Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan və Türkiyə ən sadiq dost və qardaş ölkələrdir

Azərbaycan və Türkiyə ən sadiq dost və qardaş ölkələrdir

08.10.2010 [11:04]

Haluk Ağca: Mən Azərbaycanın bu qədim şəhərində diplomat kimi fəaliyyətə başlamağımdan qürur duyuram
Xəbər verildiyi  kimi, bu il sentyabrın 15-dən Türkiyənin Gəncədə baş konsulluğu fəaliyyətə başlayıb. AzərTAc-ın müxbiri qardaş xalqlarımız arasında sosial-iqtisadi, mədəni və digər sahələr üzrə əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq konsulluğun fəaliyyəti, onun gələcək planları ilə tanış olmaq məqsədi ilə baş konsul Haluk Ağca ilə görüşüb ondan müsahibə alıb.
- Haluk bəy, əvvəla Sizi Azərbaycanın bu qədim şəhərində qardaş Türkiyənin baş konsulu kimi fəaliyyətə başlamağınız münasibətilə təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Yeni təyinatınızı  necə dəyərləndirirsiniz?
- Yüksək dəyərləndirir, eyni zamanda, özümü son dərəcə xoşbəxt hesab edirəm. çünki 2504 yaşı olan bu qədim şəhərdə işləmək və fəaliyyət göstərmək mənim üçün şərəfdir. Gəncədə baş konsul kimi işə başladığım günün şəhərin yaranması tarixi ilə bağlı keçirilən “Şəhər günü” mərasimləri ilə eyni vaxta təsadüf etməsi məni ikiqat sevindirdi. Lakin mənim üçün ən əhəmiyyətlisi Azərbaycanda diplomatik fəaliyyət göstərmək şansı qazanmaqdır. Azərbaycan və Türkiyə ən sadiq dost və qardaş ölkələrdir. Bunu təkcə diplomatlar və siyasətçilər deyil, eyni zamanda, bütün türk xalqı belə qəbul edir.
- Türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün bir ifadəsini yada salmaq istərdim. O deyirdi ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Vaxt gələcək Azərbaycan müstəqilliyə qovuşacaq. Bax, onda biz qollarımızı açaraq onlara isti qucaq göstərməliyik. Türk dünyasının böyük lideri Heydər Əliyev isə 70 ildən sonra bu fikrə yeni çalar gətirdi və dedi ki, biz bir millət, iki dövlətik.
- Əlbəttə, bu kəlamları söyləyənlər adi insanlar deyillər. Onlar Türkiyənin və Azərbaycanın qurucularıdır və bu fikirləri söz xatirinə deməmişlər. Bu sözlər böyük öndərlərin qəlblərinin dərinliklərindən gəlməklə, türklərin və azərbaycanlıların duyğularını ifadə etmişdir.
- Gəncəyə olan təyinatınızdan əvvəl diplomatik fəaliyyətiniz, ümumiyyətlə özünüz barədə bir qədər məlumat versəniz maraqlı olardı.
- Gənc yaşlarımdan diplomatiya sahəsində çalışmışam. 1983-cü ildə Türkiyə Xarici İşlər Nazirliyinin sosialist ölkələri ilə iqtisadi əlaqələr bölməsində işləmiş, sonra ordu sıralarında xidmətdə olmuşam. Əsgərlikdən qayıtdıqdan sonra - 1986-cı ildə Türkiyənin keçmiş Yuqoslaviyadakı səfirliyində üçüncü katib, 1989-cu ildə İordaniya səfirliyində birinci katib vəzifələrində çalışmışam. NATO-nun Ankara bölməsində, daha sonra isə İtaliyada Şimali Atlantika Alyansının müdafiə komitəsində, Birləşmiş Millətlər Təşkilatında, Bolqarıstanda və Venesuelada diplomatik fəaliyyətlə məşğul olmuşam. Bir müddət Ankarada Latın Amerikası ölkələri  ilə əlaqələr siyasi departamentində bölmə rəhbəri işlədikdən sonra keçmiş çexoslovakiyada Türkiyə səfirinin müavini vəzifəsinə göndərilmişəm. Dörd il orada çalışdıqdan sonra Ankarada viza departamentində rəhbər, daha sonra isə Rumıniyada baş konsul olmuşam. Bundan 9 ay sonra isə Gəncəyə təyinat almışam.
- Artıq yarım aydan çoxdur ki, Gəncədəsiniz. Bu müddətdə şəhərlə yaxından tanış ola bilmisinizmi?
- Burada ilk gündən diqqətimi cəlb edən insanların  münasibəti oldu. Anadoluda olduğu kimi, Gəncədə də insanlar mehriban, səmimi və qonaqpərvərdirlər. Lakin mənim fəaliyyətim təkcə insanlarla ünsiyyətdə olmaq deyil, eyni zamanda, onların məndən gözlədiklərini verməkdir.
- Cənab konsul, insanların gözlədiklərini vermək deyəndə yadıma bir məsələ düşdü.Təxminən 10 il əvvəl Gəncənin Türkiyənin Qars şəhəri ilə qardaşlaşması barədə niyyət protokolu imzalanmışdı. Həmin vaxt hətta Qars şəhərindən Gəncəyə nümayəndə heyəti səfər etmiş və sakinlərlə maraqlı görüşlər keçirmişdi. Lakin nədənsə, bu məsələ sonralar unuduldu. Siz bu məsələni gündəmə gətirmək istəyirsinizmi? ümumiyyətlə, fəaliyyətiniz müddətində ən çox hansı məsələlərə üstünlük vermək fikrindəsiniz?
