Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Rusiya Azərbaycana Cənubi Qafqazda mühüm strateji tərəfdaş kimi baxır

Rusiya Azərbaycana Cənubi Qafqazda mühüm strateji tərəfdaş kimi baxır

28.08.2010 [11:06]

Sergey Lavrov: Rusiya və Azərbaycan prezidentləri arasında çox mehriban şəxsi münasibətlər tərəfdaşlığımızın irəliləməsi üçün mühüm amildir
Trend-in və bir sıra Azərbaycan KİV-in Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin payızda Azərbaycana səfəri ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə müsahibəsi:
- Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana qarşıdakı səfəri çərçivəsində hansı əsas məsələlər müzakirə olunacaq? Azərbaycan və Rusiyanın hərtərəfli əməkdaşlığının prioritetləri sırasına nələr daxildir?
- Biz Azərbaycana Cənubi Qafqazda, Xəzər regionunda mühüm strateji tərəfdaşımız kimi baxırıq, bizim münasibətlərimiz inkişaf edir, onlar hərtərəflidir və ənənəvi olaraq iki rəhbərin görüşlərində bu münasibətlərin bütün spektri müzakirə edilir. Mən bu dəfə də belə olacağına əminəm. Həmçinin, Rusiya və Azərbaycan prezidentləri arasında çox mehriban şəxsi münasibətlər tərəfdaşlığımızın irəliləməsi üçün mühüm amildir. Hazırkı səfərin başlıca mövzusu dövlət sərhədləri arasında müqavilənin və bu müqavilə ilə bir paketdə yer alan Samur çayının su resurslarından bərabər istifadə olunması haqqında sazişin imzalanması olacaq. Bu çox mühüm sənədlər üzərində son illər ərzində iş aparılıb və düşünürəm ki, burada prezidentlər İlham Əliyev və Dmitri Medvedevin böyük şəxsi xidmətləri olduğunu desəm, böyük sirrin üstünü açmamış olaram. Onlar ötən il Bakıda görüşləri zamanı razılaşmanın əldə olunmasına imkan verən prinsiplərin xırdalıqlarını nəzərdən keçiriblər. Və o zaman artıq yekun olaraq hüquqi baxımdan vacib olan sənədlərin hazırlanmasına imkan verən prinsipial razılaşma əldə olunub. Şübhəsiz ki, tərəfdaşlığımızın təməli kimi iqtisadi əməkdaşlıq, əlbəttə ki, bizim ticari-iqtisadi əlaqələrimizə də toxunan böhrana baxmayaraq, istənilən sammitdə, istənilən danışıqların gedişində çox mühüm yer tutur. Hazırda vəziyyət xeyli düzəlir və mal dövriyyəsi yüksəlişdədir. Həm sənayedə, həm nəqliyyatda, həm də bank sahəsində uğurla inkişaf edən investisiya layihələri də var. Əminəm ki, prezidentlər bu sahələrdə işlərin vəziyyəti ilə bağlı bu cür ümumi prinsipial xülasə aparacaqlar və zərurət olarsa, qarşılıqlı fəaliyyətimizin bu və ya digər istiqamətlərinə siyasi təkan verəcəklər. Və əlbəttə ki, humanitar əlaqələr. Bu, sadə insanlar, Rusiya və Azərbaycan vətəndaşları üçün sözün əsl mənasında vacib olan sahədir. Bu il biz çox iri yeni layihəyə başlamışıq - Bakıda humanitar məsələlər üzrə forum keçirildi. Forumun illik və prezidentlərin himayəsi altında keçirilməsi qərara alındı. ötən ildən Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, Rusiya Elm və Mədəniyyət Mərkəzi, Rusiya Kitab Evi açıldı. Bütün bunlar şübhəsiz ki, mədəni, ümumilikdə humanitar əlaqələrin ən fəal şəkildə irəliləməsinə kömək edir. Odur ki, mən qarşılıqlı əlaqələrimizin perspektivlərini çox müsbət qiymətləndirirəm. Mühüm amil ondan ibarətdir ki, bu münasibətlərdə Rusiya Federasiyasının regionları daha çox iştirak edərək Azərbaycandan olan tərəfdaşları ilə öz əlaqələrini möhkəmləndirirlər. Və xatırlatdığım bütün istiqamətlərdə belə qarşılıqlı fəaliyyət həm xalqlarımızın maraqlarına, həm də Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin möhkəmləndirilməsi maraqlarına cavab verir. Əlavə olaraq deyə bilərəm ki, prezidentlər ikitərəfli əlaqələrlə yanaşı, əlbəttə ki, regional, beynəlxalq problematika, beynəlxalq təşkilatlarda və Avropada, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində tərəfdaşlıq əlaqələrimizin universal səviyyədə vəziyyətini də nəzərdən keçirirlər.
