Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Müxalifət nümayəndələri İctimai Televiziyada şoumen kimi çıxış edirlər

Müxalifət nümayəndələri İctimai Televiziyada şoumen kimi çıxış edirlər

03.11.2010 [09:31]

Siyavuş Novruzov: Bunlar nə siyasətçi, nə gələcəkdə Milli Məclis üzvü seçilə biləcək bir insan, nə də seçicinin, dövlətin qədrini bilən bir namizəd kimi çıxış etmirlər
YAP-ın 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkilliyinə namizədi, partiyanın İcra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi:
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası necə gedir?
- Partiyamızın təbliğat-təşviqat kampaniyası əvvəlcədən də nəzərdə tutulduğu kimi, bir neçə mərhələ üzrə aparılır. Kampaniyada əsasən üstünlüyü seçicilərlə birbaşa görüşlərə verdik. Birinci mərhələdə çoxsaylı görüşlər keçirilib. Yaxın günlərdə biz onun hesabatını da verəcəyik. Hazırda ikinci mərhələnin görüşləri gedir. Təşviqatımız yüksələn xətlə davam edir. Görüşlərimiz noyabrın 5-i də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan vaxta qədər davam edəcək. Görüşlərdə çoxsaylı insanlar iştirak edir. Seçicilərin yüksək diqqəti və marağı müşahidə olunur. Bu, ondan irəli gəlir ki, YAP-ın irəli sürdüyü namizədlərin hamısı Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında və digər sahələrində yaxından iştirak etmiş tanınmış insanlardır. Bu şəxslər indiyə qədər cəmiyyətdə sözlərini demiş şəxslərdir. Ona görə də, seçicilər bu insanlarda görüşlərə çox böyük məhəbbət və diqqətlə yanaşır, fikir mübadiləsi aparır, həmçinin, gələcəkdə qanunvericilik bazasının formalaşması üçün təkliflər irəli sürülür, rəylər verilir.
- Əhalinin seçki prosesinə münasibəti necədir? çünki bir sıra qəzetlərdə əhalinin seçkiyə inamının və marağının azaldığı yazılır...
- Yox, qətiyyən belə deyil. Əhalinin seçkiyə marağı çox böyükdür. Bu müsahibəni yəqin mənim də seçicilərim oxuyacaq. Mən təmsil olunduğum dairənin 35 məntəqəsinin hər birində görüş keçirmişəm. İnsanlar bu prosesə, o cümlədən, görüşlərə çox aktiv şəkildə yanaşırlar. Sadəcə, insanlar bir şeyi qəbul etmir. Söhbət bəzi namizədlərin televiziya efirindən sui-istifadə edərək deputatın səlahiyyətinə aid olmayan məsələlərlə bağlı vədlər verməsindən gedir. Onlar seçicilərdən səs almaq istəyir, biri deyir yolu düzəldəcəyəm, biri deyir qaz çəkdirəcəyəm, biri deyir məktəb təmirsizdir. Mənim namizədliyim irəli sürülmüş dairənin seçicilərinin rəyi ondan ibarətdir ki, namizədlər seçiciləri aldatmasınlar. Deputatın öz funksiyası var, bu funksiya ondan ibarətdir ki, qanunların qəbulunda iştirak etsin, onun icrasına nəzarət etsin və seçicilərin ümumi rəyi əsasında ümumi qanun hazırlayıb təqdim etsin. ABŞ-da Konqres üzvlüyünə bir namizəd deyə bilməz ki, mən filan yerə su, qaz çəkəcəyəm, filan yerə asfalt çəkəcəyəm. Əgər desə, həmin an onun namizədliyi ləğv olunar. Həmin namizəd deyə bilər ki, vergilərin azaldılmasına, kənd təsərrüfatına subsidiyaların verilməsinə, yaxud verilən subsidiyaların məbləğinin artırılmasına çalışacağam. Seçicilərimiz yol-asfalt vədi məsələsini qəbul eləmir. ümumilikdə, seçicilərin seçkiyə marağı böyükdür.
