Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İlk Avropa Oyunları dünya idman tarixinə “qızıl hərflərlə” yazılacaq

İlk Avropa Oyunları dünya idman tarixinə “qızıl hərflərlə” yazılacaq

20.05.2015 [10:03]

Saymon Kleq: İlk Avropa Oyunları insan kapitalı baxımından Azərbaycan üçün çox böyük bir irs, miras qoymuş olacaq
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsi
İlk Avropa Oyunlarına sayılı günlər qaldıqca, bu Oyunların keçirilməsi məqsədilə yaradılan “Bakı-2015”Avropa Oyunları Əməliyyat Komitəsində işlər daha da sürətlənib. Bəzən, hətta axşam saatlarınadək qonşuluğumuzda yerləşən bu əzəmətli binanın iş otaqlarında işıqlar sönmür. Oyunlara hazırlığın hansı mərhələdə olması ilə bağlı oxucuları məlumatlandırmaq məqsədilə qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Gərgin iş rejimində çalışmalarına baxmayaraq, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Yeni Azərbaycan” qəzetinə müsahibə verməkdən imtina etmədi. Əksinə, yorğunluğu gözlərindən hiss olunsa da, o, özünü gümrah göstərməyə, suallarımıza ətraflı cavab verməyə çalışırdı.
- Cənab Kleq, ilk Avropa Oyunlarının başlamasına təqribən 20 gündən bir az artıq vaxt qalır. Deyə bilərsinizmi, Oyunlara hazırlığın hansı mərhələsindəyik?
- İlk növbədə, qeyd etmək istəyirəm ki, birinci Avropa Oyunlarının təşkili və keçirilməsi ilə böyük bir komanda məşğul olur. BAOƏK-da rəsmi ştatda 1900 işçi çalışır. Bundan əlavə, təqribən 11 min könüllü də təşkilat işlərində bizə yardım edir. Əminliklə söyləyə bilərəm ki, birgə fəaliyyətimiz nəticəsində ilk Avropa Oyunlarının uğurla keçirilməsini təmin edə biləcəyik. Düşünürəm ki, Oyunların başlamasına qalan 23 günü də çox gərgin işləməli olacağıq. Hətta mən özüm belə sutkada 12 saat çalışmalı oluram. Qarşıdakı günlərdə bu, yəqin ki, 18 saata çatacaq, istirahət günlərində də çalışmalı olacağıq. Bizim komandada əksəriyyət yerli mütəxəssislərdir, xaricdən gəlmiş peşəkar mütəxəssislər də bu işdə onlara yardım edirlər. Komandanın birgə fədakarlığı sayəsində hazırlıq işləri yekunlaşmaq üzrədir. Hesab edirəm ki, qarşıdakı günlərdə də hər şey plana uyğun şəkildə davam edəcək və biz iyunun 12-də möhtəşəm idman bayramının açılışının, iyunun 28-də isə ilk Avropa Oyunlarının bağlanışına həsr olunan unudulmaz bir gecənin - gözəl bir tədbirin şahidi olacağıq.
- Azərbaycanda işləmək təklifi almazdan əvvəl ölkəmiz haqda təsəvvürləriniz necə idi və burada gördükləriniz çoxmu fərqli oldu?
- Düzünü desəm, Azərbaycanda heç olmamışdım. Amma ölkəniz haqda müəyyən təsəvvürlərim var idi. Bunlar, deyərdim ki, adi informasiyalar idi. Buraya təyinat almazdan əvvəl Avropa Olimpiya Komitəsində Avropa Oyunları üzrə icraçı direktor vəzifəsində çalışırdım. Təqribən iki ilə yaxındır ki, Bakıdayam. Buraya həyat yoldaşımla birlikdə gəldik və ölkənizdəki inkişafa, gözəlliyə abadlığa, insanlardakı səmimiyyətə və qonaqpərvərliyə heyran qaldıq. Milli mətbəxinizin ləziz təamları tamam başqa bir mövzudur. Bütün bunları özüm üçün çox böyük üstünlük hesab edirəm. İndi vaxt tapdıqca buradakı gözəllikləri, Bakıda keçirdiyim xoş anları avropalı dostlarımla bölüşürəm, onları da bu gözəllikləri görməyə dəvət edirəm.
- Cənab Kleq, bundan əvvəl London Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə də məşğul olmusunuz. İlk Avropa Oyunlarına hazırlığı London Olimpiadası ilə müqayisə etdikdə hansı fərqlilikləri görürsünüz?
