Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günüdür

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günüdür

01.08.2013 [09:39]

Məsud Mahmudov: Azərbaycan dili və əlifbası keçmiş MDB məkanında yaşayan digər türkdilli respublikalar üçün örnəkdir
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor, Azərbaycan və Qazaxıstan Dövlət Dil Komissiyalarının üzvü Məsud Mahmudovdur:
- Məlum olduğu kimi, hər il 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. İstərdik, bu gün barəsində oxucularımıza ətraflı məlumat verəsiniz...
- 2001-ci ilin avqustunda müstəqil Azərbaycan Respublikasının həyatında mühüm bir hadisə baş verdi. Təxminən 10 illik keçid dövründən sonra 2001-ci il avqustun 1-dən Azərbaycanda bütövlükdə və tam şəkildə latın qrafikalı yeni Azərbaycan əlifbasına keçildi. Yeni əlifbaya keçidin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində olduqca mühüm hadisə olduğunu nəzərə alan Ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanlı avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili Günü elan olundu. O vaxtdan hər il Azərbaycan əlifbası və Azərbaycan dili Günü ən əziz bayramlardan biri kimi qeyd olunur.
Azərbaycan dili və əlifbası keçmiş MDB məkanında yaşayan digər türkdilli respublikalar üçün örnəkdir. Məlum olduğu kimi, Krım tatarları və Qazaxıstan Respublikasında da latın qrafikalı əlifbaya keçid sahəsində intensiv işlər aparılmaqdadır. Sevindirici haldır ki, bir çox türkdilli respublikalarda latın qrafikalı Azərbaycan əlifbasına keçid təcrübəsi öyrənilir, bizim bu sahədə nailiyyətlərimiz örnək kimi götürülür. Bu da gələcəkdə ortaq türk əlifbasına keçidi həyata keçirmək imkanı yaradır. Yaxın zamanlarda digər türkdilli respublikalarda da latın qrafikalı milli əlifbaya keçidlə bağlı əlifba gününün bayram edilməsi günümüzün reallığıdır.
- Ölkəmizdə dilçiliklə bağlı vəziyyət hansı səviyyədədir? Dilçilər dövlətimizin qayğısını öz üzərlərində hiss edirlərmi?
- Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət siyasətinin əsas prioritetlərindən biri olan elm sahəsində də uğurlu islahatlar aparılmaqdadır. Bu islahatlar elmi-texniki potensialın qorunub saxlanılması, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 10 aprel tarixli Sərəncamına əsasən Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyası yaradılıb, həmin komissiya tərəfindən respublikamızda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanıb. Elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının icrası ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2015-ci ilədək inkişaf konsepsiyası və fəaliyyət proqramı hazırlanıb və AMEA Rəyasət Heyətinə təqdim olunub. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli 2236 nömrəli Sərəncamı və bunun ardınca 29 may 2012-ci ildə imzalanmış 2240 nömrəli “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” növbəti Sərəncam Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin inkişafına dövlət qayğısının bariz nümunəsidir. Bu proqram Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı hazırlanmış Dövlət Proqramına uyğunlaşdırılıb.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamında Azərbaycan dilinin tarixən keçdiyi inkişaf yolu təhlil olunur və göstərilir ki, müasir Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən biridir. Xüsusi olaraq qeyd olunur ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra, eləcə də 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun yaranması ilə Azərbaycan dilçiliyi sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” 02 yanvar 2003-cü il tarixli fərmanları Azərbaycan dilinin inkişafında yeni mərhələ olmuşdur. Bu müddət ərzində bir çox işlər görülmüş, ədəbi dilimizin fəaliyyət meydanı genişlənmiş, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər, bədii ədəbiyyat nümunələri çap olunaraq xalqın istifadəsinə verilmişdir.
Bu uğurların qazanılmasında Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” 12 yanvar 2004-cü il tarixli sərəncamlarının böyük rolu olmuşdur.
Bütün bu uğurlarla yanaşı, ana dilimizin inkişafı ilə bağlı görüləsi işlər hələ çoxdur və bu sahədəki fəaliyyətimiz müasir qloballaşma dövrünə uyğun şəkildə davam etdirilməlidir.
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu olaraq həm əlifba, həm də dillə bağlı dünyadakı qabaqcıl elmi institutlarla əməkdaşlıq edirsinizmi?
- Təbii ki, dünya dilçilik elminin müasir inkişaf meyillərini ciddi şəkildə izləyirik. Bu inkişaf meyilləri nəzərə alınaraq Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramlar işlənilib həyata keçiriləcək.
Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qramatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı da xarici həmkarlarımızla mütəmadi fikir mübadiləsi aparırıq. Mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə onların da təcrübələrindən yararlanır, bəzən isə onlara da öz təcrübəmizdən məsləhətlər veririk.
Ölkə başçısı cənab İlham Əliyevin 23 may 2012-ci il tarixli Sərəncamı ilə qəbul olunan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da bu barədə müəyyən müddəalar əks olunub. Və biz dilçilik sahəsində olan alimlər, elm adamları çalışırıq ki, dünyadakı qabaqcıl elm mərkəzləri ilə, dilçilik institutları ilə əməkdaşlıq edək.
- Hal-hazırda internet mediasında dilimizə hörmət hansı səviyyədədir?
- İndi interneti inkişaf etdirmədən cəmiyyəti irəli aparmaq mümkün deyil. Amma qlobal şəbəkə nəzarətsiz bir sahədir, saytların hamısında dil qaydalarının düzgün tətbiqinə nail olmaq çətin məsələdir. Qəzet heç olmasa Ədliyyə Nazirliyində qeydiyyatdan keçir və onu kimin təsis etdiyini bilirsən. İnternetdə isə ümumiyyətlə hansı saytın kimə məxsus olduğunu izləmək mümkün olmur.
Amma ən azından özünü xəbər portalı adlandıran saytlarda dilə hörmət edilməlidir. Hər kəsin kitabxana gəzmək əvəzinə istənilən bilgini internetdə axtardığı bir vaxtda bu sahəyə xüsusi diqqətin ayrılması vacibdir. Cəmiyyətdən geri qalmaq olmaz, internetdə dilimizi layiqincə təmsil etməyə nail olmalıyıq. Azərbaycan dili, xalqı, mədəniyyəti, əhalisi, musiqisi - hər şey barədə internetdən məlumat toplanılırsa, bu informasiyaların normal dildə yayılmasını təmin etməliyik. Buna görə də, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun təkliflərini toplamışıq, müzakirə edib qərarlar vermişik.
Təkliflərdən biri də küçələrdəki reklam və elanların dilinə nəzarət edən qurumun yaradılması ilə bağlıdır. Həmçinin, televiziyalarda əvvəllər mövcud olan bədii şuraların bərpa olunması, qəzetlərdə korrektor ştatlarının və nəhayət, dilin tətbiqinə nəzarət edən dövlət qurumunun yaradılması təklif edilir. İşçi qrup üzvləri hesab edirlər ki, belə bir orqan yaradılsa, dil qaydalarını pozanlar cəzalandırılacaqlarını bilib pozuntuya yol verməzlər.
- Türkdilli ölkələrin vətəndaşları nə vaxtsa bir-biri ilə tərcüməçisiz ünsiyyət saxlaya biləcəkmi? Türk dil qrupları arasında kəskin fərqlərin aradan qalxması mümkündürmü?
- Türkdilli xalqların bir-birini yaxşı başa düşməməsi dilin müxtəlif qruplara bölünməsindən və onların digər dillərin təsiri altına düşməsindən irəli gəlir. Türk dilləri oğuz və karluk-qıpçaq dil qruplarına bölünür. Oğuz qrupuna Osmanlı türkləri, azərbaycanlılar, qaqauzlar, türkmənlər, karluk-qıpçaq qrupuna isə qırğızlar, qazaxlar və digərləri daxildir. Qruplar arasında anlaşma həmişə çətin olub. Aspiranturada oxuyanda bizim qrupda qırğız da, qazax da vardı. Biz çox çalışırdıq ki, ünsiyyətimiz doğma dilimizdə olsun, amma alınmırdı və rus dilindən istifadə etmək məcburiyyətində qalırdıq. Qazax, qırğız, uyğur dillərində Çin, monqol dillərindən alınma sözlər var. Bu qrupa daxil olan özbəkləri isə qismən başa düşmək olur. Bu da özbək dilinə ərəb-fars mənşəli sözlərin daxil olmasıyla bağlıdır. Axı Azərbaycan dilində də ərəb-fars mənşəli sözlər çoxdur.
Bəzi hallarda dilin qramatikasında oxşarlıq olsa da, şəkilçilərdə fərqlər böyükdür: Misal üçün, oğuz qrupuna daxil olan dillər ailəsində cəm şəkilçisi olaraq -lar, -lər işlədilir. Amma qırğızlarda cəm şəkilçisinin ən azı 11-12 növü var: -dar, -tır və sairə.
Dillərin bir-birinə yaxınlaşmasının yolu kimi ortaq əlifbaya keçməyi, ortaq dildə danışmağı göstərmək olar. Hesab edirəm ki, ən əvvəl bütün türk xalqları ortaq əlifbadan istifadə etməlidirlər. Məsələn, qırğız dilinin əlifbasında o qədər işarə var ki, bu, digər türk xalqının nümayəndəsinin qırğız kitabını mütaliə eləməsinə mane olur. Bəziləri ortaq türk dili kimi Osmanlı türkcəsini, bəziləri isə Azərbaycan türkcəsini görmək istəyir və hazırda bu istiqamətdə mübahisələr gedir. Məncə, hətta ortaq türk dili anlaşması olsa belə, oğuz dil qrupuna daxil olanlar üçün anlaşma, keçid asan olacaq, amma qıpçaq dil qrupu ailələri çətinlik qarşısında qalacaqlar.
Elmi sahədə müəyyən əməkdaşlıq və mübadilə elementləri artıq var. Məsələn, aspirantı Özbəkistana, yaxud Qırğızıstana göndəririk və o, müəyyən müddət orda qalıb dili mənimsəyir. Amma bir adamla xalqlar arasında ünsiyyət yaratmaq o qədər də asan deyil. Bu ölkələrdən bədii ədəbiyyatlar da gətirilir, amma bu, yenə azlıq təşkil edir.
Söhbətləşdi:
Oktay Hacımusalı

Paylaş:
Baxılıb: 1343 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30