- İTV-nin pulsuz efir vaxtından istifadə edən müxalifət təmsilçilərinin çıxışlarına münasibətiniz necədir?
- Mən ötən 10 illik deputatlıq fəaliyyətim zamanı da bunu müşahidə etmişəm. Müxalifətdən olan deputatlar Milli Məclisin iclasının yalnız ilk yarım saatında “görünürlər”, iclasın gündəliyinə dəyişikliklərlə bağlı təklif verirlər. İclasın davamında vətəndaşların, seçicilərin taleyüklü məsələləri, sosial problemləri ilə bağlı hansı qanun müzakirə olunsa, orada iştirak etmirlər. İclasın əvvəlindəki yarım saatda isə jurnalistlərin orada iştirak etməsinə görə çıxış edirlər. Müxalifətçilərin dediyini jurnalistlər qeydə alır. Yarım saatdan sonra jurnalistlər hərəsi bir tərəfə gedir, müxalifətçi deputatlar da görünmür, yəni, qanunların müzakirəsində iştirak etmir. Məsələn, saat 17.30-da sosial müavinətlərlə bağlı qanun müzakirə olunur, ancaq orada nə müxalifətçi deputat tapa bilərsən, nə də jurnalist. çünki onları insanların taleyi deyil, şou maraqlandırır. Yəni, şou göstərsinlər, jurnalistlər o şounu yazsın, çəksin, bunlar da həmin şounun nəticəsində ictimai-siyasi həyatda qalsınlar. Müxalifət nümayəndələri analoji olaraq İctimai Televiziyada da şoumen kimi çıxış edirlər. Bunlar nə siyasətçi, nə gələcəkdə Milli Məclis üzvü seçilə biləcək bir insan, nə də seçicinin, dövlətin qədrini bilən bir namizəd kimi çıxış etmirlər. Başlayırlar qışqırmağa, təhqirlər, böhtanlar, yalanlar danışmağa. Onlar ən ağlagəlməz yola qədər gedirlər. Onları daha çox şou maraqlandırır. Həm xaricdəki ağaları qarşısında, həm də ki, daxildə “görüm kimdən nə isə əldə edə bilirəm” fikri ilə şou göstərirlər.
- Oktyabrın 30-da İTV-nin pulsuz efir vaxtı YAP-ın namizədi Hüseynbala Mirələmovla “AXCP-Müsavat” seçki blokunun namizədi Fuad Qəhrəmanlı arasında mübahisə düşdü, onlar bir-birlərini təhqir etdilər. Bununla bağlı, nə deyə bilərsiniz?
- ümumilikdə deyə bilərəm ki, şəxsən mən tənqid etmişəm, indiyədək təhqir etməmişəm. Bu gün bəzi müxalifət nümayəndələri özləri ortaya çıxıb öz sözünü deyə bilmir. İnsansan, namizədsən, gəl çıx ortaya, mövqeyini bildir. Daha kimlərinsə vasitəsilə sözünü dedirtmə! özünün üzün yoxdur ortaya çıxmağa, başqasını göndərirsən ki, get belə danış. çıxmamısan-çıxmamısan da... İndi qorxursan, çəkinirsən, yaxud nə isə bir problemin var... özü qorxudan çıxa bilmir, sonra başqasını göndərir ki, get təhqir elə. Əli Kərimli 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədlər televiziyada danışan vaxtı gəlib efirə çıxardı, sözünü deyərdi. O sözünü deyir, sən də sözünü deyərdin, qurtarıb gedərdi. Efirə çıxmayıb, sonradan bir nümayəndə