- Bakıda keçiriləcək ilk Avropa Oyunları tamam yeni bir idman bayramıdır. Burada biz yeni idman dəyərlərimizi tətbiq etməyə çalışırıq. Bunun idmançılar üçün uyğun və düzgün formada təşkilatçılığını həyata keçirəcəyik. Digər tərəfdən isə, təbii ki, hər ikisi idman yarışları olduğu üçün, müəyyən mənada uyğunluqlar, oxşarlıqlar da var. Müqayisə üçün deyə bilərəm ki, biz Bakıda təqribən 6 min idmançının iştirakını gözləyirik. Son London Olimpiadasında isə təqribən 10 min idmançı iştirak etmişdi. Bundan əlavə, ilk Avropa Oyunlarında 20 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur, Londonda isə idman növlərinin sayı 27 idi. Doğrudur, “Bakı-2015” özünün əhatə dairəsinə görə kifayət qədər əhəmiyyətli bir yarışmadır. Daha bir fərqlilik var. Əgər Londonda keçirilən Olimpiya Oyunlarına hazırlıq üçün ölkənin 7 il vaxtı var idisə, ilk Avropa Oyunlarının təşkili üçün Azərbaycana 2 il yarım müddət ayrılmışdı. Bu vaxt ərzində biz çox gərgin bir şəraitdə işlədik. Və ümid edirəm ki, yarışlar başlayanadək bu işin öhdəsindən uğurla gələ biləcəyik.
- Bu sualı əbəs yerə vermədim. Həm dövlət başçısı İlham Əliyev, həm də ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva dəfələrlə öz çıxışlarında vurğulayıblar ki, “Bakı-2015” gələcək Avropa Oyunlarının standartlarını müəyyənləşdirəcək, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Necə düşünürsüz, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları dünya idmanı üçün bir tarix yaza biləcəkmi?
- Əminliklə deyə bilərəm ki, “Bakı-2015” nəinki Azərbaycanın idman tarixi, eləcə də, dünya idman tarixinə “qızıl hərflər”lə yazılacaq. Düşünürəm ki, həm Prezident İlham Əliyev, həm də ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva fikirlərində tamamilə haqlıdırlar. Bakıda keçiriləcək ilk Avropa Oyunları gələcək illərdə təşkil olunacaq Oyunlar üçün bir etalon olacaq, standartlar müəyyənləşdirəcək. Hesab edirəm ki, bu standartlar ən yüksək səviyyədə və peşəkarcasına hazırlanmış standartlar olacaq. Hazırlıq işlərinin gedişi və əhatə dairəsi onu deməyə əsas verir ki, ilk Avropa Oyunları heç də Yay Olimpiya Oyunlarından geri qalmayacaq. Bütün dünya idmansevərləri iyun ayında möhtəşəm idman bayramının şahidi olacaqlar. Bakıdakı idman həyəcanı nəinki “köhnə qitə”ni, hətta bütün dünyanı öz əhatəsinə alacaq.
- Oyunların keçiriləcəyi idman qurğuları barədə məlumat verərdiniz, ən son idman qurğusu nə vaxt istifadəyə veriləcək?
- İlk Avropa Oyunlarının keçiriləcəyi bütün əsas idman qurğuları və meydançaları, demək olar ki, istifadəyə tam hazırdır. Bəzi yardımçı idman qurğularında hazırda son tamamlanma işləri gedir. Düşünürəm ki, işlərimiz plana uyğun şəkildə davam edir. Və biz iyunun əvvəlində həm qonaqlara, həm də paytaxt sakinlərinə möhtəşəm idman bayramı sevincini bəxş edə biləcəyik. Elə deyim ki, bakılılar da bu Oyunları səbrsizliklə gözləyirlər. Buna paytaxt sakinləri ilə söhbətimizdə də şahid oluruq, hər kəsin üzündə bir bayram sevinci, Olimpiya həyəcanı yaşanmaqdadır.
- Cənab Kleq, ilk Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı “qara piar” kampaniyası da sürətlənməkdədir. Bəzi xarici KİV-də ölkəmizdə, guya insan hüquqlarının pozulması, birinci Avropa Oyunlarına hazırlıqla bağlı xoşagəlməz fikirlərin yer alması və s. bu kimi neqativ meyillər güclənməkdədir. Sizcə, bu kimi yazılar ilk Avropa Oyunlarına kölgə sala bilərmi, yaxud Oyunları izləmək üçün ölkəmizə gələcək turistlərin sayına mənfi təsir göstərə bilərmi?
