Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlığa start verib

Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlığa start verib

30.01.2010 [08:52]

Siyavuş Novruzov: Biz bələdiyyə seçkilərini həm Azərbaycan, həm də Yeni Azərbaycan Partiyası üçün çox uğurlu hesab edirik və seçkini azad, demokratik, şəffaf seçki kimi qiymətləndiririk
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, 2009-cu il arxada qaldı və bu il ölkəmizin həyatında bir sıra siyasi hadisələrlə müşayiət olundu. ötən ilin mart ayında ümumxalq səsverməsi, ilin sonunda isə yerli özünüidarəetmə strukturlarına-bələdiyyələrə növbəti seçkilər keçirildi. Yeni Azərbaycan Partiyası bu siyasi hadisələrdə nə dərəcədə fəal iştirak etdi?
- Bəli, 2009-cu il Azərbaycanda bütün sahələrdə olduğu kimi, ictimai-siyası həyatda da çox uğurlu il kimi yadda qaldı. İstər Azərbaycan iqtisadiyyatında, sosial həyatında, istərsə də siyasi proseslərdə olduqca müsbət dinamizm müşahidə olundu. Qeyd etdiyiniz kimi, ötən ilin mart ayında ümumxalq səsverməsi (referendum), dekabrda isə bələdiyyə seçkiləri keçirildi. ümumiyyətlə, bu bələdiyyə seçkiləri əvvəlkilərindən fərqlənirdi. O baxımdan ki, seçkidən öncə Azərbaycan Milli Məclisi bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilikdə bir sıra yeniliklər etmişdi, bələdiyyələrin sayı 2700-dən 1718-ə endirilmişdi. Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizdə keçirilən seçkilərdə fəal surətdə iştirak edir. Budəfəki seçkilərdə iştirak məsələsində də bir sıra yeniliklər edildi. Məsələn, 2004-cü ilin bələdiyyə seçkilərinin nəticələrinə əsasən, YAP-ın təmsilçiliyi 60 faiz civarında olmuşdu. Arxada qalan dövrün təhlili nəticəsində geniş araşdırmalar aparıldı. Bu araşdırmaların nəticəsi kimi keçmiş bələdiyyə üzvlərinin təxminən 30 faizi namizəd olaraq yenidən irəli sürüldü. Namizədlərin 70 faizi isə tamamilə yeni, əhali tərəfindən dəstəklənən, hörmət olunan insanlar idi. İmzatoplama kampaniyası çox uğurla aparıldı. Partiyamız tərəfindən irəli sürülən namizədlərdən yalnız 44 nəfərin namizədliyi qeydə alınmadı. Onların bir qismi götürdükləri sənədləri geri qaytarmadı, digər qismi isə demək olar ki, sənədlərdəki çatışmazlıqlar ucbatından qeydə alınmadı. Bir neçə nəfər isə sonradan öz namizədliklərini geri götürdülər. Yerdə qalan namizədlər seçkidə iştirak etdilər və Azərbaycanda keçirilən azad və demokratik seçkilərin nəticəsi olaraq Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qalib gəldi. Yeni seçilmiş bələdiyyə üzvlərinin 67 faizi YAP-ı təmsil edir. Bu, çox böyük və əvvəlki illərə nisbətən daha uğurlu göstəricidir. Bunun səbəblərindən biri ilk növbədə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində yeni seçki texnologiyalarından istifadə etməsi ilə əlaqədar idi. Digər səbəb isə, artıq formalaşmış seçki qərargahlarının intensiv iş fəaliyyəti və partiya fəallarının bu prosesdə dinamik iştirakı ilə bağlıdır. Bundan başqa, qeyd olunmalıdır ki, partiyamız namizədlərin geniş şəkildə təbliğat-təşviqat kampaniyasını apardı. Biz bələdiyyə seçkiləri ilə əlaqədar bütün rayon və şəhərlərdə çoxsaylı görüşlər keçirdik. Bu görüşlər 3 mərhələdən ibarət idi. Görüşlərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, təbliğat-təşviqat qrupuna daxil olan insanlar, Milli Məclisin deputatları və digər şəxslər təmsil olunurdu. ümumilikdə respublika üzrə 1895 görüş keçirilib və bu görüşlərdə təxminən 450 minə yaxın seçici iştirak edib. Aparılan çoxsaylı işlərin nəticəsi olaraq, Yeni Azərbaycan Partiyası 2009-cu ilin bələdiyyə seçkilərində qalib gəldi. Qeyd edim ki, biz seçki prosesini də yüksək səviyyədə müşahidə etdik. Yeni Azərbaycan Partiyasının demək olar ki, bütün seçki məntəqələrində müşahidə aparan nümayəndələri vardı. Həm müşahidəçilər, həm də dairə və məntəqə seçki komissiyalarındakı nümayəndələrimiz tərəfindən mərkəzi qərargaha daxil olan məlumatlar ümumiləşdirildi. