Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Xarici himayədarların aprelin 2-də müxalifətə necə göstəriş verdiyinin şahidi olmuşam"

"Xarici himayədarların aprelin 2-də müxalifətə necə göstəriş verdiyinin şahidi olmuşam"

05.04.2011 [09:32]

Siyavuş Novruzov: Onlar da mitinqin müşahidəsini aparırdılar. Həmin qüvvələr az qala başlarını stola döyürdülər ki, biz nə edib bu insanlara maliyyə və təşkilatı dəstək vermişik
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına müsahibə verib:
- İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqi necə qiymətləndirirsiz? Bundan sonra nə baş verəcək?
- 2 aprel hadisələri bir daha müxalifətin heç bir sosial bazasının olmadığını, müxalifətin Azərbaycanda xaos və qarşıdurma yaratmaq, nəyin bahasına olursa olsun, ölkəyə ziyan vurmaq cəhdinin baş tutmayacağını sübut etdi. 2 aprel mitinqi onu da göstərdi ki, müxalifət pul aldığı beynəlxalq təşkilatların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcək.
Müxalifətin sosial bazası yoxdur. Mən mitinqi əvvəldən sonadək müşahidə etmişəm və müxalifətin hansı vəziyyətdə olduğunu görmüşəm. Başqa mənbələrdən də müxalifətin mitinqi ilə bağlı məlumatlar almışam, videogörüntülərə baxmışam. Mitinq təşkil edənlər deyirlər ki, aksiyada 5 min adam iştirak edib. Müxalifətin bu rəqəmi 20 dəfə artırdığı aydın məsələdir. çünki mitinqdə 5 min adam iştirak etsəydi, müxalifətçilər 50-100 min deyərdi.
Hətta, müxalifətin dediyinə inansaq və güman etsək ki, mitinqdə 5 min insan iştirak edib, onda təsəvvür edin Azərbaycanda müxalifət hansı vəziyyətdədir. öz qəzetlərində də yazırlar ki, filan rayon təşkilatının sədri, üzvü tutulub. Deməli, bütün ölkə üzrə mitinq keçiriblər və cəmi 5 min adam toplaya biliblər. Bir qurum yaradıblar və orada 7-8 partiya, qeyri-hökumət təşkilatları, deputatlığa keçmiş namizədlər təmsil olunur. Onlar seçilə bilmədiklərinə görə özlərinə palata yaradıblar. Bir neçə aydır ki, saytlarda, sosial şəbəkələrdə, qəzetlərdə, televiziyalarda, radiolarda təbliğat aparırlar və xarici kəşfiyyatın köməkliyi ilə cəmi 5 min adam toplaya biliblər. Əgər bacardıqları budursa, məsələyə ciddi yanaşmağa dəyməz. çünki Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının 5 mindən artıq üzvü var.
Mənim müşahidələrimə görə, mitinqdə 300-dən artıq insan iştirak etməyib. Mən bunun şahidi olmuşam, başqa deyilənlərin hamısı şoudur. Müxalifəti himayə edən, ona pul ayıran, aprelin 2-də mitinq keçirməyi tapşıran insanları da müşahidə etdim. Onlar da mitinqin müşahidəsini aparırdılar. Həmin qüvvələr az qala başlarını stola döyürdülər ki, biz nə edib bu insanlara maliyyə və təşkilatı dəstək vermişik. Mən onların sifətində məyusluq gördüm. Müxalifətə dəstək verməklə çox pis vəziyyətə düşdükləri üzlərindən oxunurdu.
- Həmin insanlar hansı ölkələri və hansı təşkilatları təmsil edirdi?
- Mən onların hansı ölkələri təmsil etdiyini deyə bilmərəm, amma onlar beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərində və səfirliklərdə çalışırlar.
- Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına müsahibəsində müxalifətin Azərbaycanda sosial dayağının, xaricdən isə dəstəyinin olmadığını bildirib. Siz isə deyirsiz ki, müxalifət xaricdən mitinq keçirməklə bağlı sifariş, pul alıb, hətta həmin xarici qüvvələrin təmsilçiləri aprelin 2-də meydanlarda prosesi izləyib. Hakim Yeni Azərbaycan Partiyası ilə siyasi hakimiyyəti təmsil edən Prezident Administrasiyası arasında fikir ayrılığının səbəbi nədir?
