Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Gənclərimiz ixtisas seçərkən diqqətli olmalıdırlar

Gənclərimiz ixtisas seçərkən diqqətli olmalıdırlar

02.11.2012 [01:04]

Bahar Hacızadə: Bəzən ixtisas seçiminin düzgün aparılmaması gənclərimizə iş tapmalarında mane olur
Son vaxtlar ali məktəbi bitirdikdən sonra gənclərin iş tapmalarında müəyyən problemlərin yaranması mətbuat səhifələrində tez-tez müzakirə olunur. Elə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Bahar Hacızadə də sözügedən mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü.
- Bahar xanım öncə mərkəziniz barədə oxucularımıza məlumat verərdiniz.
- Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) 1997-ci ildə Soros Fondunun Bakıdakı ofisi və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təsis olunub. İlk dörd ili elə Soros Fondunda fəaliyyət göstərdik. 2001-ci ildən isə BTMM müstəqil qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başladı. Məlumat üçün bildirim ki, BTMM-in əsas məqsədi Azərbaycan vətəndaşlarına xaricdə təhsil almaq imkanları haqda məlumat verməkdir. Əslində, mərkəz, həm də, bir fond kimi fəaliyyət göstərir. Qeyd edim ki, BTMM-in fəaliyyəti əsasən, iki istiqamətdə qurulub və bunların hər ikisinin maliyyələşməsini Amerika tərəfi həyata keçirir. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi birinci istiqamət üzrə mərkəz Azərbaycandan olan gəncləri Amerikanın ali təhsil ocaqlarına göndərir. Nyu-Yorkdakı Soros Fondu tərəfindən maliyyələşən ikinici istiqamət üzrə isə Azərbaycanda müxtəlif tədaüd proqramlarını həyata keçiririk. Xatırladım ki, indiyədək 20-dən artıq belə proqramlar həyata keçirmişik. Hazırda isə təqribən 5-dən artıq təqaüd proqramları fəaliyyətdədir ki, bunların da əksəriyyəti müxtəlif ölkələrlə olan magistratura proqramlarıdır. Bunlarla yanaşı, BTMM, həm də açıq məsləhət mərkəzi rolunu oynayır. Ofisimizin xüsusi mühafizə olunan biznes mərkəzi binasında yerləşməsinə baxmayaraq, istənilən şəxs heç bir maneə olmadan, BTMM-ə gəlib, bizim xidmətlərimizdən pulsuz yararlana bilər. Hazırda Azərbaycanda vətəndaşlara belə pulsuz məsləhət verən başqa bir mərkəz yoxdur. Bundan əlavə, bizim missiyamıza, həmçinin, pulsuz təhsil sərgiləri təşkil etmək, tələbələri kitabxana ilə təmin etmək və sair kimi xidmətlərin göstərilməsi daxildir. Məsələn, tutaq ki, bir gənc Turkiyədə, yaxud başqa bir ölkədə tibb təhsili almaq istəyir. Amma o bilmir ki, necə etsin, hansı universiteti seçsin. Bax, BTMM-də biz ona kömək edirik, yol göstəririk ki, hansı universiteti seçə bilər, bu təhsil ocağına qəbul olunmaq üçün nə etmək lazımdır və s. Mərkəzdə tez-tez təqdimatlar, seminarlar, təhsil yarmarkaları keçirilir ki, bu da xaicdə təhsil almaq istəyən gənclərimiz üçün çox faydalı olur. Yeri gəlmişkən qeyd edim ki, BTMM-in saytı fəaliyyət göstərir, burada xaricdə təhsil almaq istəyənlər üçün elanlar daim yenilənir, gənclərimiz bu saytdan çox faydalananlar. Daha bir məqama toxunmaq istərdim. BTMM Soros Fondunun maliyyəsi hesabına indiyədək ali təhsil ocaqları ilə bağlı bir sıra layihələr həyata keçirib. Bunların sırasında “Azərbaycan univesitetlərində təhsilin keyfiyyətinin qiymətləndirilməsi”, “Azərbaycan universitetlərində tələbələrin universitetlərin idarə olunması cəlb olunması”, “BDU-da sosial iş sahsində magistr proqramı”, “Boloniya prosesinin monitorinqi”, “Azərbaycanın təhsil haqqında qanunun analizi” və s. layihələri göstərmək olar.
- Bəs bu qədər işin öhdəsindən necə gəlirsiniz? Yəqin mərkəzin ştat vahidi böyükdür?
