Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası xalqın iradəsini ən dolğun şəkildə ifadə edir

Yeni Azərbaycan Partiyası xalqın iradəsini ən dolğun şəkildə ifadə edir

20.11.2010 [10:47]

Zahid Qaralov: Partiyamızın yaranma tarixi dərinləşdikcə onun yaradıcısı, ilk Əsasnamə və Məramnaməsinin müəllifi Heydər Əliyevin uzaqgörənliyi, böyüklüyü, təkrarlanmaz şəxsiyyəti daha da aydınlaşır, ürəklərə yol tapır, həyata inamı artırır, cəmiyyətə düzgün yol göstərir
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov www.yap.org.az saytına müsahibə verib:
- Zahid müəllim, bildiyimiz kimi, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü tamam olur. İstərdik ilk olaraq, bu partiyanın yaranmasını zəruri edən siyasi, ictimai şərtlərdən danışaq. Siz, həmin dövrü və baş verən hadisələri necə qiymətləndirirsiniz, Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən amillər hansılar idi?
- Əvvəla, onu qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində 70 ildən artıq bir dövrdə mövcud olmuş imperiya süquta uğradı və bu imperiyanın hakimiyyəti altında birləşmiş 15 ölkə Sovetlərdən ayrılaraq müstəqilliyinə qovuşdu. Bunların bir qismi, bu yolu məsələn, Qazaxıstan, özbəkistan dinc şəraitdə səbrlə getdi, bəziləri, o cümlədən, Baltikyanı ölkələr köhnə sistemdən yüksək mədəni, hüquqi səviyyədə ayrıldı və bu gün də onlar Avropa İttifaqının üzvüdürlər, Azərbaycan, Gürcüstan və bir qism digər dövlətlər isə 1988-ci ildən başlayaraq böyük qarışıqlıqlarla, itkilərlə prosesi başa vurdu. Bu gün özlərini siyasətçi adlandıran bir qisim insanlar iddia edirlər ki, guya o zaman meydan hərəkatı olmasaydı, Azərbaycanda o qədər faciələr, 20 Yanvar faciəsi baş verməsəydi, Sovet İmperiyası dağılmayacaqdı. Xeyr, bu qətiyyən belə deyil. SSRİ soyuq müharibədə dağılmışdı, süquta uğramışdı. Və çox təəssüf ki, SSRİ-nin süquta uğramasının, dağılmasının ən böyük ağrı-acısını çəkən biz olduq. Əvvəla, 1988-ci ildən başlayaraq, Ermənistandan bütün azərbaycanlılar çıxarıldılar, onlar da hamısı gəlib ölkəmizin müxtəlif rayonlarında məskunlaşdılar. Təbii ki, bunun özü də bərabərində müxtəlif problemlər yaratdı. Belə ki, onların məskunlaşması, işlə təmin olunması özlüyündə böyük bir problem idi. Daha sonra Azərbaycanda 20 Yanvar faciəsi baş verdi, yüzlərlə vətəndaşımız qətlə yetirildi. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi alovlandı. Bu münaqişədə Sovet qoşunları ermənilərə fəal kömək edirdi və bunu heç kəs inkar etmir. Rayonlarımız bir-bir işğal olundu, minlərlə insan vəhşicəsinə qətlə yetirildi. Bu da özlüyündə cəmiyyətdə böyük xaos, qarışıqlıq yaradırdı.
- Həmin dövrdə siyasi sferada da çox mürəkkəb hadisələr baş verirdi və bu hadisələri təhlil edəndə onların heç də müsbət perspektivə yönəlmədiyi aydın görünür.
- Bəli, tamamilə düzgün qeyd edirsiniz ki, siyasi sferada da cərəyan edən hadisələr heç də ürəkaçan deyildi. Yeni partiyalar yaranır, hərə külü öz qabağına çəkməyə çalışırdı. Heç bir partiya təcrübəsi olmayan adamlar partiya yaradır, xalqa, dövlətə rəhbərlik etmək istəyirdilər. Siyasi mühit dağılmış, formalaşmış dövlət siyasəti yox idi. Nə də, bu partiyalar dövləti bu problemlərdən xilas etmək iqtidarında deyildilər. Məhəllə təəssübkeşliyi başlamışdı. Azərbaycanı 4 yerə parçalamaq istəyirdilər. Bir tərəfdə “Talış Muğan respublikası”, Şimalda “ləzgistan”, Laçında 8 nəfər birləşib “kürd dövləti” yaratmaq istəyirdilər. Bakını isə bir əyalətə çevirmək niyyətləri var idi. Hətta elan etmişdilər ki, Bakı və Salyan nefti bizim olsun, yerdə qalanla bizim işimiz yoxdur. Yəni, siyasi müstəvidə cərəyan edən hadisələr ictimai mühitə də öz təsirini göstərmiş, parçalanma meyilləri geniş vüsət almışdı. Hakimiyyətdə isə səriştəsiz, siyasi savadı olmayan insanlar toplaşdığını görə, onlar bu proseslərin qarşısını almaqda aciz idilər. Təsəvvür edin, elə insanları dövlət strukturlarına işə götürürdülər ki, onların normal təhsili belə yox idi, hətta orta məktəbdə belə təhsilini başa vurmamışdılar. Amma deyirdilər ki, bu insan mitinqlərdə bizə dəstək verdiyi üçün vəzifə verilməlidir.