- Cənab nazir, bu yaxınlarda Rusiya Prezidentinin Yerevana rəsmi səfəri zamanı Ermənistanda Rusiya hərbi bazası haqqında dövlətlərarası Sazişin fəaliyyət müddətinin uzadılması barədə protokol imzalandı. Rusiya Prezidentinin rəsmi danışıqların yekunlarına dair mətbuat konfransında bəyan etdiyi kimi, mövcud protokol “tamamilə Cənubi Qafqazda sülh və təhlükəsizliyin dəstəklənməsinə istiqamətlənib”. Bu protokol regionda hərbi qüvvələr balansına necə təsir göstərir və “Avropada adi silahlı qüvvələr haqqında” müqavilənin əsas prinsiplərinin pozulmasına gətirib çıxarmayacaqmı? Bundan əlavə, Rusiya Ermənistan üçün hansı potensial təhlükələri görür və onu kimlərdən müdafiə etməyə çalışır?
- Sizin bəhs etdiyiniz protokol Ermənistan ərazisində Rusiya hərbi bazasının müddətini 49 il uzadır. Və başqa heç nə. O nə Rusiyanın Ermənistanda olan hərbi bazasının funksiyasını, nə bu bazada xidmət edən hərbi qulluqçuların, nə də bazada yerləşən silahların sayını dəyişir. Ona görə də bu protokolun regionda qüvvələr balansına edə biləcəyi hər hansı dəyişikliklərdən danışmağa ehtiyac yoxdur, həmçinin, Rusiya hərbi bazasının hazırkı funksiya və parametrlərinin 49 il müddətinə uzadılmasının hansısa razılaşmaları pozduğu barədə danışmağa gərək yoxdur. Rusiya hərbi bazasının əsas məqsədi RF-nin maraqlarını təmin etməkdir. Bu maraqların dairəsinə şübhəsiz ki, Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin dəstəklənməsi də aiddir. Bu ilk məqsəd müvafiq saziş imzalandığı zaman Rusiya hərbi bazası qarşısında qoyulub. Bu məqsəd sazişin növbəti 49 il müddətinə uzadılması ilə heç bir formada dəyişilməyib.
- Rusiya Federasiyası artıq neçə illərdir ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədridir və bu problemin həlli üçün səylər göstərir, lakin təəssüflər olsun ki, hələ heç bir görünən nəticə əldə olunmayıb. ölkəniz gələcəkdə bu istiqamətdə hansı addımları ata bilər?
- Ola bilsin ki, işlər məxfi rejimdə aparıldığından, görünən nəticələr yoxdur, lakin bu işin iştirakçısı kimi deyə bilərəm ki, geniş ictimaiyyətə görünməyən nəticələr var. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətində amerikalı və fransız tərəfdaşları ilə birgə iştirak etdiyi illərdə, Rusiyanın tərəflərin mövqeyini yaxınlaşdırmaq istiqamətində cəhdlər göstərdiyi illərdə hər halda mübahisəli məsələlərin kifayət qədər azaldılması baş verib. Mövcud baza prinsipləri üzərində indi də davam etdirilən iş hazırkı mərhələdə tərəflərin razılığını müəyyən etməyə imkan yaradan fikirlər planında müəyyən nəticələr verib. Bu, baza prinsipləri üzərində işin başa çatması ilə hər şeyin dərhal həll olunacağını deməyə qətiyyən imkan vermir. Tərəflər baza prinsiplərindən sonra istənilən halda artıq hüquqi sənədin - sülh sazişinin hazırlanmasından çıxış edərək bu işdə iştirak edirlər. Və şübhəsiz ki, bu, detallara geniş nüfuz etməyi tələb edir, lakin bildiyiniz kimi, bu detallar hələ razılaşdırılmayıb. Halbuki baza prinsipləri siyasi