- Əlbəttə, bütün bu və  digər məsələlərin həlli birbaşa bizim fəaliyyət sahəmizə daxil olan məsələlərdir. çalışacağıq ki, bütün bu işlərin öhdəsindən layiqincə gələk. Xüsusilə Türkiyənin ayrı-ayrı  şəhərlərinin Gəncə, eləcə də ətraf rayonlarla əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi, Türkiyənin və Gəncənin iş adamlarının qarşılıqlı səfərlərinin, eləcə də onların işgüzar görüşlərinin təşkil edilməsi fəaliyyətimizin əsas istiqamətlərindən olacaqdır.
- Yeri gəlmişkən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşa edilməsi də qarşıda duran  vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcəkdir. Necə hesab edirsiniz, yeni beynəlxalq dəmir yolu iqtisadi münasibətlərin genişləndirilməsində, türk iş adamları tərəfindən Gəncə və ətraf rayonlara sərmayə qoyuluşlarının həcminin artırılmasında əhəmiyyətli rol oynaya bilərmi?
- çox vacib məsələyə toxundunuz. Bu layihənin həyata keçməsi nəinki iqtisadi əməkdaşlığın, eləcə də mədəni əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Xüsusilə turizmin inkişafında, qarşılıqlı mədəni-kütləvi tədbirlərin keçirilməsində imkanlarımızı daha da genişləndirəcəkdir. Burada olduğum qısa müddətdə mən Gəncəni və ətraf rayonların bir neçəsini gəzmişəm. Mübaliğəsiz deyə bilərəm ki, inkişafına görə Avropa şəhərlərindən heç də geri qalmayan Gəncədə və ətraf rayonlarda istənilən qədər tarixi abidə və görməli yerlər vardır. Şübhəsiz, bu da turizmin inkişafı üçün əsas amillərdəndir.
- Təbii ki, Türkiyə ilə Azərbaycan əlaqələrinin inkişafından danışarkən prezidentlər  İlham Əliyev və  Abdullah Gülün xidmətlərini xüsusi qeyd etmək lazımdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bünövrə bu gün dövlətlərimizin başçıları tərəfindən uğurla inkişaf etdirilir. İstər iqtisadi, istərsə də siyasi sahədə qazanılan bir çox uğurlar məhz bu liderlərin adları ilə bağlıdır. Xüsusilə Türkiyə və Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər bu baxımdan yüksək dəyərləndirilməlidir.
- Tamamilə doğru deyirsiniz. Hamımıza yaxşı məlumdur ki, bu gün dünya siyasəti milli maraqlar üzərində inkişaf etdirilir. Məsələn, son illər Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası, Azərbaycanın isə ərazi bütövlüyünün bərpası məsələlərinə dünya birliyinin  siyasətində ikili mövqe nümayiş etdirilməsinin şahidiyik. Odur ki, biz bundan sonra da bir-birimizə dayaq olmalı, ölkələrimizə göstərilən təzyiqləri birlikdə dəf etməliyik.
- Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsində Türkiyə həmişə ədalətli, prinsipial mövqe nümayiş etdirmişdir və indi də öz sözünə sadiqdir. Bu mövqe özünü  Ermənistanla sərhədlərin açılması məsələsi ortaya çıxarkən daha çox  büruzə verir.
- Mən söhbətimizin əvvəlində dedim ki, Azərbaycanın dərdini birgə yaşamağa, sevincini birgə bölməyə həmişə hazırıq. Azərbaycanlı qardaş və bacılarımız bilməlidirlər ki, 72 milyonluq türk xalqı bütün məqamlarda onların yanındadır. Ona görə də nə qədər ki, Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayıb, sərhədlərin açılmasından söhbət gedə bilməz. Qeyd edim ki, bu,  bütün türk xalqının yekdil fikridir. Bir məsələni də diqqətinizə çatdırmağı özümə şərəf bilirəm. Mənim babam Zaim bəy 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində Bakıda və Gəncədə erməni-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı siyasəti aparanlara  qarşı mərdliklə vuruşmuş, hətta döyüşlərin birində ağır yaralanaraq ruslar tərəfindən əsir götürülərək Xəzər dənizindəki Nargin adasına sürgün edilmişdir. O, sürgündən qaçmağa nail olmuş, gizli yollarla Türkiyəyə keçmişdir. Həmin illərdə ermənilərin Azərbaycanın şəhər və rayonlarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə babam həmişə həyəcanla danışardı və bu barədə məndə çoxlu məlumatlar vardır.
Sonda üzümü gəncəlilərə tutaraq  onları əmin edirəm ki, Türkiyənin bu gözəl şəhərdəki konsulluğu öz fəaliyyəti ilə üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirəcəkdir.

Paylaş:
Baxılıb: 1140 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30