Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda radikallığa və ekstremizmə meylli olanların kimliyini bilirik

Azərbaycanda radikallığa və ekstremizmə meylli olanların kimliyini bilirik

28.12.2010 [08:43]

Hidayət Orucov: Hicab məsələsini əldə bayraq edib, süni ajiotaj yaratmağa cəhd edən dairələr bu dəfə də məqsədlərinə çatmayacaq
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun APA-ya müsahibəsi:
- Hidayət müəllim, hazırda Azərbaycandakı dini sabitliyi necə qiymətləndirirsiniz?
- Azərbaycanda dini sabitlik kifayət qədər yüksəkdir. Dövlət-din münasibətləri getdikcə tənzimlənir, inkişaf edir, dini etiqad azadlığı sözün əsl mənasında qorunur, tolerantlıq daha da möhkəmlənir. çünki Azərbaycan dövləti insanların vicdan azadlığının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçirir. Kifayət qədər möhkəm qanunçuluq bazası mövcuddur və bu qanunlar kağız üzərində qalmır, Azərbaycan gerçəkliyində əks olunur. Artıq ölkəmizi öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan dövlət rəsmiləri, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar bu qənaətə gəlirlər ki, Azərbaycan yalnız regionda deyil, həm də dünyada ən yaxşı tolerantlıq nümunəsidir. Bütün proseslərə kifayət qədər normal nəzarət olunur.
- Bir müddət öncə açıqlamanızda Azərbaycanda radikallıq, hətta ekstremizm meyllərinin mövcud olduğunu demişdiniz. Həmin radikallıq və ekstremizmə meylli olanlar, əsasən, kimlərdir? Onların barəsində müvafiq tədbirlər görülürmü?
- Əlbəttə ki, biz onların kimliyini bilirik. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi siyasi qurumdur və mərkəzi icra hakimiyyəti orqanıdır. Bizim funksiyamız din sferasında dövlət siyasətini həyata keçirmək, dini qurumlarla məşğul olmaq, onların problemləri ilə maraqlanmaq, yardımçı olmaq, qanunların icrasına nəzarət etmək və s.-dir. Radikallığa meylli insanlarla məşğul olmaq üçün müvafiq qurumlar, təhlükəsizlik orqanları var... çox təəssüflə deyirəm ki, Azərbaycanda belə qruplar mövcuddur. Ancaq əvvəlki vaxtlarla - ötən əsrin 90-cı illərin və XXI əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib. Lakin kiçik qruplar şəklində olsalar da, onlar hərdən canfəşanlıq edirlər. Birmənalı olaraq və qətiyyətlə bildirirəm ki, qanundankənar hər cür əməl perspektivsizdir. Onlar xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər. Belələrinin dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının təmin olunması şəraitindən sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Elə qüvvələr var ki, Azərbaycanda bir əli ilə, məsələn, din pərdəsi altında əyri iş görmək istəyir, digər əli ilə tamam başqa, qeyri-qanuni işlə məşğuldur, başqa adla pərdələnir. Bunların hər ikisi cinayətdir və heç birinin dinlə əlaqəsi yoxdur. Dövlət, sözsüz ki, bu kimi məsələlərə kəskin münasibətini bildirir. Azərbaycan cəmiyyəti də buna qarşı çox prinsipial mövqedədir. çünki, cəmiyyətimiz kifayət qədər yüksək inkişaf etmiş, intellektual səviyyəli cəmiyyətdir. Dünyəvi dövlət sistemi Azərbaycana bəzi zərərli ədəbiyyat nümunələri kimi idxal edilməyib, bu, xalqımızın özünün seçimi, özünün gəldiyi qənaət və nəticədir. Dediyim kimi, haqqında danışılan qrupların heç bir perspektivi yoxdur, indiyə qədər onlarla bağlı lazımi tədbirlər görülüb, bundan sonra da çox qətiyyətlə görüləcək. Bu sahədə nəyəsə göz yummaq, kimisə bağışlamaq mümkünsüzdür. Əlbəttə, biz istəyirik ki, bu məsələlər maarifləndirmə və təkamül yolu ilə həll olunsun. çünki onlar da bizim vətəndaşlarımızdır. İstəyirik ki, sadəcə, bəd niyyətlərdən əl çəkilsin. Bu proses gedir, pozitiv nəticələr görünür. Bununla belə, bu proseslər tamamilə başa çatdırılmayıb. Bir daha deyirəm ki, onların dinlə heç bir əlaqəsi yoxdur, din adı altında cinayətlə məşğuldurlar. Əgər bir insanın evindən qumbara, avtomat, digər silah-sursat növləri çıxırsa, bunun dinlə nə əlaqəsi ola bilər?! Əgər kimsə din pərdəsi altında bir əlinə silah götürüb, o biri əli ilə ölkəyə narkotik keçirməyə cəhd göstərirsə, bunun dinlə nə əlaqəsi var?
