Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyət tarixinə qara ləkə vurublar

Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyət tarixinə qara ləkə vurublar

25.02.2015 [00:57]

Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, Xocalı faciəsinin baş verməsindən 23 il ötür. Xocalı şəhəri və onun strateji mövqeyi haqqında fikirlərinizi bilmək istərdik. Bu ərazinin strateji əhəmiyyəti nədən ibarət idi?
- Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyət tarixinə qara ləkə vurublar. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən dəhşətli anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir.
XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən 3 minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanın Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da, məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.
- Xocalı faciəsində yüzlərlə dinc insan qətlə yetirildi. Bu faciənin baş verməməsi üçün o vaxtkı hakimiyyət hər hansı addım atırdımı?
- Mühasirədə olmasına baxmayaraq, Xocalı düşmənə lazımi müqavimət göstərə bilirdi. Amma vəziyyət getdikcə gərginləşirdi, ermənilər hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət bizə kömək göstərmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq, kömək göstərilmirdi. Yalnız vədlər verirdilər. Müxalifətlə iqtidarın hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarırdı. Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.
Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
- Xocalı qətliamında Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. Sarkisyanın beynəlxalq səviyyədə hərbi cinayətkar kimi tanınması məqsədilə petisiya üçün 100 min imza verildi. Sizcə, bu petisiyanın əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə, bu çox vacib məsələdir. Xocalı soyqırımında birbaşa iştirakını Sarkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın indiki prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arasında əcnəbilər, ermənilər də var.
Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər. Amma bütün hallarda belə bir kampaniyaının böyük əhəmiyyəti var. Çünki insanlar Sarkisyanın kim olduğunu daha yaxşı, aydın şəkildə biləcəklər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.
- Elman müəllim, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır.
Son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edir. Ermənilər təxribatlar törədərək problemin həllini uzatmağa çalışırlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub.
Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılıb və işğalçı dövlət dalana dirənib. Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seyt-not vəziyyətində qalıb. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə artıb. Yəni, Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı Ermənistan dalana dirənib. Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də, müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir.
- Həmsədrlər bu yaxınlarda regiona növbəti səfər etdilər. Onlar münaqişənin həlli ilə bağlı mütəmadi olaraq bəyanatlar verirlər. Bu bəyanatlara münasibətiniz necədir?
- Həmsədrlərin hərəsi bir dövləti təmsil edir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki! Onların vaxtaşırı bəyanat verərək, “irəliləyiş var, bu il qızıl ildir” və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar. İndiki bəyanatlarına da fikir versəniz görərsiniz ki, yüzminlərlə insanın öz torpaqlarına qayıtmasının zəruriliyi haqqında heç bir fikir səsləndirmirlər. Yalnız çağırış edirlər ki, atəşkəsə əməl edin, etimad yaradın. Belə çağırışlarla işğalçı Ermənistanı öz hərəkətlərindən çəkindirmək mümkün deyil. Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları bir-biri ilə toqquşur. Çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. 1992-ci ildən Ermənistanın tərəfini tutublar. Onlar yalnız ermənilərin dediyini deyib Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəşti odur ki, ermənilərə yüksək statuslu muxtariyyət versin. Əslində, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir. Amma münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunarsa, Ermənistanı məcbur etmək olar ki, işğal etdiyi torpaqları tərk etsin. Görünən isə odur ki, müəyyən beynəlxalq dairələr bu qətnamələrin icrasında maraqlı deyil. Həmsədr dövlətlər də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Rusiya Ermənistanı özünün forpostu, Fransa bacısı hesab edir. ABŞ isə işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rəhbərliyinə milyonlarla dollar maliyyə yardımı edir. Belə olan təqdirdə həmsədrlərdən nə ədalət gözləməyə dəyər? Biz öz gücümüzə arxalanmalıyıq. Öz gücümüzlə Ermənistanı diz çökdürməliyik. Azərbaycan dövlətinin siyasəti də, məhz buna hədəflənib.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30