Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan demokratik dövlətdir

Azərbaycan demokratik dövlətdir

16.04.2015 [10:24]

Məlahət İbrahimqızı: Onların məqsədi ilk Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızıdır:
- Məlahət xanım, artıq 2015-ci ilin birinci rübünə yekun vurulub. Sizin fikrinizcə, bu dövrdə qarşıda duran vəzifələr hansı səviyyədə yerinə yetirilib?
- Təbii ki, ilin birinci rübünün yekunlarını yüksək qiymətləndirirəm. Bilirsiniz ki, hər il Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin bir neçə dəfə iclası keçirilir. Bu iclaslarda ölkənin sosial-iqtisadi inkişafının rüblük, yarımillik və illik nəticələri, eləcə də, qarşıda duran vəzifələr müzakirə olunur. Eyni zamanda, bir neçə gün öncə, 2015-ci ilin birinci rübünün yekunlarına dair iclas keçirilib və burada ölkəmizin hərtərəfli inkişafı ilə bağlı geniş məlumatlar verilib.
Həqiqətən, bəhs edilən dövr ölkəmiz üçün uğurlu olub. Bu müddət ərzində ölkə iqtisadiyyatı artıb, xüsusilə qeyri-neft sektorunun inkişafı yüksək qiymətləndirilməlidir. Bu, o deməkdir ki, iqtisadiyyatın diversifikasiyası artıq özünü nəticələrdə göstərməkdədir və hesab edirəm ki, bu göstəricilər ildən-ilə daha da yüksələcək. Eyni zamanda, uğurlu sosial siyasət həyata keçirilib, sosial proqramların heç biri təxirə salınmayıb. Əlbəttə ki, qazanılan nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır. Bununla yanaşı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası nəticəsində də bölgələrimiz sürətlə inkişaf edir.
Görülən işlər haqqında dövlət müntəzəm olaraq xalq qarşısında hesabat verir. O cümlədən, regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası ilə bağlı müntəzəm olaraq ictimaiyyətə hesabat verilir. Hər bir vətəndaş da görür ki, ölkədə gedən proseslər hansı səviyyədədir və bu, necə həyata keçirilir. Bu baxımdan, mən ilin birinci rübünün yekunlarını yüksək qiymətləndirirəm. Eyni zamanda, düşünürəm ki, dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq, qarşıdakı dövrdə də ölkəmiz özünün inkişaf tendensiyasını davam etdirəcək. Uğurlu, düşünülmüş siyasət bunu deməyə tam əsas verir.
- Azərbaycan dünyada nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınır. Bu mənada, iyun ayında ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Sizcə, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzuna necə təsir göstərəcək?
- İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Ölkəmiz bu möhtəşəm tədbiri yüksək səviyyədə keçirməyə hazırdır. 50-yə qədər ölkədən minlərlə idmançı gələcək. Bu da dövlətimizin gücüdür. Azərbaycan xalqı tarix boyu bəşər sivilizasiyasına böyük töhfələr verib. Bu hadisə də dünyanın, Avropanın tarixində mühüm bir hadisə kimi yadda qalacaq. Bilirsiniz ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi ilk Avropa Oyunları ilə əlaqədar çevik fəaliyyət göstərir. Bunun nəticəsində möhtəşəm idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminik. Eyni zamanda, Avropa ölkələrində birinci Avropa Oyunlarının təqdimatı yüksək səviyyədə keçirilir. Hesab edirəm ki, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq.
- Məlahət xanım, belə bir məqamda bəzi təşkilatlar Azərbaycanda demokratiya və insan haqları ilə bağlı qərəzli fikirlər səsləndirirlər. Bu günlərdə Birləşmiş Ştatlardakı bəzi şəxslər Azərbaycana təzyiqlə bağlı ABŞ dövlət katibi Con Kerriyə müraciət ediblər. Bu məsələyə münasibətiniz necədir?
- Hazırda reallıq bundan ibarətdir ki, dünyada ədalət güc deyil, güc ədalətdir. Bu, təəssüf doğurur. Bilirsiniz ki, erməni lobbisi bir çox ölkələrdə var. Dünya erməniliyi bir xəstəlikdir. Erməni lobbisi türk dünyasına, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı kampaniya aparır. Burada məqsəd Azərbaycanla Türkiyənin imicinə dünyada zərbə vurmaqdan ibarətdir.
Vaxtilə erməni lobbisi dünyada elə rəy yaratmışdı ki, guya, Ermənistana qarşı biz təcavüz etmişik. Lakin Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra yorulmaz fəaliyyət göstərərək dünyadakı bu rəyi dəyişməyə başladı. Yəqin xatirinizdədir ki, Ulu öndərimiz xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə hətta xəritələr vasitəsilə qarşı tərəfə məsələni izah edirdi. Bunun nəticəsində də informasiya blokadası aradan götürülməyə başlandı.