Beynəlxalq dəstəkdən də tam məhrum olmuşduq. Türkiyədən başqa heç bir dövlət Azərbaycana yardım etmirdi. Belə bir şəraitdə, bir qrup ziyalılarımız yeganə çıxış yolunu Ulu öndər Heydər Əliyevə müraciət etməkdə gördülər.
- Məhz belə bir şəraitdə, Azərbaycan xalqının tanınmış, ictimai, siyasi xadimləri, ziyalıları Ulu öndərə müraciət etdi və həmin insanların sırasında olan bir ziyalı kimi, o hadisələri necə xatırlayırsınız?
- Ulu öndər Heydər Əliyev həmin ziyalılarımız haqqında danışarkən, onları “qızıl fondumuz” adlandırmışdı. Onların xalqımız, dövlətimiz qarşısında ən böyük xidmətləri o zamankı dövrün hadisələrini düzgün qiymətləndirərək, ümummilli liderimizə üz tutması oldu. Onlar bilirdilər ki, bu dövləti, xalqımızı bu uçurumdan ancaq Heydər Əliyev xilas edə bilər. “91-lər” adlandırılan həmin ziyalılar məktubla Ulu öndərimizə müraciət etdilər. Həmin məktub ölkə mətbuatında müxtəlif vaxtlarda dərc olunub. Ulu öndər bu məktubu çox yüksək qiymətləndirdi və 14-15 gün sonra məktuba cavab verdi. Bu cavabda Azərbaycanın üzləşdiyi fəlakətlərdən necə qurtulacağı açıq şəkildə göstərilmişdi. Daha sonra biz Naxçıvanda Ulu öndərlə görüşdük və partiyanı yaratmaq üçün razılığını aldıq. O da bizə partiyanın Nizamnaməsini hazırlamağı tapşırdı və dedi ki, hazırlayın gətirin baxım, ehtiyac olsa düzəlişlərimi edəcəyəm. Nizamnaməni hazırladıq və Ona təqdim etdik. Biz düşünürdük ki, sənəd tamtəkmildir və Ulu öndərin xoşuna gələcək. Amma ümummilli liderimiz bizim hazırladığımız Nizamnaməni bir kənara qoyub özü yeni Nizamnamə hazırladı. Sonra isə 21 noyabr 1992-ci il tarixində son dərəcə çətin və mürəkkəb şəraitdə, hər tərəfdən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının qarlı-boranlı bir vaxtında ölkəmizin müxtəlif bölgələrindən Heydər Əliyevə pənah gətirmiş 550 nəfərə qədər cəsur qadın və kişilərin toplaşdığı soyuq bir zalda keçirilmiş Təsis Konfransı Azərbaycanın və Azərbaycan xalqının, hər bir vətəndaşın ictimai-siyasi həyatında tarixi dönüş günü olmuşdu. Təsis Konfransında Heydər Əliyevi yekdilliklə partiyanın sədri və 55 nəfərdən ibarət Siyasi Şura üzvünü seçəndən dərhal sonra Siyasi Şuranın iclası keçirildi. Yeni Azərbaycan Partiyasının 15 nəfərdən ibarət İdarə Heyəti, sədr müavinləri seçildi. Ona görə də, tam məsuliyyətimizlə söyləyə bilərik ki, bu partiyanın yaradıcısı, ideya memarı, məramnaməsini hazırlayan, bütün nəzəri müddəalarını əməli fəaliyyətə keçirən məhz ümummilli liderimiz Heydər Əliyev olub. Bu partiya Ulu öndər Heydər Əliyevin partiyası kimi dünyada məşhurlaşıb.
