Ömrümdə ən uzun müddət qaldığım üçüncü şəhər Bakıdır
02.07.2010 [10:45]
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğurun ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır. Bir neçə gün sonra Türkiyəyə dönəcək Bülənt Uğurla görüşüb, bəzi suallara cavab aldıq.
- Bülənt bəy, tam 5 il Azərbaycanda çalışdınız. Maraqlıdır ki, bu 5 il taleyinizdə hansı izləri buraxıb?
- Mən hazırda 49 yaşındayam. ömrümdə ən uzun müddət qaldığım üçüncü şəhər məhz Bakıdır. 31 il Ankarada, 9 il İstanbulda və 5 il Bakıda qaldım. Yəni, bu çox önəmli bir məqamdır. Eyni zamanda, 45-50 yaş arasındakı illəri insan ömrünün ən məhsuldar dövrlərindən biri hesab edirəm. Yəni, yetərincə imkanların olur, daha çox yaşlanmamısan, cavansan, işlərin öhdəsindən gələ bilirsən. Daha dəqiq desək, bu dövr insan üçün ən yetkin dövr sayıla bilər. Qısası, demək istəyirəm ki, insan ömrü üçün ən məhsuldar dövrdə, yəni, 45-50 yaş arasında məhz Azərbaycanda fəaliyyət göstərməyim mənim üçün xüsusilə önəmli oldu. çünki mən burada ilk dəfə bir diplomat olaraq çalışdım. Bu görəvə təyin edilənə qədər isə jurnalist, özəl sektor təmsilçisi, dövlətin rəsmi qurumlarında, Basın Yayın İnformasyon Genel Müdürlüyünün mətbuatla əlaqəli müxtəlif bölümlərində əməkdaş kimi çalışmışdım. Diplomat kimi isə ilk dəfə məhz Azərbaycanda fəaliyyət göstərdim. Bir diplomat kimi yaşamağı, bir diplomat olaraq fəaliyyət göstərməyi burada öyrəndim. Bu müddət ərzində Azərbaycanın bütün mətbuat orqanları ilə çox yaxşı əlaqələr qurdum. Məndən soruşurlar ki, Azərbaycandan gedərkən özünüzlə nə aparırsınız? Cavab verirəm ki, özümlə aparacağım ən önəmli şey burada qazandığımız dostluqlardır. Bu, mənim üçün ən böyük qazancdır.
- Bu 5 il ərzində, eyni zamanda, Azərbaycanın, Bakının həyatında önəmli hadisələr baş verdi. Bu hadisələri, ölkəmizdəki inkişafı necə dəyərləndirirsiniz?
- Mən bunu aşağıdakı şəkildə cavablandırmaq istəyirəm. Baxın, deyək ki, bir uşağı 5 yaşında görürsən və beş il sonra yenidən onunla qarşı-qarşıya gəlirsən. O zaman bu uşaq nə qədər böyüyüb, deyə heyrətlə baxarsan. Amma anası və atası daima onun yanında olduğu üçün bu uşağın nə qədər böyüdüyünü hiss etməz. Eyni zamanda, səfər etdiyin hər hansı bir şəhərə beş il sonra bir də getsən, həmin şəhərin inkişaf etdiyini görsən “nə qədər də inkişaf edib” deyərsən. Yəni, hansısa böyüməni, inkişafı yanında durmaqla hiss etmək mümkün olmur. Bu inkişaf kənardan daha çox nəzərə çarpır. Lakin Azərbaycanda fərqli bir duyğu yaşadım. Burda olduğum 5 il ərzində Azərbaycanın, paytaxt Bakının gözümün önündə hər gün inkişaf etdiyini gördüm. İldən-ilə bu inkişaf daha da artdı. Demək istəyirəm ki, bu fərqlilik, inkişaf nəzərə çarparaq davam edir. Azərbaycan həqiqətən də çox inkişaf içərisindədir. Yollar, körpülər salınır, rayonlararası yeni yollar istifadəyə verilir, yeni binalar tikilir, Azərbaycan bir Avropa ölkəsi kimi inkişaf edir. Bu, bizə qürur verir. Mənim qızım orta məktəbin dörd ilini burada oxudu və keçən il Türkiyədə universitetə daxil oldu. Bu ilin fevralında qızım Bakıya gəldi. Axşam onu hava limanında qarşılayıb, evə gətirdim. Yolda təəccüblə “ata bura haradır, Bakıdırmı” - deyə, soruşdu. Təəccübünün səbəbini soruşduqda son bir il ərzində Bakının necə inkişaf etdiyindən şoka düşdüyünü dedi. Bunu da hər kəs bilməlidir ki, biz Azərbaycanın inkişafından sadəcə və sadəcə mutluluq duyarıq. Bu mutluluğu mən burda yaşayaraq gedirəm.
