Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: YAP GB-nin üzvləri fəallıqları ilə seçilirlər

Siyavuş Novruzov: YAP GB-nin üzvləri fəallıqları ilə seçilirlər

17.03.2015 [10:13]

“Bu gəncləri çaşdırmaq, yoldan çıxarmaq mümkün deyil”
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “SƏS TV”yə müsahibəsi:
- Siyavuş müəllim, məlumdur ki, Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının Gənclər Birliyi (GB) öz konfranslarını keçirməkdədir və bu proses uğurla sona doğru yaxınlaşır. Siz həm də YAP GB-nin ilk sədri olmusunuz. Ümumiyyətlə, sizin dövrünüzün gəncləri ilə hazırkı GB-nin təmsilçilərini necə fərqləndirərdiniz?
- Öncə onu deyim ki, Gənclər Birliyinin konfransları çox fəal şəkildə keçirilməkdədir. Respublikamızda 50-dən artıq təşkilatda Gənclər Birliyinin konfransları öz işini artıq başa çatdırıb. Gənclərimiz həm onların özləri ilə bağlı olan məsələləri, həm ictimai-siyasi, həm elmi, həm də digər istiqamətlərlə bağlı məsələləri geniş şəkildə təhlil edirlər. Məhz bu amil deməyə əsas yaradır ki, bizim gənclərimiz çox fəaldırlar. Onlara çox böyük ümidlər var və onların əksəriyyətinin doğulduğu tarix Azərbaycanın müstəqillik əldə etdiyi tarixlə eynidir. Yəni onlar 18 yaşından başlamış 25-27 yaşlı gənclərdirlər ki, öz təhsillərini, fəaliyyətlərini müstəqil Azərbaycanda qurublar. Bu gəncləri çaşdırmaq, azdırmaq, yoldan çıxarmaq mümkün deyil. Onlar yaxşı bilirlər ki, ölkəmizin müstəqillik qazanması, inkişaf etməsi üçün hansı addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycanı inkişaf etdirərək çiçəkləndirməsi, sonrakı dövrdə cənab Prezident İlham Əliyevin bu mütərəqqi siyasəti uğurla davam etdirməsi, xüsusilə, gənclər siyasətini əsas vəzifə kimi inkişaf etdirməsi, təhsil müəssisələrinin, gənclər evlərinin istifadəyə verilməsi, müasir İKT-nin tərəqqisi və burada gənclərin rolu bütünlüklə deməyə əsas verir ki, gənclərimiz bu faktorları dərk edir, düzgün yol seçərək, Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşirlər.
Qeyd etdiyim kimi, YAP-ın sıralarında gənclərin sayı kifayət qədərdir və onların tərkibi 40 faizdən artıqdır. Ötən il partiyanın sıralarına 29 mindən artıq insan qəbul olunub və onların 78 faizini də məhz gənclər təşkil edir. Bu baxımdan, hesab edirəm ki, doğrudan da, biz öz fəaliyyətimizi daha çox aktuallaşdırmalıyıq, gənclərimizin fəaliyyətini düzgün istiqamətə yönəltməliyik və gənclərimizin gələcəkdə də bu yöndəki fəaliyyətləri, ayrı-ayrı sahələrdə öz layihələrini təqdim etmələri üçün tam şəkildə şərait yaratmalıyıq.
- Söylədiyiniz kimi, YAP-ın sıraları artmaqda davam edir və kütləvi hala çevrilən bu prosesdə vaxtilə radikal müxalifətdə təmsil olunan gənclərimizin də təşkilat sıralarına qoşulmaları müşahidə olunmaqdadır. Sizcə, belə gənclərin YAP-a üz tutmalarının arxasında daha hansı səbəbləri göstərmək olar?
- Təbii ki, onlar ilk olaraq real fəaliyyətimizi görürlər. Görürlər ki, gənclərimiz YAP GB-nin ofisində toplaşaraq, xarici dil, kompüter, müasir texnologiya və s. kurslara yazılırlar, gələcəklərinin daha da yaxşı təmin olunması istiqamətində onlara verilən imkanlardan maksimum yararlanmağa çalışırlar. Radikal müxalifətdə olan gənclər görürlər ki, dağıdıcılıq əməlləri, vətəndaşların mülkiyyətlərinə ziyan vurmaq, kütləvi iğtişaşlara qatılmaq onlara heç bir səmərə verməyəcək. Onların özləri artıq hiss edirlər ki, nəyi seçməli və nəyi seçməməlidirlər. Məsələn, bu yaxınlarda