Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / AŞPA siyasi sifarişi qəbul etmədi

AŞPA siyasi sifarişi qəbul etmədi

26.01.2013 [14:18]

Mübariz Qurbanlı: Siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması ölkə diplomatiyasının qələbəsidir
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı SƏS TV-yə müsahibə verib:
- Mübariz müəllim, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması Kristofer Ştrasserin bütün ümidlərini puça çıxardı. Amma Azərbaycanın radikalyönümlü müxalifət dairələri bunu məğlubiyyət yox, qələbə kimi öz xeyirlərinə yozmağa çalışdılar. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Bizim hər bir qələbəmiz, radikal müxalifət üçün onların məğlubiyyəti deməkdir. Hələ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bu məsələlər müzakirəyə çıxarılmamışdan əvvəl müxalifətin nəzarəti altında olan mətbuatda müxtəlif səpkili yazılar dərc edilmişdi. Onlar bir ağızla K.Ştrasserin məruzəsinin qəbul edilməsini təbliğ edərək müxtəlif çağırışlar edirdilər. Radikal müxalifət çalışırdı ki, K.Ştrasserin anti-Azərbaycan layihəsi AŞPA-nın sessiyasında qəbul olunsun. Məlum məsələdir ki, bu layihənin arxasında bəzi güclər dayanır. Həmin güclər “siyasi məhbus” adı altında Azərbaycana təzyiqlər etmək istəyirlər. Bu bizə, eyni zamanda, millətimizə, dövlətimizə, müstəqilliyimizə, eləcə də, Ermənistanın xeyrinə yönəlik təzyiqdir. Bunu anlamaq elə də çətin deyil. Mən çox şadam ki, Azərbaycan nümayəndə heyətinin apardığı səmərəli işlər, eləcə də, Milli Məclisin, Prezident Administrasiyasının və bütövlükdə Prezident İlham Əliyevin Avropa Şurasındakı şəxsi nüfuzu bu cür qərəzli layihənin həyata keçməsinin qarşısını aldı. Bir sözlə dövlət başçısının şəxsi nüfuzu, fəaliyyəti və gördüyü işlər həmin layihənin reallaşmasına şərait yaratmadı. Məhz buna görə də, müxalifət dairələrinin bizim beynəlxalq təşkilatlarda qələbəmizi hər zaman Azərbaycanın neftinə bağlı şəkildə göstərməsi, kimisə satın almaqla bağlı iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Əgər Avropanı satın almaq mümkün olsaydı, onda Avropa heç Avropa olmazdı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda “siyasi məhbuslarla” bağlı məruzənin qəbul olunmaması ölkə diplomatiyasının qələbəsi və uğurudur. Biz bütün sahələrdə bu kimi qələbələrimizi davam etdirməliyik. Bu gün Azərbaycan cəmiyyətində dialoq, sabitlik və inkişaf mövcuddur. Bizim hər birimiz əl-ələ verib, dövlətimizin üzləşdiyi problemləri aradan qaldırmaq üçün çalışmalıyıq.
- Ötən gün YAP-ın 2012-ci ildə fəaliyyətinə dair hesabatı, maliyyə hesabatı müzakirə edilərək təsdiq edildi. YAP Azərbaycanda yeganə partiyadır ki, hər altı aydan bir maliyyə hesabatını açıqlayır. Bəs, ölkədə fəaliyyət göstərən digər partiyalar niyə maliyyə hesabatları ilə bağlı müzakirələr aparmır? Bu həmin partiyaların vergidən yayınması kimi xarakterizə edilə bilərmi?