Belə olan təqdirdə isə erməni lobbisi diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq üçün, guya, Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğunu ortaya atır. Bu prosesdə isə beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından istifadə olunur. Demokratiya sonu olmayan bir inkişaf yoludur. Dünya ölkələri də hər zaman demokratik prosesləri inkişaf etdirir. Azərbaycan da uzun illər sovet totalitar sistemində yaşayıb. Müstəqillik qazandıqdan ötən müddət ərzində isə demokratiya sahəsində böyük inkişaf yolu keçib. Hazırda bu yolda inkişaf davam edir. Heç kim problemlərdən sığortalanmayıb. Amma bundan sui-istifadə edilməməlidir.
Bu gün Azərbaycanda hüquqi dövlət qurulub. Hüquqi dövlətdə isə qanun hamı üçün bərabərdir. Əgər qanun pozulubsa, qanunun aliliyi təmin olunmalıdır. Bütün hüquqi dövlətlərdə belədir. Amma Azərbaycana qarşı təzyiqlər sırf məqsədli xarakter daşıyır. Vaxtilə Ermənistan parlamentində rəsmi şəxslər öldürüləndə hansı beynəlxalq hesabatda əksini tapdı? Yaxud son prezident seçkilərində namizədə qarşı sui-qəsd edildi. Beynəlxalq təşkilatlar bu fakta ciddi əhəmiyyət vermədilər.
Bu gün ABŞ-da və Avropada irqçilik həddən artq güclənməkdədir. Qaradərililərə qarşı diskriminasiya gedir. ABŞ-da qaradərili şəxs polis tərəfindən öldürülüb, müxtəlif ştatlarda mitinqlər gedir. Amma özlərini insan haqlarının müdafiəçisi elan edən qurumlar bu haqda səslərini çıxarmır. Bütün bunlar dünyadakı reallıqları, ikili standartları göstərir.
ABŞ dövlət katibi Con Kerriyə müraciət edənlər də bu şəbəkəyə daxil olan insanlardır. Onların məqsədi ilk Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Amma bu məqsədləri reallaşmayacaq.
Azərbaycan öz qanunları ilə hərəkət edir və heç kimin ixtiyarı yoxdur ki, daxili işlərimizə qarışsın. Ölkəmiz haqqında qərəzli məlumatları yayan erməni lobbisi və inkişafımızı sevməyən digər qüvvələrdir. Onlar insan haqlarından narahatdırlarsa, niyə Ermənistanın işğalı nəticəsində öz torpağından didərgin düşmüş yüz minlərlə insanın hüquqlarının bərpasından danışmırlar? Bu insanların haqqını müdafiə etməyən təşkilatların obyektivliyinə cəmiyyətimiz heç zaman inanmaz. Azərbaycan xalqı bəşər sivilizasiyasına böyük töhfələr verən xalqdır. Xalqımız müdrikdir və ölkəmizdə xaos yaratmaq istəyən xarici qüvvələrə, həmçinin, onların daxildəki havadarlarına heç vaxt imkan verməyəcək ki, hansısa problemlər yaratsınlar. Biz xaosu 1993-cü ilə qədər yaşamışıq və bundan sonra belə hallara yol verməyəcəyik. Demokratiya pərdəsi altında xaos yaratmaq istəyən qüvvələrə qarşı daim birlik göstərəcəyik.
- Sizcə, bütün bunlar həm də beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən yayındırmaq məqsədi daşımırmı?
- Əlbəttə ki, həmin qüvvələrin əsas məqsədlərindən biri də budur. Uzun illərdir ki, Ermənistan tərəfindən torpağımız işğal olunub, 1 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə hələ də həll olunmamış qalır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu sənəd tam əsas verir ki, münaqişə sülh yolu ilə, ədalətli şəkildə həll edilsin.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Amma problem ondadır ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur. ABŞ, Fransa və Rusiyanın həmsədr olması işğalın uzanmasına səbəb olub. Çünki hər üç dövlətin Ermənistana isti yanaşması məlumdur. Ermənistan Rusiyanın forpostudur, ABŞ və Fransada isə erməni lobbisi və diasporu güclüdür. Belə vəziyyətdə onların vasitəçiliyinin heç bir nəticəsi olmayacaq. Bunu aradan qaldırmaq üçün hansısa irəliləyiş etməlidirlər. Əgər ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümünə, ermənilər tərəfindən insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıdılmasına göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əgər bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir.
Amma biz bu gün nəyi müşahidə edirik? Minsk qrupu həmsədrlərinin bəyanatlarında həmişə Ermənistan ilə Azərbaycan bərabərləşdirilir. Lakin belə olmalı deyil. Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir. Bütün bunlar deməyə əsas verir ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunurlar və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30