Birinci Avropa Oyunlarının təşkilindən qazanan tərəf Azərbaycan olacaq
01.05.2015 [10:04]
Vüqar Bayramov: Avropa Oyunları ölkəmiz üçün iqtisadi baxımdan rentabelli bir layihədir
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, iyun ayında ölkəmizdə birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə müxtəlif aspektli fikirlər səsləndirilib. İqtisadçı-alim Vüqar Bayramovun qəzetimizə müsahibəsində isə bu Oyunların ölkəmiz üçün iqtisadi baxımdan əhəmiyyəti məsələsinə aydınlıq gətirilib.
- Vüqar müəllim, iqtisadi baxımdan ilk Avropa Oyunlarını ölkəmiz üçün necə dəyərləndirərdiniz?
- İlk Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirərkən, yalnız Oyunlar keçirilən müddətdə ölkəmizdə əldə ediləcək gəlirləri hesablamaq bir qədər doğru olmazdı. İlk Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri yalnız qısa müddətdə deyil, eyni zamanda, uzunmüddətli bir dövrü əhatə edəcək. Belə ki, ilk Avropa Oyunları keçirildiyi müddətdə cari gəlirlərin əldə edilməsinə imkan verməklə yanaşı, eyni zamanda, Oyunlar başa çatdıqdan sonra da ölkə iqtisadiyyatına əlavə vəsaitlərin daxil olmasına imkan yaradacaq. Şübhəsiz, Oyunlar keçirilən müddətdə kiçik və orta sahibkarlar daxil olmaqla, ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalana biləcək. Oyunlar iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq. Bu isə ölkə sahibkarlarının qısa və uzunmüddətli dövrdə Oyunların keçirilməsindən faydalanmasına şərait yaradacaq.
Burada bir haşiyə çıxmaq istərdim. Yaxşı olardı ki, bizim ekspertlər Avropa Oyunlarının iqtisadi əhəmiyyətini hesablayan zaman həm cari, həm də strateji gəlirləri bir-birindən fərqləndirsinlər. Çünki gəlirlər, sadəcə, qısamüddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək.
- Digər tərəfdən də, Oyunların keçirilməsindən həm də ölkənin turizm sektoru da qazanc əldə edəcək...
- Sözsüz ki, bu, belə olacaq. Əvvəla, onu deyim ki, Oyunların keçirilməsindən həm cari, həm də strateji baxımdan turizm sektoru və bu sahədə fəaliyyət göstərən sahibkarlar da faydalana biləcəklər. Belə ki, ilk Avropa Oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. İlk Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, Oyunları izləmək üçün Azərbaycana gələcək hər bir turist ölkə iqtisadiyyatına təqribən 2000 dollar sərmayə yönəldəcək.
Bundan əlavə, bildiyiniz kimi, turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsi üçün də əsas yaradır. Belə ki, həmin turist getdiyi ölkə barəsində öz dostlarına, iş yoldaşlarına, ailə üzvlərinə həmin ölkənin mədəniyyəti, milli mətbəxi, adət-ənənələri, qonaqpərvərliyi barədə danışır. Onlarda da həmin ölkə ilə bağlı maraq oyadır. Həmin insanlar da min dəfə eşitməkdənsə, bir dəfə də olsun həmin ölkəyə səfər edib, hər şeyi öz gözü ilə görmək istəyirlər. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdırır. Düşünürəm ki, turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda, sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə gəlirlər əldə edə biləcək.
- Yəqin ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi yalnız turizm sektoru deyil, digər sahələr üçün də faydalı olacaq?
- Burada bir məsələyə diqqət yetirmək çox vacibdir. Az öncə qeyd etdiyim kimi, turistlərin Azərbaycanda olmasından yalnız bu sektor deyil, xüsusilə də xidmət, nəqliyyat və bank sektorları da gəlirlər əldə etmək imkanı qazanacaqlar. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Nəzərə alsaq ki, Oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin Oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər ilk Avropa Oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaqlar. Yeri gəlmişkən, qeyd edim ki, artıq bu müşahidə olunmaqdadır və yarışların başlamasına təqribən ay yarım qalmış ilk Avropa Oyunlarının rəsmi tərəfdaşlarının sayı artıq onlarla hesablanmaqdadır. Qarşıdakı günlərdə belə şirkətlərin sayının daha da artacağı gözlənilir. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu Oyunlara cəlb edilməsinə imkan yaradacaq. Eyni zamanda, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata olan tələbatın artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu, Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir.
- Bəs sizcə ilk Avropa Oyunları strateji baxımdan Azərbaycana nə kimi gəlirlər vəd edir?
- Burada öncə qeyd edim ki, ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Yeri gəlmişkən, Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının qrup mərhələsi və 1/4 final oyunlarından biri məhz Bakıda keçiriləcək. Bundan əlavə, qarşıdakı illərdə ölkəmizdə bir sıra digər mötəbər beynəlxalq yarışların keçirilməsi planlaşdırılıb. Buradan belə bir nəticəyə gəlmək olar ki, biz artıq Oyunlara çəkilən xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan, digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq, ölkəmiz növbəti illərdə beynəlxalq yarışların təşkil edilməsi üçün bütün lazım olan bazanı artıq formalaşdırıb. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə mötəbər beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə ilk Avropa Oyunlarının əsas strateji iqtisadi üstünlüyüdür. Bu Oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadəyə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki mühüm idman yarışları ərəfəsində xərcləri artıq cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin.
- Vüqar müəllim, ilk Avropa Oyunlarının Azərbaycanın dünyaya təbliği, ölkəmizə yeni investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Birmənalı olaraq söyləyə bilərəm ki, Oyunlar ölkəmizə xarici investisiyaların cəlb edilməsinə də təsir göstərəcək. Bildiyiniz kimi, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq.
Bir sözlə, əminliklə demək olar ki, cari və strateji gəlirləri nəzərə alsaq, ilk Avropa Oyunları ölkəmiz üçün iqtisadi baxımdan rentabelli bir layihədir. Sözügedən Oyunların keçirilməsi Azərbaycan üçün sadəcə, geosiyası və beynəlxalq mötəbər yarışa ev sahibliyi etmək baxımından deyil, eyni zamanda, ölkə iqtisadiyyatının dəstəklənməsi baxımından da çox vacibdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Oyunların təşkilindən qazanan tərəf məhz Azərbaycan və ölkə iqtisadiyyatı olacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

