Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Səfir İoannis Metaksas: Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və tərəflər bundan faydalanmalıdır

Səfir İoannis Metaksas: Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və tərəflər bundan faydalanmalıdır

01.02.2013 [00:22]

Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas AzərTAc-a məxsusi müsahibəsində Azərbaycan-Yunanıstan əlaqələrinin ən mühüm istiqamətləri və perspektivləri barədə danışıb.
- Cənab səfir, ilk sualım Yunanıstan haqqında olacaqdır. Ölkənizdəki hazırkı vəziyyət barədə nə deyə bilərsiniz?
- Hazırda Yunanıstanda üç partiyadan ibarət koalisiya hökuməti fəaliyyət göstərir. Hökumət ölkənin Avrozonada qalması üçün bir çox prioritetlər müəyyənləşdirmişdir. Eyni zamanda, əvvəlki hökumət tərəfindən qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün xeyli səy göstərmişdir. İnkişafa doğru yol qət etmişdir. Sevindirici haldır ki, ötən ilin iyunundan bəri atılan addımlar bəhrəsini vermişdir. Bu ildən isə Yunanıstan hökuməti ölkənin əvvəlki inkişaf yoluna qayıtması üçün işlərə başlamışdır. Bu, asan vəzifə deyildir. Bu, çox çətin prosesdir. Gündəlikdə bir çox siyasi məsələlər də vardır. Amma əsas məsələ odur ki, Yunanıstan vahid Avropa məkanındadır.
Tərəfdaşlarımız bizə həmrəylik nümayiş etdirirlər, dəstək olurlar. Biz də öz növbəmizdə təkcə üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməklə kifayətlənmirik, daha çox iş görmək istəyirik. Elə bu əsnada böyük özəlləşdirmə proqramına start verildiyini qeyd etmək istəyirəm. Yunanıstanın İctimai Qaz Şirkəti və onun qazpaylayıcı şirkəti, - Azərbaycanda bu şirkətləri çox yaxşı tanıyırlar, - mən DEPA və DESFA-nı nəzərdə tuturam. DESFA-nı almaq istəyən şirkətlər arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) də vardır. Bu, mənim üçün xoşdur. Bu, məhz ondan xəbər verir ki, şirkət Yunanıstanın sabitləşdirmə və inkişaf üzrə səylərinə qoşulur, daha yaxın tərəfdaş olmaq istəyir. Əlbəttə, biz tenderin başa çatmasını gözləməliyik. Amma digər tərəfdən ARDNŞ-in bu prosesdə iştirakı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə töhfəsini vermək istəyinin bariz nümunəsidir.
Yunanıstan, həmçinin turistlər üçün cəlbedici məkandır və Azərbaycandan olan turistləri qəbul etməyə hazırdır. Yunanıstanda vəziyyət sabitdir. Xarici vətəndaşlar üçün risk mövcud deyildir. Bu il biz rekord sayda turistləri qəbul etməyə hazırlaşırıq.
- Siz təcrübəli diplomat kimi Azərbaycan-Yunanıstan əlaqələrini müasir mərhələdə necə qiymətləndirirsiniz?
- Ümumilikdə əlaqələrimiz əladır. Bildiyiniz kimi, əvvəlki illərdə bu istiqamətdə xeyli addımlar atılmışdır. Qarşılıqlı səfərlər olmuşdur. Buraya Azərbaycan və Yunanıstan dövlət başçılarının, eləcə də nazirlərin qarşılıqlı səfərləri daxildir. Xeyli müqavilə imzalanmışdır. Gələcəkdə yeni müqavilələrin imzalanması nəzərdə tutulmuşdur. Qarşılıqlı iqtisadi münasibətlər hər zaman genişlənir və möhkəmlənir.
Mən münasibətlərimizi yüksək qiymətləndirirəm. Amma əlbəttə ki, biz hər zaman daha çox iş görə bilərik. Deyə bilərəm ki, Azərbaycanın Yunanıstandakı səfirliyi də çox böyük işlər görür. Sizin Afinadakı səfirinizlə çox söhbətlərimiz olur. Biz bərabər, eyni xətt üzrə işləyirik. Hər iki səfirlik ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində mümkün olan hər bir şeyi etmək üçün səy göstərirlər. Bu səylər ona görədir ki, gələcəkdə iqtisadi münasibətlər daha da inkişaf etsin.
