Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Xocalı soyqırımını törədənlər Haaqa məhkəməsində layiqli cəzalarına çatdırılmalıdırlar

Xocalı soyqırımını törədənlər Haaqa məhkəməsində layiqli cəzalarına çatdırılmalıdırlar

25.02.2010 [09:30]

Şahmar Usubov: Xocalı soyqırımı mənfur erməni ideoloqlarının özgə torpaqları hesabına “Böyük Ermənistan” dövlətinin yaradılması planlarının tərkib hissəsi olmaqla bu iyrənc siyasətin məntiqi davamıdır
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov www.yap.org.az saytına müsahibə verib:
- Şahmar müəllim, qarşıdan Xocalı soyqırımının 18-ci ildönümü gəlir. Nə qədər ağır olsa da, bu faciənin başvermə səbəbləri və o dövrdə respublikamızda ictimai-siyasi vəziyyət haqqında təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik.
- Əlbəttə, Xocalı faciəsi XX əsrin ən dəhşətli, kütləvi insan qırğınlarından biri olmaqla, Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları olan imperiyapərəst qüvvələrin birgə həyata keçirdikləri soyqırımı hadisəsidir. Bu, bir anın, bir günün içərisində baş vermiş hadisə deyil. Xocalı soyqırımı mənfur erməni ideoloqlarının özgə torpaqları hesabına “Böyük Ermənistan” dövlətinin yaradılması planlarının tərkib hissəsi olmaqla bu iyrənc siyasətin məntiqi davamıdır. Bildiyimiz kimi, hələ məlum Dağlıq Qarabağ hadisələrinə qədər müxtəlif dövrlərdə ermənilər öz xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı çoxsaylı kütləvi qırğınlar törədib, etnik təmizləmə siyasəti aparıb, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqları olan daimi yaşayış yerlərindən min bir işgəncələrə məruz qalaraq didərgin salınıb. Mixail Qorbaçovun keçmiş SSRİ-də siyasi hakimiyyətə gəlməsindən sonra ermənilər onunla yaxınlıq münasibətlərindən və onun erməni lobbisinin təsiri altında olmasından istifadə edərək əvvəlcədən hazırlanmış iyrənc planlarının reallaşdırılması istiqamətində faktiki fəaliyyətə başladılar. öncə, yəni, 1987-ci ilin sonlarından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisində yaşayan erməni əhalisi arasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün imzatoplama kampaniyasına başlandı və milli ədavətin qızışdırılması məqsədilə xüsusi təbliğat işləri həyata keçirildi. Bu pozuculuq fəaliyyətinin qarşısının alınması üçün təsirli tədbirlərin görülməməsi nəticəsində məsələlər açıq müstəviyə çıxarılaraq etiraz mitinqlərinin başlanmasına, Ermənistanda və keçmiş DQMV-nin ərazisində yaşayan əhaliyə qarşı zorakılıq hərəkətlərinin tətbiq edilməsinə və 200 mindən artıq soydaşımızın hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycandakı öz dədə-baba torpaqlarından, eyni zamanda, Dağlıq Qarabağın yaşayış məntəqələrindən qovulub çıxarılmasına səbəb oldu.
Başda M.Qorbaçov olmaqla, keçmiş sovetlər birliyinin rəhbərliyi məsələnin obyektiv, mövcud beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq əvəzinə, tam əksinə olaraq hadisələrin ermənilərin xeyrinə inkişaf etdirilməsinə çalışdı. O dövrdəki respublika rəhbərliyi isə qətiyyətsizlik edərək, xalqının, vətəninin taleyinə biganə yanaşaraq, öz vəzifə kürsülərini itirməmək üçün Moskvanın “buyruqqullarına” çevrildilər. Ermənilər onlar üçün yaradılmış “münbit” şəraitdən istifadə edərək Dağlıq Qarabağ ərazisində qeyri-qanuni silahlı qüvvələr yaratdı. Keçmiş SSRİ-yə məxsus olan və Xankəndində yerləşən 366-cı motoatıcı alay, həmçinin, hadisələr ərəfəsində Dağlıq Qarabağa göndərilmiş bütün hərbi texnika və canlı qüvvə ermənilərin istifadəsinə verildi.
Ermənilər əvvəlcədən formalaşdırılmış silahlı dəstələrdən istifadə edərək, öncə, müdafiə imkanları zəif olan, erməni yaşayış məntəqələrinin əhatəsində yerləşən və azərbaycanlılar yaşayan yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə, həmin yaşayış məntəqələrində yaşayan soydaşlarımıza qarşı çoxsaylı qətillər törədərək onların daimi yaşayış yerlərindən didərgin salınması prosesinə başladılar.