- Dediniz ki, onlar xarici mənbələrə arxalanır, maliyyələşdirilir, istiqamətləndirilirlər. Söhbət hansı xarici ölkələrdən gedir?
- Təbii ki, hansı dövlətin Azərbaycanda hansı maraqlarının olduğu bizə məlumdur. Əlbəttə, elə dövlətlər var ki, daha çox müdaxilə etmək istəyir. Elələri də var, o qədər də fəal deyil. İstər müsəlman, istər xristian, istərsə də digər dövlətlərin yalnız özlərindəki sayaq İslam, xristianlıq, yaxud digər dinləri Azərbaycana idxal etmək meylləri var. Bu işlərdə xüsusilə təriqətçilik meylləri müşahidə olunur. Onlar öz dövlət-din münasibətləri sistemini Azərbaycana idxal və tətbiq etmək istəyirlər. Bir daha deyirəm, bu meyllər ötən illərlə müqayisədə azalıb. İllər əvvəl Azərbaycanın özündə də “peyğəmbər”lər peyda olurdu, müxtəlif “imam”lar doğulurdu, həmçinin xaricdən “peyğəmbər”lər və “imam”lar, din xadimləri “qonaq” gəlirdi. İndi bu mənfi proseslərin qarşısı tamamilə alınıb.
- Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının - bərpasının, əsaslı təmirinin məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şura ilə bağlı mətbuatda bəzi tənqidi fikirlər səsləndirilib. Bu Şuranın dövlətin məscid tikintisi və təmiri işlərini nəzarətdə saxlamaq üçün yaradıldığı iddia olunub. Buna münasibət bildirməyinizi istərdik.
- Bilirsiniz, çox təəssüf ki, mətbuatda bəzən cəfəngiyyatlar, gülməcələr yer alır. Bəzən dini sferadan, gedən proseslərdən ən adi, elementar informasiyası olmayanlar, adi dini terminləri bilməyənlər bu mövzuda yazılar yazır. Söhbət inşaatdan, tikintidən gedirsə, ümumiyyətlə, müvafiq icra hakimiyyəti qurumunun iştirakı olmadan hardasa nəsə, tutaq ki, qəzet köşkü tikilə bilər?! Nə üçün Allah evi olan müqəddəs məscid, yaxud kilsə, sinaqoq müvafiq dövlət qurumlarının iştirakı olmadan tikilməlidir?! İnkişaf etmiş, hətta inkişaf etməmiş ölkələrdə də bu, çox gülünc qarşılanardı. Sadəcə, “Dini etiqad azadlığı haqqında” Qanunda müəyyən boşluq mövcud idi. 2009-cu ildə qanuna edilmiş əlavə və dəyişikliklərdə bu məqam da nəzərə alındı. çox yerində olan, dəqiq bir bənd əlavə edildi. İndi qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin tikintisi, təmir və bərpa işləri ilə bağlı rəy verir. Həmin sənəd hazırlanarkən ilk növbədə dəqiqləşdirilməlidir ki, filan yerdə dini ibadət yerinə ehtiyac var, ya yox? çünki, bəzən dini ibadət yerindən başqa məqsədlər üçün istifadə olunub, hətta biznes məqsədləri üçün istifadə olunma hallarına da rast gəlinib. Tutaq ki, yaxın bir məsafədə eyni dinə aid bir ibadət ocağı, məsələn, məscid varsa, ikincini tikməyə nə ehtiyac var? Əgər ehtiyac varsa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerli icra hakimiyyətinin fikrini nəzərə alaraq müsbət rəy verir. Axı məlum olmalıdır ki, bunu kim tikir, niyə tikir, kimin vəsaiti ilə tikilir? Əgər məscidi kimsə, doğrudan da, xeyriyyəçilik məqsədi ilə tikirsə, buna kim etiraz edər?! Ancaq bəzən başqa məqsədlər üçün tikilir. Məsələn, əvvəllər xarici ölkələr bizdə dini ibadət yerləri inşa edirdilər. Artıq düzgün olaraq xaricilərin Azərbaycanda ibadət yeri tikməsi dayandırılıb. Siyasi, qrup, biznes və s. məqsədlər üçün ibadət ocağı tikmək təşəbbüsündə bulunur, sonra isə müqəddəs yerin adından öz mənafeləri üçün istifadə edirlər. Ancaq hər şey normaldırsa, başqa məqsəd yoxdursa, doğrudan da, orada ibadət yerinə ehtiyac varsa, icazə verilir və memarlıq üslubu da dəqiqləşdirilir. Sözsüz ki, ölkəmizdə tikilən ibadət ocağı Azərbaycan memarlığına uyğun olmalıdır. ötən əsrin 90-cı illərində və 2000-ci illərin əvvəllərində bir sıra yerlərdə məscidlər tikilib. Ancaq həmin məscidlərdə yad elementlər mövcuddur. Məsələn, kimsə öz ölkəsindəki sünniliyi təqdim edib, başqası şiəliyi və s. Bunların hamısı düşünülüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şuraya komitənin mütəxəssisləri ilə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası kimi mühüm və əlaqəli qurumların təmsilçiləri daxildirlər. Təlimata görə, ehtiyac olduqda, Şuranın iclaslarına dini icmaların nümayəndələri də dəvət edilə bilərlər. Şuranın ilk iclasında İçərişəhərdəki “Məhəmməd” məscidi ilə bağlı qərar təsdiqlənib, digər işlərə də baxılaraq tövsiyələr verilib. Şura ilə bağlı bəzi mətbuat orqanlarının yaydığı mənfi fikirlər ajiotaj yaratmaq üçündür və yalnız müəlliflərinin maraqlarını ifadə edir.
- Maraqlıdır ki, Azərbaycanda dini mövzularda yazan bəzi qəzet və saytlarda da xarici meyllər hiss olunur...
- Əlbəttə, bunu biz də hiss edirik. Mətbuat katibi bir məlumat verəndə mən tez hiss edirəm ki, bu yazını, xəbəri hansı sayt verib. İnformasiyanın mahiyyətindən hiss olunur ki, bunu, məsələn, qatı təriqətçilik təəssübkeşi olan sayt, yaxud Ermənistan yönümlü, ya da digər bu tipli sayt verib. Bunların da, sözsüz ki, dinə heç bir aidiyyəti yoxdur və belə yalan, böhtan məlumatları yayanlar çox zərərli dairələr, qruplardır. Azərbaycanın da xaricə xidmət edən saytları mövcuddur. Bu da onu göstərir ki, mətbuat sahəsində də demokratik mühitdən sui-istifadəyə yol verilir.
- Hazırda ölkədə orta məktəblərdə hicab məsələsi geniş müzakirə olunmaqdadır. Hətta, təhsil naziri Misir Mərdanov müəyyən qüvvələrin bunu qəsdən şişirtdiyini, aksiyalar təşkil etdiyini bildirdi. Necə düşünürsünüz, ümumiyyətlə, Azərbaycanda hicab problemi varmı?
