Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP-ın fəaliyyətinin ən böyük uğuru bugünkü müstəqil, sürətlə inkişaf edən Azərbaycandır

YAP-ın fəaliyyətinin ən böyük uğuru bugünkü müstəqil, sürətlə inkişaf edən Azərbaycandır

08.11.2012 [01:07]

YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev www.yap.org.az saytına müsahibə verib
- Abdin müəllim, ölkənin ictimai-siyasi həyatında xüsusi yeri olan Yeni Azərbaycan Partiyasının yaranmasından 20 il ötür. Partiyanın yaranması və formalaşması prosesində şəxsən iştirak etmiş şəxs kimi həmin dövrü necə xatırlayırsınız?
- Şübhəsiz, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünün ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi qeyd olunması tamamilə təbiidir. Mübaliğəsiz deyə bilərəm ki, YAP-ın yubileyi təkcə partiyamızın yüzminlərlə üzvü üçün deyil, ümumilikdə Azərbaycanın dünəninə, bu gününə və sabahına biganə olmayan vətəndaşlarımız üçün son dərəcə əlamətdardır. Həm də müstəqilliyin bərpasının 20 illik yubileyindən sonra ən mühüm tarixi məqamdır. Hər iki tarixi yubiley arasında müəyyən paralellər aparmağımız, əlbəttə ki, müəyyən tarixi qanunauyğunluqlarla şərtlənir. Məsələ bundadır ki, YAP və onun böyük lideri, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli istəyi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa biləcəkdik. Məhz bu reallıqdan çıxış edərək demək istərdim ki, xalqımız öz taleyində müstəsna rol oynayan, ölkəmizi xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünü təntənə ilə qeyd edir. Fürsətdən istifadə edərək bu əlamətdar tarix münasibətilə hər bir Azərbaycan vətəndaşını, o cümlədən, partiyamızın rəhbərliyini və çoxsaylı üzvlərini səmimi-qəlbdən təbrik edirəm.
Sualınıza gəlincə, bildirmək istərdim ki, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması hələ 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi ötən əsrin 80-ci illərinin sonundan başlanan xalq hərəkatı dövrünə təsadüf etmiş, 90-cı illərin əvvəlində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin müəyyən konyuktur məqsədlər naminə yaradılan bu qurumlar respublikanı üzləşdiyi ağır iqtisadi, siyasi, hüquqi, mənəvi böhrandan nəinki qurtara bilmədilər, əksinə, mövcud vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Xüsusən də, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə də, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşirdilər. Bunun digər obyektiv səbəbləri də var idi: əvvəla, hələ keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik edən Heydər Əliyevin necə böyük strateq, peşəkar siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi.
İkincisi, 1991-cı ilin iyul ayında böyük dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda mühüm mərhələ başlanmışdı. Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən, bu, tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz tarixi zərurət idi. Həmin dövrdə Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin Ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, acınacaqlı vəziyyətdə yaşayan biz gənclərdə müəyyən nikbinlik yaratmışdı.
Ümummilli lider Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Naxçıvan parlamentinə deputat seçilməklə yenidən fəal siyasət meydanına qədəm qoydu. Cəmi bir il sonra - 1991-ci il sentyabrın 3-də isə əhalinin təkidli xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilərək Muxtar Respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq üçün taleyüklü bir xilaskarlıq missiyasını çiyinlərinə götürdü.
Bir zəruri məqamı da vurğulayım ki, hələ Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də xalq deputatı Heydər Əliyevin rəhbərliyi altında keçirilən sessiyasında qəbul olunan strateji əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazıldı. Sessiyada ilk növbədə Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri götürüldü, onun “Naxçıvan Muxtar Respublikası” adlandırılması haqqında qərar qəbul edildi. Həmin sessiyada Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi, onun “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi” adlandırılması haqqında tarixi qərar qəbul olundu. Sessiyada, həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edildi. Muxtar Respublikanın Ali Məclisi üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsadət də qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsadət əsasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdi. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi, istiqlal rəmzi kimi dalğalanmağa başladı.
