Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Məlahət İbrahimqızı: Ümummilli liderimiz Heydər Əliyev bizə milli kimliyimizi qaytardı

Məlahət İbrahimqızı: Ümummilli liderimiz Heydər Əliyev bizə milli kimliyimizi qaytardı

13.06.2010 [08:45]

- Məlahət xanım, bu günlər bütün Azərbaycan xalqı 15 İyun-Milli Qurtuluş Gününü qeyd edir. Bu bayramın Azərbaycan tarixindəki rolu haqqında nə deyə bilərsiniz?
- Təbii ki, biz ölkəmizdə hər il müstəqilliyimizi özündə ehtiva edən 18 Oktyabr və 28 May bayramlarını çox yüksək səviyyədə qeyd edirik. Dünyanın hər bir yerində yaşayan azərbaycanlılar bu bayramları çox böyük sevgi ilə qeyd edirlər. Amma etiraf etməliyik ki, Milli Qurtuluş Günü olmasaydı, 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi, biz nə Novruz bayramını keçirərdik, nə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edə bilərdik, nə 28 May, nə də 18 Oktyabr bayramlarını keçirərdik. çünki 1993-cü ildə Azərbaycan tam parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
- ümumiyyətlə, sizcə, həmin dövrdə ölkəmizin çətin, ağır duruma düşməsinin səbəbləri nə idi? Bu vəziyyəti yaradan amillər hansılar idi?
- Bilirsiniz ki, 1991-ci ildə SSRİ dağıldı və Azərbaycan müstəqillik qazandı. çox təəssüf ki, bu gün müxalifəti təmsil edən bir sıra dairələr müstəqilliyin qazanılmasında guya özlərinin xidmətlərinin olduğunu söyləyirlər. Bu, yanlış bir fikirdir, çünki SSRİ kimi nəhəng bir imperiya dağılırdı və bütün respublikalar, o cümlədən, Azərbaycan da müstəqillik əldə etdi. Əksinə, 1989-1991-ci illərdə ölkəmizin rəhbərliyinin səriştəsizliyi, millətinə, xalqına bağlı olmayan, sırf milli dövlətçilik düşüncəsində olmayan insanların ucbatından Azərbaycan 20 yanvar faciəsini yaşadı, biz torpaqlarımızın 20 faizini itirdik. Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal etdi, Xocalı faciəsini törətdi. Məhz 20 yanvar faciəsi, 20 faiz torpaqlarımızın işğalı və Xocalı faciəsi o dövrkü səriştəsiz rəhbərlərin hakimiyyətdə olması ilə bağlı idi. O zaman Ulu öndərimiz hakimiyyətdə olsaydı ölkəmiz bu faciələri yaşamazdı.
1993-cü ilə qədər ölkədə gərgin vəziyyət yaranmışdı. Bir tərəfdən cəmiyyətdə hədsiz xaos, eyni zamanda, vətəndaş müharibəsinə münbit şərait yaranmışdı, digər tərəfdən də separatçı qüvvələr baş qaldırmışdı. ölkədə idarəetmə iflic vəziyyətində idi, dövlətin bütün icra strukturları qarşıdurma vəziyyətində idi, güclü sosial partlayışlardan yan keçmək artıq müşkülə dönmüşdü. Eyni zamanda, ordu yox idi, hüquq-mühafizə orqanlarının iflic vəziyyətdə olması ayrı-ayrı silahlı qüvvələrin meydan sulamasına şərait yaradırdı. Həmin qüvvələr ayrı-ayrı oliqarxların xidmətində dayanırdı. İqtisadiyyat tənəzzülə uğramışdı, xalq uçurumun bir addımlığında dayanmışdı. İnsanlar çörək və ərzaq növbələrində əziyyət çəkirdilər. Küçələrdə, ictimai yerlərdə “oblava” əməliyyatı keçirilir, gəncləri necə gəldi maşınlara doldurub birbaşa cəbhə xəttinə göndərirdilər. Silahla davranmağı bacarmayan gənclər birbaşa düşmənlə döyüşə atılırdı və ertəsi gün şəhid xəbərləri gəlirdi. Dağüstü parkda şəhid qəbirləri hazır şəkildə öz qurbanlarını gözləyirdi.
- ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükələrin aradan qaldırılması istiqamətindəki səylərini necə xarakterizə edərdiniz?
- ümumiyyətlə, həmin dövr, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, xilaskarlıq missiyası haqqında bir yazı və yaxud da bir tədbir çərçivəsində danışmaq qeyri-mümkündür. çünki Heydər Əliyevin o qədər böyük xidmətləri olub ki, onları bir müsahibə və ya bir qəzet məqaləsində söyləməklə bitirmək olmaz. Mən həmin dövrdəki xidmətlərlə bağlı bəzi məqamları söyləmək istəyirəm. Belə bir dövrdə, ölkədə bütün sahələrdə total böhran və tənəzzül olduğu dövrdə Heydər Əliyev hakimiyyətə gəldi. Hətta kənardan baxana elə gəlirdi ki, hadisələrin axarını dəyişmək mümkün olmayacaq və artıq Azərbaycan məhvə gedən bir prosesdən qurtula bilməyəcək. Heydər Əliyevin böyüklüyü, siyasi uzaqgörənliyi, analitik dərin təfəkkürü və zəngin təcrübəsi məhz belə bir vəziyyətdən qalib çıxmağa yardımçı oldu. Ulu öndərin bu qalibiyyətinin əsas səbəblərdən biri də xalqın Ona olan böyük inamı və Onun xalqa güvənməsi oldu. Uzun illərin sınağından keçmiş idarəçilik təcrübəsi, müdriklik və şəxsi düha, millətsevərlik və xalqına bağlılığı bu işdə Ulu öndərin ən yaxın köməkçisinə, yolgöstərəninə çevrildi. Siyasi məktəb diplomatiyası, Ulu öndərin bilik və təcrübəsi, həyatı boyu milli dövlətçilik arzusu ilə yaşaması özünün birinci hakimiyyəti dövründə də Azərbaycanın müstəqilliyi haqqında düşünməyə vadar edirdi. Sovet dövründə qəbul olunmuş Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili elan olunması və Sovet İttifaqının tərkibində birləşən 15 respublikadan biri olsa da, yaratdığı, qurduğu, həyata keçirdiyi bütün işlər müstəqil Azərbaycanın gələcəyi üçün hesablanmışdı. O zaman Naxçıvanski adına hərbi məktəbin yaradılması, Azərbaycan ordusunun gələcək milli kadrlarının hazırlanması və bu kimi böyük layihələrin həyata keçirilməsi məhz bu siyasi uzaqgörənliyinin nəticəsi idi. Beynəlxalq diplomatiyada böhranların idarə olunmasında siyasi liderlərin rolu ilə bağlı təcrübə dünya tarixində mövcuddur və ali məktəblərdə tədris edilir. Məsələn, ABŞ-da Abraam Linkoln, Fransada Şarl de-Qol, Türkiyədə Mustafa Kamal Atatürk kimi şəxsiyyətlər öz dövlətlərinin və xalqlarının həyatında silinməz izlər qoyublar, tarixi şəxsiyyətə çevriliblər. Hesab edirəm ki, bu sırada Ulu öndər Heydər Əliyevin adı daha yüksəkdə dayanır. Mən heç şübhə etmirəm ki, ali məktəblərdə böhranların idarə olunmasında, ölkələrin böhrandan çıxarılmasında liderlərin rolu ilə bağlı mövzu tədris edilərkən Heydər Əliyev modeli bir fenomen fəaliyyət kimi dərindən öyrəniləcək.
- Sizcə, beynəlxalq müstəvidə bu proseslər necə qarşılanırdı?
