“Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edir
20.09.2017 [10:47]
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə www.yap.org.az saytına müsahibə verib:
- Kamran müəllim, məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötür. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyasının tarixi əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. Sizcə, “Əsrin müqaviləsi” Azərbaycana nə verdi?
- Təbii ki, 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ni təhlil edəndə, onun əhəmiyyətini analiz edəndə ilk növbədə tarixi baxımdan bu məsələyə yanaşmalıyıq. Və Azərbaycanın o vaxtlar hansı vəziyyətdə olduğunu xatırlamalıyıq. Bilirsiniz ki, Azərbaycanın müstəqilliyinin elan olunduğu ilk illərdə ölkədə hərc-mərclik hökm sürürdü. Bütün sahələrdə anarxiya idi, iqtisadiyyat çökmüşdü. Bunun da əsas səbəbi ovaxtkı hakimiyyətin səriştəsizliyindən ibarət idi. Digər səbəbi isə o idi ki, Azərbaycan sovetlər birliyinin iqtisadi sisteminə qoşulmuşdu və müstəqillik qazanılandan sonra qurulmuş əlaqələr pozuldu və iqtisadiyyat sürətlə tənəzzülə uğradı. Həm də o zaman fəaliyyət göstərən müəssisələrin bir çoxu dağıdıldı. Bu səbəbdən də sosial-iqtisadi böhran dərinləşdi. Ermənistanın hərbi təcavüzü isə vəziyyəti daha da gərginləşdirirdi.
1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə anarxiyanın qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpa olunması yönündə ciddi addımlar atıldı. Məhz belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması üçün xarici şirkətlərlə danışıqlara başlanıldı. Bu danışıqlar uğurla yekunlaşdı və müqavilə imzalandı. Əlbəttə ki, həmin danışıqlar çox çətin şəraitdə gedirdi. Çünki Azərbaycanda sabitlik tam bərpa olunmamışdı, ölkəmiz müharibə şəraitində idi. Ona görə də bəzi xarici dövlətlərdə bir inamsızlıq var idi. Amma Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu və Ona olan inam sayəsində 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalandı. Həmin ilin dekabr ayında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olundu.
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bir sözlə, bu müqavilənin imzalanması müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir. Prezident İlham Əliyev belə bir fikir söyləyib ki, bizim məqsədimiz neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdən ibarətdir.
Təbii ki, xarici şirkətlərlə neft müqaviləsinin imzalanmasının həm neft sənayesinə, həm də qeyri-neft sənayesinə böyük təsiri oldu. Ümumilikdə, neft sənayesində həm neft hasilatı üzrə inkişaf getdi, həm neft emalı və s. istiqamətlərdə irəliləyiş oldu. Əsas məqsədlərdən biri də neft sənayesində yeni texnologiyaların tətbiq edilməsi idi. Bu baxımdan da “Əsrin müqaviləsi” böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, o zaman texnologiyalar köhnə idi və güclü elmi kadr potensialımız olsa da, texnologiya və sərmayə baxımından bu işləri təkbaşına görməyə hazır deyildik. Çünki bütün bunlara maliyyə imkanlarımız yox idi.
“Əsrin müqaviləsi” imzalandıqdan sonra növbəti mərhələdəki işlər uğurla davam etdirildi. “Əsrin müqaviləsi”nin ardından 1996-cı ildə artıq “Şahdəniz” yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarıldı. 1998-ci ildə Bakı - Novorossiysk neft kəməri bərpa olundu və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi. 2012-ci ildə TANAP üzrə layihə imzalandı və artıq bu il, çox güman ki, bu layihə üzrə işlər bitəcək və xətt işə düşəcək. Həmçinin TAP xətti və bu kəmər vasitəsilə qazın Avropa ölkələrinə çatdırılması üzrə işlər gedir. Şahdəniz-1 və Şahdəniz-2-dən çıxarılan qazın xarici bazarlara çatdırılması nəzərdə tutulur. Bunların hamısı Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticələri və bəhrələridir.
Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütün iqtisadiyyatımız inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Bunun nəticəsində də artıq 2009-2010-cu illərdə biz ÜDM-in artım templəri üzrə MDB məkanında öndə gedən ölkə olduq. Bu illərdən başlayaraq sərmayələrin böyük axını qeyri-neft sektoruna yönəldi.
