Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Keçiriləcək referendum Azərbaycanın inkişafının göstəricisidir

Keçiriləcək referendum Azərbaycanın inkişafının göstəricisidir

23.08.2016 [09:33]

Siyavuş Novruzov: Referendumun keçirilməsinə etiraz edənlərin cəmiyyətimizdə zərrə qədər də nüfuzu yoxdur
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, hazırda ümumxalq səsverməsi - referendum ərəfəsindəyik. Çox təəssüf ki, radikal müxalifətin bir qismi seçkiləri “boykot” edəcəyini, bir qismi etiraz aksiyaları keçirəcəyini, başqa bir hissəsi isə təşəbbüs qrupunun yaradılması üçün lazım olan imzaların toplanmasında süni maneələrin yaradıldığı bəhanəsini irəli sürür. Sizcə, müxalifət bu cür absurd iddialarla öz zəifliyini, eləcə də xaricdən təlimat aldığını nümayiş etdirmirmi?
- Ümumiyyətlə, hər bir xalq referendum yolu ilə öz qanunvericiliyinə, Əsas Qanununa əlavə və dəyişikliklər edir. Referendumun əsas mahiyyəti bundan ibarətdir. Dünya ölkələrində konstitusiyalar qəbul olunduqdan sonra onlara kifayət qədər əlavə və dəyişikliklər edilib. Bir çox ölkələr ABŞ-ın Konstitusiyasına istinad edir. Bu konstitusiya qəbul edildikdən 4 il sonra ona 17 əlavə və düzəliş edilib. Bu günə kimi həmin sənədə 26-dan çox əlavə və dəyişikliklər olunub. Bundan başqa, Fransa, İtaliya, eləcə də Türkiyədə bir neçə il bundan əvvəl referendum keçirilərək konstitusiyalarında əlavə və dəyişikliklər ediblər.
Yəni hər bir cəmiyyət inkişaf etdikcə münasibətlər sisteminin özündə yeniliklər ortaya çıxır ki, bunlar da qanunlarla tənzimlənir. Qanunun yaranmasının müxtəlif formaları var ki, onlardan da biri sanksiyalaşdırılmış adətlərdir. Bu baxımdan hər bir qanun həmin ölkənin ənənələrinə uyğun olmalıdır. Belə olmasaydı, o zaman bütün ölkələr ABŞ-ın Konstitusiyasını köçürərək fəaliyyət göstərərdi. Bu baxımdan hər bir xalqın milli dəyərləri, adət-ənənələri və digər məsələlər həmin ölkənin əsas qanununda öz əksini tapmalıdır.
Bununla yanaşı, ölkəmiz bir çox beynəlxalq konvensiyalara qoşulub və biz parlamentdə mütəmadi olaraq həmin konvensiyaları ratifikasiya edirik. Azərbaycan sürətlə inkişaf edir və inkişaf baxımından dünyada öncül sıradadır. Ölkəmizdə sosial problemlərin həll olunması, insanların rifah halının yaxşılaşdırılması qanunvericilikdə də sosial ədalət prinsipinin əsas prinsip kimi ifadə olunmasını şərtləndirir. Ümumiyyətlə, yaradılan, qurulan, tikilən hər bir şey insan üçündür. İnsan hüquq və azadlıqları da bizim Konstitusiyamızın əsas meyarıdır. Bu baxımdan da Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin böyük hissəsi insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Qalan digər müddəalar dövlət strukturlarının, siyasi sistemin təkmilləşdirilməsi, yeni institutların yaradılması, prezidentlik müddətinin, seçkili orqanlarda yaş senzinin dəyişdirilməsi ilə əlaqədardır. Bütövlükdə, təklif edilən əlavə və dəyişikliklər demokratik prinsiplərə uyğundur, insanların maraqlarına cavab verir. Bütövlükdə, keçiriləcək referendum, təklif edilən Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafının göstəricisidir.
