Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İşçilərin həyat və sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır

İşçilərin həyat və sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır

18.02.2015 [11:17]

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, bu gün Azərbaycanda əməyin mühafizəsi sahəsində milli qanunvericiliyi necə xarakterizə edərdiniz?
- Əminliklə qeyd etmək olar ki, bu gün Azərbaycan əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir. Bildiyiniz kimi, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Həmçinin ölkənin bu Əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları əksini tapıb.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində əməyin mühafizəsi məsələlərinə geniş yer verilib və bu Məcəllə ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının müvafiq Konvensiyaları əsasında daha da təkmilləşdirilib. Digər tərəfdən, ilbəil təkmilləşən ölkə qanunvericiliyində işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunması müəyyən edilib. Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlər sistemindən ibarətdir. İş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsinə səbəb olacaq əsas istehsal amili kimi qiymətləndirilir.
- Ölkəmizdə işçilərin icbari sığortası sahəsində vəziyyət necədir?
- Ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün işəgötürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinin digər tələbləri kimi, bu Qanunun icrasına da ciddi şəkildə dövlət nəzarəti həyata keçirilir.
Bununla yanaşı, əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunması məqsədi ilə sığorta şirkətləri ilə bizim fəal əməkdaşlığımız mövcuddur. Belə ki, 2013-cü ilin dekabrında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən, yəni həyat sığortası fəaliyyəti ilə bağlı müvafiq lisenziyası olan “Paşa Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanıb. İmzalanan sazişə əsasən, tərəflər sığortalılar tərəfindən bədbəxt hadisə və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini və inkişafını təmin edirlər.
- Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ölkədə əmək münasibətləri sisteminə hansı yenilikləri gətirdi?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadiyyatın bir sıra sahələrində mövcud olan qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək bazarına nəzarətin gücləndirilməsi barədə müvafiq göstərişlər verib. Bununla bağlı olaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilib və dövlət başçısı qeyd olunan Qanunun tətbiqi barədə 2014-cü il 3 fevral tarixli Fərman imzalayıb.
Qeyd edim ki, Əmək Məcəlləsində edilmiş həmin dəyişikliklərə əsasən, əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən isə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər.
Bu islahat tədbiri məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin edilməsinə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənib. Artıq bütün işəgötürənlər, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə etmək imkanlarına malikdirlər. Bununla da tərəflər əmək müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli olurlar. Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə, əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsi ilə işçilər öz əmək hüquqlarının icrasını işəgötürəndən tələb etmək imkanına malik olurlar.
- Fuad müəllim, ötən il həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticələri barədə məlumat verərdiniz.
- 2014-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 11527 müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Bu müddət ərzində vətəndaşlardan daxil olmuş 4586 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1609 ədəd müxtəlif xarakterli sorğu araşdırılaraq cavablandırılıb ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 20,4% və 48,8% çoxdur. Dövlət nəzarəti tədbirləri və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 20417 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilib və icrası nəzarətə götürülüb.
- Son vaxtlar mətbuatda gedən məlumatlardan bəlli olur ki, artıq işçilər iş yerlərinə getmədən iş yerləri və əməkhaqları barədə elektron qaydada arayışlar ala bilərlər. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, bu, belədir. Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi işçilər üçün bu imkanı yaradıb. İşçi artıq bilavasitə idarəyə getmədən, əlavə vaxt sərf etmədən şəxsiyyət vəsiqəsində olan müəyyən kodları elektron informasiya sisteminə daxil etməklə təhsil müəssisələrinə, banklara və digər yerlərə təqdim etmək üçün elektron qaydada müvafiq arayışlar əldə etmək imkanına malikdirlər.
Törədilmiş inzibati xətalara görə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək onlara ümumilikdə 4292600 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, bu da 2013-cü ilə nisbətən 6,8 dəfə çoxdur. Tətbiq edilmiş cərimələrin 44,6%-i dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Bununla yanaşı, Xidmət tərəfindən görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 527574 manat olub. Bu məbləğin 88,8%-i (468434 manat) əməkhaqlarından, 6,4%-i (33932 manat) - zərər əvəzi ödənclərdən, 4,8%-i (25208 manat) sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Eyni zamanda, ötən il əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib və işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin olunub.
- Əmək qanunvericiliyinin pozulması halları əsasən hansı məsələləri əhatə edir və iqtisadiyyatın hansı sahələrində özünü göstərir?
- Ötən il əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının təhlili göstərib ki, onların 35,8%-ni əmək müqavilələrinin bağlanmaması və ya onların şərtlərinin yerinə yetirilməməsi, 6,3%-ni əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1%-ni əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4%-ni texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. təşkil edib.
İqtisadiyyatın sahələri üzrə bu pozuntular daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4%-i), yaşayışın təşkili və ictimai iaşə (10,0%), emal sənayesində (6,7%), səhiyyə və sosial xidmət sahəsində (7,2%), tikintidə (15,8%) və s. aşkar edilib. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 91%-i sahibkarlıq subyektlərində baş verib. Eyni zamanda, gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən 81%-i sahibkarlıq subyektlərinin payına düşüb. İqtisadiyyat sahələri üzrə işçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6%) və tikintiyə (22,6%) aid müəssisələrdə həyata keçirilib.
- Mümkünsə istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası haqqında söz açardınız. Təhlillərə əsasən, belə hadisələr daha çox hansı sahələrdə baş verir?
- Xidmətin yüksək məsuliyyət və peşəkarlıq tələb edən fəaliyyət sahələrindən biri də istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatının və uçotunun aparılmasıdır. Diqqətinizə çatdırım ki, 2014-cü ildə Xidmət istehsalatla əlaqəli sayılmış 225 bədbəxt hadisənin, o cümlədən qrup halında baş vermiş 28 belə hadisənin təhqiqatını aparıb. Bu hadisələr nəticəsində 90 nəfər həyatını itirib, 183 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (bütün hadisələrin 28,9%-i), emal sənayesində (15,1%), energetika sahəsində (10,7%), mədənçıxarma sənayesində (10,2%) və nəqliyyat sektorunda (8,9%) baş verdiyi müəyyən edilib.
Tikinti sektorunda 7-i qrup halında olmaqla 65 bədbəxt hadisə baş verib ki, bu hadisələr zamanı ölənlərin sayı 28 nəfər, xəsarət alanların sayı isə 43 nəfər olub. İş qəzası nəticəsində zərərçəkənlərin 26%-nin, ölənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı bir daha təsdiq edir ki, tikinti sektorunda hələ də əmək qanunvericiliyinə, bu sahədə olan digər normativ-hüquqi sənədlərin tələblərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına və qaydalarına riayət olunmasında problemlər mövcuddur. Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda bu müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur. Həmçinin işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində və onlardan səmərəli istifadə olunmasında ciddi nöqsanlar qalmaqdadır.
- Səhv etmirəmsə, ötən ildən əməyin mühafizəsi sahəsində kursların da təşkilinə başlamısınız. Bu sahədə vəziyyət necədir?
- Tamamilə doğrudur. Dövlət nəzarəti və maarifləndirmə tədbirləri ilə yanaşı, ölkədə əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığının artırılması məqsədilə ötən ilin noyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanılıb. Ötən müddətdə artıq 155 nəfər həmin kurslarda əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Onların bu kurslarda qazandıqları bilik və təcrübə onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsi işinin səmərəli təşkilinə müsbət təsir edəcək.
Qarşıdakı dövrdə də ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, işçi hüquqlarının təminatı istiqamətində tədbirlər uğurla davam etdiriləcək.

Paylaş:
Baxılıb: 961 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30