Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sığorta təzminatı ilə bağlı yaranmış problemin həlli üçün komissiya yaradılmalıdır

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sığorta təzminatı ilə bağlı yaranmış problemin həlli üçün komissiya yaradılmalıdır

19.03.2015 [10:27]

Musa Quliyev: Birgə araşdırma və qərar əsasında problemin həlli müəyyən oluna bilər
Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyevdir:
- Musa müəllim, Azərbaycan dövləti əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu mənada şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğını necə qiymətləndirmək olar?
- Bilirsiniz ki, Azərbaycan dövləti şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə həmişə qayğı ilə yanaşır, onların problemlərini diqqət mərkəzində saxlayır. Bu işlər həm ölkə Prezidentinin sərəncamları, həm qanunvericiliklə, həm də Dövlət proqramları ilə tənzimlənir. Yəni həmin kateqoriyaya daxil olan insanlar daim dövlət başçısının diqqətindədir.
Xatırladım ki, 1994-cü ilin avqustunda Azərbaycanın iqtisadi vəziyyətinin çox gərgin olduğu, maliyyə çatışmazlığı dövründə Ümummilli lider Heydər Əliyev Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında ilk Sərəncamını verdi. Bundan sonra bu sahədə dövlət proqramı qəbul olundu. Bu proqram əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin bir sıra imtiyaz və güzəştləri müəyyən edildi. İlk növbədə, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün dövlət tərəfindən hər il mənzillər tikilir, bu mənzillər onlara növbəlilik əsasında verilir. Onların mənzil almaq üçün müvafiq icra hakimiyyəti orqanında xüsusi növbələri var. Hər bir şəhid ailəsi 200 manat məbləğində Prezident təqaüdü alır. Şəhid ailəsinə öz ailə başçısını itirdiyinə görə pensiya müəyyən edilib. Hər bir şəhid övladı üçün müavinət verilir. İstər şəhid ailələrinin, istərsə də, Qarabağ müharibəsi əlillərinin övladları ali məktəblərə daxil olarkən onların təhsil haqları dövlət hesabına ödənilir.
Bundan başqa, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin respublikadan kənarda müalicəsinə ehtiyac varsa, onların Dövlət Proqramı çərçivəsində həm sanator-kurort müalicəsi, həm də tibbi müalicəsi dövlət vəsaiti hesabına həyata keçirilir. Eyni zamanda, bu insanların bütün müalicə xərcləri dövlət səhiyyə müəssisələrində pulsuz olaraq hər cür ixtisaslaşdırılmış yardımla həyata keçirilir. Əlillər tibbi göstəriş əsasında reabilitasiya, protezləşmə ilə təmin olunur. Onlara növbəlilik əsasında minik avtomobili verilir. İşə düzəltmə məsələsində kvota var ki, bu kateqoriyadan insanlar nəzərə alınır. Eyni zamanda, işlədiyi müəssisələrdə ixtisarlar baş verərsə, bu, onlara şamil olunmur. Yəni bütün bunlar kompleks şəkildə Azərbaycan dövləti tərəfindən həmin insanların sosial müdafiəsinə yönəlmiş tədbirlərdir.
- Son zamanlar “Hərbi qulluqçuların icbari sığortası haqqında” qanunun icrası ilə bağlı müəyyən məsələlər gündəmə gəlib. Bu haqda nə deyə bilərsiniz?
- Məlumat üçün bildirim ki, bu qanun 1996-cı ildə qəbul olunub. Qanuna görə, hər bir hərbi qulluqçu Dövlət Sığorta Şirkəti tərəfindən sığorta olunur. Əgər hərbi qulluqçu xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişərsə, sığorta hadisəsi baş verərsə, tam məbləğ onun ailəsinə verilir. Əgər xəsarət alarsa, özü həmin məbləğin müəyyən faizini ala bilər. Məsələnin detallarını vurğulamaq yaxşı olar ki, insanlar da bu məsələdən dəqiq məlumatlı olsunlar. 1996-cı ildə qəbul olunmuş qanuna görə, xidməti vəzifəsini yerinə yetirərkən hərbi qulluqçu dünyasını dəyişərsə, o dövr üçün minimum əməkhaqqının 1000 misli məbləğində birdəfəlik sığorta təzminatı verilir. Bu, o zamankı pulla 1100 dollar təşkil edir. 2007-ci ildə isə bu qanuna əlavə və dəyişikliklər edildi. Azərbaycan dövlətinin gücü, maliyyə imkanları artdığı üçün həmin məbləğ 10 dəfə artırıldı və 11 000 manata çatdırıldı.
Bir məsələni də deyim. Sığorta qanunlarında bir müddəa var ki, sığorta hadisəsi baş verəndən sonra 3 il müddətində sığorta hadisəsindən yararlanan şəxs iddia ərizəsi ilə müraciət edə bilər. Yəni 3 il müddət ərzində müraciət olunarsa, sığorta ilə bağlı bütün öhdəliklər yerinə yetirilir. Əgər vətəndaş 3 il ərzində müraciət etməzsə, sonrakı dövrdə sığorta iddiası hüququndan istifadə edə bilməz. Bir çox ölkələrin qanunvericiliyində də bu müddəa var.
