Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında Ümummilli lider Heydər Əliyevin ideyaları bu gün də reallaşmaqdadır

Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında Ümummilli lider Heydər Əliyevin ideyaları bu gün də reallaşmaqdadır

02.05.2014 [09:11]

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov www.yap.org.az saytına müsahibə verib
- Qorxmaz müəllim, son illər Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. Xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası ictimai-siyasi sabitliyə və davamlı inkişafa töhfələr verməkdədir. Ulu öndərin respublikaya rəhbərliyi dövründə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı bir neçə iri layihə həyata keçirilmişdir. Bu layihələrin tarixi əhəmiyyəti və istehlakçılara faydası barədə nə deyə bilərsiniz?
- Azərbaycanda siyasi sabitliyin təmin edilməsi, hüquqi dövlət quruculuğu, yeni iqtisadi kursun müəyyənləşdirilməsi və davamlı inkişaf görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən, istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi Ulu öndərin adı ilə bağlıdır.
Bilirsiniz ki, şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olmuşdur. Bu problem Bakı şəhəri və Abşeron yarımadasında özünü daha qabarıq büruzə verib. Bakı şəhərinin sürətli inkişafı ilə əlaqədar ötən əsrin ikinci yarısında paytaxtda və ətraf ərazilərdə içməli su problemi yaşanırdı. 1969-cu ildə Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra digər sahələr kimi su təchizatı sektorunda da dönüş yaranıb. 1970-ci ilin iyun ayının 10-da Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı müvafiq təşkilatlar qarşısında tapşırıqlar qoyulub. Bundan sonra işlər sürətləndirilib və 30 aya görülməli olan işlər qısa müddətdə başa çatdırılıb, 1970-ci il sentyabrının 27-də Kür su kəmərinin birinci növbəsi istifadəyə verilib. Kəmərin istismara verilməsi ilə bağlı keçirilmiş mərasimdə Ulu öndər bu layihənin tarixi əhəmiyyətini xüsusi qeyd etmişdir: “Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksinin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır”.
44 il əvvəl uzaqgörənliklə deyilmiş bu sözlərin real həqiqətə çevrilməsinə bu gün bütün Bakı və Abşeron əhalisi şahidlik edir. Bu sahədə qazanılmış zəngin təcrübə Kürdən Bakıya ikinci xəttin çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan verib. Cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də birinci Kür su kəmərlərinin ikinci xətti istifadəyə verilib. Bir məsələni xüsusi vurğulamaq istərdim ki, həmin illərdə tikinti işlərinin qısa vaxtda başa çatdırılmasında Heydər Əliyevin SSRİ miqyasında böyük nüfuzu əhəmiyyətli rol oynayıb. 1980-88-ci illərdə İkinci Kür su kəmərləri sistemi ilə Bakıya daha üç magistral su kəməri çəkilib. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılıb. Bu layihə təkcə həmin dövr üçün deyil, bu gün də əhəmiyyətini saxlayır. Kür su kəmərləri sisteminin yaradılması təkcə içməli suyun Bakı şəhərinə çatdırılması ilə yekunlaşmır. Həmin illərdə Abşeron yarımadasında minlərlə kilometr magistral və paylayıcı su xətləri çəkilib, yeni su anbarları, nasos stansiyaları tikilib istismara verilib. Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 1961-ci ildə istismara verilmiş kompleksin üçüncü növbəsi, məhz Ulu öndərin rəhbərliyi dövründə, 1978-ci ildə işə salınıb.
Həmin dövrdə Bakı şəhərinə böyük həcmdə içməli suyun daxil olması kanalizasiya infrastrukturunun genişləndirilməsi zərurətini də yaratmışdı. Ümummilli liderin göstərişi əsasında 1970-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanıb. Bu layihə çərçivəsində Hövsan Aerasiya Stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları tikilib istifadəyə verilib. Bunun nəticəsində yalnız mexaniki təmizləmədən keçən və ya təmizlənmədən Xəzər dənizinə axıdılan çirkab suların böyük hissəsinin toplanaraq Hövsan Aerasiya Stansiyasına axıdılması və burada bioloji üsulla təmizlənib zərərsizləşdirilməsi təmin edilib.
Azərbaycanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması da Ulu öndərin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələrindən istifadə olunub, su anbarları tikilib, minlərlə kilometr su və kanalizasiya xətləri çəkilib. Yeri gəlmişkən, hazırda həyata keçirdiyimiz yeni layihələrin bir çoxunda həmin infrastrukturların imkanlarından istifadə olunur.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının və Abşeron yarımadasının keyfiyyətli içməli su ilə təmin olunması məsələsi yenidən aktuallaşmışdır. Müstəqilliyin ilk illərində yaranmış çətinliklərə baxmayaraq, Ulu öndər bu sahənin inkişafını xüsusi diqqətdə saxlamışdır. Həmin illərə nəzər salaraq Ümummilli liderin içməli su təchizatı sektorunun inkişafında göstərdiyi xidmətlər barədə fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə onu qeyd edim ki, ötən əsrdə 80-ci illərin sonları 90-cı illərin əvvəllərində baş verən iqtisadi tənəzzül bütün sahələrdə olduğu kimi, su təchizatı sektorunda da özünü büruzə verirdi. Həmin illərdə mövcud olan infrastruktur obyektlərinin bir çoxu istismar tələblərinə, istehlakçıların artan tələbatına cavab vermirdi. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bütün bunları nəzərə alan Ümummilli lider Heydər Əliyev əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə Ulu öndərin göstərişi ilə fiziki cəhətdən köhnəlmiş Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də, Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Məhz Heydər Əliyevin böyük qayğısı və şəxsi nüfuzu sayəsində MDB dövlətləri arasında ilk dəfə olaraq respublikanın su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu. Həmin danışıqların nəticəsi olaraq “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verildi. Bu, Azərbaycan hökumətinin infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan aldığı ilk böyük məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular komplekslərində əsaslı yenidənqurma işləri aparılıb. Görülmüş işlər nəticəsində təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılıb ki, bu da paytaxt sakinlərinin təmiz içməli su ilə təminatına imkan yaradıb. Daha bir layihə isə Dünya Bankı və İsveçrə Konfederasiyası hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bu layihə çərçivəsində Bakı şəhərində 426 məhəllədaxili nasos stansiyasında bərpa işləri aparılıb, nəticədə 350 min nəfər sakinin içməli su təminatı yaxşılaşıb.
Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan, müstəqillik dövrünün ən böyük yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də Ulu öndər Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə Prezident Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir. Ulu öndərin irəli sürdüyü bu ideya Onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 3 ildən sonra istifadəyə verildi. Bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin içməli su təchizatında stabillik yarandı. Təsadüfi deyil ki, bu mənbədən gətirilən suyun hesabına bu gün paytaxt sakinlərinin 78 faizi fasiləsiz içməli su ilə təmin edilir.
- Azərsu “ASC” Bakı şəhəri və ətraf qəsəbələrdə də su və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr həyata keçirir. Bu sahədə görülən işlər və perspektiv planlar barədə nə deyə bilərsiniz?
- “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində reallaşdırdığı layihələrin böyük bir hissəsi Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilir. Qeyd edim ki, layihələrin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması sistemləri üzrə Master Plan hazırlanıb. Sənədə əsasən Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcək. Master Plana uyğun olaraq Abşeron yarımadasında 8100 km su, 6400 km kanalizasiya xətləri və 140 km uzunluğunda kanalizasiya kollektoru çəkiləcək. Bunlarla yanaşı, qarşıdakı illərdə tutumu 650 min kubmetr olan 85 su anbarının, ümumi məhsuldarlığı sutkada 685 min kubmetr olan 7 çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulur.
Master Plana əsasən hazırda Bakı şəhəri və Abşeron yarımadasının 40-dək yaşayış məntəqəsində layihələr icra edilməkdədir. Bu layihələr çərçivəsində yaşayış məntəqələrində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri yaradılır.
Bakı şəhəri və Abşeron yarımadasında əhalinin keyfiyyətli və dünya standartlarına uyğun içməli su ilə təmin etmək əsas prioritetimizdir. Bu məqsədlə inşa edilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq bu qurğuda müasir metodla təmizlənəcək su Bakı, Sumqayıt və Xırdalan şəhərləri və ətraf qəsəbələrdə yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verəcək.
Abşeron yarımadasının mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini içməli su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilib. Kəmərin istifadəyə verilməsi nəticəsində 20-dək qəsəbənin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Layihənin davamı olaraq Zirə və Pirallahı qəsəbələri istiqamətində yeni magistral xəttin tikintisi davam etdirilir. Ümumilikdə bu layihədən 600 min nəfərin faydalanacağı gözlənilir.
Bakı şəhərinin mərkəzi hissəsində su təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdiririk. Cənab Prezident İlham Əliyevin əhalinin 24 saat keyfiyyətli içməli su təminatı barədə tapşırığına uyğun olaraq indiyədək 900-dən artıq çoxmənzilli binanın daxili su təchizatı sistemləri yenidən qurulub. Nəticədə binaların alt paylayıcı xətləri və dik dayaqları tamamilə yenilənib, pilləkən qəfəsələrinə çıxarılmaqla hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib.
Bir qədər də tullantı sularının axıdılması istiqamətində həyata keçirdiyimiz layihələrdən bəhs etmək istərdim. 2011-ci ildən bu sahədə başlanan işlər həm paytaxtda, həm də bölgələrdə geniş vüsət alıb. Bakı şəhərində uzun müddət istismarda olan və yararsız vəziyyətə düşmüş xətlərin bir hissəsi dəyişdirilib, yeni kanalizasiya xətləri və kollektorlar çəkilıb və hazırda bu sahədə işlər davam etdirilir.
Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 km olan kanalizasiya kollektoru tikilib istifadəyə verilib. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınıb.
Ötən il Hövsan Aerasiya Stansiyasında həyata keçirilən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılıb, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunub.
Həm içməli su təchizatı, həm də kanalizasiya sektorunda işlərimiz bununla bitmir, qarşıda yeni layihələrin icrası dayanır. Bilirsiniz ki, ölkə başçısı həm regionların, həm də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqramlar təsdiq edib. Proqramların əsas istiqamətlərindən biri əhalinin fasiləsiz içməli su ilə təchiz edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinın yaxşılaşdırılmasıdır. Ümidvaram ki, cənab Prezidentin müəyyənləşdirdiyi hədəflərə tezliklə nail olmaq üçün “Azərsu” ASC-nin kollektivi bütün imkanları səfərbər edəcək və ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə öz töhfələrimizi verəcəyik.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30