Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Söz və mətbuat azadlığının inkişafına daim əməli kömək göstərilir

Söz və mətbuat azadlığının inkişafına daim əməli kömək göstərilir

20.07.2010 [10:59]

Bəxtiyar Sadıqov: Ulu öndər Heydər Əliyevin Azərbaycan milli mətbuatı qarşısında ən böyük xidməti 123 il hökm
sürən senzuranın birdəfəlik ləğvi, KİV-in dövlət nəzarətindən çıxarılması və müstəqilləşməsinə şərait yaratması oldu
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, hazırda bütün ölkə miqyasında milli mətbuatımızın 135 illik yubileyi qeyd olunmaqdadır. öncə Azərbaycan milli mətbuatının yaranması barədə bir qədər məlumat vermənizi xahiş edirik. “Əkinçi” qəzeti hansı şəraitdə və necə meydana gəldi?
- 22 iyul 1875-ci ildə Azərbaycan milli mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü gördü. “Əkinçi”nin meydana gəlməsi həm ümumi tariximizdə, həm də mədəniyyət və fikir tariximizdə çox mühüm hadisə idi. Amma bu çox ağır və çətin dövr idi. Əvvəla, həmin dövrdə Azərbaycan çar Rusiyasının tərkibində idi və bu rejim müsəlmanlara ana dillərində qəzet nəşr etməyə icazə vermirdi. Digər çətinlik onda idi ki, hələ qəzet haqqında insanların böyük əksəriyyətinin də heç bir təsəvvürü yox idi. Nəhayət, bu çətin yola qədəm qoyan Həsən bəy Zərdabinin özünün də problemləri çox idi. İlk növbədə, tələb olunan vəsait çatmırdı. Bundan əlavə, texniki vəsaitlər, mətbəə, şriftlər yox idi. Qəzetin yazarları yox, oxucuları bəlli deyildi. Amma Həsən bəy Zərdabi Vətən eşqi ilə döyünən böyük qəlb sahibiydi! O, öz xalqına xidmət etmək istəyirdi və istedadı daxilində başqa yol tanımırdı: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm eşitməyir. Amma baxdım gördüm ki, insanları çağırmaqdan, göstərməkdən, deməkdən özgə yol yoxdur. Heç olmaz ki, doğru söz yerdə qalsın”.
Bu inam və qətiyyət onun bütün varlığına hakim kəsilmişdi. Ona görə də, Həsən bəy Zərdabi xalqı irəliyə aparmaq, mədəni səviyyəni yüksəltmək, insanları savadlandırmaq, elmə istiqamətləndirmək, maarifləndirmək üçün doğru yol seçdi və qəzet nəşr etmək qərarına gəldi. Həmin dövrdə Azərbaycanda general-qubernator işləyən Staroselski qafqazlılara rəğbət bəsləyirdi. çünki xanımı gürcü qızı idi. H.Zərdabi onunla yaxşı münasibətdə idi və qubernatordan Azərbaycan dilində qəzet nəşr etmək üçün icazə almağa nail oldu. Bu qəzet nəşrinin ikinci ən böyük çətinliyi onda idi ki, qəzetə senzor nəzarəti olacaqdı. Staroselski bunu da öz üzərinə götürdü. Beləliklə, bizə sonsuz fəxr və qürur bəxş edən “Əkinçi” qəzeti XIX əsrdə dünyaya gəldi. “Əkinçi”nin nəşr olunması Azərbaycan ziyalılarını hədsiz sevindirdi, xalqına xidmət etmək istəyən insanlara dəyərli hədiyyə oldu. Onlar bu qəzetin ətrafına toplaşdılar və “Əkinçi” maarifçiliyi təbliğ etməyə başladı. Qəzet bu məsləkinə sona qədər sadiq qaldı. Senzura tərəfindən təzyiqlər, maliyyə çatışmazlığı və digər çətinliklər səbəbindən 1877-ci ildə bağlandı. Bununla belə, “Əkinçi”nin açdığı yol öz faydasını verdi və onun ardınca müxtəlif mətbu orqanlar çap olunmağa başladı. önəmli cəhət ondan ibarətdir ki, yeni nəşrlər “Əkinçi”nin ənənəsini davam etdirdilər.
- Bəxtiyar müəllim, müasir Azərbaycanın inkişaf və tərəqqisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada Ulu öndərimizin milli mətbuatımızın inkişafındakı xidmətləri hansılardır?