Amma 2013-cü ildə həmin qanuna edilmiş dəyişikliklər əsasında bu 3 il müddət də aradan qaldırıldı. Belə çıxdı ki, hərbi qulluqçu istədiyi vaxt sığorta üçün müraciət edə və onu ala bilər. Belə olan təqdirdə isə Dövlət Sığorta Şirkəti ilə vətəndaşlar arasında problemlər yarandı. Həmin insanlar məhkəmələrə müraciət etdilər. Bəzi məhkəmələr vətəndaşların, bəziləri isə sığorta şirkətinin xeyrinə qərar verdilər. İş gedib Konstitusiya Məhkəməsinə qədər çıxdı.
- Bəs Konstitusiya Məhkəməsinin bu haqda qərarı problemə və onun həllinə nə dərəcədə aydınlıq gətirir?
- Mənim fikrimcə, Konstitusiya Məhkəməsinin öz qərarının da təfsirə ehtiyacı var. Yəni bu qərar birmənalı deyil, çünki bu qərarın müddəalarından hər bir insan müxtəlif mənalar çıxara bilərlər. Məsələn, Konstitusiya Məhkəməsi bildirir ki, ən qısa müddət ərzində vətəndaşlar müraciət edib bu sığorta təzminatını ala bilər. Amma ən qısa müddət nə qədərdir? 1 aydır, 1 ildir, yoxsa 10 il? Bu, dəqiq əksini tapmır. Yaxud da, başqa müddəa da var ki, 2013-cü ildə qəbul olunmuş dəyişiklik vətəndaşın vəziyyətini yaxşılaşdıran hal kimi qəbul olunmur. Əgər qəbul olunmursa, qanunun geriyə qüvvəsi yoxdur. Amma eyni zamanda, bildirilir ki, ən qısa müddətdə bu vətəndaşların şikayətləri təmin olunmalıdır.
Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyə edir ki, bu məsələ ilə bağlı yenidən qanunvericiliyə dəyişiklik etsin. Amma hansı dəyişiklik, nə dəyişiklik etsin, bu yoxdur. Ona görə də, bu məsələ mübahisəli olaraq qalıb.
Əslində, burada dövlətin vətəndaşla problemi yoxdur. Problem şikayətçi vətəndaşlarla sığorta şirkəti arasında yaranıb. Yəni dövlət öz öhdəliklərini vaxtında yerinə yetirib, hər bir hərbi qulluqçu üçün də qanun qəbul olunandan sonra ilbəil sığorta şirkətinə sığorta haqqını ödəyib. Amma müraciəti edən insanların həyatında sığorta hadisəsi həmin qanun qəbul olunandan əvvəl, yəni 1996-cı ilə qədər baş verib. Bu qanunun geriyə şamil olunub-olunmaması isə hələ açıq qalıb.
Məsələnin başqa bir tərəfi odur ki, bir qrup vətəndaş vaxtilə müraciət edərək 1100 manatdan sığorta təzminatını alıb. Hansı ki, 2007-ci ilə qədər qanunla məbləğ bu həcmdə idi. İndi o insanların bəziləri iddia edir ki, onlara da 11 000 manatdan sığorta təzminatı verilsin. Bu iddianın nə qədər qanunvericiliyə və ya sosial ədalətə uyğun olub-olmaması qaranlıqdır. Yəni araşdırılası məsələlər çoxdur.
- Musa müəllim, problemin həlli üçün hansı addımlar atılmalıdır? Çıxış yolu kimi nə etmək olar?
- Martın 17-də Milli Məclisdə hökumətin hesabatı zamanı mən çıxışımda dedim ki, hökumət, Milli Məclis, Konstitusiya Məhkəməsi bu məsələni aydınlaşdıran qərarlar qəbul etməlidir. Lazım olsa, bunun üçün ümumi komissiya da yaratmaq olar. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ya onların ictimai təşkilatlarının nümayəndələri də həmin komissiyaya daxil ola bilərlər. Beləliklə, birgə araşdırma və qərar əsasında problemin həlli müəyyən oluna bilər. Müəyyən olunsun ki, kimlərin sığorta təzminatı almaq hüququ qalır, kimlərə bu təzminat nə qədər və hansı müddətə verilməlidir. Sığorta deyilən məfhum əməkhaqqı, pensiya, müavinət deyil ki, dövlət onu hüququ olan bütün vətəndaşlar arasında bərabər bölsün. Yaxud hamısına artırılmış məbləğ verilsin. Sığorta elə məsələdir ki, sığorta şirkətinə həmin dövr üçün hansı məbləği köçürübsə, şirkət də o məbləği verə bilər. Məsələn, bir vətəndaşda sığorta hadisəsi 1998-ci ildə baş verib, ona 1100 manat verilməlidir. Amma indi o 11000 manat istəyir. Bu məbləğ onun sığorta müqaviləsində göstərilməyib. Yaxud 1996-cı ilə qədər qanun olmayıbsa, bu müddətə qədər baş verən sığorta hadisəsinə görə vətəndaşlara sığorta təzminatının verilməsi hüquqi cəhətdən nə dərəcədə doğrudur?
Bunların hamısı araşdırılmalıdır. Əlbəttə ki, mən vətəndaşlarımızın narahatçılığını başa düşürəm. Ölkə Prezidentinin göstərişi ilə hökumət bu insanlara diqqət göstərir. Bəlkə də, belə diqqət heç bir ölkədə yoxdur. Amma belə problemlər ortaya çıxırsa, qanun çərçivəsində, sosial ədalət çərçivəsində, heç kəsin hüququnun pozulmaması şərtilə öz həllini tapmalıdır. Boşluqların aradan qaldırılması üçün komissiya yaradılmalıdır ki, məsələni işləsin, qərarını ortaya qoysun. Nazirlər Kabinetində rəhbərlik səviyyəsində bu məsələdən məlumatlıdırlar və müvafiq qurumlara göstəriş verilib ki, araşdırılma aparılsın. Həmin vətəndaşlar Milli Məclisə də müraciət ediblər. Parlament rəhbərliyi, Sosial siyasət komitəsi də həmin vətəndaşların bir qismi ilə görüşüb. Birgə işləmək lazımdır ki, məsələ öz həllini tapsın.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30