- çox maraqlıdır ki, Yeni Azərbaycan Partiyası yaradılandan cəmi bir neçə ay sonra hakimiyyətə gəldi. Bunun səbəblərini nədə görürsünüz, partiyanın bu böyük uğurunun arxasında duran səbəblər nə idi?
- Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılandı. Buna görə də, qısa bir zaman kəsiyində Azərbaycanın bütün şəhər və kəndlərində Yeni Azərbaycan Partiyasının özək təşkilatları yaradıldı və minlərlə insan partiya sıralarında birləşərək həm də ümummilli liderimizə dərin sevgisini göstərdi. Məhz xalqımızla Yeni Azərbaycan Partiyası arasında mövcud olan bu birlik ölkəmizin üzləşdiyi çətinliklərdən xilas olmasında mühüm rol oynadı. O dövrün hadisələri hamımızın yaxşı yadındadır və məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası yaradılandan 6 ay sonra hakim partiya oldu. Azərbaycan xalqı öz taleyini ümummilli liderimiz Heydər Əliyevə və Onun sədri olduğu Yeni Azərbaycan Partiyasına etibar etdi. Ulu öndərimiz də 10 ildə gecə-gündüz, istirahətsiz çalışaraq, Azərbaycanı yuxarıda sadaladığımız böyük faciələrdən qurtardı, onu inkişaf yoluna çıxardı. Təbii ki, bu uğurların əldə olunmasında da Yeni Azərbaycan Partiyasının xidmətləri müstəsna olmuşdur və ümummilli liderimiz də bunu həmişə yüksək qiymətləndirmişdir. Heydər Əliyevin uzaqgörənliyi bir daha öz reallığını göstərdi: YAP-a qədər yaranmış və YAP-ın Təsis Konfransından sonra yaranan partiyaların demək olar ki, çoxu dağılıb, partiyacıqlara çevrilib. Vaxtilə özlərini partiyamıza alternativ sayan partiyaların bir çoxunun indi YAP-ın kölgəsinə, qoltuğuna toplanması hadisəsinin özü də partiyamızın həyatiliyinə bir sübutdur. Partiyamıza qatılmağa cəhd edən partiyalar da az deyil.
- Məlum olduğu kimi, 2005-ci ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında cənab Prezident İlham Əliyev partiyamızın sədri seçildi. Bu tarixi hadisədən sonra Yeni Azərbaycan Partiyasının keçdiyi yolu necə qiymətləndirirsiniz?
- Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü inkişaf dövrünü yaşayır. Həqiqətən Prezidentin rəhbərliyi ilə böyük işlər görülüb və bunu inkar etmək üçün ya gərək gözlərin, qulaqların olmasın, ya da o qədər kinli olasan ki, bunu etiraf etməyəsən. Prezident İlham Əliyev partiya fəaliyyətində də Ulu öndərin kursunu uğurla davam etdirir və Onun rəhbərliyi ilə partiyamız daha da inkişaf etdi, gücləndi. YAP artıq 18 ildir ki, ölkədə şəriksiz hakim partiyadır. Xalqın iradəsini dolğun şəkildə ifadə edə bilir. YAP öz fəaliyyəti ilə çox demokratik, düzgün mövqe tutan, dünya birliyinə fəal qoşulmağa yönələn tədbirlər keçirməyə, demokratik seçkilər keçirməyə qadir olduğunu sübut etdi. Partiyamızın yaranma tarixi dərinləşdikcə onun yaradıcısı, ilk Əsasnamə və Məramnaməsinin müəllifi Heydər Əliyevin uzaqgörənliyi, böyüklüyü, təkrarlanmaz şəxsiyyəti daha da aydınlaşır, ürəklərə yol tapır, həyata inamı artırır, cəmiyyətə düzgün yol göstərir və bu gün partiyamız həqiqi mənada yüksək səviyyəli ictimai-siyasi mədəniyyət daşıyıcısına çevrilmişdir. Bu gün üzvlərinin sayı 520 mini keçən Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 18 ildə qatıla bilmişdir. Deməli, bu partiya həqiqətən demokratik, insani dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, həqiqi xalq partiyasına çevrilməkdədir. Eyni zamanda, YAP hazırda dünyanın əksər ölkələrinin partiyaları ilə sıx əməkdaşlıq qurub və bununla da beynəlxalq əlaqələrini genişləndirməkdədir. Əlbəttə, bu da Sədrimiz İlham Əliyevin rəhbərliyi altında YAP-ın uğuru kimi qiymətləndirilməlidir.

Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30