NİDA-çıların bir qrupu YAP-a üzv qəbul olunub, müraciətlər yenə də daxil olmaqdadır. Başqa-başqa gənclər də var ki, onlar partiyamızın sıralarına qoşulmaq üçün müraciət ediblər. Yəni onlar yaxşı anlayırlar ki, indiyədək doğru yolda olmayıblar, məhz özlərinə lider seçdikləri insanlar onların həyatlarını öz məqsədləri üçün zəhərləyib. Onlar həm də görürlər ki, Yeni Azərbaycan Partiyası radikal müxalifət partiyalarından fərqli olaraq, hər bir gəncə imkan yaradır ki, öz ideyalarını, layihələrini gerçəkləşdirsin, həyatda müvəffəqiyyətlər qazansın. Biz YAP rəhbərliyi olaraq, Yay və Qış məktəbləri çərçivəsində məhz gənclərimizin moderator olmalarına çalışırıq. Çalışırıq ki, gənclərimiz öz müasir, yenilikçi mövqeləri ilə seçilsinlər. Demək olar ki, YAP GB-nin ofisində hər həftə ölkəmizin tanınmış insanları, millət vəkilləri, elm adamları, ziyalıları, alimləri və digər sahələrdə tanınmış insanlarla görüşlər keçirilir, dəyirmi masalar təşkil edilir. Yəni həmin insanlarla ona görə görüşlər keçirilir ki, onlar gənclərimizi maraqlandıran sualları cavablandırsınlar. Ümumiyyətlə, nəzərdə tutulub ki, hər ay ərzində dörd görüş keçirilsin və hazırda da bu proses davam etdirilir. Onu da qeyd edim ki, bu tədbirlərin yalnız baş ofisdə deyil, regional ofislərdə də keçirilməsinə qərar vermişik. Biz istəyirik ki, onlar da öz bölgələrində fikir mübadilələri, polemikalar aparsınlar, ideyalarını irəli sürsünlər, layihələr təqdim etsinlər. Bizim tərəfimizdən isə hansı dəstək lazımdırsa, onu da edəcəyik.
- Siyavuş müəllim, bildiyimiz kimi, bu il həm də parlament seçkiləri ilidir. Budəfəki seçkilərdə Milli Məclisdə daha çox gənc nəslin nümayəndələrinin təmsil olunması da ehtimal olunur. Sizcə, parlamentdə gəncləşmə siyasəti necə olmalıdır?
- Bununla bağlı bir misal gətirmək istərdim. Belə ki, hələ 1999-cu ilin bələdiyyə seçkilərində gənclərin 3 %-i orada təmsil olunurdu. Ötənilki bələdiyyə seçkilərindən sonra isə bu özünüidarəetmə qurumunda təmsil olunan gənclərimiz 48%-i təşkil edir. Yəni gənclərimiz öz yerlərini mərhələ-mərhələ tutublar. Həm təbliğat-təşviqat işinin aparılmasında, həm seçki kampaniyalarının həyata keçirilməsində, həm də ilk dəfə səs verən gənclərlə işlərin aparılmasında YAP GB-nin üzvləri fəallıqları ilə seçilirlər. Gənc namizədlərin platformalarının yaradılmasında, onlara bu istiqamətdə dəstəyin göstərilməsində, onların təbliğatlarında gənclərimiz çox yüksək səviyyəli işlər qururlar. Bu baxımdan, hesab edirəm ki, əgər parlament seçkilərində kifayət qədər hazırlıqlı, bu günün mövcud ictimai-siyasi proseslərini dəyərləndirməyi bacaran, hər hansı bir dairədən seçilmək imkanı olan gənclərimiz olacaqsa, onların namizədlikləri YAP tərəfindən irəli sürüləcək və namizədlərin qələbə əldə etmələri üçün lazımi dəstək veriləcək ki, onlar parlamentdə təmsil olunsunlar.
Bu gün partiyamızda yaşlı nəslin təcrübəsi ilə gənclərimizin enerjisinin bir araya gətirilməsi kimi sistem mövcuddur. Məhz bu sistem faktoru partiyamızın fəaliyyətini daimi edir, yeni kadrların yaranmasına, cəmiyyət üçün ictimai rəyə çıxışına şərait yaradır. Çünki partiya yalnız cəmiyyətə xidmət etmir, cəmiyyətə yeni-yeni kadrlar da yetişdirir. Bu baxımdan, YAP bütün bu addımları atır ki, gənc kadrlarımız Azərbaycanımızın yüksək strukturlarındakı, seçkili orqanlarındakı əvəzlənmə prosesində iştirak etsinlər.

Paylaş:
Baxılıb: 820 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30