Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Həsən bəy Zərdabi irsi xalqımız üçün zəngin mənbədir

Həsən bəy Zərdabi irsi xalqımız üçün zəngin mənbədir

18.12.2012 [00:33]

Xanhüseyn Kazımlı: XIX əsrin qabaqcıl dünya dəyərlərinə mükəmməl yiyələnmiş Həsən bəy elm və mədəniyyətin, sivil cəmiyyətin bir sıra sahələrində milli özüllər yaradıb
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 137-ci ili tamam oldu. Bu il, eyni zamanda, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin qeyd olunması ilə də əlamətdardır. Azərbaycan Prezidenti İlham Əliyevin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı tariximizin önəmli hadisə və şəxsiyyətlərinə verilən yüksək qiymətin daha bir örnəyi oldu. Sərəncamla əlaqədar ölkəmizdə müxtəlif səviyyələrdə tədbirlər keçirilməkdədir.
Azərbaycan Sosial Rifah Partiyası (ASRP) da Həsən bəy Zərdabinin irsinin təbliği istiqamətində son illərdə bir sıra addımlar atıb. ASRP-nin sədri, millət vəkili, professor Xanhüseyn Kazımlı da söhbətə böyük maarifçi, demokrat, publisist Zərdabinin zəngin irsinin müstəqillik epoxası nəsilləri üçün ibrətli və təşviqedici rolunu vurğulamaqla, bu xəzinənin dərindən öyrənilməsi və təşviq olunmasına ciddi ehtiyac duyulduğunu söyləməklə başladı:
- Həsən bəy Zərdabinin nəsillərə örnək həyatı və çoxcəhətli fəaliyyəti müstəqil Azərbaycan dövlətinin diqqət və qayğısı ilə milli elita və ziyalılar tərəfindən yenidən araşdırılır, diqqətlə öyrənilir. Doğrudur, Sovetlər dövründə milli zəminə bağlı ziyalılar Zərdabi yaradıcılığını müəyyən qədər araşdırmışlar. Amma o zaman onu yalnız maarifçi və təbiətşünas alim kimi xarakterizə ediblər. İndiki dövrdə isə bu şəxsiyyətə daha böyük dəyər verilir, milli oyanış və tərəqqi ideyalarının pioneri, vətənpərvər bir insan kimi həyat və fəaliyyəti geniş araşdırılaraq xalqımıza çatdırılır. Bu gün Həsən bəyin doğulduğu Zərdabda “Əkinçi” qəzetinin nəşri məni çox sevindirir. Həsən bəy Zərdabi öz fədakar fəaliyyəti, dönməz mübarizəsi ilə gələcək nəsillərimiz üçün faydalı irs qoyub.
Mən bütün fəaliyyətimi onun yaradıcılığına həsr etməmişəm, amma bu böyük insan qaranlıqlara işıq salması ilə diqqətimi həmişə cəlb edib. 1990-cı illərin əvvəlindən onun həyat yolunun, əsərlərinin öyrənilməsinə və təbliğinə böyük maraq göstərmişəm. Zərdabi irsinin tədqiqatçıları, onun qohumları ilə tez-tez görüşmüşəm və Həsən bəy Zərdabiyə həsr olunmuş tədbirlərdə yaxından iştirak etmişəm. Xalqımızın min illər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlər sistemini formalaşdırmış böyük yaradıcı şəxsiyyətlərin - ədiblərin, alimlərin, filosofların, sənətkarların qoyub getdiyi irs, ölməz əməllər zaman-zaman həyatı dəyişdirib, məmləkətimizi sivil dəyərlərə qovuşdurub. Bu baxımdan, böyük maarifçi, təkamülçü alim, milli məfkurə ideoloqu və işıqlı əməllər sahibi Həsən bəy Zərdabinin yaradıcılığı orta əsrlər epoxasından yeni tariximizə keçidin elmi-mədəni tələbatının geniş spektrini özündə əks etdirir. XIX əsrin qabaqcıl dünya dəyərlərinə mükəmməl yiyələnmiş Həsən bəy elm və mədəniyyətin, sivil fəaliyyətin bir sıra sahələrində milli özüllər yaradıb.
Azərbaycan professional teatrının, milli mətbuatımızın yeni tipli məktəblərin binasını qoymaqla, Dumada xalq elçisi olmaqla Zərdabi Rusiya imperiyasının əsarəti altına düşmüş xalqımızın milli oyanışına və çox keçmədən istiqlal savaşına qalxmasına həlledici təkan verib. Bu misilsiz şəxsiyyətin ideya və əməllərinin başlıca qaynağı olan elmi-publisistik əsərləri həm tariximizin bu önəmli dövrünü öyrənmək, həm də çağdaş tərəqqi yollarını düzgün seçib-ayırmaq baxımından faydalıdır.
- ASRP-nin Həsən bəy Zərdabi irsinə istinad etməsinin kökündə hansı amillər dayanır?
- Yüksək sivil dəyərləri mənimsəməklə xalqımızın sosial rifah baxımından öncül dünya mövqelərinə çıxmasını hədəfə alan Azərbaycan Sosial Rifah Partiyası Zərdabi irsinin tükənməz ideya-nəzəri və elmi-təcrübi potensialına tez-tez istinad edir. Həsən bəy Zərdabi xalqımızı ayıq-sayıq, elmli, mədəni, sağlam və güclü görmək istəyirdi. O, elmi biliklər və qabaqcıl ideyalar əsasında həyatı sürətlə dəyişmək və gözəlləşdirməklə bağlı bütöv bir praktik konsepsiya yaradıb. Partiyamız bu irsi xalqımıza çatdırmaq üçün böyük mütəfəkkir və əməlpərvər insanın həyat və fəaliyyətini bir örnək kimi daim diqqətdə saxlayır, onun əsərlərini indiki nəsillərə çatdırmağı öz fəaliyyətində gərəkli bir istiqamət sayır.