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün (dünən-red.) keçirilən iclasında bələdiyyə seçkilərinin nəticələri ilə bağlı yekun rəy təsdiq olundu. Bir neçə yerləri çıxmaq şərtilə yerdə qalan bütün dairələrlə bağlı rəylərimiz MSK-nın son qərarı ilə üst-üstə düşdü. Bunun da səbəbi seçki prosesini tam və əhatəli şəkildə izləməyimiz oldu. Yeni Azərbaycan Partiyası ümumrespublika üzrə təxminən 200-dən artıq müşahidəçi ilə seçki prosesini izləyirdi. Bundan əlavə, təxminən 5000 nəfər müşahidəçi məntəqə və dairələrdə seçki prosesinə nəzarət edirdi. Bu baxımdan, demək olar ki, bütün məntəqə və dairələrdən müşahidəçi anketi və həmçinin də, protokolların surəti Yeni Azərbaycan Partiyasında yoxlanılıb, təhlil olunub və müvafiq qərar çıxarılıb. Partiyamız bələdiyyə seçkilərinin yekunu ilə bağlı geniş təhlil aparıb. Seçkinin qiymətləndirilməsinin əsas xüsusiyyəti də məhz aparılan təhlilə söykənməlidir. İdarə Heyətinin iclasında həmin təhlillərin nəticələri təqdim olundu və müzakirə edildi. Bu, həm də o baxımdan vacib idi ki, qarşıdan parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinin nəticələrinə əsaslanaraq parlament seçkilərinə hazırlaşacaq. Hansı məntəqələrin və ya dairələrin ərazilərində işin daha da intensivləşdirilməsinin gərəkdiyi müəyyənləşdirildi. Bir ay müddətində bu təhlillər aparıldıqdan sonra artıq Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının sədrlərinin növbəti toplantısında bu sahədə fərqlənənlər və nöqsanlara yol verən təşkilatlar haqqında müzakirələr aparılacaq, qərarlar veriləcək. ümumi nəticə isə ondan ibarətdir ki, biz bələdiyyə seçkilərini həm Azərbaycan, həm də Yeni Azərbaycan Partiyası üçün çox uğurlu hesab edirik və seçkini azad, demokratik, şəffaf seçki kimi qiymətləndiririk.
- 2009-cu il ümumilikdə Yeni Azərbaycan Partiyası üçün hansı uğurlarla müşahidə olundu?
- 2009-cu il Yeni Azərbaycan Partiyasının həyatında uğurlu il kimi yadda qaldı. Bu il ərzində Yeni Azərbaycan Partiyasının sıraları xeyli genişlənib. 2009-cu il ərzində Yeni Azərbaycan Partiyasının sıralarına 29 mindən artıq üzv qəbul olunub. Hesab edirəm ki, bu Yeni Azərbaycan Partiyası üçün çox ciddi bir göstəricidir. O cümlədən, qəbul olunanların sırasında gənclərin və qadınların çoxluq təşkil etməsi Yeni Azərbaycan Partiyasının bu sahədə fəaliyyətinin təqdirəlayiq olduğunu ortaya qoyur. Digər tərəfdən, ötən il ərzində Yeni Azərbaycan Partiyası çoxsaylı ictimai-siyasi, elmi, mədəni tədbirlər həyata keçirib. Partiyamız kütləvi ağacəkmə kampaniyaları təşkil edib. Bu, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə “Ekologiya ili” elan olunan 2010-cu il üçün Yeni Azərbaycan Partiyasının töhfəsidir. Bu işlər cari ildə də davam etdiriləcək. Xüsusi olaraq qeyd edilməlidir ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyası iki seçkidə - ümumxalq səsverməsi (referendum) və bələdiyyə seçkilərində fəal iştirak edib. Eyni zamanda, sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının ilk təşkilatlarının sayı xeyli artıb. Belə ki, ötən il 100-dən artıq yeni ilk təşkilat yaranıb ki, bununla da ilk təşkilatlarımızın ümumi sayı 7612-yə çatıb. Hesab edirəm ki, bu istiqamətdə uğurlar daha da artacaq.
- ötən il beynəlxalq əlaqələrin inkişafı baxımından hansı yeniliklərlə müşayiət olunub?
- 2009-cu ildə partiyamızın beynəlxalq əlaqələri daha da genişlənib. Ayrı-ayrı ölkələrin aparıcı siyasi partiyaları ilə görüşlər keçirilib. Yeni Azərbaycan Partiyası Asiya ölkələrinin siyasi partiyalarının təşkilatının icraiyyə komitəsinə üzv qəbul olunub. Eyni zamanda, Avropa Xalqları Partiyası ilə geniş əməkdaşlığa start verilib. O cümlədən, başqa-başqa xarici ölkələrin aparıcı siyasi təşkilatlarından Yeni Azərbaycan Partiyasına əməkdaşlıq etmək üçün müraciətlər daxil olub. Qazaxıstanın hakim “Nurotan” Partiyası ilə əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP), Rusiyanın “Yedinaya Rossiya” Partiyasının, Ukrayna Regionlar Partiyasının və digər siyasi təşkilatların qurultaylarında YAP nümayəndələri qonaq qismində iştirak edib. Eyni zamanda, YAP-ın Gənclər Birliyi ilə ayrı-ayrı ölkələrin siyasi partiyalarının gənclər strukturları arasında əlaqələr qurulub.