- Biz bütövlükdə bütün məsələlərdə şəffaflığın tərəfdarıyıq. YAP-ın maliyyə hesabatı hər altı aydan bir tam şəkildə cəmiyyətə çatdırılır. Bizim partiyanın maliyyəsi hakim partiyanın üzvlərinin verdikləri üzvlük haqları və ianələr hesabına formalaşır. Bununla da, hakim partiyanın topladığı vəsait YAP-ın fəaliyyətinə, onun genişlənməsinə, təşkilatlanmasına, eləcə də, təbliğat işinin yüksək səviyyədə aparılmasına, əməkhaqlarına və s. digər cari xərclərə sərf olunur. Bu gün YAP-ın rayon və şəhər təşkilatları ilə birlikdə 500-dən artıq ştat cəvəlində fəaliyyət göstərən işçiləri vardır. Bununla belə, hakim partiyanın üzvlərinin sayı 600 minə çatıb. YAP-ın bütün məsələlərdə istər vergi orqanları, istər sosial müdafiə, istərsə də ödəmələrlə bağlı heç bir problemi yoxdur. Məhz buna görə, iqtidar partiyası ölkədə fəaliyyət göstərən digər partiyaları da şəffaflığa əməl etməyə, öz maliyyə mənbələri və qaynaqları haqqında məlumatları cəmiyyətə çatdırmağa çağırır. Biz şübhəli mənbələrdən qidalanan partiyaların bütövlükdə milli maraqlara zidd hərəkətlər edəcəyini görürük. Bir sözlə, “pulu kim verirsə, musiqini də o sifariş verir”. Bugünkü, radikalların əldə etdikləri vəsaitlər hardan qaynaqlanırsa, birmənalı olaraq həmin insanlar tabe olduqları şəxslərin sifarişlərini yerinə yetirirlər. Təbii ki, bu sifarişlər də bizim maraqlarımıza uyğun deyil. Hesab edirəm ki, maliyyə mənbələrini göstərməyən partiyalar qanunazidd hərəkətlərə yol verirlər. Məlumdur ki, ilk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində siyasi partiyaların fəaliyyəti ilə bağlı qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanunun icrası üçün 2 milyon manatdan çox vəsait ayrılıb. Bundan sonra isə dövlət büdcəsindən həmin maliyyəni alan partiyalar hesabat verməyə bilməzlər.
- Bildiyiniz kimi, bu ilin aprel ayında Bakıda Davos İqtisadi Forumu keçiriləcək. Ümumiyyətlə, bu forumun ölkəmiz üçün başlıca əhəmiyyəti nədən ibarət olacaq?
- Davos İqtisadi Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya iqtisadi sistemində və münasibətlərində rolunun daha da artdığını göstərir. Biz ölkəmizdə bir çox beynəlxalq yarışların, tədbirlərin keçirilməsinə ev sahibliyi etmişik. Bildiyiniz kimi, ötən il Bakıda YAP-ın təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirildi. Prezident İlham Əliyev bütövlükdə öz siyasətində Azərbaycanın dünya miqyasında daha geniş şəkildə tanıdılmasına və münasibətlərimizin çoxşaxəli məcrada davam etdirilməsinə tərəfdardır. Bu forum ölkəmiz üçün ideoloji-siyasi, iqtisadi münasibətlərin, investisiya layihələrinin qarşılıqlı həyata keçirilməsi baxımından çox ciddi əhəmiyyət kəsb edir. Bu bizim Ermənistan üzərində növbəti mənəvi qələbəmiz sayılır. Bu kimi forumlar dövlətimizi dünyada tanıtdırmaqla, gücləndirməklə həm də işğalçı Ermənistan üzərində mənəvi, siyasi, diplomatik qələbəmizi təmin edir.
- Mübariz müəllim, müxalifətin radikal qanadı İsmayıllı rayonunda baş vermiş hadisələri əsas tutaraq növbəti aksiyalarını keçirməyi planlaşdırır. Buna münasibətiniz necədir?
- Mən bu cür aksiyaların uğurlu olacağını hər zaman olduğu kimi yenə də gözləmirəm. Radikal müxalifət bu aksiyaları mütəmadi təşkil etməklə öz mənafelərini həyata keçirməyə çalışır. Müxalifət həmişə öz mövcudluğunu sübut etməyə çalışıb. Amma hər dəfə də, iflasa uğradıqları zaman məlum olur ki, bunlar heç də dedikləri kimi mövcud deyillər. Bir sözlə, bu insanlar yalnız kağız üzərinə formalaşıblar.

Paylaş:
Baxılıb: 966 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30