Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir

İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir

15.05.2014 [09:09]

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov www.yap.org.az saytına müsahibə verib
- Əli müəllim, Azərbaycan xalqı bu günlərdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü böyük təntənə ilə qeyd etdi. Ulu öndərimizin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri haqda fikirlərinizi bilmək istərdik...
- Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideridir.
Xilaskarlıq missiyası Ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra respublikada köklü dəyişikliklər baş vermişdir. Onun təşəbbüsü ilə həyata keçirilmiş layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət göstərir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə o illərdə sosial-iqtisadi həyatın bütün sahələrində sürətli inkişaf və yüksəliş dövrü başlamış, güclü sənaye potensialı yaradılmışdır. Müasir mərhələdə Azərbaycan Respublikasının dinamik inkişafı, məhz həmin illərdə təməli qoyulmuş möhkəm zəminə əsaslanır. Respublikada digər sahələrdə olduğu kimi, informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasir dövrün tələblərinə uyğun qurulması da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
- Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində nə kimi nailiyyətlər qazanmışdır?
- Heydər Əliyevin səyi nəticəsində respublikamızda rabitə, elektronika sənayesi, informasiya texnologiyaları, kosmik tədqiqatlar sahəsi formalaşdırılmışdır. “Nord”, “Ulduz”, EHM kimi elm-istehsalat birlikləri, “Azon”, “Büllur”, “Peyk” və s. elektron və cihazqayırma zavodları işə salınmışdır. Müxtəlif elmi-tədqiqat institutlarının nəzdində “Kristal”, “Registr”, “Tellur”, “Kibernetika”, “Biotex”, “Mikroelektronika”, “Kaskad” kimi xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başlamışdır. Qeyd edilməlidir ki, belə innovativ müəssisələr təkcə Bakıda deyil, həmçinin, Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, Tərtər və Şirvanda da yaradılmışdır.
Məlum olduğu kimi, müstəqilliyimizin bərpasından sonrakı ilk illər ölkəmiz üçün çox ağır olmuşdur. Əgər Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə gəlməsəydi, ölkəmiz böyük fəlakətlərlə üzləşəcəkdi. Həmin çətin, ağır şəraitdə atılmış cəsarətli və müdrik addım Azərbaycanın bugünkü uğurlu inkişafının əsasını qoymuşdur. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan inkişafda olan, müasir, dünyəvi, demokratik ölkədir.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Ümummilli lider Heydər Əliyev İKT sahəsində də inkişafa nail olmaq üçün böyük işlər görmüşdür. Ulu öndər Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk rabitə sisteminin açılışını etmiş, Onun səyi ilə ölkədə “Bakcell”, “Azərcell”, “AzEvroTel”, “Ultel” birgə müəssisələrinin fəaliyyətə başlaması ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə yatırılmasına səbəb olmuşdur.
Azərbaycanda internetin inkişafı da Heydər Əliyevin İKT siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. 1993-cü ildə Azərbaycanın yüksək domen adı - “.az” domeni ICANN-da (İnternetdə domen adların və ünvanların verilməsi üzrə təşkilat) qeydiyyata alınmış və bir il sonra ölkənin internetə çıxışı təmin olunmuşdur. Azərbaycanda telekommunikasiya, poçt infrastrukturu modernləşdirilmiş, yeni texnologiyalar tətbiq edilmiş, radio-televiziya yayımı dünya standartları səviyyəsinə çatdırılmış, ilk beynəlxalq telefon stansiyası və elektron ATS-lər qurulmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmiz bir çox sahəvi beynəlxalq təşkilatlara, o cümlədən, Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilmişdir. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda İKT davamlı yüksəliş dövrünü yaşamışdır.
- Əli müəllim, Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji kurs hazırda hansı səviyyədə davam etdirilir?
- Ulu öndər Heydər Əliyevin İKT siyasəti uzun müddətə hesablanmışdır. Ümummilli lider 2003-cü il 17 fevral tarixində “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etməklə ölkəmiz BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında qərarlaşmış, Cənubi Qafqazda isə birinci olmuşdur. İlk dəfə olaraq bu sənəddə innovasiyayönlü inkişaf və biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilmişdir. Bu strategiya son 10 ildə İKT sahəsində həyata keçirilən fəaliyyətin əsas istiqamətlərini müəyyən etmiş və onun həyata keçirilməsi ölkədə informasiya cəmiyyətinin bərqərar olmasına əlverişli zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan bu gün sürətlə inkişaf edən müasir dövlət və iqtisadi inkişaf templərinə görə dünya miqyasında lider ölkədir.
Dövlət başçısının rəhbərliyi altında iqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlmişdir.
- Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunda yerini necə qiymətləndirirsiniz? Bu sahədə əldə olunan nəticələr beynəlxalq hesabatlarda necə əksini tapır?
- İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, respublikanın iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. İKT cəmiyyətimizin həyatına fəal nüfuz edir, əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Ölkə əhalisinin 98 faizinin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunmuşdur və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır. Respublikada internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən, Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” (“The Global Information Technology Report 2014”) adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə, Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.
- 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdi. Həmin il ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Bu prosesin davamı olaraq hazırda nə kimi işlər görülür?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz İKT sahəsinin ölkənin hazırkı və perspektiv inkişafındakı rolunu və qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. “İKT ili” uğurlu nəticələrlə yadda qalmış və bütövlükdə ölkənin inkişafı baxımından mühüm dövr olmuşdur. Ölkə rəhbərinin 2013-cü il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində cəmiyyətin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan sənayeyə qədər bir çox sahədə İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi və inkişafı istiqamətində mühüm tədbirlər görülmüşdür.
“İKT ili”ndə müstəqil Azərbaycan dövləti ilk telekommunikasiya peykini orbitə qaldırmaqla tarixi uğurlarından birinə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti adlandırmışdır.
Azərbaycan İKT sahəsində təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Buna misal olaraq ölkəmizdə hər il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmişdir və ildən-ilə onun əhatə dairəsi və iştirakçılarının tərkibi genişlənir.
- Əli müəllim, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmişdir. Bu müddətdə İKT sahəsi üzrə əsas vəzifələr nədən ibarətdir?
- Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı önə çəkilmişdir. Ölkə rəhbəri bu konsepsiya ilə respublikada innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması üçün İKT sahəsinin üzərinə yeni vəzifələr qoymuşdur.
Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi və orta illik artım tempinin təqribən 15-20 faiz həddində olması nəzərdə tutulur. Bu dövrdə ölkənin İKT sahəsinə 4 milyard dollara yaxın investisiya qoyulması gözlənilir.

Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30