Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hər bir jurnalist qələm sahibi olmaqla yanaşı vətəndaşdır

Hər bir jurnalist qələm sahibi olmaqla yanaşı vətəndaşdır

19.07.2013 [09:59]

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov www.yap.org.az saytına müsahibə verib:
- Azərbaycanda milli mətbuatın yaranmasının 138 illiyi tamam olur. Azərbaycan mətbuatının bu illər ərzində inkişafını necə dəyərləndirirsiniz?
- 1875-ci ildə dahi mütəfəkkir və ailm Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini yaratması təkcə mətbu ənənələrin təşəkkülü ilə deyil, milli özünüdərkin və şüurun formalaşması mərhələsi kimi də xarakterizə olunur. Ondan sonrakı milli nəşrlər bu təməli daha da möhkəmləndirərək xalqı 1918-ci ildə qazanılan dövlət müstəqilliyi ideyasına daşıyıb, bu yolda etibarlı bələdçi olub. Lakin 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda müstəqil mətbuatın yenidən bərpası üçün 70 illik bir dövr yaşanıb. Bu mərhələni gerilik dövrü kimi xarakterizə etmək də düzgün olmazdı. Mövcüd zaman kəsiyində milli mətbuatımız yeni yaradıcılıq çalarları əldə edib, qazandığı nailiyyətlərlə əsrin əvvəlində oynadığı missiyanı yenidən təkrarlayıb, beləliklə, Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşmasında müstəsna pay sahibinə çevrilib.
22 iyul tarixi dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi misilsiz nemətdir. Bu, yalnız “Əkinçi”yə, onun yaranmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabiyə verilən yüksək qiymət deyil, eyni zamanda, 138 ildə keçilən çətin, məşəqqətli, ancaq çox şərəfli yola, media təmsilçilərimizə istiqamətlənən dəyərdir. Biz özümüzü elə ona görə də, xöşbəxt saya bilərik ki, milli mətbuatımızın tarixi “Əkinçi” kimi məramı aydın, dili rəvan, peşəkarlığı nümunə olan bir nəşrlə başlayıb. Fəxr edilməli məqam odur ki, hazırda ölkə mediası ilə bağlı gerçəkləşən proseslər 138 ildə keçilən yolun, ənənənin davam etdiyini dolğun faktlarla ortaya qoyur.
- Bu günlərdə Azərbaycan jurnalistlərinin VI qurultayı keçirildi. Qurultay Mətbuat Şurasının yeni tərkibini seçdi. Bu ali məclis həm də Şuranın 10 illiyinə təsadüf etməsilə əlamətdardır. Necə düşünürsünüz, Mətbuat Şurasının yaranmasının və fəaliyyətinin ölkə mətbuatının inkişafına nə kimi təsiri oldu?
- Mətbuat Şurası bir ictimai institut olaraq, Azərbaycanda medianın təmiz adını özünə qaytarması, “Əkinçi” ənənələrinin bərpası üçün üzərinə düşən bütün işləri həyata keçirib və keçirməkdədir. Uğurlarımız da olub, problemlərimiz də. Düşünürəm ki, Şuranın “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərini izləmək bu mənada canlı təsəvvür yaratmağa kifayət qədər yardımçı ola bilər.
Digər tərəfdən, bu illər ərzində jurnalistlər Mətbuat Şurasının timsalında öz çətinliklərini, hətta şəxsi işlərini də söyləyə biləcək, belə demək mümkünsə, kürsü qazanmağa müvəffəq olublar. Əlbəttə, bizdən narazılar da yox deyil. Nə də bütün problemlərin həlli bizdədir. Yenə də qeyd edim ki, Mətbuat Şurası ictimai qurumdur. Bəlkə də bu format bizə daha çox sərbəstlik verir. Sözsüz ki, işimizdə, elə “reket jurnalistika” kimi bir bəla ilə mübarizədə kifayət qədər çətinliklər yaradır. Bəzən mətbuat adına ləkə gətirən elələrini görürsən ki, nəyi necə etməli olduğunu yaddan çıxarırsan. Lakin mediamızın hazırkı problemlərinin ictimai müzakirəsini təşkil etmək, həmin diskussiyalar barədə geniş ictimaiyyəti məlumatlandırmaq kimi missiyamız var. Zənnimcə, bu fəaliyyət cəmiyyətə Azərbaycan mətbuatını daha yaxından tanıtdırmaq, jurnalistikanın haradasa itmiş nüfuzunun bərpası baxımından əhəmiyyətli sayılmalıdır.