göndərib köhnədən qalan məsələdən danışır. Axı, 31 saylı dairənin məsələsi qurtarıb, hansı əsasla yenə oradan danışırsan?! Orada birinci olaraq əxlaqdan, mənəviyyatdan kənar hərəkət edən AXCP-nin nümayəndəsi oldu. Vaxtı qurtaran başqasının çıxışına mane olmamalıdır. O, başqasının çıxışına maneçilik törətdi, ona görə də, haqlı olaraq İTV-də namizədlər çıxış edən otaqdan çıxarıldı. Əslində bu, Fuad Qəhrəmanlının özünə bir təhqir idi! Axı, Əli Kərimli kimdir ki, ona bir vəkillik də edəsən. Bu gün millətin, xalqın vəkili olmaq istəyən insan özünə vəkillik edə bilmir. özünə başqasını vəkil tutan birisi sabah xalqın maraqlarını necə təmsil edəcək?! Əgər sabah seçilsən, beynəlxalq tədbirlərdə ermənilərlə, başqa millətlərin nümayəndələri ilə üz-üzə gələcəksən. Deməli, orada küsəcəksən?! Bəlkə, ora da Fuad Qəhrəmanlını göndərəcəksən? Bu adam küsüb parlamentə gəlmədi, indi İTV-nin efirinə gəlmədi... Bunlar hamısı qorxaqlıq əlamətidir. Qeyd etmək istəyirəm ki, Əli Kərimli həmişə fərari olub. Hətta vaxtı ilə onunla eyni hakimiyyəti paylaşan İsgəndər Həmidov da onu həmişə fərari adlandırıb. Əli Kərimli indi iddia edir ki, Laçın və Kəlbəcərdə döyüşüb. Amma o bir dəfə vaxtilə Kəlbəcərin icra başçısı olmuş adamın toyuna, bir də o əraziləri ermənilərə təhvil verməyə gedib.
- Fuad Qəhrəmanlı sonda çıxış edərkən konkret olaraq ad çəkməsə də, Əhəd Abıyevlə Hafiz Hacıyevi nəzərdə tutaraq onları İTV-də məlum çıxışları etməyə göndərənləri söydü. Əslində, Əhəd Abıyevlə Hafiz Hacıyevi kimsə İTV-yə istiqamətləndirib göndərib?
- Qətiyyən belə deyil. Birincisi, onlar ayrı-ayrı namizədlərdir, onları heç kim göndərməyib, özləri gəliblər, efir vaxtıdır, danışır. İkincisi, əgər Əli Kərimlinin cəsarəti çatırdısa, canlı efirə çıxıb öz sözünü deyərdi. Kimin haqq, kimin nahaq olduğunu xalq müəyyənləşdirəcəkdi. üçüncüsü, ay Əli Kərimli, Əhəd Abıyev 10 il parlamentin üzvü olub, həmişə də səni tənqid edib, bir dəfə cavabını verə bilməmisən. Həmçinin, Hafiz Hacıyevin də əvvəldən mövqeyi məlum olub, onun yazıları, çıxışları və s. ilə Əli Kərimliyə münasibəti bəlli idi. Əgər səhv deyir, narazısansa, ver məhkəməyə. Bunun hüquqi yolu da, siyasi yolu da var. Ancaq bunları etməyib, efirə də çıxmamaq, üstəlik bir uşağı çıxış etməyə göndərmək hesab edirəm ki, tamamilə düzgün deyil.
- Bəs Hüseynbala Mirələmovun necə, günahı varmı?
- Yox, onun heç bir günahı, təqsiri yoxdur. O, bir ziyalıdır, Yazıçılar Birliyinin üzvüdür, çoxsaylı əsərlərin müəllifidir, onun əsərləri teatrlarda səhnələşdirilir. Belə bir insanı gör hansı vəziyyətə çatdırıb ki, o da analoji cavabı verib.