- Qanun qəbul edildiyi halda, hicab məsələsinin hələ də gündəmdən düşürülməməsi bir daha sübut edir ki, doğrudan da, müəyyən dairələr bu məsələdə maraqlıdır. Azərbaycan dünyəvi ölkədir. Bu isə o deməkdir ki, ölkəmiz şəriət qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunur. “Təhsil haqqında” qanunda açıq şəkildə göstərilir ki, hər bir təhsil müəssisəsində məktəbli geyimi müəssisənin nizamnaməsinə uyğun tənzimlənməlidir. Təhsil Nazirliyi isə şagirdlər qarşısında məktəbə məktəbli formasında gəlmək tələbi qoyub. Qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövləti istəyir ki, təhsilli, savadlı gələcək nəsil yetişsin. ümumiyyətlə, İslam dinində zor tətbiq etmək pislənilir, o, insanlara seçim hüququ verir. Bu səbəbdən də, heç kəs digərlərinə dindən istifadə edərək, təzyiqlər göstərə və ya hansısa fəaliyyətə cəlb edə bilməz. Təəssüf ki, bu gün bəzi ailələrdə uşaq və yeniyetmə yaşlarında olan qızların iradəsinin əksinə çıxılır - zorla örtünməyə məcbur edilir. Təbii ki, məktəbli qızlar hələ İslamın mahiyyətini anlamayacaq yaşdadırlar və onlar həyat tərzi seçimini də məhz yetkinlik yaşına çatdıqdan, dünyanı qavradıqdan sonra edəcəklər. Ancaq din adından sui-istifadə edib qanunsuz aksiya keçirən bir qrup insan deyir ki, uşaqlarını hicabsız məktəbə buraxmayacaqlar. Təbii ki, bunlar məsuliyyətsiz çıxışlardır. Bir məsələni də vurğulamaq istərdim. Adətən aksiyalar, mitinqlər xalqın qapalı, qaranlıq mühitdən işıqlı gələcəyə çıxması üçün keçirilir. Ancaq baxın, bu gün qanunsuz aksiyalar təşkil edənlər həm insanları qanunazidd addım atmağa çağırır, həm də övladlarımızın təhsildən, yəni işıqdan - ziyadan məhrum etmək istəyirlər. Anlamırlar ki, bu gün təhsildən kənar qoyduqları qızlar sabah hüquqlarını bilməyən gənclər, savadsız analar olacaqlar. Valideynlər bu məsələdə ciddi düşünməli və övladlarının təhsil hüququnu əlindən almamalıdırlar. Bir anlığa təsəvvür edək ki, qızların məktəblərdə hicabla təhsil almasına icazə verildi. Eyni məntiqlə, sabah oğlanlar məktəbə əmmamə ilə gələ bilərlər. Digər tərəfdən, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı tolerant ölkədir. Bu gün məktəblərdə hicaba icazə verilsə, sabah digər din mənsubu olan məktəblilərimiz də öz inanclarından irəli gələn geyimlərə keçə bilərlər. Məntiqlə, onlara da “yox” deyilməməlidir. Təsəvvür edirsinizmi yaranacaq vəziyyəti? ölkəmizdə hicab azaddır, kim istəsə taxa bilər, bu, hər bir insanın daxili işidir. Ancaq dövlət qurumlarının da öz qaydaları var. Bu, dünya təcrübəsində də belədir. Mən çox sevinirəm ki, ölkə mətbuatı, sağlam düşüncəli insanlarımız, ziyalılarımız, deputatlarımız bu məsələdə yekdil mövqedən çıxış edirlər. Hicab məsələsini əldə bayraq edib süni ajiotaj yaratmağa cəhd edən dairələr bu dəfə də məqsədlərinə çatmayacaqlar. çünki cəmiyyətimiz dövlətimizə, onun rəhbərliyinə, qanunlarına inanır və onları dəstəkləyir.

Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30