiyanın yaradılmasına razılıq verdi, bununla da Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.
O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların firavan həyatının təmin edilməsidir. Partiyanın fəaliyyətinin əsasını təşkil edən müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatıdır. O dövrdəki dağıdıcı hakimiyyətin yaratdığı maneələrə baxmayaraq, xalqın Heydər Əliyevə olan böyük inamı və sevgisi nəticəsində qısa müddətdə respublikanın bütün bölgələrində partiyanın yerli təşkilatları yaradıldı. Bu arada qeyd edim ki, ölkənin qərb bölgəsində YAP ilk rayon təşkilatı mənim rəhbərliyimlə, atamın evimdə yaradılmışdı.
Hətta, xatırlayıram ki, o zaman Ulu öndər Heydər Əliyevə bir neçə teleqram da ünvanlamışdıq. 16 aprel 1992-ci ildə atamın göndərdiyi teleqramda deyilirdi: “Möhtərəm Heydər Əlirza oğlu! Respublikamız əsil böhran içindədir. Xalqı faciədən yalnız Siz xilas edə bilərsiz. Sizdə bu qabiliyyət, qətiyyət, təcrübə, savab və mənlik vardır. Ona görə, artıq dərəcədə xahiş edirəm, tezliklə Azərbaycan Respublikası prezidentliyinə öz namizədliyinizi verəsiniz. Xalq Sizi gözləyir. Bu çətin işdə Sizə möhkəm can sağlığı və uğurlar arzulayıram”.
Digər bir teleqram da var idi ki, bir başa o dövrün rəhbərliyinə ünvanlanmışdı: “Respublika Ali Sovesinin sədri Y.Məmmədova, respublikanın Milli Şurasına və AXC-nin sədri A.Hacıyevə. Biz Şəmkir rayon Dövlət Damazlıq Müəssisəsinin kollektivi ölkəni belə ağır şəraitdən çıxartmaq üçün Heydər Əlirza oğlu Əliyevi bir ağsaqqal kimi respublikamıza rəhbərliyə dəvət olunmasını xahiş edirik”.
O dövrü xatırlayarq bildirmək istəyirəm ki, böyük təqiblərə, təzyiqlərə məruz qalmağımıza baxmayaraq, mərhum Akademik Məmmədtağı Cəfərovla birlikdə Qərb bölgəsində partiyanın qeydiyyata alınmasına nail olunduq və bu təşkilat getdikcə ən nümunəvi bir təşkilata çevrildi.
Azərbaycan Gürcüstan əlaqələrinin təməli qoyulduğu bir vaxtda Marnaulidə yaşayan azərbaycanlılar da Heydər Əliyev Partiyasına üzv olmaq arzusunu bildirirdilər.
Bu faktlar bir daha onu göstərir ki, həmin dövrdə Ulu öndərə və YAP-a olan inam yüksək idi.
Ümummilli lider Heydər Əliyevin “Dünənin, bu günün, gələcəyin partiyası” deyərək həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyənləşdirdiyi YAP-ın xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsinə, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyinin güclənməsinə böyük imkanlar açdı. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə Prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu. 1993-cü ildən iqtidar partiyası kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətin önündə xalqa, dövlətə xidmətin dayanması bu partiyanın ötən illər ərzində keçirilən prezident, parlament və bələdiyyə seçkilərində uğur qazanmasına səbəb oldu.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni bir mərhələnin əsası qoyuldu. Tənəzzüldən tərəqqi yoluna çıxan Azərbaycan çox qısa zamanda dünya birliyində özünə layiqli yer tutdu. Təbii ki, bu uğurlarda Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir.
İllər keçdikcə partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe möhkəmlənir, həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə YAP yüksək fəallıq nümayiş etdirir.
1998, 2003 və 2008-ci illərdə prezident, 1995, 2000 və 2005-ci illərdə parlament, 1999, 2004-cü illərdə bələdiyyə seçkilərində, 2002 və 2009-cu il referendumlarında Yeni Azərbaycan Partiyasının qələbə qazanması xalqımızın bu partiyanın gələcəyinə inamının, həyata keçirdiyi siyasətə dəstəyinin göstəricisidir. Bu gün partiyanın sıralarında 600 minə yaxın üzvün birləşməsi də bir çox məqamlara aydınlıq gətirir. Təbii ki, bu, sadəcə statistika deyil. Bu, Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sədaqətinin nümayişidir. Partiya üzvlərinin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gəncləri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayırlar.