- YAP-ın siyahısından kənar namizədliyini irəli sürmüş partiya üzvləri ilə bağlı dəfələrlə açıqlama olub. İndi isə konkret bir şəxslə - tanınmış YAP üzvü olan millət vəkili ilə bağlı sual vermək istəyərdim. Söhbət 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Nazim Məmmədovdan gedir. Həmin dairədə YAP Rafiq Məmmədhəsənovun namizədliyini irəli sürüb. Sual bundan ibarətdir ki, əgər YAP üzvləri cəzalandırılarsa, bu, partiyanın tanınmış üzvlərinə də, konkret olaraq Nazim Məmmədova aid olacaqmı?
- Bir neçə bu cür dairələr var. YAP bununla bağlı öz bəyanatını verdi. Bundan sonra bir neçə YAP üzvü öz namizədliyini geri götürdü. üç nəfər isə partiyadan xaric olunub. Yerdə qalanlarla bağlı da bu ölçülər götürüləcək. Partiyamızda tanınmış üzvlə, tanınmamış arasında fərq yoxdur, qərar kimliyindən asılı olmayaraq hər bir YAP üzvünə aiddir. Müvafiq ölçülər götürüləcək, buna tam əmin ola bilərsiniz.
- Konkret desək, Nazim Məmmədov partiyadan çıxarılacaq?
- O da olacaq, başqaları da olacaq. Bunlar özlərini partiyadan kənar tutub hərəkət edənlərdir, yaxud bu gün hesab edirlər ki, ordan-burdan beş-üç manat oğurlayıb bizneslə məşğul olub, indi də ortaya düşməklə nə isə olacaq. Bu, belə deyil. Azərbaycan dövlətçiliyi var, dövlət tarixi var, ölkənin qurucusu var, ölkənin rəhbəri, partiyanın Sədri var, partiyanın qərarı var. Partiyanın qərarı rəsmi qərardır. Kimsə bu qərardan özünü üstün, yaxud kənarda tutursa, partiya həmin adamlarla bağlı müvafiq qaydada mövqeyini ortaya qoyacaq.
- YAP-ın 5 saylı Şahbuz-Babək seçki dairəsindən namizədi kimi təbliğat-təşviqat kampaniyanız necə gedir?
- Bu gün Naxçıvan Muxtar Respublikasında başda Prezident İlham Əliyev olmaqla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi altında çoxlu zəruri işlər görülüb. Baxmayaraq ki, Muxtar Respublika blokada şəraitindədir, bir yerdə də olsun ciddi problemlə bağlı müraciət olmayıb. 40-a yaxın görüş keçirmişəm. Mənim namizədliyim irəli sürülmüş dairə əsasən Ermənistanla sərhəd olan ərazilərdir. Burada da insanlar ciddi şəkildə ortaya bir problem qoyub çıxış etmirlər. çünki Muxtar Respublikanın rəhbərliyi tərəfindən mövcud problemlərin hamısı həll olunub: qazı var, işığı var, suyu var, yolu var... O gün namizədlərdən biri televiziyada danışanda mənim seçicilərim gülürdü, deyir bu nə danışır, nə asfalt, nə su çəkmək? çünki o kəndlərin bütün su, işıq, yol, qaz problemi həll olunub. Hətta Naxçıvanda kənd mərkəzləri salınır. Əksər kəndlərdə kənd mərkəzləri salınıb. Bələdiyyə, icra nümayəndəliyi, həkim məntəqəsi, kitabxana, internet və s. orada yerləşir. Məktəblərlə bağlı da deyim. Məsələn, Şahbuz rayonunda 25 kənd var, onun 20-də ən müasir standartlara cavab verən məktəb tikilib, cəmi 5 kənd qalıb ki, orada da tikiləcək. Eyni sözləri Babək rayonu haqqında da demək olar. Yəni, artıq orada insanları düşündürən başqa məsələlərdir - Dağlıq Qarabağ problemi, onun həlli yolları, bu məsələdə deputatların funksiyaları və s.
Söhbətin sonunda mən üzümü Azərbaycanın bütün seçicilərinə tutub, onları 7 noyabr günündə seçki məntəqələrinə gəlməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram!

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30