Referendumun keçirilməsinə etiraz edənlərə gəlincə, onlar Azərbaycan xalqı tərəfindən heç bir dəstəyə malik olmayan, sosial bazası və elektoratı olmayan, hətta partiya səviyyəsində belə təmsil olunmayan, qeydiyyatdan keçməyən təşkilatlardır. Konkret olaraq, söhbət “Milli şura”dan gedirsə, bu təşkilat cəmiyyətdə zərrə qədər də nüfuzu olmayan 3-5 nəfərdən ibarət bir qurumdur. Onların hər bir məsələyə etiraz etməkdən başqa peşələri yoxdur. Orada təmsil olunanlar bu günə qədər Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı hər hansı hüquqi fakt ortaya qoymayıb, hər hansı bir maddəni hüquqi cəhətdən əsaslandıra bilməyiblər. Vaxtilə rüşvət aldığına görə qovulan bir neçə hüquqşünasları var ki, onlar da indiyədək tutarlı faktlar göstərmək iqtidarında olmayıblar. Deyirlər ki, Azərbaycanda monarxiya yaradılır. Hardadır monarxiya? Monarxiyanın dualist, mütləq, konstitusiyalı formaları var. Bu adamlar isə monarxiyanın yalnız adını eşidib onun haqqında danışmağa başlayırlar, amma onun idarəetmə sisteminin nədən ibarət olduğunu bilmirlər. Azərbaycanda hakimiyyətin bütün qolları seçki yolu ilə formalaşır. Belə olan halda, monarxiya necə ola bilər? Bu cür düşünənlər Azərbaycanın nüfuzuna, demokratık sistemimizə kölgə salmağa çalışırlar. İnsan hüquq və azadlıqlarının qorunması monarxiyadırmı?
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə yaş senzi 18 yaşa endirilir. Əgər insan 18 yaşında seçmək hüququna malikdirsə, həmin yaşda hərbi xidmətə gedə bilirsə və digər hüquqlara sahib olursa, seçilmək hüququna niyə malik olmamalıdır? Bu dəyişikliyin edilməsi o demək deyil ki, seçkili orqanlarda bundan sonra 18 yaşlı şəxslər təmsil olunacaq. Sadəcə, 18 yaşa çatmış vətəndaşa seçilmək hüququ verilir. Xalq seçkilərdə yaş məsələsindən asılı olmayaraq, istədiyi şəxsi seçəcək.
“Milli şura” bir müddətdir ki, kütləvi aksiyalar keçirəcəyi haqda hay-küy qaldırıb. Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var və onlar bu qanunun tələblərinə uyğun aksiya keçirə bilərlər. Lakin onların mitinqlərinə kim gələcək? İnsanlar başqa ölkələrdə olan prosesləri görür və dərk edirlər ki, həmin ölkələrdə aranı qatanlar məhz bu cür qüvvələrdir. Bu qüvvələr ordan-burdan 5-10 manat almaqla ölkədə siyasi sabitliyi pozmağa, inkişafı ləngitməyə, dövlətin müsbət imicinə kölgə salmağa çalışırlar. Lakin bizdəki radikal müxalifətin heç bir gücü yoxdur. YAP-ın ən kiçik rayon təşkilatının üzvlərinin sayı onların hamısının üzvlərinin sayından çox olmaqla yanaşı, keyfiyyət baxımından tərəzinin gözündə yüksəkdir. Sadəcə, Azərbaycanı sevməyən və ölkəmizin inkişafını gözü götürməyən, eləcə də erməni lobbisi “Milli şura”dakılardan istifadə edirlər. Əks təqdirdə həmin qüvvələrin ölkəmizin əleyhinə verilən bəyanatları birtərəfli kimi qəbul olunar. İndi bəzi beynəlxalq dairələr hansı ölkədən güzəştlə nəsə qopartmaq istəyirsə, daxildəki bu tipli qüvvələrdən istifadə edirlər. Biz dəfələrlə belə halların şahidi olmuşuq.
Bu dairələr üçün insan hüquqları önəmlidirsə, o zaman niyə indiyədək Azərbaycanın qaçqın və məcburi köçkünləri haqqında qərar qəbul etmirlər? Kəlbəcərli girovlarımızın pozulan hüquqları haqqında niyə bir kəlmə bəyanat səsləndirməyiblər. Bu həm də daxildəki radikal müxalifət partiyalarına aiddir. Çünki pul aldıqları adamlar girovlarımıza saxta məhkəmə quranlardır. Azərbaycan xalqı bu cür insanlardan yalnız ziyan çəkə bilər.
Bir sözlə, radikalların referendumla bağlı iddialarının heç bir əsası yoxdur. Referendumla əlaqədar artıq təşəbbüs qrupları yaradılıb. Təşviqat qrupu kimi qeydiyyatdan keçmək üçün 40 min imza toplamaq lazımdır. Azərbaycanda 5 milyon seçici var və 40 min imza seçicilərin 0,1 faizi də etmir. Bu imzaları toplayıb, təbliğatını apara bilməyən qrup, sadəcə, dərnək ola bilər. Bəzən KİV-lərdə elə müsahibələr, məqalələr olur ki, onları 70-80 mindən çox insan oxuyur. Amma ölkəmizin müxalifəti 40 min imza toplaya bilmir. Bu, onların göstəricisidir və Azərbaycanda həmin şəxslərə dəyər verə biləcək 0,1 faiz seçici belə yoxdur. Həmin şəxslərə partiya rəhbəri, siyasi proseslərdə aktiv iştirak edən siyasətçi demək olmaz. Onlar uğursuz köşə yazarları ola bilərlər.