Mətbuat Şurasınadək media ilə bağlı narazılıqlar məhkəmə müstəvisinə qalxırdı. Bu isə kütləvi informasiya vasitələrinin təmsilçilərinin uzun-uzadı məhkəmə prosesləri ilə üzləşmələrinə gətirirdi ki, yekunda nəticə etibarilə jurnalist yaradıcılığı üçün vaxt məhdudiyyəti yaranırdı. MŞ-də isə şikayətlərin araşdırılmasında sadə prosedur tətbiq olunur. Yəni jurnalistlər vaxt itkisi ilə üzləşmirlər. Böyük anlamda isə Şura fəaliyyətə başlayandan medianın məhkəmələrlə üzləşməsi faizində nəzərəçarpacaq azalmalar baş verib ki, fikrimcə, bunu da müsbət məqam kimi vurğulamaq mümkündür.
Onu da deyim ki, Mətbuat Şurası indiyədək müxtəlif qanunvericilik təşəbbüsləri ilə çıxış edib. Bu mənada “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi aktual səciyyə daşıyan sənədin hazırlanmasını vurğulamaq istərdim. Jurnalistikanın inkişafı baxımdan müstəsna məqam sayılan diffamasiya təşəbbüsləri ilə çıxış edən Şura, həmçinin, bununla bağlı qanun layihəsini də ortaya qoyub. Sənəd müvafiq instansiyalara təqdim edilib. Göründüyü kimi, ortada kifayət qədər geniş spektrli fəaliyyət var və hesab edirəm ki, bunun inkişafda özünəməxsus yeri və rolu nə vaxtsa bir proses kimi vətəndaşlıq hüququ alacaq.
- Ötən 138 illik tarixə nəzər salarkən mətbuatımızın bugünkü vəziyyətinə və jurnalistlərin peşəkarlıq səviyyəsinə də diqqət yetirmək zərurəti yaranır. Mövcud istiqamətdəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Mətbuat Şurası jurnalistlərin peşəkarlıqlarının artırılmasına, ixtisasları üzrə biliklərinin dərinləşdirilməsinə həmişə böyük önəm verib. Mövcud istiqamətdə müxtəlif qurumlarla birgə layihələr reallaşdırıb və indi də davam etdirilməkdədir. Əlbəttə, Azərbaycan mediasında qeyri-peşəkarlıq meyilləri özünü göstərir. Vaxtilə daha çox nəzərə çarpan cəhət sırf qərəzli münasibət səbəbilə müşahidə edilən qeyri-peşəkarlıq olub. Hazırda isə jurnalistlər əksər hallarda bilməyərəkdən buna yol verirlər ki, mövcud amil maarifləndirmə tədbirlərinin gücləndirilməsini zəruriləşdirməkdədir.
Məsələ ilə əlaqədar növbəti məqam kimi yenə də iqtisadi çətinliyin üzərində dayanmaq istərdim. Jurnalist də bir fərddir. Prinsip etibarilə o cəmiyyəti düşünür. Amma tale elə gətirib ki, onun özünü düşünən olmayıb. Nəticədə tez-bazar material hazırlayıb qonararını artırmaq istəyi peşəkarlıqla bağlı cəhətləri ikinci plana atıb. Əslində, bu cəhdlər də həyat şəraitinin normallığı üçün yetərli olmayıb. Bu mənada son illər həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyəti böyükdür. Xüsusən jurnalistlər üçün artıq inşası başa çatmış və sakinlərini gözləyən binanın inşasını vurğulamaq istərdim.
Məlum olduğu kimi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair təkliflər Mətbuat Şurası İdarə Heyəti üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə 2010-cu ildə Milli Mətbuat Günündə keçirilən görüşündə səslənmişdi. Dövlət başçısı təkliflərimizə böyük həssaslıqla yanaşaraq bu gün sakinlərinin istifadəsinə verilməyə hazır olan binanın tikintisi ilə bağlı Sərəncam imzaladı. Bu, son dərəcə vacib məsələ idi. Eyni zamanda, yeni bir mərhələnin başlanğıcı idi. Jurnalist peşəsi imtiyaz qazanırdı. Bu peşənin daşıyıcısında əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyinə təminat yaranırdı. Düşünürəm ki, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşması tezliklə onların peşəkarlıqlarının qənaətbəxş sayıla biləcək səviyyəyə çatmasına da şərait yaradacaq.
- Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini qənaətbəxş hesab etmək olarmı?
- Ümumən söz və mətbuat azadlıqları sahəsindəki vəziyyətin qənaətbəxşliyini bildirib fikrini müəyyən faktlarla əsaslandıranlar da var, normal olmadığını iddia edib arqumentlər gətirənlər də. Hər birinin düşüncəsinə hörmətlə yanaşsam da, baxışlarını tam mənada bölüşə bilmərəm. Çünki hər şeyin qaydasında olduğunu iddia etməyi doğru saymıram. Digər tərəfdən, narazıların böyük qisminin siyasi məqsədlər güdmədiklərinə şübhəylə yanaşıram.