Ümumiyyətlə, Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşına pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarmışdı. Həmin illərdə respublikanın günbəgün uçuruma yuvarlandığı, insanların çörəklə imtahana çəkildiyi bir vaxtda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlar, qonşu dövlətlərlə qurulan iqtisadi-siyasi münasibətlər, iqtisadiyyatda əldə edilən müsbət dəyişikliklər fonunda Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gəlməsi ölkə vətəndaşlarının ümumi arzusuna çevrilmişdi. O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdük.
- Amma həmin dövrdə hakimiyyətdə olan qüvvələr Heydər Əliyevə qarşı təzyiqləri gücləndirmişdilər...
- Heç şübhəsiz, Heydər Əliyevin cəmiyyətdə artan nüfuzu hakimiyyətdə olan qüvvələri ciddi narahat edirdi. Onlar Ulu öndərin ən qısa zamanda ümumxalq dəstəyi qazanmasından, hakimiyyətə gəlməyə ən real namizəd olmasından ciddi təşvişə düşmüşdülər. Məhz bu səbəbdən də o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Konstitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Eyni zamanda, biz mübariz ruhlu gənclər, ziyalılarla birgə Azərbaycan Respublikası Ali Sovetinin qarşısında 13 gün davam edən mitinq keçirərək Konstitusiyadan yaş senzi ilə bağlı qondarma maddənin çıxarılmasını, Heydər Əliyevin prezident seçkilərində namizədliyinin qeydə alınmasını tələb edirdik. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Ulu öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün Ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər. Həmin illərdə müəyyən səbəblərdən Naxçıvana gedə bilməyənlər isə MR Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına minlərlə müraciət, teleqram göndərərək xalqı düşdüyü bu bəlalardan qurtarmağı xahiş edirdilər.
Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları, o cümlədən, gənclər 1992-ci ilin ortalarından etibarən yeni siyasi mübarizə yolu seçərək Ümummilli liderin rəhbərliyi ilə partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayının 16-da Ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi və bu vəziyyətin getdikcə daha şiddətli hal alması ilə bağlı ziyalıların narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev həmin məktubunda yaranmış vəziyyəti təhlil etmiş və çıxış yollarını göstərmişdi. Məktubda vurğulanırdı ki, ölkəmizin qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, dövlətin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi və digər vəzifələr taleyüklü məsələlərdir. Və bütün bunlar həm ölkə rəhbərliyindən, həm də hər bir vətəndaşdan ciddi səylər tələb edir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın o zamankı durumu və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən bu məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etmişdi.
Heydər Əliyevin Azərbaycanın xilası naminə, xalqın mütəşəkkil tələbi və istəyi ilə YAP-a rəhbərlik etməyə razılıq verməsi Ulu öndərin böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis konfransı keçirildi. AXC-Müsavat hakimiyyətinin Ümummilli liderin Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı formalaşdırmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və Nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmin dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi olaraq bu qənaətdəyəm ki, Azərbaycanda merkantil maraqlar ətrafında formalaşmış bir sıra qondarma siyasi qurumlardan fərqli olaraq Yeni Azərbaycan Partiyası ayrı-ayrı şəxslərin deyil, bütövlükdə tarixi zərurəti dərk edən yüz minlərlə vətənpərvər insanın yüksək mübarizliyi nəticəsində yaranmış siyasi partiyadır.
Onu da bildirim ki, partiya yarandıqdan sonra o zamankı hakimiyyət Heydər Əliyevə qarşı təzyiqləri daha da gücləndirməyə başladı. Lakin Naxçıvanın qanuni hakimiyyətini zorakı yolla dəyişməyə yönəlmiş cəhdlər Heydər Əliyev-Xalq birliyi qarşısında iflasa uğradı. Xalqın tanınmış, nüfuzlu ziyalıları buna etiraz olaraq Heydər Əliyevi Müdafiə Komitəsi yaratdılar və o zamankı mərkəzi hakimiyyətin qeyri-qanuni hərəkətlərinə kəskin etirazlarını bəyan etdilər. Tarix bu cür hərəkətlərə yol verənləri sonradan isterik vəziyyətdə qoydu. O zamankı hakimiyyət təzyiqlərə məruz qoyduğu Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etdi.
