Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Seçkilərin demokratik keçirilməsində ən maraqlı tərəf hakimiyyətdir”

“Seçkilərin demokratik keçirilməsində ən maraqlı tərəf hakimiyyətdir”

09.01.2013 [02:40]

Mübariz Qurbanlı: Prezident İlham Əliyev bu gün dövlətimiz üçün elə bir mühit yaradıbdır ki, hər kəs seçkilərə qatılıb, fəaliyyətini və proqramını elan edə bilər
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, bildiyiniz kimi, Ermənistan tərəfi Xocalı hava limanının işə salınması üçün hazırlıqlara başlayıb. Belə olan təqdirdə Azərbaycanın bundan sonra atacağı addım nə olacaq?
- Məlum olduğu kimi, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq praktikada qanunlara uyğun olaraq işğala məruz qalan ölkələrin öz ərazisini işğalçılardan azad etmək hüququ var. BMT-nin Nizamnaməsinə görə, təcavüzə məruz qalan ölkə öz ərazisini azad etmək və ayrı-ayrı dövlətlərə, beynəlxalq təşkilatlara müraciət edərək ərazi bütövlüyünü bərpa etmək üçün fəaliyyət göstərmək imkanına malikdir. Azərbaycanın yürütdüyü xarici siyasət də bundan ibarətdir ki, biz sülh yolu ilə bu məsələni həll edək. Amma Ermənistan tərəfi bəzi xarici dairələrə arxalanaraq zaman-zaman vəziyyəti kəskinləşdirir, həmçinin, fitnəkar xarakterli hərəkətlərə yol verir. Bu hərəkətlər də istər-istəməz danışıqlar prosesinə mənfi təsir göstərir. Xocalı Azərbaycanın Dağlıq Qarabağda olan ən mühüm şəhərlərindən biridir. Bu şəhərdə mövcud olan hava limanı da zamanında Azərbaycan tərəfindən inşa olunub. Amma Xocalı şəhəri işğal olunduqdan sonra erməni tərəfi həmin bu hava limanından istifadə etməyə cəhdlər göstərib. Xocalı ifadəsi beynəlxalq aləmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və soyqırımı törətmək siyasətinin simvolu kimi xarakterizə edilir. İndiki şəraitdə də Ermənistan və onun işğalçı dairələri Xocalı hava limanını işə salmaq və İrəvandan Xocalıya təyyarə reysləri açmaq istəyir. Təbii ki, bu, qətiyyən yolverilməzdir. Beynəlxalq Aviasiya Agentliyi (BAA) bu və ya digər ölkələrin hava xətlərinin müəyyənləşdirilməsinə nəzarət edir. Hava məkanının pozulması birbaşa dövlət sərhədinin pozulması hesab olunur. Eyni zamanda, BAA bu və ya digər hava xəttinin açılması ilə əlaqədar razılıq verməlidir. Lakin Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini əvvəllər də olduğu kimi yenidən pozmaq istəyir və onlar hava xəttinin açılacağı haqda vaxtaşırı olaraq açıqlamalar, bəyanatlar verir, eləcə də, fitnəkar xarakterli çıxışlar edirlər. Əlbəttə, Ermənistanın işğal etdiyi ərazidə həyata keçirdiyi bu fitnəkarlıqlar beynəlxalq normalara uyğun olaraq cavablandırılmalıdır. Əslində, beynəlxalq təşkilatlar, ATƏT-in Mink qrupunun həmsədr ölkələri, eyni zamanda, ATƏT-in müvafiq qurumları, BAA danışıqlar prosesinin davam etdiyi bir vaxtda Ermənistan tərəfindən hava xəttinin açılmasının prosesə mənfi təsir göstərəcəyini bildiriblər. Lakin yenə də erməni tərəfi öz cəhdlərindən əl çəkmir. Bəs, gəlin görək, Ermənistan bu hava xəttini işə saldıqda Azərbaycan hansı addımları ata bilər? Birincisi, biz Beynəlxalq Aviasiya Agentliyinə müraciət etmişik və ATƏT-in Minsk qrupu həmsədlərinə bu barədə məlumat verilib. Azərbaycan tərəfi işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistanın həyasızcasına belə bir hava xətti açmasını qətiyyətlə pisləyib və buna qarşı çıxıb. Eləcə də, bunun bütövlükdə danışıqlar prosesinə ciddi mənfi təsir göstərəcəyini söyləyib. Azərbaycanın haqqı var ki, bu hava xətti işə düşdükdə təyyarə uçuşlarının qarşısını alsın. Əlbəttə, vəziyyətin gərginliyi göz önündədir və ölkəmiz səbrlə bu prosesi izləyir. Düşünürəm ki, beynəlxalq qurumlar, xüsusilə ATƏT və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu məsələdə Ermənistana ciddi təzyiq göstərməlidirlər. Əks təqdirdə, adı çəkilən bu dövlət Xocalı hava xəttini işə salarsa, bu təcavüzkarın qırmızı xətti növbəti dəfə keçməsi demək olacaq. Bu hava xəttinin açılmasına qarşı etirazlar var və biz bu istiqamətdə işlərimizi davam etdiririk.