Real vəziyyət budur ki, vaxtilə KİV-lərin dövlət qeydiyyatını asanlaşdırmaq üçün mübarizə aparanlar və bunun qanuniləşməsinə çalışanlar indi peşmançılıq duyurlar. Bunun üçün əsasları var - ölkədə 5000-ə yaxın KİV dövlət reyestrindən keçib. Onların böyük əksəriyyətinin fəaliyyəti sivil media prinsiplərinə, demokratik dəyərlərə zidd olacaq qədər “azaddır”. Ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyəti xarakterizə edərkən bu məqama mütləq diqqət yetirmək zəruridir.
Mətbuat Şurası diffamasiyanın dekriminallaşdırılmasını, yəni cinayət müstəvisindən mülki müstəviyə salınmasını prinsipial məsələ kimi qəbul edir. Mövcud istiqamətdə tədbirlər reallaşdırıb. Amma ölkədə diffamasiya mühitinin tam formalaşdığını söyləmək olmur. Həmin 5000-ə yaxın olan sayın böyük əksəriyyətinin fəaliyyəti diffamasiyadan sonrakı mərhələnin demokratik dəyərlərə, söz və mətbuat azadlığı prinsiplərinə kölgə salmayacağına təminat vermir.
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edilib. Sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu formalaşdırılıb. Fondun jurnalist təşkilatları və KİV redaksiyaları arasında keçirdiyi layihə müsabiqələrinin, həmçinin, fərdi jurnalist yazıları müsabiqələrinin mövzularında söz və mətbuat azadlığı prinsiplərinə xüsusi önəm verilir. Bütün bunlar mövcud sahədə əsaslı irəliləyişlərə nail olmaq üçün mühüm vasitələrdir. Çünki bütün problemlər kimi söz və mətbuat azadlığı ilə bağlı çətinliklərin də kökündə iqtisadi amillər dayanır. Elə şərait yaradılmalıdır ki, həqiqi jurnalistlər birbaşa öz işləri ilə məşğul olsunlar. Bu, onların həm peşəkarlığını artıracaq, həm də hadisə və proseslərə qərəzsiz yanaşma tərzini formalaşdıracaq.
- Mətbuat Şurası 2010-cu ildə özünün Ali Media Mükafatını təsis etdi. Ötən müddətdə bu mükafatların təqdimatı keçirilib. Bu il də ənənə davam etdiriləcəkmi?
- Ali Media Mükafatının təqdimatında məqsəd jurnalistika sahəsində önəmli xidmətləri olan, bu gün də səmərəli fəaliyyətini davam etdirən şəxslərin əməyinin dəyərləndirilməsidir. Söhbət mediamızın dünəni və bu günü ilə bağlı diqqətəlayiq xidmətlərdən gedir.
Ümumən jurnalistika sahəsində fəaliyyət göstərən insanları bir neçə qrupa bölmək mümkündür. Bunlardan bir qismi sahənin tarixi, nəzəri məsələlərini araşdırır, qiymətli elmi məxəzlər ortaya qoyur. Digər qismə yaradıcı jurnalistlər daxildir. İmzalarına mütəmadi olaraq rast gəlirik. Üçüncülər isə bir növ ictimai fəaliyyətlə məşğuldurlar. Əksəriyyəti müxtəlif media qurumlarını təmsil edir. Onlar jurnalistikanın hazırkı problemlərini müəyyənləşdirir və cəmiyyətə çatdırır, bununla da media ilə ictimaiyyət arasında körpü rolunu oynayır, ictimaiyyətin həmin problemlərə reaksiyasının formalaşmasını təmin edirlər. Ali Media Mükafatı sadaladığım keyfiyyətlərə malik insanların əməyinin qiymətləndirilməsi prinsiplərini eyni müstəvidə birləşdirir. Hesab edirəm ki, bu təqdimatın özü də bir ənənədir və bu il də davam edəcək.
- Sonda ölkə jurnalistlərinə Milli Mətbuat Günü münasibətilə bayram sözünüzü eşitmək istərdik.
- Media əhli peşə bayramından söhbət düşəndə deyir ki, 22 iyul hər birimizin Həsən bəy Zərdabi ruhu önündəki hesabatıdır. Mən jurnalistlərimizə ilk növbədə həmin hesabatı alnıaçıq, üzüağ verməyi arzulayıram. Bunun üçün isə hamımızın qarşısında duran ən mühüm vəzifə yüksək peşəkarlıq xüsusiyyətlərinə yiyələnmək, əldə edilən bilikləri və təcrübəni bir qədər də dərinləşdirmək və ümumilikdə mətbuatımızın səviyyəsini yüksəltmək, onun vətəndaş cəmiyyəti quruculuğu prosesində aktiv iştirakına nail olmaqdır. Hər bir jurnalist qələm sahibi olmaqla yanaşı, vətəndaşdır - anadır, atadır, qardaşdır, bacıdır, ailə sahibidir. Onların hər birinə möhkəm cansağlığı, ailə səadəti, uzun və firavan ömür arzulayıram.

Paylaş:
Baxılıb: 1086 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30