Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutub, münaqişənin həllinə təminat verməkdir

Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutub, münaqişənin həllinə təminat verməkdir

16.03.2010 [10:48]

Novruz Məmmədov: Onlar gələcək talelərini düşünməlidirlər və özlərinin gəcələk faciələrinin qarşısını almalıdırlar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü Novruz Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Novruz müəllim, son zamanlar Cənubi Qafqaz regionunda ciddi proseslər baş verməkdədir. Beynəlxalq münasibətlər müstəvisindən yanaşdıqda, bu prosesləri necə dəyərləndirmək mümkündür?
- Son illərdə beynəlxalq münasibətlərdə gedən proseslər müəyyən mənada məyusluq doğurur. Mən gənc dövlətin məmuru və vətəndaşı olaraq düşünürdüm ki, ikiqütblü dünyada maraqlar uğrunda tərəflərin mübarizəsi haqq və ədaləti tam müdafiə etməyə imkan vermir. Amma müşahidələrim başqa prosesləri göstərir. Bu gün birqütblü dünya yaranır. Hazırda dünyanın aparıcı qüvvəsi Qərbdir və onun qarşısında bərabər opponent qüvvə yoxdur. Amma bizim üçün vacib olan taleyüklü məsələlərdə son illər ərzində müşahidə etdiyimiz proseslər məyusluq yaradır. Azərbaycanın keçmiş sovet məkanında, yəni, yeni müstəqil dövlətlər yarandıqdan bu günə qədər gördüyü işləri, əməkdaşlıq əlaqələrini, dünyada antiterror koalisiyasında, təhlükəsizliklə bağlı yerini, enerji sahəsində əməkdaşlığı ilə bağlı rolunu qeyd etsək, digər dövlətlərin heç birinin bu qədər xidməti olmayıb. Azərbaycana bütün bunların əvəzində Qərbdən bir ədalətli mövqe lazım idi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində iki tərəf var. Bir tərəf 20 ildir ki, Azərbaycanın torpaqlarını işğal edib. 1 milyona qədər qaçqın və məcburi köçünlərimiz var. Onların evləri, yurdları, məktəbləri və s. tamamilə dağılıb. Həmin ərazilərdə Ermənistan faşistlərdən də qəddarcasına hərəkətlər ediblər. Dünyanın heç bir yerində, heç bir işğal zamanı bu qədər dağıdıcılıq faktı olmayıb. Tədqiqat aparılsa məlum olar ki, işğal olunmuş 7 rayonda bu qədər dağıdılan ərazi görmək mümkün deyil. Amma təəssüflər olsun ki, bu işğal prosesi bu gün də davam edir. Münaqişənin həlli ilə bağlı müəyyən qurum yaradılıb, amma beynəlxalq birliyin və dünyanın aparıcı dövlətlərinin, beynəlxalq hüququ formalaşdıran ölkələrin məsələ ilə bağlı mövqeyi bizdə məyusluq doğurur. Onlar ədalətli, prinsipial mövqe nümayiş etdirmirlər. Bizi məyus edən məsələ də budur. Artıq bunun müəyyən fəsadlarını görməyə başlayırıq. ATƏT-in Minsk qrupunun həmsədrləri və bu qrupu təmsil edən mühüm dövlətlər məsələ ilə bağlı mövqe bildirməlidilər ki, bu münaqişədə 40 minə yaxın adam ölüb, onların arasında günahkar olan və olmayan kimdir. Azərbaycan Ermənistanın bir qarış torpağına qarşı belə addım atmayıb. Əksinə, bizim torpaqlar işğal olunub. Amma buna baxmayaraq, bu ədalətsizlik bizi məyus edir. Beynəlxalq birlik tərəfindən indiyə qədər konkret mövqe ortaya qoyulmayıb. Müəyyən proseslər gedir, vaxtaşırı bəyanatlar verilsə də, heç bir nəticə yoxdur.
Bu gün dünyada ictimai fikri formalaşdıran Qərbdir. Bir tərəfdən, bu dövlətlərin rəhbərləri, ikinci tərəfdən həmin dövlətlərin nümayəndələri, üçüncüsü mediaları, dördüncüsü isə həmin dövlətlərin yerlərdə məskunlaşdırdığı qeyri-hökumət təşkilatlarıdır. Bu da xüsusi bir mövzudur. Təəssüflər olsun ki, bu gün həmin QHT-lər əvvəlcədən təlimatla gəlirlər, onları maliyyələşdirən mənbələr həmin QHT-lər qarşısında müəyyən vəzifələr, missiyalar qoyur. QHT-lər də tapşırılan missiyaya xidmət edirlər.