- Məlum olduğu kimi, Rüstəm İbrahimbəyov yenə də Azərbaycanın əleyhinə müxtəlif səpkili çıxışlar edir, müsahibələr dərc etdirir. Hətta o son günlər verdiyi müsahibələrində ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı bəzi iddiaları dilə gətirib. Bu haqda nə deyə bilərsiniz?
- Rüstəm İbrahimbəyov siyasətçi deyil. O, ömrünün böyük bir hissəsini kino sənətinə və bədii yaradıcılığa həsr edib. R.İbrahimbəyov bildiyim qədər ömrünün çox hissəsini Rusiyada və digər xarici ölkələrdə keçirib. Beləcə, onun Azərbaycanla bağlılığı, ölkədən gedib-gəlməyi epizodik xarakter daşıyır. Hətta onun Amerikada mülkünün olması barəsində də məlumatlar var. Amma son dövrlərdə onun “Ziyalılar Forumu” adı altında bir qurumda tez-tez çıxışlarının şahidi oluruq. Hesab edirəm ki, siyasətə qoşulan şəxs açıqca bunu bəyan edərək, hansısa bir siyasi partiyada, qurumda fəaliyyət göstərməlidir və siyasətçi kimi də prosesdə iştirak etməlidir. R.İbrahimbəyovun nə istədiyi və nələrə can atdığı hələ ki, bəlli deyil. Əgər bu şəxs siyasətçi kimi çıxış etmək istəyirsə buyursun siyasi arenada fəaliyyət göstərsin. Mən onun nə Azərbaycan, nə də Rusiya vətəndaşı olmasını belə dəqiq bilmirəm. Azərbaycan azad, demokratik ölkədir. Ölkəmizdə keçirilən seçkilərdə istənilən Azərbaycan vətəndaşı qanun çərçivəsində iştirak edə bilər. Əgər R.İbrahimbəyov ölkəmizdə prezident seçkiləri ilə bağlı bu və ya digər prosesə qatılmaq istəyirsə, bunu gizlətməməlidir, əksinə, açıqca bəyan etməlidir. Amma hansısa fakta söykənməyən çıxışlar etmək yolverilməzdir. Buna görə də, YAP tərəfindən həmin insana qarşı adekvat cavablar verilir və veriləcək də. Azərbaycanda prezident seçkilərinin azad, şəffaf, ədalətli, demokratik keçirilməsində ən maraqlı tərəf hakimiyyətdir. Prezident İlham Əliyev bu gün dövlətimiz üçün elə bir mühit yaradıbdır ki, hər kəs seçkilərə qatılıb, fəaliyyətini və proqramını elan edə bilər. Heç kimə heç bir qadağa qoyulmayıb. Əgər R.İbrahimbəyov seçkilər ərəfəsində hansısa bir namizədi dəstəkləyəcəksə, onun vəkili olacaqsa gəlib sözünü deyə bilər. Hər bir kəs açıq fikirliliyin tərəfdarıdır. Əvvəllər R.İbrahimbəyov deyirdi ki, “Ziyalılar Forumu” siyasətə qarışmır, əksinə, ümummilli xarakterli məsələləri müzakirə edir və s. Azərbaycan xalqı sabitlik, iqtisadi inkişaf və rifah istəyir. Cənab Prezident İlham Əliyevdə öz siyasətini məhz bu istiqamətdə qurub və həyata keçirməkdədir. R.İbrahimbəyov enerjisinin çoxunu ermənilərin ölkəmizə qarşı təcavüzünün dəf olunmasına yönəltsə idi daha məqsədəuyğun olardı nəinki, fakta söykənməyən tezislərlə çıxış etmək.