- Deməzdim ki, bu belədir. Çox yığcam bir ştatımız var- iki məsləhətçi, bir inzibatçı, mühasib, bir də müəllimlərimiz. Bir qədər əvvəl qeyd etdim ki, mərkəz müəyyən qrant proqramları hesabına fəaliyyət göstərir. Amma aldığımız yardımlar bizim fəaliyyətimiz üçün yetərli deyil. Odur ki, BTMM-də müəyyən pulu xidmətlər də göstərilir. Bunlardan dil kursları, işgüzar ingilis dili kurslarını, eləcə də, riyaziyyat və s. fənlər üzrə kursları sadalamaq olar. Eyni zamanda, müəyyən xarici universitetlər üçün agentlik işlərini də həyata keçiririk.
- Bəs təqaüd proqramları çərçivəsində indiyədək nə qədər tələbəni xaricdə təhsil almağa göndərə bilmisiniz?
- Bizim proqramların əksəriyyəti magistratura proqramlarıdır. İndiyədək haradasa minə yaxın tələbəyə təhsillərini davam etdirməkdə yardım göstərmişik. Yeri gəlmişkən qeyd edim ki, BTMM-də yalnız tələbələr üçün deyil, həm də, mütəxəssislər üçün də təqaüd proqramları vardır. Bunların sırasında Zalzburq(Avstriya) tibbi seminarını göstərmək olar. 1997-ci ildən başlayan bu proqram indiyədək uğurla davam edir. Proqram çərçivəsində, ötən müddət ərzində 400-dək gənc həkim Zalzburqda təkmilləşdirmə kurslarında iştirak edib. Proqramın iştirakçıları əvvəlcə 1 həftəlik tibbi kurslara cəlb olunurlar. Qaytdıqdan sonra isə, onlar il ərzində 3 dəfə Avstriyaya gedib orada bir ay müddətində yerli xəstəxanalarda çalışa bilərlər. Proqramda iştirak etmək istəyən həkimlərin seçimi test üsulu ilə aparılır. Təbii, bu zaman həkimlərin ingilis dilini bilməsi vacib şərt sayılır. Qeyd edim ki, bu proqramdan gənc həkimlərimiz çox bəhrələnirlər. Hətta bəzən elə olur ki, proqramda iştirak edən həkimlər yenidən kursda iştirak etmək üçün təkrar bizə müraciət edirlər.
- Deyirsiniz, ştatınız kiçikdir. Bəs onda xarici universitetlərə göndərdiyiniz tələbələr hansı üsulla və necə seçilirlər?
- Mərkəzdə tələbələrin yalnız sənədlərinin düzgün və yerində olması yoxlanılır. Sənədlər ya poçt vasitəsilə, ya da ki, birbaşa elektron variantda həmin universitetlərə göndərilir. İlkin seçim mərhələsi tələbənin oxumaq istədiyi həmin xarici ölkədə, məsələn, götürək İngiltərədə aparılır. Burada əsas üstünlük tələbənin hansı universiteti bitirməsi, bakalavr təhsil pilləsi üzrə aldığı qiymətlər, təhsil müddətində iştirak etdiyi treninqlər, qazandığı nailiyyətlər, eləcə də, hansısa layihələrdə iştirak etməsi və s. kimi faktorlara verilir. Bundan əlavə, tələbənin ingilis dilində yazdığı inşanın da ilkin seçim prosesində böyük rolu var. Növbəti mərhələdə, sənədləri artıq qəbul olunan tələbələr Bakıda, Britaniya Şurasında(Britiş Consuil) imtahanda iştirak edirlər. İmtahanlar bir neçə fənn üzrə, özü də ingilis dilində aparılır. Bu mərhələdən də uğurla keçən tələbələr artıq son mərhələdə seçdikləri universitetlərin təmsilçiləri ilə müsahibədə iştirak edirlər. Müsahibələr bəzən həmin universitetlərdən gəlmiş təmsilçilər tərəfindən Bakıda aparılır. Bəzən isə elə olur ki, tələbələr internetdən Skyape vasitəsi ilə universitet təmsilçiləri ilə birbaşa müsahibədə iştirak edirlər. Aparılan həmin müsahibələrdən uğurla keçən tələbələr artıq təqaüd proqramlarının iştirakçısı olurlar.
- Tələbələrin sizin proqramlara cəlb olunmasında yəqin təhsil yarmarkalarının da rolu böyükdür?
-Xatırladım ki, BTMM Azərbaycanda təhsil yarmarkaları keçirən ilk təşkilatdır. 1998-ci ildə bu işi ilk olaraq biz başlamışıq. Və hər il belə yarmarkaları keçirməkdə davam edirik. Bunda əsas məqsədimiz Azərbaycan gənclərini xarici universitetlə yaxından tanış etməkdir. İndiyədək 10-dan artıq təhsil yarmarkası keçirmişik. Elə bu günlərdə, oktyabırn 28-də, “Hyatt Regency” mehmanxanasında “Amerika təhsil yarmarkası” keçirdik. Yarmarkada ABŞ-ın 13 universiteti iştirak edirdi. Sevindirici haldır ki, belə yarmarkalar gənclərimizin böyük marağına səbəb olur, onlar belə tədbirlərdə aktiv iştirak edirlər.