- Ermənistan mətbuatının verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycanın uduzacağını deyib. O, fikrini erməni döyüşçülərinin “mərd və cəsur” olması ilə əsaslandırıb. Onun bu mövqeyinə münasibətiniz necədir?
- Təəssüf edirəm ki, fransalı həmsədr Bernar Fasye Ermənistanda olan zaman ermənilərin nə qədər “mərd və cəsur” olduğu ilə bağlı fikir söyləyib. Əgər doğrudan da o belə bir fikir söyləyirsə bilməlidir ki, onun “cəsur və mərd” adlandırdığı ermənilər Azərbaycanın ərazilərini işğal edərək başqa bir tərəfin köməyi ilə 20 mindən çox günahsız insanın öldürülməsinə səbəb olublar, soyqırımı törədiblər. Belələrini mərd adlandırmaq nə deməkdir? Digər tərəfdən isə, həmsədrin neytrallıq mövqeyi harada qaldı?
Başqa bir nümunəni də demək istəyirəm. Bu yaxınlarda mətbuatda Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Sabina Freyzerin açıqlması olub. O, artıq Qafqazdakı “nailiyyətlərinə” görə təşkilatın baş ofisində vəzifəyə təyin olunub. Mənim onunla Bakıda görüşüm olub və görüş zamanı qərəzli mövqe tutduğunu və onu buraya göndərənlər tərəfindən Azərbaycan haqqında müəyyən rəy formalaşdırmaq tapşırığı verildiyini demişəm. O da mənim fikrimlə razılaşdı. S.Freyzer indi gedib dünyaya yayır ki, guya türklər deyir ki, bölgədə bütün proseslərin normallaşmasına imkan verməyən Azərbaycandır. Əlbəttə, belə açıqlama Azərbaycanla Türkiyə arasında soyuqluq yaratmaq üçündür. Digər tərəfdən isə, dünya miqyasında Azərbaycan haqqında pis, mənfi fikir formalaşdırmaq istəyidir.
Bu məsələnin böyük tərəfini qeyd etdikdə isə mən artıq əvvəldən dedim ki, Qərb son zamanlar sanki belə məsələlərdə öz fəaliyyətini total miqyasa çevirib. Qərb Cənubi Qafqazda adi bir addım, yəni, münaqişəni nizamlamaq əvəzinə başqa addımlar atır. Əgər münaqişə nizamlansa, o zaman Cənubi Qafqazda başqa hərəkətlərə ehtiyac qalmaz. Mən başa düşə bilmirəm ki, Qərbdə siyasətçilər niyə bu qədər primitiv düşünə bilirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunarsa, onların başqa addım atmağa, gizli danışıqlar aparmağa, tələb olmadan belə 6 nazirin gəlib E.Nalbandyanın arxasında dayanmasına, protokolların imzalanmasına ehtiyac qalmazdı. Bunu siyasətçi olmayanlar da başa düşür. Amma buna baxmayaraq, Qərb səhv mövqeyini bizə qəbul etdirmək istəyir.
-Yəqin bunun nəticəsidir ki, uydurma “erməni soyqırımı” haqqında məsələ yenidən Qərb parlamentlərinin gündəminə gətirilir...
- Bugünkü addımların hamısında mən həm Türkiyəyə, həm də Azərbaycana qarşı güclü təzyiq görürəm. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri “soyqırımla” bağlı müzakirələrdə necə iclas apardı? İclası uzada-uzada, qarşısına məqsəd qoyaraq az qala konqresmenləri məcburən səsverməyə çağırırdı, onları əvvəlcədən təlimatlandırırdı. Anoloji addım İsveç parlamentində də atıldı: burada da bir səs fərqi ilə, 131 lehinə, 130 əleyhinə olmaqla qərar parlament komitəsində qəbul olundu. Amma belə addımlar atmaq lazım deyil. Prosesləri yalnız Qərbin maraqları çərçivəsində siyasiləşdirməyə ehtiyac yoxdur. Proseslərin belə siyasiləşdirilməsi heç bir bəraət qazana bilməz. Bütün bunlar Azərbaycan və Türkiyəyə təzyiq vasitəsidir. Qəribədir, qəsbkar və işğalçı Ermənistanın bu qədər müdafiə və himayə olunması necə izah edilməlidir? Bütün bunların hamısı bugünkü beynəlxalq münasibətlərdə bir ədalət böhranının total xarakter aldığını göstərir.
Amma belə hallarla Azərbaycan və Türkiyənin iradəsini sındırmaq mümkün deyil. Azərbaycanla Türkiyə sıradan olan dövlətlər deyil. Bu dövlətlərin ən mühüm xüsusiyyətləri odur ki, dost və qardaşdırlar, xalqlarla rəhbərlərin birliyi möhkəmdir.
