Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Azərbaycanın güclü dövlətə çevrilməsi mövqelərimizi möhkəmləndirir”

“Azərbaycanın güclü dövlətə çevrilməsi mövqelərimizi möhkəmləndirir”

18.04.2014 [10:36]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Mübariz müəllim, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bir sıra Qərb təşkilatlarının ikili standart yürütdüklərini vurğuladı. Sizcə, Azərbaycan bundan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha hansı addımlar ata bilər?
- Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycanın daxili, xarici siyasəti, sosial-iqtisadi vəziyyəti ilə bağlı çox geniş proqram xarakterli fikirlər irəli sürülüb. Orada səsləndirilən hər bir fikir ölkənin gələcəyi, qarşıda duran vəzifələrlə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin keçdiyi yola nəzər salaraq Ermənistanın Azərbaycana təcavüzü məsələsinə də toxunub. Həmçinin, bu gün dünyada gedən hadisələr fonunda Ermənistana qarşı sanksiyaların tədbiq edilməsinin zəruri olduğunu bir daha vurğulayıb. Beynəlxalq hüququn norma və prinsiplərinə, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi sənədlərə uyğun olaraq bütün ölkələr BMT-nin Nizamnaməsinə əməl etməlidirlər. Əgər bu olmasa, dünya ölkələri cəngəllik qanunları ilə idarə olunar. Bu baxımdan, təcavüzkar varsa, təcavüzkara qarşı sanksiyalar tətbiq edilməlidir. Əgər bir yerdə təcavüzkara göz yumursansa, digər yerdə hər hansı bir məsələdə atdığın addımın heç bir nəticəsi olmayacaq. Zamanında Ermənistan Azərbaycana təcavüz edərkən həmin təcavüzkara hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyaları tətbiq etmiş olsaydılar, o zaman beynəlxalq hüququn işlədiyini görərdik. Lakin, Ermənistan Azərbaycana təcavüz edən zaman beynəlxalq qurumların və beynəlxalq təşkilatların (BMT Təhlükəsizlik Şurası dörd qətnaməsi) qərarları hələ də yerinə yetirilməyib. Təcavüz törətdiyinə görə, Ermənistan rəhbərlərinə qarşı Ukrayna hadisələrində olduğu kimi sanksiya görmədik. Nəinki, sanksiya tədbiq edilmədi, hətta, qondarma Dağlıq Qarabağın rəhbərləri ABŞ-a gedərək telemarafonlar vasitəsilə pul yığdılar. Yığılan vəsaitdən təcavüzkar öz mənfur niyyəti üçün istifadə edir. Ona görə, cənab Prezident bu məsələni qaldırır ki, beynəlxalq aləmdə baş verən hadisələrdə ikili standart olmamalıdır. İkili standart beynəlxalq münasibətlərin əsaslarını dağıtdı və dağıtmaqdadır. Vaxtilə BMT-nin Baş Məclisində Prezident İlham Əliyev Qarabağ məsələsini nümunə gətirərək beynəlxalq münasibətlər üçün böyük təhlükə olduğunu qeyd etmişdi. Bu gün Rusiya-Ukrayna məsələsində beynəlxalq münasibətlərdə böhranı görməkdəyik. Hazırda beynəlxalq aləmdə qəbul edilmiş norma və prinsiplər faktiki olaraq işləmir.
- Sözügedən iclasda dövlətimizin başçısı qeyd etdi ki, “bu gün dünyada əsas amil güc amilidir”. Siz Azərbaycanın bugünkü gücünü necə qiymətləndirirsiniz?
- Müasir dünyada ölkələr bir-birindən yalnız iqtisadi potensialına və inkişaf səviyyəsinə görə fərqlənirlər. Hansı ölkənin siyasi sabitliyi davamlıdırsa, iqtisadiyyatı sürətlə irəliləyirsə onun hərbi qüdrəti də, beynəlxalq miqyasda yeri və nüfuzu da artır. Prezident güc amili deyərkən bunları xüsusi vurğulayıb. Biz güclü dövlətik, inkişafımız sürətlə gedir, imkanlarımız artmaqdadır. Bu fikir bir daha onu göstərir ki, Azərbaycanın güclü dövlətə çevrilməsi mövqelərimizi möhkəmləndirir. Cənubi Qafqazın sosial-iqtisadi parametrlərini müqayisə etsək bu bölgənin iqtisadiyyatının təqribən 80 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən layihələrin böyük əksəriyyəti Azərbaycanın iştirakı, təşəbbüsü ilə reallaşır. Elmi-texniki, hərbi potensiala görə, Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməyimiz gücümüzün göstəricisidir. İqtidar-müxalifət, dövlət-cəmiyyət, xalq-hakimiyyət münasibətləri ölkəmizdə qanun çərçivəsində mövcuddur. Xalqla hakmiyyət arasında vəhdət var, birlik var. O cümlədən, ölkəni irəli aparmağa ideya və bu ideyanı həyata keçirməyə qadir olan Lider var. Gücümüz birliyimizdədir, vətəndaş həmrəliyimizdədir, azərbaycançılığımızdadır, Ulu öndər Heydər Əliyev ideyalarına söykənən siyasətimizdədir.