Səfərlərə gəlincə, ümidvaram ki, 2013-cü ildə bu, davam edəcəkdir. Hazırda həmin səfərlərin proqramları müzakirə mərhələsindədir. Onu deyə bilərəm ki, Yunanıstan hökuməti Azərbaycan ilə əlaqələri inkişaf etdirmək üçün nəinki nəzəri yollardan istifadə edir, hətta hökumətin xeyli üzvü Azərbaycana gəlməyə və həmkarları ilə müzakirələr aparmağa, münasibətlərimizin genişləndirilməsi üçün bütün mümkün variantları nəzərdən keçirməyə hazırdır. Mən buna müsbət baxıram və düşünürəm ki, yaxın vaxtlarda həmin proqramları reallaşdırmaq mümkün olacaqdır.
- Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? Ümumiyyətlə, enerji təchizatında Yunanıstanın gözləntiləri nədən ibarətdir?
- Bəli, enerji təhlükəsizliyi Avropa üçün çox vacibdir. Əlbəttə ki, Azərbaycanın yeri xüsusidir, çünki Avropa İttifaqı və Azərbaycan enerji sahəsində strateji tərəfdaşdırlar. Yunanıstana gəlincə, deyə bilərəm ki, Azərbaycandan birbaşa qaz almaq üçün uzun müddətdir ki, ölkənizlə sıx əlaqədəyik. Ötən illərdən bəri Azərbaycandan ildə bir milyard kubmetr və ya daha artıq qaz almaq üçün danışıqlar aparılmışdır. Biz bu danışıqları davam etdiririk. Düşünürük ki, hazırda Azərbaycanın “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi ilə bağlı gördüyü işlər, yaranmış mühit bizi daha xoş düşünməyə, bir gün Azərbaycandan Yunanıstana birbaşa qazın göndəriləcəyinə daha ümidlə baxmağa imkan verir. Bildiyiniz kimi, biz TAP (Transadriatik boru kəməri) layihəsini dəstəkləyirik. Ümid edirik ki, əgər reallaşarsa, bu, Azərbaycan qazının Yunanıstana nəqli, eyni zamanda, mənim ölkəm vasitəsilə Avropaya çatdırılması üçün imkan yaradacaqdır. Biz bu layihəyə böyük ümidlər bəsləyirik. “Şahdəniz-2”, eləcə də TAP layihəsini dəstəkləyirik. Yəqin ki, yaxın aylarda lazım olan bütün qərarlar veriləcəkdir. Əminəm ki, TAP layihəsi reallaşsa bu, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində də böyük addım olacaqdır.
- Bizim dövlətlərimiz arasında əməkdaşlığın əsas prioritetləri hansılardır?
- Biz artıq enerji sahəsindəki əlaqələr barədə danışdıq. Ona görə başqa sahələr barədə danışacağam. Hər şeydən əvvəl, onu deyim ki, ölkələrimizin iqtisadiyyatı bir-birini tamamlayır. Bu, o deməkdir ki, son illər ərzində iqtisadiyyatlarımız yüksək texnologiyalar sahəsində xeyli inkişafa nail olmuşdur. Biz Azərbaycana xeyli məhsul, xidmət və yeni texnologiyaları təklif edirik. Məhsullara gəlincə, buraya ərzaq, zeytun yağı, şərablar daxildir. Çox şadam ki, artıq yerli bazarda yunan zeytun yağına rast gəlmək mümkündür.
Digər sahələrə gəlincə, mənim ölkəm Azərbaycanda hazırda böyük marağa səbəb olacaq istehsal sahələrinə malikdir. Misal üçün, əczaçılıq. Bizdə əczaçılıq sahəsi çox inkişaf etmişdir və hazırda dünyanın bir çox ölkələrinə dərman məhsullarını ixrac edirik. Alüminium məhsullarını, beynəlxalq standartlara cavab verən boruları təklif edirik. Bunlardan Azərbaycanın həyata keçirdiyi müxtəlif layihələrdə istifadə oluna bilər. Daha sonra proqram təminatı, informasiya texnologiyaları sahələrində də məhsulları təklif edirik. Biz artıq bu bazarda mövcuduq və çox fəalıq. Əməkdaşlıq üçün digər sahə isə turizmdir. Biz Azərbaycanın turizm sahəsinin inkişaf etdirilməsi üçün texnologiyaların hazırlanmasında kömək göstərməyə hazırıq. Yunanıstan Azərbaycan tərəfinin istənilən müraciətini müsbət cavablandırmağa hazırdır. Bütün bu illər ərzində, eləcə də gələcəkdə Yunanıstanın gəmiləri Azərbaycanın xam neftini Asiyaya daşımaqda davam edəcəkdir. Yunanıstanın gəmi sənayesi dünyada birinci yerdədir. Beləliklə, düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və tərəflər bundan faydalanmalıdır.