- Uydurma “erməni soyqırımı”nın ifşa olunması istiqamətində Azərbaycan və türk diasporunun fəaliyyətini necə qiymətləndirmək olar?
- Bəli, bu istiqamətdə diasporlarımız işləyir, çalışırlar. Amma bu məsələnin diaspor təşkilatlarından asılı olmasını demək düzgün deyil. Söhbət burada məsələnin ən yuxarı məqamdan koordinasiya, idarə olunmasından gedir. Türkiyə qədər Qərbə sədaqətli, etibarlı tərəfdaş son 50-60 ildə olmayıb, bundan sonra da olmayacaq. 50-60 il ərzində Türkiyə Qərbin - ABŞ və Avropa dövlətlərinin dayağı olub, bütün proseslərdə onların arxasında dayanıb. NATO-nun üzvü, böyük müsəlman dövləti kimi Türkiyə yerləşdiyi regionda böyük önəmə malikdir. Nə qədər ki, ikiqütblü dünya var idi, Türkiyə ən vacib tərəfdaş idi, ikiqütblü dünya qurtardı, Türkiyə heç kimə lazım deyil? Qərbin Türkiyəyə münasibəti bunu göstərir. Dediyim zamanlarda baş verən proseslərdə nə erməni, nə də türk diasporunun adı çəkilmirdi. Türkiyə bir nömrəli etibarlı tərəfdaş idi. Diaspor, lobbiçilik məsələsi Qərbin formalaşdırdığı fəaliyyət sahəsidir. Bundan da istədiyi zaman, istədiyi mənfəəti götürür. Əlbəttə, son illərdə Türkiyənin diaspor sahəsində fəaliyyəti çox güclü olub. Buna baxmayaraq, Türkiyəyə edilən təzyiqlər, ona qarşı atılan addımlar da artıb.
- Novruz müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki son proseslər haqqında nə deyə bilərsiniz? Yeniləşmiş Madrid prinsipləri ilə bağlı müzakirələr hansı səviyyədədir?
- Birincisi, Madrid prinsiplərini Azərbaycan təklif etməyib. Bu prinsiplər Azərbaycanın formalaşdırdığı, təklif etdiyi mövqe deyil. Bu təklifləri Qərb formalaşdırıb, yəni, həmsədrlər tərəfindən hazırlanıb. İlk vaxtlarda Madrid prinsipləri Azərbaycanı qane etmirdi. Ona görə də, müəyyən təkliflərimizlə prinsiplərə əlavələr etdik. İl yarım müzakirələr aparıldıqdan sonra prinsip etibarı ilə Madrid prinsiplərini qəbul etdik. Əgər bir neçə il əvvəlki vəziyyəti xatırlasanız, görərsiniz ki, Ermənistan tərəfi Madrid prinsiplərini bəyənmişdi. Amma çox qəribə situasiya formalaşıb. Azərbaycan uzun müddət müzakirələr nəticəsində Madrid prinsiplərini qəbul edəndən sonra Ermənistan mövqeyini dəyişdirdi. Burada Qərbin mövqeyindən təəccüblənirəm. Onlar dəyişkən mövqeyinə görə Ermənistana niyə təzyiq etmirlər?
Əslində, yaranmış vəziyyətin səbəbi odur ki, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutub, bu məsələyə son qoymaq niyyətində deyil. Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır. Ermənistan bilməlidir ki, bu dünyada mütləq heç nə yoxdur. Buna görə də, onlar gələcək talelərini düşünməlidirlər və özlərinin gəcələk faciələrinin qarşısını almalıdırlar. Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutub, münaqişənin həllinə təminat verməkdir.
- Yaxın vaxtlarda Minsk qrupunun həmsədrlərinin bölgəyə yeni səfəri gözlənilirmi?
- Həmsədrlər proseslə əlaqədar səylər göstərirlər, danışıqlar aparırlar. Onlar Ermənistanın xarici işlər naziri ilə görüşməlidirlər. Bu görüşdən sonra ola bilsin ki, bölgəyə səfər etsinlər. Həmsədrlər prezidentlərin Soçi görüşündən keçən müddət ərzində hansı irəliləyişin olması, vəziyyətin nədən ibarət olması haqqında vəziyyəti prezidentlərə məruzə etmək üçün regiona səfər edə bilərlər.
- Sizcə, yeniləşmiş Madrid prinsipləri danışıqlar prosesini nə dərəcədə irəli apara bilər?