Yeri gəlmişkən qeyd edim ki, bundan əlavə, BTMM hər il ABŞ-da təşkil olunan təhsil konfransında da iştirak edir. Konfrans çərçivəsində hər ölkə özünün ali məktəblərinin təqdimatını keçirir. Fürsətdən istifadə edərək, biz də ölkəmiz haqda, onun ali məktəbləri barədə amerikalılara məlumatlar veririk. Hesab edirəm ki, bu, Azərbaycanda təhsil almaq istəyənlər üçün çox faydalı olur.
- Xeyirxah bir missiyanız var. Maraqlıdır, bəs BTMM-in gələcək planlarında daha hansı layihələr vardır?
- Təvazökarlıqdan uzaq olsa da, bu, belədir-müəyyən mənada xeyriyyəçilik işləri ilə məşğuluq. Yaxın vaxtlarda daha bir neçə layihənin icrasına başlamağı düşünürük. Bunlardan biri “Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlanır. Layihə tanınmış iqtisadçı Sabit Bağırovun rəhbərlik etdiyi Bazar İqtisadiyyatına Kömək Fondu ilə birgə həyata keçiriləcək. Layihədə məqsəd gəncləri necə biznesə başlamaq barədə məlumatlandırmaqdır. Layihə həm tələbələr, həm də, keçmiş universitet məzunları-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün nəzərdə tutulur. Bir il müddətinə davam edəcək layihə çərçivəsində gənclər üçün müxtəlif treninqlər, seminarlar təşkil olunacaq. Bundan əlavə, yeni bir internet saytı üzərində işləyirik. Azərbaycan dilində olacaq bu saytda ölkə vətəndaşları üçün xarici ölkələr tərəfindən nəzərdə tutulan həm bakalavr, həm də magistr səviyyəsində təqaüd proqramları haqda məlumatlar yer alacaq. Hər bir Azərbaycan vətəndaşı istənilən yerdən,-paytaxtdan, eləcə də, ən ucqar regionlardan, - bu sayta daxil olmaqla hansı ölkələrin universitetlərində hansı təqaüd proqramlarının olmasından xəbərdar olacaq. Növbəti layihəmiz isə Bakıda Karyera Mərkəzi yaratmaqla bağlıdır. Bu, tam yeni mərkəz olacaq. Burada, məsələn, orta məktəblərin yuxarı sinif şagirdlərinə pulsuz məsləhətlərin verilməsi nəzərdə tutulur. Burada əsas məqsəd gəncləri öz bacarıq və qabiliyyətləri, eləcə də, öz arzularına görə, düzgün peşə seçməyə yönəltməkdir. Bilirsiz, istəyirik ki, gənclərimiz özlərinə ixtisas seçərkən diqqətli olsunlar. Bununla bağlı bizə çoxlu müraciətlər olur. Bəzən gənclərimiz kiminsə tövsiyəsi ilə, yaxud da təcrübəsizlikdən düzgün seçim etmirlər. Təsadüfi, heç arzulamadığı bir peşəni seçmiş olurlar. Universiteti bitirəndən sonra, ixtisas seçiminin düzgün aparılmaması onlara iş tapmalarında mane olur. Biz bu problemi aradan qaldırmağı hədəf seçmişik.
Bundan əlavə, Karyera Mərkəzində şirkətlərdəki boş iş yerləri haqda məlumat bazası toplanacaqdır ki, bu da gənclərimizin özlərinə iş tapmalarında çox faydalı olacaq. Eyni zamanda, mərkəzdə gənclər üçün müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Məsələn, ərizələrin yazılması, işə qəbul üçün sənədlər hazırlamaq, onların düzgün tərtib olunmasını gənclərə izah olunacaq. Bundan əlavə, mərkəzdə gənclərə kommunikasiya bacarıqlarını artırmaq üçün seminarlar keçirmək niyyətindəyik. Bu, bir növ Liderlik məktəbini xatırladacaq. Yeri gəlmişkən xatırladım ki, Azərbaycan gəncləri çox qabiliyyətlidirlər. İldən-ilə onların səviyyəsi, bacarıqları daha da artır. Odur ki, biz də çalışırıq ki, gənclərimizə bacardığımız qədər cəmiyyətdə və dövlətin idarə olunmasında öz layiqli yerlərini tutmalarında köməkliyimizi göstərək.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1158 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30