- Azərbaycanın müstəqil milli mətbuatının inkişafında Ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Bununla bağlı bir neçə faktı xatırlamaq istəyirəm. Əvvəla, qeyd edim ki, müstəqillik dövründə dövlət başçılarının imzası ilə mətbuatla bağlı üç mühüm sənəd qəbul olundu. Bunlardan birincisi 27 mart 2000-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan milli mətbuatının yaradılmasının 125 illiyi haqqında”kı Fərmandır. Bu Fərmanın həm də çox böyük tarixi əhəmiyyəti var. Əvvəla, Fərmanda “Əkinçi” qəzetinin fəaliyyətinə yüksək qiymət verilir. Eyni zamanda, digər qəzetlərin meydana gəlməsi, mütərəqqi ruhlu qələm sahiblərinin fəaliyyəti dəyərləndirilir. Təbii ki, milli mətbuatımızın yaranması və inkişafındakı bütün müsbət cəhətlər Ulu öndərin imzaladığı Fərmanda qeyd olunub. Burada, eyni zamanda, tövsiyə olunurdu ki, Azərbaycan mətbuatının da tarixi yenidən, ağ ləkələrdən təmizlənmiş halda yazılsın. AXC-Müsavat iqtidarı dövründə belə bir fikir meydana atılmışdı ki, “sovet dövründə yaranmış mətbuat heç nəyə yaramır, çünki sovet ideologiyasına xidmət edirdi”. Amma Ulu öndər Heydər Əliyev bu yanaşmanın qeyri-obyektivliyini göstərdi, həmin dövrün mətbuatına düzgün və prinsipial münasibətini bildirdi. Göstərdi ki, sovet dövründə mətbuatla bağlı mövcud vəziyyət, kommunist ideologiyasının təbliği təbii və məcburi idi. Bununla belə, həmin dövrdə mətbuat inkişaf etdi, yeni jurnalist nəsli meydana gəldi, elm, maarif, mədəniyyət yüksəldi, Azərbaycan dilinin təmizliyi qorundu. O zaman mətbuat səhifələrində milli-mənəvi dəyərlərimiz, ənənələrimiz də təbliğ edilirdi. Beləliklə də, mətbuat həmin dövrdə öz vəzifəsini yerinə yetirib və buna görə də, sovet dövrü mətbuatını yalnız qara boyalarla təsvir etməyə ehtiyac yoxdur. Onu da vurğulamaq istəyirəm ki, həmin Fərmanla Ulu öndər Heydər Əliyev Azərbaycan milli mətbuatının yubileylərinin ölkə miqyasında təntənəli şəkildə keçirilməsi ənənəsinin də əsasını qoydu. Ulu öndər Heydər Əliyevin Azərbaycan milli mətbuatı qarşısında ən böyük xidməti 123 il hökm sürən senzura nəzarətinin birdəfəlik ləğvi, KİV-in dövlət nəzarətindən çıxarılması və müstəqilləşməsinə şərait yaratması oldu. Hətta AXC-Müsavat hakimiyyəti dövründə özlərini demokrat adlandıran bəylər nəinki mətbuata senzura nəzarətini ləğv etdilər, əksinə hərbi senzura adı ilə onu bir az da sərtləşdirdilər. Yalnız Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu sahədə ciddi dəyişiklik yaratdı. ölkə miqyasında önəmli məsələləri həll etdikdən, ictimai-siyasi sabitlik bərpa olunduqdan sonra Onun 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarətini ləğv edən Sərəncamı bu dəyişikliyin və yeniləşmənin əsasını təşkil etdi! Hətta o dövrdə müxalifət mətbuatı belə senzuranın ləğvinin tez olduğunu iddia edirdi. Amma zaman neçənci dəfə sübut etdi ki, Heydər Əliyev nə qədər cəsarətli və prinsipial addım atıb! Bunun ardınca isə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Müstəqil mətbuatın fəaliyyətini tənzimləyən möhkəm hüquqi baza yaradıldı. Mətbuat haqqında, məlumat toplamaq azadlığı haqqında, dövlət sirlərinin mühazifəsi haqqında və digər beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı. Bununla da Azərbaycanda söz və mətbuat azadlığı tam və əsaslı şəkildə təmin olundu! Növbəti mərhələdə, yəni, 1998-ci ildən sonra isə Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində müstəqil mətbuatın formalaşması prosesi getdi. Bu, 2003-cü ilə qədər olun dövrü əhatə edir. 2003-cü ildə Mətbuat Şurası yaradıldı. Bu, mətbuatın inkişafının yeni mərhələsi idi. Yəni, dövlət nəzarətindən çıxarılan mətbuat artıq bu qurum vasitəsilə ardıcıl şəkildə öz problemləri ilə məşğul olmağa başladı. Mətbuat Şurasının Nizamnaməsi, Jurnalistlərin Peşə Davranışı Qaydaları qəbul olundu. Beləliklə, Mətbuat Şurası müstəqil mətbuatın inkişafına öz yardımını göstərməyə başladı. Dördüncü mərhələ isə möhtərəm Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bilirsiniz ki, 31 iyul 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi konsepsiyası təsdiq olundu. Son dərəcə mükəmməl sənəd olan bu konsepsiya müstəqil mətbuata dövlət dəstəyinin formalarını özündə əks etdirir və mətbuatın inkişafına dövlətin yardımını təmin edir. 3 aprel 2009-cu ildə isə bu konsepsiya əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bununla da dövlət mətbuatın işinə müdaxilə etmədən müxtəlif qrant layihələri elan etmək, jurnalistlərin fərdi müsabiqələrini keçirməklə mətbuata yardım, dəstək göstərir. Bu yolla həm KİV-lərin maddi-texniki bazası möhkəmlənir, həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşması təmin olunur. Azərbaycan iqtidarı atdığı bu addımlarla bir daha söz və mətbuat azadlığının real şəkildə təminatında maraqlı olduğunu nümayiş etdirir.
- Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb və hazırda bu Sərəncam icra olunmaqdadır. ümumiyyətlə, dövlət başçısının imzaladığı Sərəncamda hansı mühüm məsələlər əksini tapıb və onların əhəmiyyəti nədir?
- 10 iyun 2010-cu il tarixində imzalanmış sənəd milli mətbuatımızın yubileylərinin qeyd olunması haqqında özündən əvvəlki iki Sərəncamla səsləşir. Bu Sərəncamda da mətbuatımızın keçdiyi yola nəzər salınır və bu yol müsbət qiymətləndirilir. Sənəddə mətbuatın inkişafına kömək edən ayrı-ayrı məqamlar vurğulanır, bu yöndə Ulu öndər Heydər Əliyevin xidmətləri göstərilir və eyni zamanda, əvvəlki sərəncamlardan fərqli olaraq Azərbaycan milli mətbuatının və jurnalistikasının qarşısında yeni vəzifələr qoyulur. Bu vəzifələr hansılardır? Birincisi, ötən dövr ərzində Azərbaycan iqtisadi cəhətdən inkişaf edib, demokratikləşmə prosesi dərinləşib, cəmiyyət həyatının bütün sahələrində çoxsaylı yeniləşmələr baş verib. Ona görə də, Azərbaycan mətbuatı qarşısındakı vəzifələr də yeniləşməlidir.
İrəli sürülən yeni vəzifələr arasında mən bir neçəsini diqqətə çəkmək istəyirəm. Birincisi, peşəkarlığın yüksəldilməsidir. Əgər indiyə qədər jurnalistikanın qarşısında obyektiv, operativ, qərəzsiz və tərəfsiz informasiya toplayıb cəmiyyətə yaymaq vəzifəsi qoyulurdusa, indi peşəkarlığın yüksəldilməsi də önə çəkilir. Bu, çox vacib məqamdır! İkinci vəzifə yüksək milli şüur və vətənpərvərlik prinsipidir. Bu da vacib və dəyərli məsələdir. Nəhayət, qarşıya qoyulan vəzifələrdən biri də söz və mətbuat azadlığından sui-istifadəyə qarşı qətiyyətli mübarizədir. Təəssüf ki, qəzet açmağın xeyli asan olmasından, ayrı-ayrı insanların bu sahəyə gəlişində heç bir problem yaşanmadığından şəxsi mənafe güdənlərin də jurnalistikaya axını güclənib. Bu gün biz şərti olaraq belə qəzetləri “reket qəzetlər” adlandırırıq. Onlar müstəqil mətbuatın inkişafına böyük zəbə vururlar, jurnalistikanı nüfuzdan salırlar! Söz və mətbuat azadlığı bizim üçün əziz olsa da, insanların şərəf və ləyaqəti ondan heç də aşağı səviyyədə dayanmır. Mətbuat insanların bu haqqını da tanımalıdır. Biz Prezident İlham Əliyevə minnətdarıq ki, imzaladığı Sərəncamda sözdən sui-istifadə edənlərə qarşı mübarizənin zəruriliyini göstərməklə, eyni zamanda, bu məsələdə dövlətin dəstəyini nümayiş etdirib!

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30