- Bülənt bəy, Bakıda fəaliyyətə başladığınız ilk vaxtlarda verdiyiniz müsahibələrin birində demişdiniz ki, dünyanın hər yerini gəzməyi xoşlayırsınız. Bu marağınızdan irəli gələrək bilmək istəyirəm bu beş il ərzində Azərbaycanda gəzmək istədiyiniz, lakin gəzə bilmədiyiniz yer oldumu?
- Bəli, doğrudan da mən çox gəzməyi xoşlayıram. Bu günə kimi dünyada 50 ölkə gəzdim. Eyni zamanda, mən yaşadığım ölkələrdə hər yeri gəzməyi xoşlayıram. Yəni, Türkiyədə 81 vilayət var və onların hamısını gəzdim. Bu beş il ərzində Azərbaycanda erməni işğalı altındakı ərazilər istisna olmaqla, bütün rayonlara səfər etdim. özü də təkcə rayonların mərkəzlərini deyil, həm də kəndləri gəzdim. Məsələn, adətən, deyərlər ki, Gəncəyə, Qubaya, Şəkiyə, Masallıya, Lənkərana getdinmi. Bəli mən nəinki Gəncəyə, eyni zamanda, Göygölə, Xoşbulağa, Bayan kəndinə getdim. Yaxud mən Şəkiyə və Qaxa səfər etməklə yanaşı, İlisuya, Kişə, Balakənin meşəliklərinə də getdim. Təkcə Qubanın mərkəzində olmadım, həmçinin, Afurca şəlaləsinə də baş çəkdim, Xınalıqda oldum. Yardımlının kəndlərinə, yaylaqlarına səfər etdim, oranın sadə insanları ilə söhbətlər etdim. Bu söhbətlərdən sonra isə Azərbaycana olan sevgim daha da böyüdü. çünki türk deyincə, Türkiyə deyincə gözləri yaşaran insanlar gördüm ki, bu hissləri də başqa heç bir yerdə yaşamaq olmaz.
- Dediniz ki, Azərbaycan bir diplomat kimi fəaliyyət göstərdiyiniz ilk ölkə olub. Elə isə bir diplomat kimi Azərbaycan sizə nələri öyrətdi? Yəni, diplomat kimi çətinlikləri və asanlıqları nə zaman hiss etdiniz?
- Türkiyə diplomatlarının digər ölkələrdən fərqli olaraq Azərbaycanda həyata keçirdiyi bir iş var. Yəni, digər dövlətlərdə fəaliyyət göstərəndə, sadəcə, öz ölkəmiz üçün çalışırıq. Burada isə səfirliyimizin bütün nümayəndələri yalnız Türkiyə üçün deyil, Azərbaycan üçün də çalışır. Mən də bu müddət ərzində cavabdeh olduğum mətbuat sahəsi ilə bağlı bir şeylər etməyə çalışdım. Dolayısı ilə bir diplomat olaraq işim daha çətin oldu. çünki işimin 50 faizi Azərbaycan mətbuatının inkişafına, Türkiyə ilə Azərbaycan mətbuatı arasında əlaqələrin inkişafına hər hansı dəstək vermək istiqamətinə yönəldi. Xəbərlər zaman-zaman yoğunlaşdı, zaman-zaman azaldı. Amma heç bir zaman boş dayanmadıq. Məsələn, burada Türkiyə ilə bağlı xəbərin ən az olduğu dövrdə belə gün ərzində 20-30 xəbər oxuduq. ümumilikdə isə, bu 5 il ərzində Azərbaycanda nəşr edilən təxminən 15-ə yaxın qəzetdə Türkiyə ilə bağlı 23 min yazı oxuduq. Bütün bu yazıların analizini həyata keçirmişik. Onu da deyim ki, bu 23 min yazının yalnız 177-i birbaşa olaraq Türkiyənin əleyhinə yazılıb. Düzdür, bəzi yazılarda da tənqidlərə rast gəlmişik. Lakin bu tənqidləri biz ölkəmiz əleyhinə yazı kimi dəyərləndirmirik. çünki həmin tənqidlər, eyni zamanda, hansısa problemin həlli istiqamətində yol göstərmək missiyasını daşıyır. Onu da deyim ki, 23 min çox böyük rəqəmdir. Yəni, dünyanın heç bir yerində öz ölkənlə əlaqəli bu cür böyük rəqəmlə qarşılaşa bilməzsən. İkincisi, bu 23 minin içərisində 177 rəqəmi olduqca kiçikdir. Həmçinin, sözügedən sayda yazılara tərəfimizdən edilən təkzib-düzəltmə də çox az oldu. Məsələn, 23 min yazıdan, sadəcə, 12-nə təkzib-düzəltmə verdik. Bu müddət ərzində mətbuatla bağlı cəmi 1 şikayətimiz oldu ki, onu da Mətbuat Şurasına göndərdik. Yəni, biz bir diplomat olaraq bunları yaşadıq.
- Siz fəaliyyətiniz müddətində, eyni zamanda, Türkiyə və Azərbaycan mətbuatı arasında bir körpü rolunu da oynadınız. Bəs Türkiyəyə dönəndən sonra bu istiqamətdəki işlərinizi davam etdirmək fikrindəsinizmi?