- Seçki ilində İctimai Palata (İP) daxilində müxalifət nümayəndələri arasında intriqalar, konfiliktlər baş qaldırıb. Bu da qurumun parçalanmasına gətirib çıxarıb. Bununla belə radikal düşərgənin üzvləri primitiv yollara əl ataraq özlərinə haqq qazandırmağa çalışırlar. Bu barədə nələri demək olar?
- Bizim 600 min üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) və cənab Prezident İlham Əliyev kimi beynəlxalq miqyasda hamı tərəfindən qəbul edilən liderimiz var. Hətta bizlərin Ulu öndər Heydər Əliyevdən yadigar qalan və bu gün də inkişaf edən siyasi xəttimiz mövcuddur. Beləcə, bu siyasi xəttin uğuru da göz önündədir. İndiyədək keçirilən seçkilərdən öncə də müxalifət partiyaları müəyyən qurumlar yaradıblar. Bu qurumların da ömrü həmin seçkilərə qədər olub və heç yaşamayıb da. Ümumiyyətlə, siyasi təşkilat siyasi hakimiyyət üçün yaradılır. Eləcə də, siyasi hakimiyyət üçün yaradılan təşkilat da seçkilərdə (bələdiyyə, parlament, prezident) iştirak edir. Azərbaycanda 40-dan çox siyasi partiya var. Bu partiyaların da hər biri siyasi hakimiyyət uğrunda mübarizə adı altında öz namizədliyini irəli sürə bilər. YAP xeyli müddətdir ki, öz namizədini elan edib. Bizim partiyanın namizədi YAP-ın Sədri cənab İlham Əliyevdir. Mən Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətyönümlü mətbuata verdiyi müsahibəsini görəndə çox təəccüb etdim. O, inadkarcasına bildirir ki, mən siyasət adamıyam. Onun təbiri ilə desək, guya YAP-ın öz namizədini irəli sürməsi ilə bağlı tərəddüdləri var. Məhz buna görə də, YAP bu məsələni açıqlamır və s. Əgər İ.Qəmbər siyasətlə məşğuldursa, niyə o zaman prosesin necə getdiyini bilmir? Ya da ki, həmin bu insan hansısa işartılı ümidlərlə yaşayır. Müxalifət çox böyük yanlışlığa yol verir. Cənab İlham Əliyevin namizəd olacağı hələ neçə ay bundan əvvəl söylənilib. Sadəcə, namizədin rəsmi qaydada təqdimatı məsələsi qalıb. Mən İ.Qəmbərə demək istəyirəm ki, əgər siz siyasətlə məşğulsunuzsa birmənalı şəkildə dərk etməliydiniz ki, Azərbaycanda siyasi hakimiyyətin taleyini sizin düşündüyünüz kimi beynəlxalq aləm həll etmir. Azərbaycanda siyasi hakimiyyətin taleyini Azərbaycan xalqı həll edir. Bu 1992-ci il hadisələri deyil ki, hay-küylə hakimiyyətə gələsiniz. O vaxt sizin nümayəndəniz parlamentdəki çıxışı zamanı bildirmişdi ki, bizim gəlməyimiz 9 ölkə ilə razılaşdırılıb. Bu gün isə Azərbaycanın ən böyük üstünlüyü odur ki, ölkəmiz müstəqil siyasət yeridir və heç kimdən asılı deyil. Onların bu hərəkətləri sadəcə olaraq sadəlövh və gülüş doğuran bir yanaşmadır. Bizim apardığımız araşdırmalar, rəy sorğuları onu göstərir ki, seçkilərdə cənab İlham Əliyevin qələbə çalacağına heç bir şübhə yoxdur.

Paylaş:
Baxılıb: 1028 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30