- 2010-cu il bildiyimiz kimi, Azərbaycanda parlament seçkiləri ilidir. Artıq bununla bağlı bir sıra siyasi təşkilatlar öz fəaliyyətlərini koordinasiya etməyə başlayıblar. Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesinə start veribmi?
- Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərdə yüksək səviyyədə iştirak edib. Və partiyamız hər zaman bu seçkilərdə öz üstünlüyü ilə seçilib. Yuxarıda qeyd etdiyim kimi, artıq bələdiyyə seçkiləri ilə bağlı təhlillər yekunlaşıb və bu təhlillərin yekununa əsasən, parlament seçkilərinə hazırlıq prosesinə başlanacaq. İdarə Heyətinin iclasında 2010-cu ilin ilk yarımilliyinə dair iş planı təsdiq olundu. Planın böyük bir hissəsi parlament seçkilərinə hazırlıqla bağlıdır. Yeni Azərbaycan Partiyası hər zaman seçkilərdə yeni seçki texnologiyalarından istifadə edir. Partiyamız seçkiqabağı və sonrakı dövrləri üç mərhələyə bölür: birinci mərhələ seçkiyə start verilənə qədər görüləcək işlər, ikinci mərhələ seçki ilə bağlı aparılacaq fəaliyyət, təbliğat-təşviqat kampaniyası və üçüncü mərhələ seçkidən sonrakı təhlillər dövrü kimi xarakterizə oluna bilər. İdarə Heyətinin qərarı ilə artıq birinci mərhələyə başlanılacaq. İlk növbədə, parlament seçkisi ilə əlaqədar seçki proqramı hazırlanır ki, burada həm mərkəzi aparatın, həm də yerli təşkilatların fəaliyyət planı öz əksini tapacaq. Daha sonra seçki qərargahlarının vəziyyəti-texniki təchizatı, fəaliyyət istiqamətləri, iş dinamikliyi və s. məsələlər bir daha təhlil ediləcək. Bu məsələlər müəyyənləşdikdən sonra orada fəaliyyət göstərəcək şəxslərə seçki ilə bağlı treninqlərin keçirilməsi nəzərdə tutulur. ümumilikdə, seçki proqramına daxil olan bu məsələlər iyun ayına qədər yekunlaşdırılacaq. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının bu tədbirlər planına həm də yerli elektoratın öyrənilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi işləri də daxildir. Bundan başqa, seçki məntəqələri ərazilərindəki ilk partiya təşkilatlarının fəaliyyəti, orada işin intensivliyinin artırılması yolları araşdırılacaq. Bütün ilk təşkilatlar seçki təbliğatı dövründə yüksək fəallıq nümayiş etdirməlidir. İkinci mərhələdə ilk iş namizədlərin müəyyənləşdirilməsi məsələsidir. Daha sonra onların imzatoplama kampaniyasının təşkili, qeydə alınan namizədlərin təbliğat kampaniyası məsələləri reallaşdırılacaq. Bu mərhələnin son işi isə seçki günü səsvermə prosesinin müşahidə edilməsidir. üçüncü mərhələ seçkidən sonrakı dövrü əhatə edir. Bu dövrdə seçki prosesinin nəticələri təhlil ediləcək və hər hansı bir qanun pozuntusu müşahidə olunubsa, onun aradan qaldırılması istiqamətində MSK-ya müraciət olunacaq.
- ölkəmizdə fəaliyyət göstərən digər siyasi təşkilatlar hər zaman seçki prosesinə hazırlığa hələ aylar öncə başlasalar da, son nəticədə seçki yaxınlaşdıqca onların passivliyi artır. Bu, adətən, müxalifət partiyalarında daha çox müşahidə olunur. Sizcə, bu nə ilə əlaqədardır?
- İlk növbədə, vurğulanmalıdır ki, qeyd etdiyiniz həmin siyasi təşkilatlar seçki prosesinə hazırlıq dedikdə yalnız danışmağı nəzərdə tuturlar. Onlar əməli fəaliyyətləri ilə yadda qalmırlar. Qəzetlərə müsahibə vermək və ya hansısa müzakirə açmaq seçkiyə hazırlıq prosesi deyil. İkinci bir tərəfdən, onlar bununla öz gücsüzlüklərini pərdələmək istəyirlər. çünki seçki olduqca ağır bir prosesdir və bunu həyata keçirmək üçün geniş fəaliyyət, potensial, seçki texnologiyası, konsepsiya lazımdır. Amma həmin partiyaların parlament seçkiləri ilə bağlı bu cür intensiv və dinamik fəaliyyət aparmağa nə gücü, nə də potensialı var. Seçkiyə hazırlıq konsepsiya şəklində, yuxarıda qeyd etdiyim şəkildə aparılmalıdır. Bu proses qrafikə uyğun şəkildə ardıcıl həyata keçirilməlidir. Yeni Azərbaycan Partiyasının uğurlarının arxasında həm də bu nizam-intizam dayanır.

Paylaş:
Baxılıb: 1250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30