- Mən prosesləri birbaşa müşahidə etmişəm və dediklərim hadisə yerində apardığım müşahidələrə əsaslanır. Həmin beynəlxalq təşkilat nümayəndələrinin uzaqdan görüntü götürən kameralarını, durbinlərini və digər cihazlarını gözlərimlə görmüşəm. Hətta, onların bəzilərinin əllərində xəritə vardı. Həmin xəritələr hansı müxalifətçilərin “Fəvvarələr” meydanına hansı istiqamətdən gələcəyini göstərirdi. Həmin yerdə dayanıb müxalifətçiləri gözləyirdilər, müxalifətçilərin sayı az olanda isə özləri qışqırmağa başlayırdılar. Əvvəlcə ingilis dilində danışırdılar, sonra başa düşdülər ki, biz də ingilis dilini bilirik, o zaman almanca danışmağa keçdilər. Mən proseslərin iştirakçısı olmuşam və xarici himayədarların aprelin 2-də müxalifətə necə göstəriş verdiyinin şahidi olmuşam.
- Misir və Tunisdə inqilabi proseslər davam etdiyi dövrdə Suriya prezidenti Bəşər Əsəd xarici mətbuata bir müsahibə verdi. O dedi ki, Tunis və Misirdə islahatlar aparılmadığına görə xalq küçələrə çıxıb, inqilab baş verib. Əminliklə dedi ki, Suriyada islahatlar aparılır, xalqla hakimiyətin birliyi var və ölkəsində inqilab mümkün deyil. Lakin az sonra həmin hadisələr Suriyada da baş verdi, insanlar küçələrə çıxdı və prezident hökuməti buraxdı, islahatlar aparacağını bəyan etd. Hazırda Azərbaycan müxalifəti də islahatlar tələb edir. Azərbaycanda da eyni hadisələrin baş verməməsi üçün hakimiyyətin yaxın vaxtlarda ciddi siyasi, sosial, iqtisadi islahatlar aparması gözlənirmi?
- Əvvəla, nə Misirdə, nə Tunisdə, nə də Liviyada aparılan proseslər demokratiya və islahatlar uğrunda aparılan hərəkat deyil. Bunu hamı əzbər bilir və gözəl başa düşür. Azərbaycanı həmin ölkələrlə müqayisə etmək olmaz, tamamilə başqa-başqa ölkələrdir. Liviya, Misir və Tunisdə həyata keçirilənlər yeni bir plandır. Bu planı hazırlayanlar İsraildən başlamış İrana qədər bu ərazidə yerləşən ölkələrdə qarışıqlıq salmaq, harada neft varsa oranı nəzarətə götürmək istəyirlər. Plan ondan ibarətdir ki, zəngin neft mənbələri müəyyən bir dövlətin nəzarətində olmalıdır. Onlar üçün nə xalq, nə də dövlət maraqlıdır.
ABŞ İraqa girməmiş bir dinar üç dollar idi. İndi bir dinarın neçə dollar olduğunu Allah bilir. Bunların hamısı onu göstərir ki, bu məsələlərdə söhbət insan hüquqlarının qorunmasından, demokratiyadan, demokratik islahatların aparılmasından yox, böyük iqtisadi maraqlardan gedir. Təbii ki, bu gün Avropa da, ABŞ da tükənib. Bu gün başqa xalqların qanını sormaqla öz süpürgəçisinə 1500 dollar əməkhaqqı verən sabah bunu edə bilməyəcək. Bu əməkhaqqını Liviya, Misir, Əfqanıstan və ən əsası isə İran xalqının təbii sərvətlərini mənimsəməklə ödəmək istəyirlər. Bunu etmək istəyənlər isə ABŞ və Avropanın bəzi dövlətləridir.
Amma Azərbaycanda bu, mümkün deyil. çünki Azərbaycan xalqı ərəb deyil. Bizim bəzi müxalifətçilərimiz gah gürcü, gah ukraynalı, gah da qırğız oldu. Mən onların narıncı şərf bağlamaqlarını, əllərində qızılgül götürməklərini də görmüşəm. İndi də yəqin ki, başlarına əmmamə qoyacaqlar, bütün oyunlardan çıxacaqlar. Amma yaddan çıxarırlar ki, xalq onları dəstəkləmir. Azərbaycanda kifayət qədər islahat aparılıb, azad, ədalətli və demokratik seçkilər keçirilir. Hakimiyyət seçki yolu ilə formalaşır. Kimsə seçilməyibsə, bu, seçkinin demokratik olmaması demək deyil. Hansının cəsarəti çatır gəlsin gedək yenidən eyni dairədən namizədliyimizi verək, görək kim nə qədər səs toplayacaq. Ya da gedək “Baksovet”in qarşısında duraq görək kimə neçə insan salam verəcək. İctimai rəy, sorğu budur.
- İctimai Palatada bir neçə qeydiyyatdan keçmiş partiya, QHT var. Hakim partiya ilə İctimai Palata arasında dialoq mümkündürmü?
- Orada partiya yoxdur, hamısı dərnəkdir. İctimai Palatada normal bir insan var ki, onunla dialoq aparaq? Onlar hamısı uduzmuş insanlardır. Uduzmuş insanlarla dialoq aparılmır. Milli Məclisdə təmsil olunan partiyalar arasında taleyüklü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütəmadi dialoq aparılır, tədbirlər keçirilir. Cəmiyyətdən kənarda qalan qüvvələrlə hansı dialoqdan söhbət gedə bilər?

Paylaş:
Baxılıb: 1053 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30