Bu vaxtadək Həsən bəyin elmi-kütləvi səpkili qiymətli əsərlərini kitab şəklində (“Bədəni salamat saxlamaq düstürüləməli”, “Təbiət və insan”) oxuculara çatdırmışıq və bu işi davam etdiririk. Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə yenidən Zərdabi irsinə müraciət edərək onun “Əkinçi” qəzetində dərc olunmuş elmi-kütləvi səpkili yazılarını “Elm və həyat” adı altında oxuculara təqdim etmişik.
- Rəhbərlik etdiyiniz partiya bu mövzuya həsr olunmuş tədbirlər də keçirib. Həmin tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Həsən bəy Zərdabi şəxsiyyəti məktəbli və müəllimdən tutmuş millət vəkilinə və partiya sədrinə qədər hamı üçün ibrətli nümunədir. Uzun illər Bakı Dumasının deputatı olmuş Zərdabi şəhərin irili-xırdalı bir çox problemlərinin həllinə nail olmuş, əhalinin maariflənməsinə və rifahı ilə bağlı məsələlərin gündəmə gətirilməsinə çalışmışdı. Böyük əməl sahibi ömrünü və zəkasını son zərrəsinə qədər xalqına bəxş edib dünyadan köçəndə rus imperiyasının Bakıdakı nümayəndəsi Rayevski vida mərasimində etiraf etməyə məcbur olmuşdu: “Dumanın iclaslarında Həsən bəyin nitq və qeydləri olmasaydı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim”. Millətə xidmətdə Həsən bəyin səviyyəsinə qalxmaq üçün onun mənəvi keyfiyyətlərini əxz etmək, öyrətmək istədiklərini mənimsəmək gərəkdir. Biz fəaliyyəti ilə xalqımızın dahi oğullarının cərgəsində əbədiləşmiş bu insanın anadan olmasının 170 illiyinə də töhfə verməyə çalışdıq, yubiley tədbirlərində fəal iştirak etdik, Zərdabinin çap olunmuş əsərlərini yaydıq.
Xatırladım ki, hələ 7-8 il əvvəl ASRP olaraq Beynəlxalq Mətbuat Mərkəzində Həsən bəy Zərdabiyə həsr olunmuş geniş bir tədbir təşkil etmişdik. Sonra “Xalq qəzeti”nin redaksiyasında daha bir tədbir keçirdik. Həmin tədbirdə veteran jurnalistlərin iştirakını təmin etməyə çalışdıq, buna da müəyyən qədər nail olduq.
Eyni zamanda, 2010-cu ildə milli mətbuatımızın 135 illik yubileyi münasibətilə Mətbuat Şurası ilə birgə böyük beynəlxalq konfrans keçirdik. Həmin tədbirə Moldova, Macarıstan, Polşa, Belarus, Rusiya, Gürcüstan, İran, Türkiyə və digər ölkələrin tanınmış mətbuat işçiləri dəvət olunmuşdu. Bu məclisdə də Həsən bəy Zərdabinin çoxsahəli fəaliyyəti xüsusi vurğulandı. ASRP-nin təşəbbüsü ilə həmin beynəlxalq tədbirdə Avrasiya ölkələri üzrə Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzi yaradılması ideyası bəyan edildi.
- Xanhüseyn müəllim, bu mərkəzin yaradılmasında məqsəd nə idi?
- Avrasiya ölkələri üzrə Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzinin yaradılmasında məqsəd bu idi ki, təşkilata üzv ölkələr haqqında məlumatlar qarşılıqlı olaraq hər yerdə geniş yayılsın. Bunun üçün münsiflər heyəti yaradılıb və onların qərarı ilə belə yazılar həmin ölkələrdə dərc olunur. Bu iş indi də bəhrəsini verir. Bu çərçivədə Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında, eləcə də, ölkəmizin sürətli inkişafı, regionun lider dövləti olması ilə bağlı yazılar ardıcıl olaraq xarici ölkələrin qəzetlərində nəşr olunur.
- Xanhüseyn müəllim, məlum olduğu kimi, Rusiyanın mötəbər nəşriyyatlarından biri sizi bu ölkənin müxtəlif qəzet və jurnallarında dərc olunan əsərlərə və məqalələrə görə, “Şərəf nişanı” medalı ilə təltif edib. Sizin Azərbaycandan kənarda nəşr olunan məqalələriniz hansı problemlər ətrafında olmuşdur?
- Mən Azərbaycan həqiqətlərinin daim ölkəmizdən kənarda daha çox yayılmasına üstünlük vermişəm. Bu istiqamətdə mənim əsas hədəfim 20 Yanvar hadisəsi, Dağlıq Qarabağ probleminin mövcud düyününün açılması olub. Çalışmışam ki, bu istiqamətdəki yazılar hər bir ölkənin yerli yazarlarının imzası ilə getsin.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1093 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30