2008-ci ildə keçirilən YAP-ın IV qurultayında çıxışı zamanı YAP Sədri, Prezident İlham Əliyev bu faktı xüsusi vurğulamışdı: “Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir. Partiyamızın bütün proseslərə təsir imkanları çox genişdir və bu imkanlar getdikcə daha da artır. Çox sevindirici haldır ki, partiyaya axın müşahidə olunur, partiyaya üzv olmaq istəyənlərin sayı artır və bu onu göstərir ki, partiyanın ideyaları və partiyanın fəaliyyəti həm çox cəlbedicidir, həm də yüksək qiymətləndirilir”.
Yarandığı gündən kəmiyyət və keyfiyyətcə dəyişməyi, yeniliyi, müasirliyi fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi günbəgün möhkəmlənir. Bu həqiqət xalqın böyük əksəriyyəti tərəfindən etiraf edilir ki, partiyanın keçdiyi yola nəzər salınması, eyni zamanda, çağdaş Azərbaycan tarixinin öyrənilməsi deməkdir. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın təəssübkeşləri üçün fəaliyyət proqramı oldu.
Yeni Azərbaycan Partiyası bu gün bölgənin aparıcı siyasi təşkilatıdır. Daim xalqın mənafeyinə uyğun siyasət yeridən təşkilatın beynəlxalq əlaqələri genişlənməkdədir. Neft strategiyasını hazırlayıb həyata keçirməklə ölkə iqtisadiyyatına böyük təkan verən Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran mühüm problemlərin həllində partiyanın böyük rolu olub.
Ölkəmizdə siyasi, demokratik islahatlar müvəffəqiyyətlə davam etdirilir. Xalqla iqtidar arasında birlik, həmrəylik var. Partiyanın siyasəti xalq tərəfindən dəstəklənir. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyası mövcud reallıqları önə çəkərək perspektivləri müəyyənləşdirir, hadisələrə təsiretmə imkanları genişlənir.
Siyasi mübarizədə dünya təcrübəsində sınaqdan sıxmış demokratik tələblərə, müasir, sivil mübarizə üsullarına üstünlük verən partiya hər bir seçki prosesindən uğurla çıxır. Xalqın bu təşkilata inamını günbəgün artıran, təbii ki, iqtidar partiyasının gördüyü real işlərdir.
Əməli fəaliyyəti ilə Azərbaycanda daim sabitliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edən YAP Sədri, Prezident İlham Əliyevin demokratiyaya sadiqliyi Onun başçılıq etdiyi partiyanın fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Hər bir sahədə yeniliyə can atan Yeni Azərbaycan Partiyası dünyanın qabaqcıl ölkələrinin aparıcı siyasi təşkilatları ilə qarşılıqlı əməkdaşlığa maraq göstərir. Bu gün partiyanın dünyanın müxtəlif ölkələrinin siyasi partiyaları ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişafı, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi də deyilənlərə əyani sübutdur.
YAP-ın ölkəmizin, xalqımızın tərəqqisinə, milli maraqlarına xidmət edən təşəbbüsləri daim ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Prezident, parlament, bələdiyyə seçkilərində, ümumxalq səsverməsində (referendumda) mütəşəkkillik göstərən, YAP-a rəğbətini və etimadını nümayiş etdirən Azərbaycan xalqı, eyni zamanda Prezident İlham Əliyevə inamını, Ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətini ifadə edir. Haqlı olaraq qeyd olunur ki, bu gün ölkədə YAP-la rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Beynəlxalq və yerli sorğu mərkəzlərinin ölkə daxilində və qonşu ölkələrdə keçirdiyi rəy sorğularında da cənab İlham Əliyevin daha çox səs toplaması, eyni zamanda, onun rəhbərlik etdiyi partiyanın reytinqinin göstəricisidir. Fəaliyyətini milyonların mənafeyinə, dövlətçilik maraqlarına uyğun müəyyənləşdirən partiyaya ümumxalq məhəbbətinin özəyində bu ideyalara sadiqlik dayanır. Xalq-iqtidar birliyi, YAP-a rəğbət də vətəndaş həmrəyliyindən irəli gəlir, sağlam duyğulardan bəhrələnir.
Aslan Aslanov,
YAP Siyasi Şurasının üzvü, Kənd təsərrüfatı nazirinin müavini
Paylaş:
Baxılıb: 1045 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30