- AXCP sədri Əli Kərimli və onun dəstəsi Nardaran hadisələri zamanı dövlətçilik mövqeyindən çıxış etmədiklərini bir daha ortaya qoymuşdular. Bundan başqa, Əli Kərimlinin gülənçilərlə də əlaqələrinin olduğu faktlarla sübuta yetirilir. Sizcə, onları hansı maraqlar eyni mövqedən çıxış etməyə məcbur edir?
- Burada söhbət onun gülənçi, sağçı, solçu və ya mərkəzçiliyindən getmir. Burada əsas məsələ ondan ibarətdir ki, Əli Kərimli öz vətənini satmağa hazır olan insandır. Onun üçün indiyədək erməni lobbisi idi, bu gün bir başqa təşkilatdır, sabah digəri olacaq. Həmin qüvvələrə Əli Kərimli kimiləri lazımdır. Çünki onlar bilirlər ki, əməlisaleh, vətənpərvər, ziyalı heç zaman öz vətənini, xalqını pula satmaz. Amma elə insanlar var ki, bu, onların peşə fəaliyyətidir. Əli Kərimli də həmin şəxslərdəndir. Onlar dövlətdə vəziyyət nə qədər pis olsa, ona sevinirlər. Neftin qiymətinin ucuzlaşmasını böyük sevinclə qeyd edirdilər. Amma neft gəlirləri, təbii ki, Azərbaycan xalqının maraqlarına xidmət edir. Nə qədər yollar, körpülər, parklar salınıb, 3 mindən artıq məktəb, 500-dən artıq xəstəxana tikilib, xeyli sayda mədəniyyət obyektləri təmir edilib. Bu obyektlərdən təkcə YAP-çıların uşaqları istifadə etmir ki? Onların hamısı bütün Azərbaycan xalqı üçündür. Ona görə də neftin qiymətinin aşağı düşməsinə sevinmək lazım deyildi. Nə qədər baha olsa, o qədər gəlirimiz çox olar ki, bu da insanlar üçün istifadə olunacaq.
Neftin qiymətinin aşağı düşməsinə yalnız düşmən sevinə bilər. Misal üçün, ermənilər neftin ucuzlaşmasına sevinir, çünki onların nefti yoxdur, gəlir əldə edə bilmirlər. Lakin Azərbaycan neftdən əldə etdiyi gəlirləri sosial və digər sahələrə yönəldir ki, bütün bunlar xalqımızın mənafeyinə xidmət edir. Amma çox təəssüf ki, Ə.Kərimli və onun tərəfdarları ölkədə hər hansı bir təbii fəlakət baş verdikdə də ondan şou yaratmağa çalışırlar. Bu səbəbdən də həmin şəxslər Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir və bundan sonra da dəstəklənə bilməz.
O ki qaldı Əli Kərimlinin gülənçilərlə əlaqəsinə, bu cür şəxslərdən hər addım gözləmək olar. Aprel hadisələri zamanı bütün Ermənistan mətbuatı Əli Kərimlinin verdiyi müsahibələrə, yazdığı yazılara istinad edirdilər. Bu, həmin Əli Kərimlidir və ondan hər şey gözləmək olar.
- Ümumiyyətlə, Türkiyədə baş verən hadisələrdən sonra dünya ölkələrində gülənçilərlə mübarizə aparılmağa başlandı. Bizə maraqlıdır, Azərbaycanda mübarizə aparılırmı və bizə daxil olan məlumata görə, onların 2018-ci il üçün müəyyən planları da olub.
- Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var. Qanunda göstərilir ki, qanuni yolla Azərbaycanda fəaliyyət göstərən dini qurumlar, icmalar, təşkilatlar fəaliyyət göstərə bilərlər. Kim ki, qanun çərçivəsində fəaliyyət göstərmir, onlara qarşı ciddi addımlar atılır və qanunun aliliyi tətbiq olunur. Qeyd edim ki, Azərbaycan xalqının özünün xüsusi milli-mənəvi dəyərləri var. Azərbaycanda təhsilsiz insan yoxdur. Azərbaycanda intellektual cəmiyyət formalaşıb və bu tipli qüvvələrin məqsədini çox yaxşı dərk edir. Ona görə də həmin qüvvələr ölkəmizdə öz çirkin niyyətlərini reallaşdıra bilməzlər.