- Yeni Azərbaycan Partiyasının yaranışından az sonra hakimiyyətə gəlişini şərtləndirən amillər hansılar idi?
- Tarixdən məlumdur ki, dövlət və cəmiyyət həyatında rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis qurultayını keçirmiş YAP qısa müddətdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq fəaliyyətə başladı. Partiyamız cəmiyyətdə özünə möhkəm dayaqlar tapan güclü siyasi təşkilata çevrilərək qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəlilədi. Əlbəttə, yarandığı gündən müstəqil Azərbaycanda hüquqi-demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti yaratmaq uğrunda fəal mübarizəyə atılan YAP-ın siyasi partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində - 6 ay sonra Azərbaycanda hakimiyyətə gəlişi, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinə olan yüksək ictimai inamın, etimadın təzahürü idi.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi cəmiyyətdə böyük nüfuz qazandı. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi - vətəndaşları tam qane edirdi. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirirdi. Bütün bunların fonunda YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı bir təşkilata çevriləcəyi, ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı təkzibolunmaz həqiqət idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev kimi dünya şöhrətli liderin sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri YAP sıralarında toplaşmışdı. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən sosial bazaya əsaslanırdı.
Nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi. Partiyanın qarşıya qoyduğu məqsədlərin hamısı dövrün reallıqlarını əks etdirdiyindən ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olmuşdu. YAP cəmiyyətdə mövcud olan ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyi qarşısına məqsəd qoymuşdu. Ən başlıcası, ölkənin üzləşdiyi vəziyyət YAP kimi nüfuzlu partiyanın hakimiyyət olimpinə yüksəlişi yolunda bütün baryerləri aradan qaldırırdı.
Bu gerçəklik fonunda deyə bilərəm ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması, Onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə Onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu məqam Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixində xüsusi bir səhifə olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Yeri gəlmişkən, 2013-cü ildə biz partiyamızın hakimiyyətə gəlişinin 20-ci ildönümünü qeyd edəcəyik.
15 iyun - Qurtuluş Gününun hər il ölkə miqyaslı bayram kimi qeyd olunması da tamamilə məntiqidir. Məhz 1993-cü ilin 15 iyunundan etibarən Azərbaycanın taleyində tamamilə yeni bir səhifə başlandı. Ümummilli liderin rəhbərliyi altında ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, cəbhədə hər gün onlarla gənc hərbçinin qanının tökülməsinə son qoyuldu, 1994-cü ilin mayında cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan saziş imzalandı. Bir sözlə, ölkəmiz tərəqqi və yüksəliş yoluna qədəm qoydu.
- Sizcə, Yeni Azərbaycan Partiyasının fəaliyyət platformasının praktik nəticələri nədən ibarətdir?
- Bu bir həqiqətdir ki, cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafeyini qoruyan bir siyasi təşkilatın, həmçinin, ictimai qurumun xalqı, milləti arxasınca apara bilməsi həmişə mümkün deyil. Yalnız xalqın bütün təbəqələrinin arzu və istəklərini ifadə edən, güclü ideologiyaya, liderə, yüksək intellektual potensiala malik siyasi elitaya və yetkin siyasi strukturlara malik partiya cəmiyyətdəki aparıcı rolunu qoruyub saxlamağa, hakimiyyəti uzun müddət idarə etməyə qadirdir. Başqa sözlə, ciddi sosial bazaya malik siyasi təşkilat qısa müddətdə ümumxalq partiyasına çevrilərək nəinki sürətlə təşkilatlanır, həm də ölkənin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirir.
