Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azad mətbuatın inkişafı ilə bağlı önəmli qərarlar qəbul olunub

Azad mətbuatın inkişafı ilə bağlı önəmli qərarlar qəbul olunub

27.11.2013 [09:28]

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib
- Vüqar müəllim, dövlət başçısı İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Bu mühüm addımı şərtləndirən amillər hansılardır?
- Öncə möhtərəm Prezidentimiz İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində söylədiyi bu fikri xüsusi vurğulamaq istərdik. Dövlət başçısı bildirdi: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur.”
İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Daim vurğuladığımız kimi, bu günün reallıqlarına düzgün dəyər vermək üçün ötən illərə diqqət yetirməyə, obyektiv təhlil aparmağa böyük zərurət duyulur. 22 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı durum yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı hər addımda boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir”, söyləyən Ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
“Mətbuat cəmiyyətin güzgüsüdür” çağırışı Ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.
Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı möhtərəm cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi” buna əyani sübutdur. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyada olunan bəzi əlavə və dəyişikliklərdə mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. Həyata keçirilən tədbirlər əsası Ulu öndər tərəfindən yaradılan təməl əsasında müəyyənləşdirilir, tətbiq olunur.
Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Cari ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş 156 mənzilli yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.
Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son 10 ildə iki dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.
- Dövlətçiliyimizin qorunması mətbuatın əsas prinsiplərindən biridir. KİV-lərin fəaliyyətində bu prinsip necə qorunur?
- Hər bir demokratik cəmiyyətdə müxalifətin olması mütləqdir. Amma hər zaman vurğuladığımız kimi, söhbət sağlam müxalifətdən gedir. Müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Dövlət başçısı İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət yönəltdi: “Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir.”
Təbii ki, daxili məsələlər ölkə xaricində müzakirə olunanda fərqli yanaşmaların, rəylərin yaranmasına səbəb olur. Əfsuslar olsun ki, daxildə belə qüvvələr mövcuddur və Azərbaycan haqqında əks təbliğat kampaniyası aparmağı bir növ özləri üçün fəaliyyət istiqaməti seçiblər. Azərbaycanın hər biri uğuruna qara eynəkdən baxmaq, atılan addımların mahiyyətini azaltmaq üçün müxtəlif yollara əl atmaq həmin ünsürlər üçün vərdişə çevrilib. Artıq ölkə ictimaiyyəti bu kimi halların daha çox hansı ərəfələrdə geniş vüsət almasından xəbərdardır. Təkcə ötən il ölkəmizdə keçirilən “Eurovision” mahnı yarışması ərəfəsində cərəyan edən prosesləri yada salmaq kifayətdir. Həmin qüvvələrin inhisarında olan mətbu orqanlar Azərbaycanın nüfuzuna xələl gətirmək istiqamətində təbliğat kampaniyalarının sürətini artırmaqla sanki öz aralarında yarış keçirdilər. Amma unutdular ki, dövlət maraqlarına zidd addımların atılması heç kəsə başucalığı gətirən deyil. Əksinə, bu kimi addımları ilə özlərinə qarşı mənfi rəyi daha da artırır, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə isə əlavə fürsət verirlər.
Bir məqamı unutmayaq ki, hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Dövlət başçısı İlham Əliyev belə bir tövsiyəsini bildirdi ki, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, bu, cəmiyyətimiz üçün də yaxşı olar.
Demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Amma yaradılan demokratik şəraitdən sui-istifadə edib, dövlətin, xalqın mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaq yolverilməzdir. Aparılan siyasətlə, ölkənin gələcək inkişafı ilə bağlı müxtəlif fikirlərin olmasını normal qəbul edən dövlət başçısı İlham Əliyev bir əsas məqamı unutmamağı da tövsiyə edir: “Ancaq bu məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.”
Dövlətin mətbuata diqqət və qayğısında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Jurnalistlər üçün mənzillərin bölünməsi bunun bir daha təsdiqi oldu.
- Məqsəd gələcək üçün açardır. Dövlət başçısı İlham Əliyevin təqdimat mərasimində səsləndirdiyi tövsiyələri necə qiymətləndirirsiniz?
- Dövlət başçısı İlham Əliyev keçirilən hər bir tədbirdə ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək, qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. Daim vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
“Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində də Azərbaycan mətbuatının dünəninə, bu gününə, keçdiyi inkişaf yoluna bir daha diqqət yönəldən dövlət başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən də söz açdı. Çıxışlarda jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli kanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını qeyd edən möhtərəm Prezidentimiz onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirdi. Cənab İlham Əliyev cəmiyyətdə müsbət meyillərin daha da gücləndirilməsi, xoş əhval-ruhiyyənin təmin edilməsi üçün xəbər balansının qorunması ilə bağlı tövsiyələrini çatdırdı: “Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun.”
Reallıq budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev yekun nitqində bu fikri xüsusi qeyd etdi: “Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz.”
Dövlət başçısı İlham Əliyevin ötən illərin uğurlarına əsaslanaraq mətbuatımızın gələcək inkişafı üçün səsləndirdiyi tövsiyələr media ictimaiyyəti üçün proqram sənədidir. Beynəlxalq münasibətlər sistemində aparıcı rola malik olan Azərbaycan hər sahədə yeniliklərə maraq göstərərək, hərtərəfli inkişafı ilə öncüllər sırasında yerini qorumağa çalışır.

Paylaş:
Baxılıb: 1019 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30