Azərbaycan xalqı VII əsrdən başlayaraq İslam dininə etiqad göstərir. Sovet hökuməti dövründə də müsəlman əhali Qurani- Kərimdə göstərilən ritualları qayda-qanun çərçivəsində yerinə yetirib. İndi də həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi bununla bağlı tənzimləyici tövsiyələr, qanunlar qəbul edir, qərarlar verir. Biz dini ekstremizmə qarşı qanun qəbul etmişik və bu qanuna görə dini qurumların qanunsuz hərəkətlərinin qarşısı dərhal alınır.
Azərbaycanın dövlət quruluşunu, siyasi sistemini, xalqımızın qəbul etdiyi hüquqi, demokratik, dünyəvi dövlətin əsaslarını dəyişməyə cəhd edən insanlar qanun qarşısında cavab verəcəklər. Ola bilər ki, kimlərsə Azərbaycanda da 5-10 gənci şirnikləndirərək yoldan çıxara bilərlər. Əli Kərimli və onun dəstəsi kimi insanlar bu cür yola atıla bilərlər. Amma ümumilikdə Azərbaycanda gülənçi anlayışı və geniş formada fəaliyyəti yoxdur.
- Bir müddət öncə müxalifətyönlü NİDA ilə müstəqil mövqeli “İrəli” Gənclər Təşkilatının ozamankı rəhbərliyi arasında müəyyən əlaqələrin olduğu və onlara rəhbərlik edən şəxslərin eyni məqsədə xidmət etdiyi söylənilirdi. Bu haqda nə deyə bilərsiniz?
- Mən bütün təşkilatların fəaliyyəti ilə yaxından tanış deyiləm. Bu əsasən hüquq-mühafizə orqanlarının işidir. Bayaq söylədiyim kimi, ola bilsin, kimlərsə həmin təşkilatın təsirinə düşə bilər. Amma ümumilikdə Azərbaycanda gülənçilərin geniş fəaliyyəti ola bilməz.
- Siyavuş müəllim, başqa bir məsələyə də münasibətinizi öyrənmək istəyirik. Artıq Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatdı. Azərbaycan idmançılarının əldə etdikləri uğurlar barədə nə deyə bilərsiniz?
- Mən, ilk növbədə, XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi uğurlara görə Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı cənab İlham Əliyevi təbrik edirəm. Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğısının nəticəsində Azərbaycan bu gün yeni uğurlara imza atır. 1996-cı ildə Olimpiya Oyunlarında Azərbaycan 1 medal qazanmışdısa, artıq 2016-cı ildə 18 medal qazanmışıq. Bu, Azərbaycanın uğurlu inkişafının əyani göstəricisidir. Bəzən idmançıları göstərdikləri nəticəyə görə tənqid edirlər. Lakin bilmək lazımdır ki, Olimpiada idman yarışlarının ən yüksək zirvəsidir və bu yarışlara zəif idmançı gedə bilməz. Çünki idmançılar bu yarışda iştirak etmək üçün bir çox mərhələlər keçmiş olurlar. Yəni Olimpiya Oyunlarında iştirakın özü belə qələbədir.
Ümumiyyətlə, ölkəmizdə idman sahəsinə böyük diqqət var, idmançılara və onların məşqçilərinə yüksək qayğı göstərilir. Həm idmançılarımız, həm də məşqçilərimiz bu etimadı layiqincə doğrultmaq üçün mötəbər beynəlxalq yarışlarda ölkəmizin bayrağının daim yüksəlməsinə çalışırlar. Bu Olimpiya Oyunlarında məğlub olan idmançılarımız ruhdan düşməməli, yeni çempionatlara hazırlaşmalı, qaliblər də bununla kifayətlənməyib yeni nailiyyətlər əldə etməyə çalışmalıdırlar.
Mən bütün Azərbaycan xalqını əldə etdiyimiz bu uğur münasibətilə təbrik edirəm. Ümumiyyətlə, Braziliyada baş tutan oyunları əvvəldən sona qədər izlədim. Çox təəssüf ki, bu oyunları da siyasiləşdirməyə çalışdılar. BMT-nin bununla bağlı Konvensiyası var və orada qeyd olunub ki, idmanı siyasətə qatmamalıdırlar. Lakin bəzi dövlətlər, beynəlxalq təşkilatlar idmandan da siyasi oyunlar vasitəsi kimi istifadə etməyə çalışdılar. Biz bunun 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı da şahidi olduq. Lakin Azərbaycan Prezidenti cəsarətlə belə cəhdlərin qarşısını aldı və ilk Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə keçirildi. Ölkəmizdə baş tutan “Bakı-2015” Avropa Oyunlarının təşkilatçılığı, ədalətliliyi, düzgünlüyü Braziliyada keçirilən Olimpiya Oyunlarından daha yüksək səviyyədə idi.

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30