- Əslində, Madrid prinsiplərində təkliflər eynidir. Amma “yeniləşmiş” deyəndə bir az fərqli görünür. Qeyd etmək istəyirəm ki, Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır. Burada ətrafında müzakirə apardığımız prinsiplərin cüzi elementlərinin dəyişməsindən söhbət gedir. Ermənistan tərəfinin mövqeyi bəlli olduqdan sonra bu məsələ barədə yeni fikir söyləmək mümkündür. Ona görə də, bir az gözləmək lazımdır.
- Bölgədə səfərdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Yerevanda “Azərbaycan müharibə bəyanatları verməməlidir, hərbi büdcəsini azaltmalıdır” və s. bəyanatlar verib. Bu bəyanatlara münasibətiniz necədir?
- Bu, təəssüf doğurur. ümumiyyətlə, belə bəyanatları çox eşitməkdəyik. Elə vaxt olur ki, prezidentlər arasında keçirilmiş görüşlərdə nəticə əldə olunmasa da, səhəri gün həmin xüsusi nümayəndə “vəziyyətin çox yaxşı olması, münaqişənin tezliklə həll olunacağı” barədə bəyanat verib. Burada da məqsədlər başa düşülür. Yuxarıda da qeyd etdiyim kimi, Qərb dünyanın aparıcı hissəsidir. Qərbin nümayəndələri bütün dünya səviyyəsində fikir formalaşdıra bilirlər. Bu bəyanatlar əsas etibarı ilə dünya ictimaiyyətini çaşdırmaq, Azərbaycana qarşı istədikləri fikri formalaşdırmaq üçündür. Onlar burada bir fikir söyləyirlər, Ermənistanda isə başqa fikirlər deyirlər.
- Sizcə, belə ikili mövqeləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
- Bizim öz torpaqlarımızı azad etmək hüququmuz var. Kim nə deyir desin, heç kim bu hüququ bizdən almayıb və ala bilməyəcək. Bu hüquq həm de-fakto, həm də de-yure dünya tərəfindən tanınan hüquqdur. Baxmayaraq ki, Qərb nümayəndələri tez-tez Azərbaycana müəyyən mesajlar göndərirlər. Digər tərəfdən, dünyada beynəlxalq hüququ formalaşdıran və onun təminatını ortaya qoyan dairələr bir qədər ədalətli mövqe tutmalıdırlar. Tarixdə analoqu olmayan hadisədir ki, Ermənistanın işğal etdiyi ərazilərdə hər şey viran edilib. Buna isə Qərb göz yumur, mövqe bildirmir. Ədalət prinsipinə, nisbi də olsa əməl edilmir. Dünyada fikir formalaşdıran kütləvi informasiya vasitələri də qərəzli mövqedən çıxış edirlər. Bu məsələ çox təhlükəlidir. Bizim iradəmiz də, gücümüz də çatacaq, tutduğumuz yolla davam edəcəyik. Amma ikili standartlar, qərəzli mövqe beynəlxalq aləm üçün yaxşı heç nə vəd etmir. Bu gün Qərb prosesləri özü istədiyi kimi formalaşdırmaq istəyir. Biz İraqda, Əfqanıstanda, başqa yerlərdə bütün proseslərin bir mənbənin istədiyi kimi formalaşdırmasının şahidiyik. Bu siyasətin doğru olub-olmamasını tarix müəyyənləşdirəcək. Amma bu gün ədalətin bərpa olunması üçün Qərbin əlində çox böyük imkanlar var.
- Dünya ictimaiyyətində proseslərlə bağlı qeyri-obyektiv fikrin formalaşmasında nüfuzlu KİV-lərin rolu nə qədərdir?
- Mən bu barədə yuxarıda fikrimi bildirdim. Dünyanın aparıcı KİV-ləri də bəzən müəyyən maraqlara xidmət edirlər. Onların arasında “Vaşinqton Post” qəzetinin adını çəkmək olar. Əslində, bəzi KİV-lərin özündə bu qəzet həddindən artıq ciddi nöqsanlarla, maliyyə maxinasiyaları ilə işləyən mətbu orqan kimi göstərilir. Məndə olan məlumata görə, ABŞ-da bununla bağlı təhqiqat işləri aparılır. Amma “Vaşinqton Post” isə bu haqda heç bir məlumat vermir. Bir ilə yaxındır ki, proses davam edir. Əgər obyektiv qəzetdirsə, o, özü haqqında məlumatlara da aydınlıq gətirməlidir. Qeyd edim ki, təxminən 2,5 milyard dollar vəsaitin müəmmalı şəkildə qəzet tərəfindən istifadəsi ilə bağlı söhbət gedir.

Paylaş:
Baxılıb: 1148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30