sənəd kimi razılaşmanın əldə olunmasına yönəldilmiş siyasi planda göstərilsəydi, çox mühüm əhəmiyyət kəsb edə bilərdi. Biz məhz bunu təmin etməyə çalışırıq. Rusiya hər şeydən əvvəl Prezident Medvedevin təşəbbüsü ilə son yarım il ərzində razılıq əldə etmək üçün şəxsi imkanlarını ortaya qoymağa çalışıb. Son iki il ərzində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin altı görüşü, bu il iki görüş - yanvarda Soçidə və iyunun 17-də Sankt-Peterburqda görüşlər keçirilib. Bu görüşlərin yekunları üzrə biz təklif etdik və həmsədrlər bizi bunları etməkdə dəstəklədilər: bəli, baza prinsiplərinə gəldikdə, hər şey haqqında razılıq hələ ki əldə olunmayıb, lakin mətnin çox əhəmiyyətli hissəsi üzrə anlaşma var ki, biz demək olar kompromis xülasə edilmiş fikirlərə nail olmuşuq və biz çox sadə şey təklif etmişik - hələlik razılaşdırılmış xülasə edilmiş fikirlərin predmeti olmayan iki-üç məsələnin müzakirəsini gələcəkdə aparılması vacib məsələ kimi qeydə alaq və bu iki məsələsiz heç bir son razılaşmanın olmayacağını dəqiq qeyd edək. Bu, hazırkı mərhələdə mətnin çox hissəsi üzrə əldə edilən irəliləyişi qeydə almağa, eyni zamanda, əlavə səy tələb edən iki-üç konkret problemlə bağlı sualların qaldığını göstərməyə və bu şəkildə indiyədək nail olunanları möhkəmləndirməyə imkan verə bilər. Bizi bunda həmsədrlər dəstəkləyiblər, biz ümid edirik ki, indiki vəziyyətin praqmatik qiymətləndirilməsinə söykənən belə realist yanaşma son nəticədə dəstəklənəcək, ən azı biz öz işimizi davam etdirəcəyik. Təkrar edirəm - indi baza prinsiplərinin hələlik razılaşdırılmamış məqamlarının 2-3 təsbitlə qəbul edilməsi, Ermənistan və Azərbaycan liderlərinin əlbəttə ki, bu münaqişənin nizamlanmasına, sülh nizamlanmasına yönəlmələri, indi Rusiya, Ermənistan və Azərbaycan prezidentləri tərəfindən imzalanan Mayndorf adlanan bəyannamədə deyilənlər və bu barədə həmsədrlərin dəfələrlə dedikləri beynəlxalq birlikdə və Avropadakı gözləntilərə çox vacib siyasi siqnal göndərə bilər. Daha bir vacib prinsipal məsələni qeyd edim: həmsədrlər iyulun 17-də Almatıda ATƏT nazirlərinin sammiti zamanı görüşərkən birgə bəyanatla çıxış edərək orada hazırkı mərhələdə hələ ki tərəflərin göstərdikləri səylərin nəticəyə nail olmağa imkan verməməsini qeyd ediblər və buna açar məhz sizin məndən soruşduğunuzdadır. Məhz tərəflər razılığa gəlməlidirlər. Həmsədrlər nə təkbaşına, nə üçlükdə, nə nazirlər, nə də prezidentlər səviyyəsində bu problemi Ermənistan və Azərbaycanın əvəzinə həll edə bilməzlər. Buna görə də bizim mövqeyimiz ondan ibarətdir ki, razılığı axtarıb tapmaq üçün biz öz imkanlarımızı, öz intellektual bacarığmızı işlətməyə hazırıq, lakin onu yalnız Ermənistan və Azərbaycan rəhbərləri tapa bilər.
- Xəzərin statusu məsələsi hələ də həll olunmamış vəziyyətdədir. Rusiya artıq Azərbaycan və Qazaxıstanla əldə etdiyi razılıqlara görə öz fəallığını bir az azaldıb. Bu, Moskvanın fəal müşahidəçi mövqeyi ilə kifayətlənməsi deməkdirmi?