- Əslində, mən əməliyyat direktoruyam. Yəni, siyasətdən çox uzaq bir adamam. Mənim işim Oyunları təşkil etməkdir, siyasi məsələlərə ümumiyyətlə qarışmıram. Düşünürəm ki, kimin harada, nə yazmasından asılı olmayaraq, Azərbaycan ilk Avropa Olyunlarını mükəmməl bir şəkildə keçirəcək. Bakının ev sahibliyi ilə keçiriləcək Avropa Oyunları dünya idman tarixində öz izini qoyacaq. Hər hansı bir məqalə, yaxud yazı ilk Avropa Oyunlarına kölgə salmaq iqtidarında deyil. O ki qaldı turistlərin gəlişinə, düşünürəm ki, bu məsələdə də heç bir problem olmayacaq. Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət yetirir. Məndə olan məlumata görə, nəinki paytaxtda, hazırda Azərbaycanın bütün regionlarında bir neçə beşulduzlu hotel fəaliyyət göstərməkdədir. Digər tərəfdən də, Oyunlar ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm bir Sərəncam imzaladı. Belə ki, ilk Avropa Oyunlarına onlayn bilet əldə edən turistlər üçün viza almaq məsələsi tam sadələşdirilib. İndi turistlər Bakıya gəldikdən sonra hava limanındaca viza ala biləcəklər. Deyərdim ki, bu, turistlər üçün fantastik bir üstünlükdür. Odur ki, narahlıq üçün heç bir əsas görmürəm.
Burada bir haşiyə çıxmaq istərdim. Oyunların rəsmi açılışı və bağlanışı da daxil olmaqla, biz ümumilikdə bütün yarışlara təqribən 600 min biletin satılmasını nəzərdə tuturuq. Məndə olan məlumata görə, bütün biletlərin 50 faizi artıq satılıb. Bildiyiniz kimi, paytaxtda 12 məntəqədə Oyunlara biletlər satılır. Bundan əlavə, onlayn bilet satışı da xeyli böyük bir rəqəmlə ifadə olunur. Düşünürəm ki, iyunun əvvəlinə artıq bir bilet belə tapmaq mümkün olmayacaq.
- Cənab Kleq, qarşıdakı illərdə Azərbaycanda bir sıra beynəlxalq yarışlar - şahmat üzrə Dünya çempionatı, “Formula-1” yarışı, İslam Həmrəylik Oyunları, qismət olarsa, hələ Yay Olimpiya Oyunları da keçiriləcək. Birinci Avropa Oyunlarından sonra burada qalıb, fəaliyyətinizi davam etdirmək fikriniz varmı?
- Bakı çox gözəl şəhərdir, burada böyük məmmuniyyətlə qalıb, ömrümün sonrakı illərini də yaşayardım. Çünki bu şəhər həyat yoldaşımın da çox xoşuna gəlib. Amma birinci Avropa Oyunlarından sonra düşünürəm ki, bir qədər istirahət etməliyəm, əslində gərgin iş rejimindən sonra, bunu həqiqətən də haqq edəcəyəm. Sonrakı planlarım barədə isə düşünməyə hələ vaxtım olacaq. Məlumatım var, bilirəm ki, Azərbaycan gələn il şahmat üzrə Dünya çempionatına, “Formula-1” Qran-Pri yarışı, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi mötəbər yarışlara ev sahibliyi edəcək. Həmçinin, “Euro-2020” Avropa çempionatının qrup və 1/4 final mərhələsi oyunlarından biri Bakıda keçiriləcək. Burada ən əsas məsələ ondan ibarətdir ki, ilk Avropa Oyunları insan kapitalı baxımından Azərbaycan üçün çox böyük bir irs, miras qoyacaq. Və düşünürəm ki, birinci Avropa Oyunlarının hazırlığına cəlb edilmiş həmin təcrübəli kadrların sayəsində Azərbaycan hələ qarşıdakı illərdə daha möhtəşəm və uğurlu idman layihələrini gerçəkləşdirmək iqtidarında olacaq. O ki qaldı mənə, yəqin ki, bu haqda fikirləşməyə hələ vaxtımız çox olacaq. Sağlıq olsun, hər şey yaxşı olacaq.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 898 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30