- Artıq beş ildir ki, Siz Yunanıstanın Azərbaycandakı səfiri vəzifəsində çalışırsınız. Azərbaycanda mövcud tolerantlıq mühiti necə qiymətləndirirsiniz?
- Bu, mənim üçün çox böyük bir təcrübə olmuşdur. Bir çox maraqlı insanlarla görüşmüşəm. Mən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr ilə görüşmüşəm. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc şəraitdə birgə yaşayırlar. Burada insanlar açıqfikirlidir. Hər il Milad bayramı ərəfəsində məni görənlər “Milad bayramınız mübarəkdir!” deyirlər. Bu, o deməkdir ki, onlar sənə qarşı açıqdırlar. Əlbəttə ki, biz də qarşılıqlı münasibət göstərməyə çalışırıq. Azərbaycanın əhalisi çox açıqdüşüncəlidir. Bəs bu niyə belədir?! Çünki bura Avropanın bir hissəsidir. Çünki azərbaycanlılar avropalılardır. Bu, o deməkdir ki, burada yaşayanlar digərlərini başa düşür və Avropa qitəsinin digər sakinləri də buranın əhalisini o şəkildə başa düşməlidirlər. Mən Azərbaycanda tolerantlığın mövcudluğunun, burada müxtəlif dinlərin birlikdə sülh şəraitində yaşadığının şahidiyəm. Azərbaycanı tolerantlıq sahəsində nümunə göstərmək olar.
- Bildiyiniz kimi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasında (PANİA) Yunanıstanın milli xəbər agentliyi - AMNA ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün Siz nə təklif edərdiniz?
- Bu, əməkdaşlıq üçün çox böyük sahədir. İnanıram ki, bu hamının faydalana biləcəyi bir platformadır. Zənnimcə, bu platforma sensasiya xatirinə məlumatları paylaşmaq üçün deyildir. Bu platforma müsbət xəbərləri digərləri ilə paylaşmaq üçün bir vasitədir. Düşünürəm ki, beynəlxalq medianın əsas vəzifələrindən biri məhz bu olmalıdır. Bilirsiniz ki, ötən üç ildə Yunanıstan çox çətin mərhələdən keçmişdir. Beynəlxalq media mənim ölkəmdə baş verən yalnız pis hadisələri işıqlandırır. Onlar yunanların vahid Avropa ailəsi daxilində böhranın qarşısını almaq üçün necə ləyaqətlə sinə gərdiyini, onunla mübarizədə göstərdiyi səyləri işıqlandırmağı unutdular. Bu baxımdan media vasitələri arasında əməkdaşlıq müsbət səylərin, trendlərin görünüb bilinməsi, eyni zamanda, işıqlandırılması, geniş ictimaiyyətə çatdırılması baxımından çox vacibdir.
Beynəlxalq media Azərbaycana da eyni münasibəti göstərir. Azərbaycanda iqtisadi inkişaf gedir və addımbaşı bunu görmək olar. Bu inkişafın arxasında xeyli insan dayanmışdır. Bunun arxasında səhərdən axşamadək məsuliyyətlə çalışan insanlar dayanır. Avropa ictimaiyyəti bunu başa düşməli və qiymətləndirməyi bacarmalıdır. Dünyanın bu hissəsində heç kəsin gözləmədiyi halda belə iqtisadi möcüzə baş verir. Bunu tapmaq, göstərmək, qiymətləndirmək lazımdır. Bu baxımdan medianın rolu çox mühümdür. AzərTAc bu möcüzənin arxasında insanların dayandığını, onların səyləri nəticəsində bunun baş verdiyini anlatmağa çalışır. Bu sahədə AzərTAc-ın səylərini müsbət qiymətləndirirəm. Sizi təbrik edirəm. İşinizin miqyasının nə qədər böyük olduğunu bilirəm. Hər gün sizin saytınızda xəbərləri oxuyanda bunun şahidi oluram.
- Cənab səfir, bizə müsahibə verdiyiniz üçün çox sağ olun. Sizə diplomatik missiyanızda uğurlar arzulayırıq.
- Cox sağ olun.

Paylaş:
Baxılıb: 1147 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30