- Vladimir Jirinovski mütəmadi olaraq, Azərbaycana qarşı fikirlər sələndirir. Ümumiyyətlə, bəziləri Ukrayna ilə Azərbaycanı eyniləşdirir. Bu iki ölkəni eyni müstəvidə göstərmək nə qədər məntiqlidir?
- Ölkə daxilində bəzi adamlar var ki, dünyanın harasında nə hadisə baş versə dərhal onun Azərbaycanda təkrar olunacağını “proqnozlaşdırırlar”. Bu cür bədbin “proqnozları” çox eşitsək də bunların heç biri özünü doğrultmayıb, doğrulda da bilməz. Jirinovski tipli düşünən və jirinovskisayağı danışan adamlar var. Jirinovski əslində Rusiya siyasətinin astarıdır. Onun Rusiyanın özündə belə gülüş hədəfi olduğu hamıya bəllidir. Söylədikləri bəzi hallarda Rusiyanın revanşist dairələrinin fikirlərini ifadə etsə də, bəzi hallarda ona tapşırılan rolu həddindən çox oynayır. Azərbaycanla bağlı onun söylədiklərinin cavabı zamanında verilib. Onun xalqımızın mənşəyi ilə bağlı sərsəm fikirləri sadəcə istehza ilə qarşılandı. Çünki onun şəxs olaraq milli mənşəyi şübhəlidir. Bəzən bir xalqın içərisində həmin xalqa mənsub olmayanlar onlarla yaxınlığını göstərmək üçün həddindən artıq çığır-bağır salırlar. Əslində, Jirnovskinin çıxışları rus mədəniyyətinin adına ləkə gətirir. Ona görə onun kimilərinə fikir vermək lazım deyil. Çevrəsində və ətrafda “şut” (təlxək) kimi tanınan adamın fikirləri nə qədər real görünə bilər? Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağı fikirləri kimlərinsə “xəyalplov”udur. Beynəlxalq aləmdə gedən hadisələri, eləcə də, ictimai prossesləri müşahidə edərək belə qənaətə gəlirəm ki, Azərbaycanın hazırkı durumu dayanıqlıdır, möhkəmdir. Ölkə başçısı İlham Əliyev düşünülmüş siyasəti həyata keçirməkdədir və Azərbaycan ona qarşı yönələn zərbələri dəf etməyə qadirdir.
- Bu günlərdə Soros Fondunun Azərbaycanda siyasiləşmiş Qeyri-Hökumət Təşkilatlarına böyük məbləğdə maliyyə yardımı ayırması ilə bağlı informasiyalar yayıldı. Bu yardım ölkəmizdə hansısa pozuculuq aktlarının törədilməsinə yönələ bilərmi?
- Soros Fondu və bu kimi təşkilatlar müxtəlif yerlərdə öz maraqlarını həyata keçirtmək üçün vəsaitlər sərf edirlər. Əvvəllər Azərbaycanda da bu kimi cəhdlər edilib. Kimlərsə öz maraqlarını həyata keçirmək üçün vəsait xərcləsə də, heç nəyə nail ola bilməyib. Onlar belə bir işə pulunu sərf edirsə bu səhradakı qumun üzərinə atılmış suya bənzəyəcək. Soros və ya digərləri külli miqdarda vəsaitlər ayırsalar da ölkəmizdə qarşıdurma yaratmağa nail ola bilməyəcək. QHT-lər haqqında Azərbaycan Respublikasının qanunları var və bu qanunlar şəffaf şəkildə həyata keçirilir. Onların fəaliyyətləri qanunlar çərçivəsində tənzimlənir. Düşünürəm ki, daxildə hansısa qurumlar və qruplar bu cür fondlarla iş birliyi quraraq nəyəsə nail olmaq istəyirlərsə, kiminsə əlində alətə çevrilmiş olarlar.
- Cənab Prezident İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı Azərbaycan ilə İran arasında münasibətlərin gələcək perspektivləri ilə bağlı olduqca müsbət fikirlər səsləndirildi. Ümumiyyətlə bu siyasətin davamını necə proqnazlaşdırırsınız?
- Prezidentin İran İslam Respublikasına səfəri zamanı iki ölkə arasında olan münasibətlər müzakirə olunub. İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymaqdadır. Xəzərin statusu ilə bağlı uzun müddətdən bəri iki ölkə arasında olan məsələdə ümumi razılığa gəlindiyi bildirilib. İran bizim üçün yaxın ölkədir. Bizi İranla bağlayan ümumi maraqlar var. İmzalanan bütün sənədlər onu göstərir ki, bizim ortaq maraqlarımız mövcuddur. Onlardan biri də enerji təhlükəsizliyi ilə bağlı ümumi razılaşmadır. Azərbaycanla İran arasında kimlərinsə fitnə-fəsad törətmələrinə imkan verməyəcəyik. Prezidentin uğurlu səfəri bir daha onu göstərdi ki, Azərbaycanın müstəqil xarici siyasət xətti uğurla davam edir və bu siyasətin əsas mühüm cəhəti praqmatik, müstəqil, ölkə maraqlarının daima təmin olunmasında özünü açıq şəkildə göstərir.

Paylaş:
Baxılıb: 936 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30