- Təbii ki, buradan dönəndən sonra Türkiyədə hansı vəzifəni daşıyacağım çox önəmlidir. Əgər yeni görəvim mətbuatın bu bölümü ilə əlaqəli olsa, çox böyük işlər görə bilərəm. Lakin bunu da xüsusi olaraq qeyd etmək istəyirəm. ümumiyyətlə, heç bir vəzifəm olmasa, boş otursam, əməkliliyə ayrılsam belə, mənim Azərbaycanla və ölkənizin mətbuatı ilə əlaqələrim davam edəcək. çünki burada çox böyük dostluqlar əldə etdim. Mənim dostlarımdan birinin gözəl bir sözü var. O, deyir ki, dostluq asanlıqla qazanılmır, dostluq çörək deyil ki, gedib dükandan alasan. Bu baxımdan qazanılan dostluğu itirməmək çox önəmlidir. Eyni zamanda, insan yaşlaşdıqca daha çətin dostluqlar qura bilir. Lakin mən məhz 45 yaşımdan sonra burada çox dəyərli dostlar qazandım. Mənim onları unutmağa heç bir niyyətim yoxdur, əminəm ki, onlar da məni unutmayacaq.
- Siz ixtisasca jurnalistsiniz. Elə isə nə zamansa Azərbaycan haqqında xatirələrinizi qələmə almaq fikrindəsinizmi?
- Əslində, çox gözəl bir məqama toxundunuz. Bunu, burada yaşananları qələmə almaq, xatirələri dilə gətirmək lazımdır. Əslində, burada olduğum 5 il ərzində hər gün bu mənim beynimdə olub. Hətta ara-sıra kiçik qeydlər də aparmışam. Bununla bağlı, daha geniş yazı yazmaq məsələsinə gəlincə isə, düzü Bakıda olduğum müddətdə Azərbaycan-Türkiyə əlaqələri üçün daha vacib işlərin görülməsinə üstünlük verdiyimə görə, yazı məsələsini arxa plana keçirmək məcburiyyətində qaldım. Lakin bu hər zaman ağlımda olan, arzuladığım bir məsələdir və bunu etmək istəyirəm.
- Azərbaycan mətbuatı haqqında arzu və fikirlərinizi bilmək maraqlı olardı...
- öncə qarşıdan gələn Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə bütün qələm əhlini təbrik edirəm. Mən mətbuatın 130 illiyində burada idim. Ondan sonra düz 5 il Azərbaycan mətbuatının bayramını sizlərlə birlikdə qeyd etdim. Lakin 135 illiyi sizinlə birgə keçirmək qismət olmadı. Amma bununla belə mənim ürəyim sizinlədir. Bununla bağlı xüsusi bir məqamı qeyd etmək istəyirəm. Bakıda fəaliyyətə başladığım ilk anlarda demişdim ki, Türkiyəyə dönmədən öncə inşallah mətbuatın ildönümünü işğaldan azad olmuş Dağlıq Qarabağda qeyd edərəm. Təəssüflər olsun ki, bu mənə qismət olmadı. Lakin inşallah yaxın gələcəkdə bu münaqişə öz həllini tapar. Həmin vaxt mən dünyanın harasında olursam olum, mütləq gəlib Dağlıq Qarabağda sizinlə bərabər bayramı qeyd edəcəm. Bir də mənim gəzmək özəlliyim var. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda hər yeri gəzsəm də, işğal altındakı torpaqlarda ola bilmədim. Lakin mütləq işğaldan azad olunmuş Dağlıq Qarabağı görəcəm. Biz ora sizlərlə bərabər gedəcəyik. Bunlarla yanaşı, Azərbaycan mətbuatı ilə bağlı buradakı fəaliyyətimdə önəmli yer tutacaq bir məsələni də qeyd etməyi vacib bilirəm. Mənim təşəbbüsümlə bir neçə il öncə buradan bir qrup jurnalist çanaqqalaya səfər etdi. Səfərdən qayıdandan sonra həmin jurnalistlər çanaqqalanı çox gözəl bir şəkildə Azərbaycana daha dərindən tanıtdı. Bundan başqa, həmin jurnalistlər çanaqqalanı Tanıtma Dərnəyini yaratdılar. Mən Türkiyəyə dönərkən kimsə “Bakıda nə etdin, özündən sonra nə qoydun” - deyə, soruşanda, 10 dənə iş sayacaqsam, biri də bu olacaq. Yəni, bu dərnəyin fəaliyyəti mənə daima qürur verəcək. Ən nəhayət, “Yeni Azərbaycan” qəzetinin kollektivini və rəhbərliyini təbrik edirəm ki, bu gün ölkədə və dünyada baş verən prosesləri lazımi şəkildə, zamanında işıqlandıra bilirsiniz. Qəzetinizə uğurlar arzu edirəm. İnanıram ki, uğurlarınızın sayını daha da artıracaqsınız.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42