Fikrimcə, Azəbaycanın bugünkü möhtəşəm uğurlarının ideya bazisi Yeni Azərbaycan Partiyasının siyasi platformasında təcəssümünü tapıb. Məhz Ulu öndər Heydər Əliyev və Onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyası siyasi hakimiyyətə gəldikdən sonra xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail oldu, onun daimiliyini, əbədiliyini təmin etdi. Heydər Əliyev 1993-cü ilin iyunundan faktiki olaraq dövləti yenidən qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Ulu öndər Heydər Əliyevin lider kimi gücü və qüdrəti həm də onun YAP-ın elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülür. Bu mənada, Ümummilli lider müstəqil Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi modelin banisi kimi də ehtiramla xatırlanır. Bu iqtisadi inkişaf modeli irəli sürülərkən heç də mövcud dünya ölkələrinin təcrübəsi Azərbaycana köçürülməmiş, respublikanın zəngin təbii resursları, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyi, geniş tranzit-kommunikasiya imkanları, habelə tarixi təsərrüfatçılıq ənənələri, spesifik xüsusiyyətləri nəzərə alınmışdır.
YAP-ın hakimiyyəti dövründə respublikamızın nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı aksiom kimi qəbul edilən həqiqətdir. 1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi, milli iqtisadiyyata köçürülməsini düzgün saymadı. Böyük strateq milli resurslarla yanaşı, xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf yolunun özəlliklərini ciddiliklə nəzərə almışdı. Heydər Əliyev müdrikliklə bildirmişdi ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Sosializm dövrünün populizmə əsaslanan “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” devizindən, formal səciyyə daşıyan “sosial bərabərlik” şüarından fərqli olaraq Ümummilli lider Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin qorunması yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına nail oldu. YAP-ın siyasi platformasında yer alan sosialyönümlü inkişaf modeli məhz cəmiyyətdə sosial ədalət və rifahın təmin edilməsinə yönəlmişdi.
Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına imkan yaratdı. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən Ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi diqqət cəlb edirdi. Bunlardan birincisi, sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi.
Yeni Azərbaycan Partiyasının siyasi platformasına əsasən, ölkəmizdə formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi idi. Bu model cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə, şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.
Məhz sosial dövlət prinsipinin rəhbər tutulması səbəbindən müstəqilliyin ilk illərindən başlayaraq ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş Sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Qısaca xatırlatmaq istərdik ki, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə, 1996-2003-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 8 Fərman və Sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı qüvvədə olmuşdur. Eləcə də, ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı.
Faktiki olaraq, YAP-ın iqtisadi platforması bu gün respublikada fərdin, maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə istiqamətlənib. Ötən 9 ildə Ulu öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz “Güclü dövlət, sosial rifah” tezisi dayanır. Bu da təsadüfi deyil - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. 2009-cu ilin martında Azərbaycan Respublikası Konstitusiyasına ümümxalq referendumu yolu ilə edilmiş dəyişikliklərin müəyyən qismi də məhz respublikamızın son illər uğurla reallaşdırdığı sosialyönümlü siyasətin xarakterindən irəli gəlirdi.
Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də, qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Son illər ölkə vətəndaşlarının həyat keyfiyyətinin yüksəlməsi də, həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. 2013-ci ilin dövlət büdcəsinin də sosial və investisiya yönümlü olması deməyə əsas verir ki, möhtərəm Prezidentimizin yürütdüyü siyasət məhz hər bir vətəndaşın yüksək rifah səviyyəsinin təmin olunmasına yönəlib. Alternativi olmayan bu siyasətin uğurlarını isə hər bir ölkə vətəndaşı öz gündəlik həyatında hiss edir, ürəkdən dəstəkləyir.
- Ümumilikdə, partiyanın ötən 20 ildə ölkənin ictimai-siyasi həyatındakı yerini və rolunu necə dəyərləndirirsiniz?
- Ötən illərdə partiyanın cəmiyyət həyatında sahib olduğu mövqeni, əldə etdiyi uğur və nailiyyətlərin miqyasını sözlə canlandırmaq, dəqiq ifadə etmək çətindir. Ən ümumi şəkildə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin məntiqi nəticəsi və ən böyük uğuru bugünkü müstəqil, sürətlə inkişaf edən, modernləşən, məqsədlərinə doğru inamla irəliləyən qüdrətli Azərbaycandır.
Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan, YAP-ın bəzən “Heydər Əliyev Partiyası” adlandırılması da, obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir. Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkəyə uğurlu idarəçiliyi timsalında partiyanın proqramının praktik surətdə gerçəkləşdirilməsini təmin etdi, eyni zamanda, həmin proqramda yer almış müddəaların praktikliyini sübuta yetirdi.
2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ötən 9 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada, YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Cənab İlham Əliyevin yüksək liderlik və idarəçilik keyfiyyətlərinə malik olması, reallığa, praqmatizmə əsaslanan siyasət yürütməsi ölkəmizi ötən illərdə regionun lider dövlətinə çevirib. Avropanın enerji təhlükəsizliyinin təminatçısı olan Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahiblik edir, strateji əhəmiyyətli layihələri daxili imkanları hesabına reallaşdırır, beynəlxalq səviyyədə milli maraq və mənafeyini qoruyur, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilir.
Müqayisə üçün bildirim ki, 2013-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard, təcavüzkar Ermənistanın dövlət büdcəsi isə cəmi 3,4 milyard dollar təşkil edəcək. Təkcə hərbi büdcəmiz Ermənistanın bütövlükdə dövlət büdcəsinə bərabərdir. Bu fakt deməyə əsas verir ki, Azərbaycan ən böyük problemi olan Qarabağ məsələsini də ən qısa zamanda öz xeyrinə həll etmək əzmindədir. Ölkə başçısının dəfələrlə bəyan etdiyi kimi, o gün qətiyyən uzaqda deyil. Əlbəttə, müstəqil respublikamızın son illərdə əldə etdiyi nailiyyətlər haqqında saatlarla danışmaq olar. Bütün bu nailiyyətlər YAP-ın cəmiyyətdəki mövqelərini daha da gücləndirir. YAP 20 yaşına çox güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza malik partiya kimi qədəm qoyur.
- YAP-ın cəmiyyətin ən müxtəlif təbəqələrinin maraqlarına cavab verən siyasi təşkilata çevrilməsini başqa hansı amillərlə izah etmək olar?
- Bunun bir çox səbəbləri var. İlk növbədə, bilirmək lazımdır ki, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının sıraları daha da genişləndi, cəmiyyətdəki nüfuzu yüksəldi. 2005-ci ildə cənab İlham Əliyevin YAP Sədri seçilməsindən sonra partiyamız ölkədaxili ictimai-siyasi proseslərdə əsas güc mərkəzi kimi rolunu daha da gücləndirdi.
YAP başqa partiyalar kimi heç zaman populizmlə, reallıqdan uzaq vədllərlə insanları aldatmağa cəhd göstəməyib, real vəziyyəti olduğu kimi, xalqa çatdırmağa çalışıb. Partiyanın tarixinə nəzər salarkən aydın şəkildə görürük ki, indiyə qədər cəmiyyətə yerinə yetirilməsi mümkün olmayan heç bir vəd verilməyib. Ciddi problemlərin həllinə baxışlarda ciddi praqmatizm nümayiş etdirən YAP milli-mənəvi dəyərlərə son dərəcə konservativ yanaşıb, tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışıb. Azərbaycanın dünyadakı yerini daha qabarıq şəkildə müəyyənləşdirməyə səy göstərib, xarici siyasətdə qloballaşan dünyanın reallıqlarını nəzərə almağı vacib sayıb. Demokratiyanı hüquqi dövlət modelinin əsası kimi qəbul edib.
Partiyamız bazar iqtisadiyyatının qanunauyğunluqlarını və tələblərini insanların sosial maraqlarının təmin edilməsinə maneə kimi deyil, əksinə, onun başlıca şərti kimi dəyərləndirib. Sosial dövlət ideyalarını təbliğ etməklə yanaşı, milli burjuaziyanın yaranmasını sabitliyin və inkişafın stimulverici amili kimi qiymətləndirib. Fikrimcə, YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Partiyamız cəmiyyətə daim yeni ideyalar təqdim edir, bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən müxtəlif təbəqələrin maraqlarını nəzərə alır. Bütün bunlar isə YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümümxalq partiyasına çevrilməsinə şərait yaradır.