- Xeyr, bu heç də o demək deyil. Mənə elə gəlir ki, bu, bizim mövqeyimizə verilən düzgün qiymət deyil. Biz doğrudan da Xəzərdəki qonşularımız olan Azərbaycan və Qazaxıstanla dəniz dibinin necə bölüşdürülməsi haqqında razılığa gəlmişik. Lakin bu hövzə və onun üzərindəki hava məkanı hələ ki bölüşdürülməyib. Və məhz bu, Xəzərin hüquqi statusu haqqında konvensiyanın predmeti olmalıdır ki, onun da üzərində işi davam etdiririk. Əlbəttə ki, biz hüquqi vəziyyətdə mövcud deyilik, çünki Xəzərin statusunu müəyyən edən konvensiya nə qədər yoxdursa, beynəlxalq hüquqa uyğun olan ötən əsrin 1921-1940-cı illərinin Sovet-İran müqaviləsi bir o qədər də qüvvədə qalmaqda davam edir. İndi sözsüz ki, konvensiyanın imzalanmasının aktuallığı hər şeydən əvvəl onunla müəyyən edilir ki, təxminən 20 ildir Xəzərdə üç yeni dövlət mövcuddur, indi orada iki sahilyanı dövlət deyil, beş dövlət var və əlbəttə ki, bütün Xəzəryanı ölkələrin tam maraqlarını nəzərə alan razılığı axtarıb tapmaq lazımdır və konvensiya bunu etməlidir. Biz Xəzərin bütün spesifik xüsusiyyətlərində gəmiçilik və balıqçılıq, mineral ehtiyatların mənimsənilməsi, ətraf mühitin qorunması ilə bağlı Xəzər dənizindən istifadəyə, onun resurslarının qorunmasına toxunan məsələlər üzrə mümkün qədər yaxın şəkildə razılığa gəlməkdə çıxış edirik ki, ekoloji cəhətdən bu həssas su tutumu üçün problem yaratmayaq. Problem kiminsə az fəal olmasında yox, kimin daha fəal olmasındadır. Problem bundadır ki, bizim Xəzər üzrə bəzi qonşularımız sahilyanı zonanın uzunluğuna milli yurisdiksiyalarını yaymaq istəyirlər ki, bu da Xəzərdə azad su qoymayacaq. Bu yəqin ki, bir az həddindən çoxdur, çünki hətta dünya okeanını belə götürsək, BMT-nin dəniz hüququ üzrə konvensiyası ərazi sularını maksimum 12 mil uzunluğunda nəzərdə tutur. Xəzər isə ümumiyyətlə açıq dəniz deyil - qapalı su tutumudur, onun ümumiyyətlə, hər şeydən əvvəl bu su tutumunun rasional və ehtiyatla istifadəsi baxımından bunu nəzərə alacaq xüsusi rejimi olmalıdır. Və biz kompromislərə hazırıq, biz milli ərazi qurşağının mövcudluğunun zərurətini tanımağa hazırıq, lakin əlbəttə ki, Xəzərdə balığı elə tutmaq lazımdır ki, balıq orada yoxa çıxmasın, qalsın ki, bu da beynəlxalq hüquqda nəzərdə tutulduğu kimi, gəmiçiliyin azadlığını şübhə altına almamalıdır. Bunlar mürəkkəb məsələdir və əlbəttə, onların tənzimlənməsi səbr tələb edir. Lakin fəallıq və ya passivliyə gəldikdə isə deyə bilərəm ki, məhz Rusiyanın təşəbbüsü ilə çoxlu səydən sonra Azərbaycanın sədrliyi ilə keçirilən Xəzərdə təhlükəsizlik məsələləri üzrə razılaşmanın hazırlanması prosesini işə salmağa nail ola bildik. ümid edirəm ki, yaxın vaxtlarda biz bu işi başa çatdıra biləcəyik və bu razılaşma ardıcıllığa əsasən keçirilməsi Azərbaycan paytaxtında baş tutacaq Xəzər sammitində imzalana bilər. Rusiyanın ikinci təşəbbüsü - Xəzər iqtisadi əməkdaşlıq təşkilatının yaradılmasından ibarətdir. İki il əvvəl Həştərxanda Xəzəryanı dövlətlərin iqtisadi dəstəyi üzrə ilk konfrans keçirilib və biz hesab edirik ki, ticari əməkdaşlığa, tranzitə və bir çox başqalarına aid bizi birləşdirən məsələlərin sıxıcı deyil, belə çoxtərəfli əməkdaşlıq tələb edən layihələr üzrə beştərəfli formatda söhbət aparmağa imkan verən kifayət qədər çevik struktur çərçivəsində nəzərdən keçirilməsi üçün bütün əsas var. Odur ki, Xəzər dənizi məsələsində də irəliləyişin olacağına ümid edirəm. Bu çox vacib mövzudur, nəzərə alsaq ki, bir çox Xəzəryanı olmayan dövlətlər heç də həmişə Xəzəryanı dövlətlərin maraqlarını nəzərə almamaqla, burada öz maraqlarını irəliyə aparmaq üçün həll edilməmiş bir sıra hüquqi məsələlərdən istifadə etməyin əleyhinə olmazlar.

Paylaş:
Baxılıb: 1128 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30