- ölkənin əvəlcə imicini yaratmaq lazımdır. Xarici ölkələrlə münasibətləri normallaşdırmaq, ictimai-siyasi sabitlik, əmin-amanlıq yaratmaqla dünyaya inteqrasiya tədbirləri görüldü. Azərbaycanın mühüm geosiyasi mövqeyi var, eyni zamanda, ölkəmizin malik olduğu zəngin karbohidrogen resursları var. O zaman Azərbaycanın həqiqətən də, önəmli bir ölkə olmasını dünyaya sübut etmək üçün Ulu öndərimiz ölkədaxili əmin-amanlığa nail olmalıydı, ictimai-siyasi mühit normal bir vəziyyətə gətirilməliydi. Bilirsiniz ki, 1993-cü ildə ölkədə Milli Ordu yox idi, demək olar ki, hər kəsdə qanunsuz silahlar var idi, hər kəsin evində bir silah var idi. Heydər Əliyevin böyüklüyü həm də onda oldu ki, qısa zamanda qanunsuz silahlı qruplaşmaları ləğv etdi, əhalidə olan qanunsuz silahlar yığışdırıldı. Bundan sonra Milli Ordu quruldu. Ulu öndər bu problemləri həll etdi və vahid ordu yaratdı ki, bütün bunlar cəmiyyətdə tam əmin-amanlığın yaranması, güclü silahlı qüvvələrimizin formalaşması ilə nəticələndi.
Ermənistan tərəfi ilə imzalanmış atəşkəsdən sonra Azərbaycana düşmən kimi, müharibə aparan tərəf kimi baxan xarici dövlətlərin münasibətlərində dəyişiklik əmələ gəlməyə başladı. Daha sonra həmin dövlətlərlə aparılan danışıqlar, iqtisadi əlaqələrin qurulması istiqamətində iş başladı. Həmin dövlətlərin Azərbaycana marağının artırılması istiqamətində böyük işlər görüldü.
Bir sözlə, ümummilli liderimiz Heydər Əliyev adını qızıl hərflərlə tarixə həkk etmiş dövlət adamlarındandır. Məhz atəşkəsdən sonra analoqu olmayan layihələr, müqavilələr-neft kontraktları imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum qaz kəməri kimi böyük layihələr gələcəyin daha əhəmiyyətli layihələrinin əsasını qoydu. Bu gün Böyük İpək Yolu və NABUCCO kimi layihələr məhz o dövrdə imzalanmış və öz bəhrəsini verən bu layihələrdən başlanğıc alıb. O zaman bu layihələr Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi, onu dünyanın nəhəng dövlətləri ilə tərəfdaş etdi, Azərbaycanın beynəlxalq müstəvidə imicini xeyli gücləndirdi. 1994-cü ildə atəşkəs sazişinin imzalanması, daha sonra imzalanan neft kontraktları Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətində istifadə etdiyi ən unikal vasitələr idi.
- Ulu öndərimizin xalqımızda milli vətənpərvərlik hisslərinin yüksəlməsi və Azərbaycanın inkişafı istiqamətindəki siyasəti haqqında nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra milli ruh yüksəkliyini özümüzə qaytardı. Biz böyük, güclü bir dövlətin vətəndaşları olduğumuzla fəxr etməyə başlamışıq. ümummilli liderimiz Heydər Əliyev milli kimliyimizi, dilimizi, dinimizi, tariximizi, milli dəyərlərimizi bizə qaytardı. Bir sözlə, Azərbaycanı azərbaycanlılara qaytardı. Uzun əsrlər boyu müstəqil dövlət qurmaq istəyən bütün tarixi şəxsiyyətlərin, eyni zamanda, ulularımızın arzularını gerçəkləşdirdi. Bütün bunlara görə, xalqımız Ulu öndərin ruhu qarşısında baş əyir, ehtiramla yad edir.
Amma bu ehtiram bir də ona görədir ki, Heydər Əliyev özündən sonra da öz siyasi varisini Azərbaycana bəxş edib getdi. Ulu öndər Heydər Əliyev cənab Prezident İlham Əliyevin Azərbaycan rəhbərliyinə namizədliyini irəli sürdü. Azərbaycanda 2003-cü ildən bu günə qədər əldə olunan nailiyyətlər, bütün sahələrdə müşahidə edilən sürətli inkişaf, regonda liderliyin əldə edilməsi, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxması məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətləridir. Buna görə də, Ulu öndərimizə minnətdarıq.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1083 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30