Hazırda partiyamızın təxminən 38 faizini gənclər, 43 faizini qadınlar təşkil edir. Gənclərə qayğı, qadınların ölkənin ictimai-siyasi həyatındakı proseslərdə fəal iştirakına şərait yaradılması, partiya üzvlərinə siyasi tələbkarlıq, fəallıq, qətiyyətlilik, ictimai-siyasi proseslərə çevik reaksiya Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərinə çevrilib.
Xatırlatmaq istərdim ki, möhtərəm Prezident İlham Əliyev YAP İdarə Heyəti üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə bildirib ki, hər bir partiya üzvü Ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bu gün bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük.
Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və sair prinsiplərin möhkəmlənməsinə, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərimizin qorunmasına, milli həqiqətləri dünyaya çatdırmağa çalışan Heydər Əliyev Fondu ötən 8 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirib. Ümumi şəkildə desək, Fondun başlıca məqsədləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək; elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq; milli mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq; respublikanın beynəlxalq nüfuzunu daha da artırmaq; milli həqiqətləri dünyaya çatdırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən çoxsaylı obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirib, gözəlləşdirib. Dövlət başçısı Nərimanov rayonuna və sakinlərimizə son 9 il ərzində çoxsaylı səhiyyə və təhsil müəssisələri, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar bəxş edib. Əlbəttə, rayondakı inkişaf prosesindən danışarkən, Heydər Əliyev Fondunun misilsiz qayğısından, böyük himayədarlığından danışmamaq mümkün deyil. Çünki rayonumuzda bu sahədə görülən işlərdə dövlətin ən yaxın yardımçısı məhz Ulu öndərin adını şərəflə daşıyan bu Fond olub. Təsadüfi deyil ki, Fondun Prezidenti, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, xüsusən də, Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilib. Talassemiya Mərkəzinin, Psixonevroloji Uşaq Evinin, Kor və zəif görən uşaqlar üçün musiqi məktəbinin, məktəb kompleksinin, Zərifə Əliyeva adına uşaq bağçasının, parkların və digər bu kimi orbyektlərin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nərimanov rayonu ərazisində istifadəyə verilməsini sakinlərimiz böyük qədirbilənlik və sonsuz minnətdarlıqla qeyd edirlər.
Fondun dünya ölkələrinin bir sıra şəhərlərində, o cümlədən, Rusiya Federasiyasının Həştərxan Vilayətində həyata keçirdiyi layihələr üzərində xüsusi dayanmaq istərdim. Fondun təşəbbüsü ilə hələ 2010-cu il oktyabrında burada Ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. 2011-ci il mayın 19-da “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda keçirilən forum çərçivəsində Həştərxanın mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev adına parkın təntənəli açılışı olub. Parkın açılışı Azərbaycan və Rusiya dövlətləri, həmçinin, onların xalqları arasında münasibətlərin, regionlararası əməkdaşlığın tarixində daha bir parlaq səhifədir. Azərbaycan hökumətinin təşəbbüsü ilə parkda həyata keçirilən yenidənqurma tədbirləri, görülən digər işlər Həştərxan şəhərinin simasına böyük yenilik gətirib, onu daha da gözəlləşdirib. Elə həmin gün Rusiya və Azərbaycan Dostluq körpüsünün təməli qoyulub.
Həştərxanda Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin yenidənqurulması da, Fondun müstəsna xidmətlərindən biridir. 2011-ci ilin oktyabrında yenidənqurma işlərindən sonra məktəbin təntənəli açılış mərasimi olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üzərində götürülmüş hamiliyin növbəti addımı kimi şagird və müəllimlərə xüsusi təqaüd və mükafatlar ayrılıb. Həştərxan sakinləri, o cümlədən, şəhər rəhbərliyi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təşəbbüsü əsasında burada görülən işləri yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Həştərxan Şəhər Duması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan dostluğunun və strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə Prezident İlham Əliyevi “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına layiq görüb. Ötən il noyabrın 30-da ölkəmizdə səfərdə olan Həştərxan şəhərinin meri Sergey Bojenov “Həştərxan şəhərinin fəxri vətəndaşı” diplomunu və medalını Prezident İlham Əliyevə təqdim edib.