Bir məqamı xüsusi vurğulayım ki, “Əsrin müqaviləsi”nin imzalanmasının ən böyük nailiyyəti bu oldu ki, biz ictimai-siyasi sabitliyə nail olduq, iqtisadi inkişaf başladı, eyni zamanda, iqtisadi təhlükəsizlik yarandı ki, Azərbaycan bunun sayəsində nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrildi. Bu, çox mühüm faktdır. Məhz bunun nəticəsidir ki, misal üçün, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə daxili və xarici sərmayələrin həcmi 2014-cü ildə 21 milyard dollar təşkil etdi. Əlbəttə ki, bu nailiyyətlərin əsasında “Əsrin müqaviləsi” dayanır. Bütün bunlara, yəni tarixi, siyasi, iqtisadi və beynəlxalq əhəmiyyətinə görə 1994-cü il sentyabrın 20-də imzalanmış neft müqaviləsi “Əsrin müqaviləsi” adlandırılır.
- Sentyabrın 14-də Bakı şəhərində “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalandı. Sizcə, bu Saziş Azərbaycan dövləti üçün hansı perspektivlər vəd edir?
- Bəli, sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Hesab edirəm ki, bu Saziş “Əsrin müqaviləsi” ilə eyni əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi.
Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində, neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən, həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır. Bu da o deməkdir ki, yeni sazişin icrası nəticəsində dövlətimizin gəlirləri daha da artacaq.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət və üstünlük verilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, bizim gələcək iqtisadi siyasətimizdə qeyri-neft sektorunun inkişafı prioritet təşkil etməlidir, neft faktorunu kənara qoymalıyıq. Təbii ki, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticələr verməkdədir. Belə ki, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə ciddi nəticələr əldə olunur. Hazırda sənaye mərkəzləri, məhəllələri yaradılır ki, bunlar da yaxın illərdə daha böyük nailiyyətlərə yol açacaq. Yəni həm neft, həm də qeyri-neft sektorundan ölkəmiz daha böyük həcmdə gəlirlər əldə edəcək. Əsas odur ki, gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək.
- Bu gün Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır. Yeni neft sazişinin imzalanması ölkəmizin beynəlxalq müstəvidə mövqeyini nə dərəcədə gücləndirəcək?
- Azərbaycan regionda ən güclü və həlledici ölkədir. Bizimlə hesablaşırlar, mövqeyimizi qəbul edirlər. Yeni Sazişin imzalanması onu göstərir ki, ölkəmizin nüfuzu daha da artır. İqtisadi və hərbi baxımdan ölkə nə qədər güclü olsa, siyasi baxımdan da o qədər güclü olacaq. Təbii ki, imzalanan saziş də Azərbaycanın daha da güclənməsinə xidmət edir.
- Neft strategiyasının reallaşmasında, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında ixrac kəmərlərinin rolu hər kəsə məlumdur. Bu baxımdan, kəmərlərin diversifikasiyası nə dərəcədə önəmlidir?
- Əlbəttə ki, yalnız bir xətdən, kəmərdən asılı olmamaq vacib məsələdir. Logistika marşrutlarının yaradılması Azərbaycanın neft strategiyasının ən uğurlu məqamlarından biridir. Bütün bunlar zərurətdən doğur. Çünki bu kəmərlər zərurətdən doğan neft və qaz kəmərləridir. Qaz ehtiyatlarımızın böyük olması da zərurət yaratdı ki, TANAP yaradılsın. Proqnozlara görə, “Şahdəniz-2” layihəsi üzrə 16 milyard kubmetr qaz ixrac ediləcək. Onun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə TAP vasitəsilə Avropaya nəql olunacaq.
Eyni zamanda, Orta Asiyada hasil olunan qazın Avropaya nəql olunmasında da bu kəmərlər vacib rol oynaya bilər. Yəni Azərbaycan tranzit xərclərində də əlavə gəlir qazanacaq. Həm də Azərbaycan tranzit ölkəsi kimi Avropanın, dünyanın enerji təhlükəsizliyi sistemində çox həlledici rol oynayır.
- Kamran müəllim, bu gün enerji təhlükəsizliyi məsələsi dünyanın qlobal probleminə çevrilib. Belə bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında nə deyə bilərsiniz?
- Şübhəsiz ki, bu, çox vacib məsələdir. Bu məsələnin nə qədər aktual olduğu mənim iştirak etdiyim ATƏT PA-nın tədbirlərində də hər dəfə xüsusi olaraq vurğulanır. Bütün üzv ölkələr birmənalı qeyd edir ki, enerji və neft ehtiyatları və onları nəql edən kəmərlər qorunmalıdır. Onların qorunması dünyanın, o cümlədən Avropanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına gətirib çıxarır. Ona görə də enerji təhlükəsizliyi ön planda olmalıdır. Azərbaycan da Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli ölkələrdən biridir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

