Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: Leyla Yunus çalışır ki, onu və həyat yoldaşını həbs etsinlər

Siyavuş Novruzov: Leyla Yunus çalışır ki, onu və həyat yoldaşını həbs etsinlər

26.04.2014 [12:03]

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfər etdi. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərlə bağlı nələri deyə bilərsiniz?
- Ümumilikdə Azərbaycanın bütün ölkələrlə, eyni zamanda qonşuları ilə, Şərqi Avropa və MDB-yə daxil olan dövlətlərlə çox yaxşı münasibətləri var. Təbii ki, cənab Prezidentin Çexiyaya işgüzar səfəri də bilavasitə Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammitində iştirakı ilə bağlı idi. Həmin tədbirdə dövlət başçısı nəinki Çexiya, eləcə də Moldova, Polşa, Gürcüstan prezidentləri ilə də bir sıra ikitərəfli görüşlər keçirdi. Təbii ki, bu da ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşmasına xüsusi xidmət edən addımlardır. Bu gün Azərbaycan regionun aparıcı dövləti kimi, dünyanın diqqət mərkəzindədir. Azərbaycanda olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, ölkəmizdə aparılan islahatlar bütün dünyanın diqqətini cəlb edir. Məhz buna görə də ayrı-ayrı iri beynəlxalq təşkilatlar, qurumlar ölkəmizin orada iştirak etməsinə çox ciddi cəhdlər göstərirlər. Onlar çalışırlar ki, Azərbaycan bütün beynəlxalq konfranslarda, tədbirlərdə iştirak etsin və ikitərəfli əlaqələrin inkişafına əlverişli zəmin yaransın. Bu baxımdan mən bu səfəri çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, ölkəmizin gələcəyi və Avropa İttifaqı ilə bundan sonra da əməkdaşlığın davam olunması üçün növbəti bir addımdır.
- Dövlət başçısı Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammitində də iştirak etdi. Ermənistan prezidenti Serj Sarkisyan sammitdə çıxışı zamanı qondarma “erməni soyqırımı” məsələsini gündəmə gətirərək Türkiyənin ünvanına ittihamlar səsləndirdi. Siz bu məsələləri necə xarakterizə edərdiniz?
- Ermənistan prezidenti Serj Sarkisyan orada bütün çıxışını qondarma “soyqırımla” bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyanın Türkiyənin tədbirdə iştirak etməməsindən sui-istifadə etdiyini deyib və ona tutarlı cavab verib. Hesab edirəm ki, bu bir daha Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nümunəsidir. Ermənistan dövləti neçə illərdir ki, qondarma “erməni soyqırımı” məsələsini gündəmə gətirir. Təbii ki, bu yalan və böhtandır. Belə bir şey heç bir zaman olmayıb. Baxmayaraq ki, Türkiyə rəhbərliyi guya bu hadisənin olması ilə bağlı və münasibətlərin müəyyən qədər yumşadılmasına xidmət edəcək bir jest (Ermənistana başsağlığı verdi) etdi. Amma bu heç də erməniləri “soyqırımı” iddiasından çəkindirməyəcək. Çünki işğalçı ölkənin məkrli niyyəti var. Təbii ki, bu niyyətlə də bağlı onlar 100 ilə yaxındır ki, mübarizə (ayrı-ayrı dövlətlərin parlamentində və s.) aparırlar. Əslində ermənilər tərəfindən türklərə, o cümlədən Azərbaycanlılara qarşı əsrlər boyu soyqırımı siyasəti yürüdülüb, insanlarımıza qarşı cinayət əməlləri törədilib, qocalar, uğaqlar, qadınlar qətlə yetirilib. Biz buna nümunə kimi XX əsrin ən böyük faciəsi Xocalı soyqırımını göstərə bilərik. Bundan başqa, Azərbaycan ərazilərinin işğal olunması, orada olan insanların başlarına ermənilər tərəfindən olmazın müsibətlərin gətirilməsi, didərgin salınması, sürgün olunması və s. tarixi faktlarla, şəkillərlə sənədləşdirilib. Bu mənada Ermənistan tərəfinin dediklərinin hər biri yalandır.
- Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirov istintaq təcridxanasında bildirib ki, “əgər mən həbs olunmuşamsa, mənim kimi Arif Yunus və onun yoldaşı Leyla Yunus da saxlanılmalıdır. Çünki bizim hər birimiz bütün tədbirlərdə eyni fikirdə olmuşuq və iştirak etmişik”. Siz buna necə baxırsınız?
- Bu gün əgər dövlətimizin təhlükəsizlik orqanları hər hansı bir addım atırlarsa, bunlar heç də təsadüfi deyil. Təbii ki, bunun kökü və mənbəyi var. Hazırda jurnalist Rauf Mirqədirovla bağlı istintaq gedir və ona təsir etmək də olmaz. Hələ heç kim bilmir ki, bu məsələnin axırı necə olacaq. Müxalifətdəki bəzi şəxslər isə indidən hər bir məsələyə qiymət verirlər. Mənə maraqlıdır, əgər Rauf Mirqədirov olmasa başqa birisinin cinayətləri sübuta yetirilərsə, onda hansı fikirlər irəli sürüləcək? Yəni, dəfələrlə biz bunun şahidi olmuşuq. İndiki dövr çox həssas bir dövrdür. Belə ki, regionda müxtəlif hadisələr baş verir. Bu gün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ayrı-ayrı insanlar, ziyalılar dövlətin ətrafında olmalıdır. Onlar Azərbaycanın müstəqilliyinin qorunmasında bacardıqlarını etməlidir. Amma çox təəssüf ki, biz bunun tamamilə əksini görürük. Məsələn, bir qrup Krıma gedərək oradakı proseslərə qoşulmaq niyyətində idi. Axı onlar Krımda gedib nə edə bilərdilər? Bu heç də onlara dəstək deyil, əksinə provakasiyaya hesablanmışdı. Beləcə, onlar başqa bir dövlətin diqqətini Azərbaycana yönəltməyə çalışırlar.
- Leyla Yunus Ermənistanla Azərbaycanı müqayisə edərək bildirib ki, guya, işğalçı ölkədə olan demokratiya Azərbaycanda mövcud deyil. Ümumiyyətlə, Azərbaycanla Ermənistanın müqayisə edilməsi nə dərəcədə düzgündür?
- Leyla Yunusdan başqa heç nə gözləməyə də dəyməz. Çünki bu insan birmənalı olaraq ermənidir. Bu insan erməni olaraq da hər bir fikri, hərəkəti ilə provakasiya yaratmaq istəyir. Leyla Yunus özü də dəfələrlə deyib ki, mən erməniyəm və erməni olaraq da Azərbaycanda yaşayıram. Təbii ki, bu insanın əməlləri ilə bağlı kifayət qədər sənədlər də var. Bunlar erməni mənşəlidirlər. Onlar Azərbaycanda da bu təşkilatları (xüsusilə ermənilərin təhriki ilə) yaratmaqla ölkə daxilində dövlətimizin imicinə ziyan vurmaqdan ötrü belə addımlar atırlar. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Düşünürəm ki, hüquq-mühafizə orqanları da bunlar haqqında ölçü götürməlidir. Biz Leyla Yunusun müdafiə etdiyi insanların siyahısına baxsaq görərik ki, orada bir nəfər də olsun azərbaycanlı müəllim, həkim, mühəndis və digər peşə sahibi yoxdur. Onun siyahısında ancaq vətənə xəyanət edənlər, Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd göstərənlər, ölkəmizdə terror aktlarını həyata keçirənlər və digərləri dayanır. Dəfələrlə digər hüquq-müdafiə təşkilatları onun Avropa Şurasına göndərdiyi siyahıların hamısının yalan olduğunu, bir hissəsinin pul üzərində qurulduğunun və s. şahidi olublar. Bu insan mərkəzləşdirilmiş erməni təşkilatları tərəfindən maliyyə alır. L.Yunus bu aldığı maliyyə yardımları nəticəsində Azərbaycanda provakasiya etməyə səy göstərir. Bu insan çox ciddi cəhdlə çalışır ki, onu və həyat yoldaşı Arif Yunusu həbs etsinlər. Onlar ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Cəhd edirlər ki, onları qısa müddətli də olsa həbs etsinlər, onlar da var gücləri ilə qışqırsınlar ki, Sülh və Demokratiya İnstitunun rəhbərini Azərbaycanda həbs edirlər. Təsadüfi deyil ki, dünyada, xüsusən də regionda qarşılıq yaranan kimi Leyla Yunuslar ortaya çıxır.

Paylaş:
Baxılıb: 925 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30