2012-ci il sentyabrın 12-də isə Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı, həmçinin, Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilib. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə kimi dəyərləndirərək bu humanitar layihənin reallaşdırılmasına görə, Heydər Əliyev Fonduna və onun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Eyni zamanda, RAGT-nin sədri Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib.
- Abdin müəllim, Yeni Azərbaycan Partiyasının 2013-cü ilin prezident seçkilərində iştirakı ilə bağlı fikirləriniz də maraqlı olardı...
- Məlum olduğu kimi, seçki prosesi nəticə etibarilə hər bir siyasi komandanın fəaliyyətinə verilən ictimai qiymətdir. Xalq üçün çalışan, fəaliyyətində hər bir vətəndaşın mənafeyini uca tutan, cəmiyyətə daim açıq olan qüvvənin uğur qazanması isə qaçılmaz olur. Bu mənada, Yeni Azərbaycan Partiyasının indiyə qədər keçirilmiş seçkilərdə birmənalı qələbə və uğur qazanmasını şərtləndirən amillərə diqqət yetirmək vacibdir. Bir daha vurğulamaq istəyirəm ki, YAP iqtidarda olan partiya kimi ötən 20 ildə cəmiyyətin ölkəmizi xaos və anarxiya burulğanından davamlı inkişaf yoluna çıxarıb. Bu müddətdə Azərbaycan çox böyük inkişaf yolu keçib, demokratikləşmə və iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atılıb. Ölkədə iqtisadi islahatlarla hüquqi-siyasi islahatlar bir-birini tamamlayır. Vətəndaşların sosial rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, daha gözəl, güvənli, etibarlı gələcəyə inamı artıb. Bütün bunların nəticəsidir ki, partiyanın Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursu cəmiyyətdə alternatisiz inkişaf yolu kimi qəbul edilir.
YAP-ın bu seçkilərdəki prezidentliyə namizədi, şübhəsiz ki, məhz cənab İlham Əliyev olacaq. Çünki dövlət başçısının siyasəti cəmiyyətin maraqlarına tam cavab verir. Möhtərəm Prezident ötən 10 ildə ictimaiyyət qarşısında verdiyi hər bir vədi uğurla həyata keçirib. Ən ümumi şəkildə desək, Azərbaycanın dövlət büdcəsi, hərbi xərcləri 10 dəfədən çox artıb, regionların siması əsaslı şəkildə dəyişib. Qeyri-neft sektoru sürətlə inkişaf edib, 1 milyona yaxın yeni iş yeri açılıb, sahibkarlar sinfi güclənib. Azərbaycanın hər bir bölgəsində həyata keçirilən sosial infrastruktur layihələri vətəndaşların firavanlığını, rahat yaşayışını təmin edib. Belə bir şəraitdə YAP-ın növbəti seçkilərdə də qələbə qazanacağına hansısa şübhə ola bilməz. Partiyanın seçki proqramı da hər zaman özünün orijinallığı, reallığa adekvatlığı, pafosdan, ritorikadan uzaq olması, real həyat həqiqətlərinə - ən başlıcası, hər bir vətəndaşın mənafeyinə əsaslanması ilə diqqəti çəkib. Partiyanın qarşısında hələ çox böyük vəzifələr dayanır. Möhtərəm Prezidentimizin rəhbərliyi altında biz Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltmək əzmindəyik. Əminəm ki, bu məqsədlər Yeni Azərbaycan Partiyasının qarşıdakı seçki proqramının da əsasını təşkil edəcək. YAP növbəti seçkilərə də məhz konkret, real iş görmək, insanların etimadını doğrultmaq, problemlərinin həllinə daim həssaslıqla, diqqətlə yanaşmaq istəyi ilə gedir. Bunun da nəticəsi olaraq, əminliklə deyirəm ki, Yeni Azərbaycan Partiyası uzun onilliklər hakimiyyət partiyası statusunu qoruyub saxlayacaq.

Paylaş:
Baxılıb: 1152 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30