1991-ci il oktyabr ayının sonunda demək olar ki, Xocalı ilə yerüstü nəqliyyat əlaqəsi tamamilə kəsildi. Yalnız vertolyotlar vasitəsi ilə Xocalı şəhərinə ərzaq və digər zəruri istehlak məhsulları gətirilirdi. 1992-ci il yanvar ayının 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyot vurulduqdan sonra demək olar ki, vertolyotların Xocalı şəhərinə uçuşu tamamilə dayandı. Beləliklə, Xocalı respublikamızın digər yaşayış məntəqələrindən tamamilə təcrid edildi. Yalnız 1992-ci il fevral ayının 13-də hərbi vertolyotların müşayiəti ilə Xocalı şəhərinə bir neçə uçuş edildi ki, bu vertolyotların vasitəsi ilə şəhərdə olan xəstə, qoca, qadın və uşaqların bir hissəsi Ağdama aparıldı.
Respublikanın o dövrkü rəhbərliyi Xocalı şəhərinin mühasirə vəziyyətindən çıxarılması (Ağdam-Xocalı yolunun açılması), şəhərin müdafiə qüvvəsinin gücləndirilməsi və bu kimi vacib addımların atılması istiqamətində nəinki təsirli tədbirlər görmədi, ümumiyyətlə, cəhdlər belə edilmədi. Onlar bilməli idi ki, Xocalı şəhərinə qədər azərbaycanlılar yaşayan çoxsaylı yaşayış məntəqələri (İmarət-Qərvən, Salakətin, Tuğ, Axullu, Xocavənd, Meşəli, Cəmilli, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və s.) ermənilər tərəfindən işğal edilərkən yüzlərlə soydaşlarımız ermənilər tərəfindən qətlə yetirilmişdi. Meşəli və Qaradağlı kəndlərində azərbaycanlılara qarşı sözün əsl mənasında soyqırım törədilmişdi. Yuxarıda qeyd etdiyim kimi, o dövrkü respublika rəhbərliyi baş vermiş hadisələrdən nəticə çıxarıb təsirli tədbirlər görməli idi. Eyni zamanda, onlar dərk etməli idilər ki, Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyət kəsb edən yaşayış məntəqələrindən biridir. Dağlıq Qarabağ ərazisində olan yeganə hava limanı Xocalı şəhəri yaxınlığında yerləşir və azərbaycanlıların nəzarəti altındadır. Xankəndi ilə keçmiş DQMV-nin rayon mərkəzlərini birləşdirən avtomobil yolu və dəmiryol xətti Xocalıdan keçir.
Şəhərin müdafiəsinin zəif olduğunu bilən ermənilər Xankəndi şəhərində yerləşən sovetlər birliyinə məxsus 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin köməkliyi ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini dörd istiqamətdən mühasirəyə alaraq, öncə, ağır artilleriyanın atəşinə məruz qoydu. Şəhərin müdafiə qüvvələrini sarsıtdıqdan sonra hərbi texnikanın müşayiəti ilə minlərlə canlı qüvvə Xocalının üzərinə yeridi. Qarşılarına çıxan dinc əhaliyə divan tutuldu, qocasına, qadınına, uşağına məhəl qoyulmadan hər kəs gülləbaran edildi. Şəhəri tərk etməyə macal tapmış və Ağdam istiqamətində canlarını qurtarmaq üçün qaçmağa cəhd edən dinc sakinlər ermənilər tərəfindən əvvəlcədən hazırlanmış tələyə salındı, onların bir hissəsi qətlə yetirildi, qalanları girov götürülərək işgəncələrə, olmazın müsibətlərə məruz qaldılar. Onların bəziləri diri-diri yandırıldı, bəzilərinin başları qurbanlıq qoyun kimi kəsildi, bədən üzvləri kəsilib götürüldü. Faciə zamanı şəhərdə olan 3000 nəfərdən 613 nəfəri qətlə yetirilib ki, onlardan 59 nəfəri azyaşlı, 70 nəfəri qocalar, 106 nəfəri isə qadınlardı. Səkkiz ailə tamamilə məhv edilib, 3 nəfər diri-diri yandırılıb, bir nəfərin başı kəsilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb və nəticədə müxtəlif dərəcədə xəsarət alaraq əlil olublar. 150 nəfərin taleyi isə bu günə qədər bəlli deyil.
- Bu dəhşətli faciənin əsl günahkarları kimlərdi?
- Birinci sualınıza cavab verərkən günahkarlardan bəzilərinin adlarını qeyd etmişdim. Ən böyük günahkarlardan biri Mixail Qorbaçov başda olmaqla o dövrkü sovet rəhbərliyi idi. çünki ermənilər məhz onun dəstəyini alaraq bu proseslərin icrasına başlamışdılar. Bilavasitə iştirakçılara gəldikdə isə, şovinist siyasəti toxumunu səpən Zori Balayanlar, Siva Kaputikiyan, Koçaryan, Sarkisyan, Manuçarov, Miroayan, Ohanyan və s - dir ki, onların rəhbərliyi altında bu dəhşətli hadisələr həyata keçirilib. O dövrkü respublika rəhbərliyində təmsil olunan Mütəllibov və başqaları da bu faciəyə görə məsuliyyət daşıyırlar.
- Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilibmi?
- Xocalı soyqırımının baş verdiyi ilk anda o dövrkü respublika rəhbərliyi nəinki hadisəyə hüquqi-siyasi qiymət vermək istiqamətində addım atdı, əksinə, baş vermiş bu dəhşətli hadisəni geniş ictimaiyyətdən gizlətməyə çalışdı. Lakin faciənin miqyası o qədər böyük idi ki, buna nail ola bilmədilər. Nə Ayaz Mütəllibov, nə də AXCP-Müsavat cütlüyünün hakimiyyəti dönəmində Xocalı soyqırımına layiqincə hüquqi-siyasi qiymət verilmədi. Yalnız ümummilli lider Heydər Əliyev respublikamızda hakimiyyətə gəldikdən sonra Onun bilavasitə tövsiyəsi ilə tariximizin digər qaranlıq səhifələri kimi Xocalı soyqırımına da lazımi hüquqi-siyasi qiymət verildi. Belə ki, 1994-cü il fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi Xocalı hadisələrini müzakirə etdi və bu faciəyə ermənilərin azərbaycanlılara qarşı soyqırımı (genosid) kimi müvafiq qanunla rəsmləşdirildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsinin dünyaya tanıdılması və erməni faşizminin ifşa edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Bildiyiniz kimi, hər il Xocalı soyqırımının ildönümü ümumrespublika miqyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq yüksək səviyyədə qeyd edilir.
- Bəziləri Xocalı soyqırımına lazımi hüquqi-siyasi qiymət verilmədiyini iddia edirlər. Siz bu məsələyə necə baxırsınız?
- Mən Xocalı soyqırımına respublikamızda hüquqi-siyasi qiymət verilməsi barədə geniş danışdım. Bir daha qeyd edirəm ki, Azərbaycan Respublikasının ali qanunverici orqanı müvafiq qanun qəbul edib. Bu sənəddə baş vermiş hadisədə bilavasitə günahkar olan şəxslərin adları sadalanıb. Məgər hüquqi-siyasi qiymət üçün bu yetərli deyilmi? Qaldı ki, hadisədə günahkar olan şəxslərin layiqli cəzalarını almalarına, bunu bütün respublika ictimaiyyəti kimi, biz xocalılılar da çox istərdik. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Xocalı faciəsinin istintaqı bütün təfərrüatı ilə aparılıb. Biz çox istərdik ki, Haaqa məhkəməsində bu dəhşətli faciəni törədənlər layiqli cəzalarına çatdırılsınlar.
- Artıq 18 ildir ki, xocalılılar məcburi köçkün şəraitində yaşayırlar, onların mövcud problemləri, hazırki yaşayış vəziyyətləri haqqında qısaca məlumat verməyinizi istərdik.
- Xocalı rayonundan olan məcburi köçkünlər işğaldan sonra respublikanın 50-dən artıq şəhər və rayonlarında müxtəlif yerlərdə, əsasən ictimai binalarda yerləşib. Uzun illər yataqxana şəraitində yaşamağın nə demək olduğu hər birimizə bəllidir. Bununla belə, bütün məcburi köçkünlər kimi xocalılılar da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalından azad ediləcəyinə inanırlar.
Bildiyiniz kimi, respublikamızın iqtisadi qüdrəti artdıqca qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə xüsusi dövlət proqramları təsdiq edilib. ölkə Prezidentinin həyata keçirdiyi bu siyasət nəticəsində çadır şəhərcikləri tamamilə ləğv edilib, yataqxana və digər şəraitsiz ictimai binalarda məskunlaşmış məcburi köçkünlərin xeyli hissəsi müasir standartlara cavab verən, hər bir sosial infrastruktura malik yeni qəsəbələrə və yaşayış binalarına köçürülüb. Xocalı rayonundan olan məcburi köçkünlər üçün də Goranboy rayonu ərazisində 4 yeni qəsəbə salınıb ki, bu qəsəbələrdə, ümumilikdə Xocalı rayonundan olan 660 məcburi köçkün ailəsi fərdi yaşayış evləri ilə təmin edilib. Qeyd olunan qəsəbələrdə fərdi yaşayış evləri ilə yanaşı, 4 yeni məktəb binası, mərkəzi rayon xəstəxanası, 50 yerlik uşaq bağçası, mədəniyyət və digər sosial obyektlər, inzibati binalar tikilib istifadəyə verilib. Hər bir qəsəbəyə içməli su xətti, elektrik xətti çəkilib, avtomobil yolu əsaslı təmir edilib. Hazırda Goranboy şəhəri yaxınlığında Naftalan şəhərində məskunlaşmış xocalılılar üçün hər biri 65 mənzildən ibarət olan 3 ədəd beşmərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Cari ilin sonuna qədər bu binaların tikintisi başa çatdırılacaq.

Paylaş:
Baxılıb: 1156 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30